Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1433/2020 10.11.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və onların etibarnamə üzrə nümayəndələri (vəkilləri) X2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər ƏMDK yanında DƏDRX-nin 12 saylı X22, Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi və Cavabdeh1 qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ondan irəli gələn hüquqi nəticələrin ləğvi» tələbinə dair iddia ərizələri üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər ƏMDK yanında DƏDRX-nin 12 saylı X22, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış xx xxxxxx 2005-ci il tarixli torpağın alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilədən irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Sonradan Azərbaycan Respublikasının MPM-nin 54-cü maddəsinin tələbinə əsasən iddiaçıların razılıqları ilə Cavabdeh2 əsl cavabdeh Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi ilə əvəz edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsində tələblərini onunla əsaslandırmışlar ki, Şəki rayonu X5 xx xxxxxx 1998-ci il tarixli qərarı ilə mərhum X13ya və onlara 8.26 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə aid JN:343 (Kod 40401027) saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı tərtib edilmişdir. X13 xx xxxxxxxx 1999-cu il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra onlar mirası qəbul etməklə yanaşı mərhum anaları və özlərinə məxsus torpaqdan istifadə etmişlər. Onlar analarından miras qalan əmlakı qəbul etmək üçün Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinə müraciət etmişlər. Notariat ofisi xx xxxxxx 2020-ci tarixli məktubuna əsasən DƏDRX-nin 12 saylı X15 mərhum analarının adma hər hansı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış və ya daşınmaz əmlakın yüklülüyü barədə arayış verilməsini xahiş etmişdir. Eyni zamanda onlar da xx xxxxxx 2020-ci il tarixdə DƏDRX-nin 12 saylı X20 müraciət edərək analarının və onların adına qeydə alınan torpaq sahəsi ilə bağlı zəruri məlumatların verilməsini xahiş etmişlər. DƏDRX-nin 12 saylı X22 xx xxxxxx 2020-ci il tarixli cavab məktubunda həmin torpaq sahəsinin satıldığını və başqa mülkiyyətçinin adına qeydə alındığını bildirmişdir. Bundan sonra Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinə sorğu verilmiş, sözügedən əmlakın alqı-satqısına dair xx xxxxxx 2005-ci il tarixli müqavilənin təsdiqlənmiş surəti təqdim edilmişdir. Müqaviləyə nəzər yetirəndə məlum olmuşdur ki, müqavilə saxta tərtib edilmişdir. Belə ki, anaları X7 xx xxxxxx 1999-cu il tarixdə vəfat etmişdir. 6 il əvvəl ölmüş şəxsin 2005-ci ildə ümumi birgə mülkiyyətdə olan torpaq sahəsini Qəbələ rayonundan olan tanımadıqları Cavabdeh1 satması qeyrimümkündür. Həmçinin müqavilələrdəki imzalar da onlara məxsus deyil və onlar həmin torpaq sahəsini hər hansı şəxsə satmaq barədə heç bir sənəd imzalamamışlar. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və onların etibarnamə üzrə nümayəndələri (vəkilləri) X8 ayrı-ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiklərini bildirmiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdehlər ƏMDK yanında DƏDRX-nin 12 saylı X22, Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh1 məhkəmə iclaslarına gəlməmiş, digər cavabdehlər ƏMDK yanında DƏDRX-nin 12 saylı X22 və Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi isə nümayəndələrinin məhkəmə iclaslarında iştirakını təmin etməmişlər. Məhkəmə işə cavabdehlər Cavabdeh1, ƏMDK yanında DƏDRX-nin 12 saylı X22 və Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki proses tərəflərini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: JN-343 nömrəli (kod 40401027) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu X5 xx xxxxxx 1998-ci il tarixli, 59 nömrəli qərarına əsasən Şəki rayonu M.Əsədov adına qəsəbə sakinləri X9, İddiaçı2 və X1 təsərrüfatı məhsullarının istehsalı məqsədilə 8.26 hektar torpaq sahəsi verilmişdir. xx xxxxxx 2005-ci il tarixli, 4Ə-2/504 reyestr nömrəli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, «satıcılar» X9, İddiaçı2 və X12 onlara məxsus 8.26 ha torpaq sahəsini «alıcı» Cavabdeh1 həmin dövrün naminalı üzrə ******* (səkkiz milyon iki yüz) manata satmışlar. ƏMDK yanında DƏDRX-nin 12 saylı X22 tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, **********36 nömrəli məktubdan görünür ki, Ləğv edilmiş DTXK tərəfindən X3, İddiaçı2 və X6 adlarına Şəki rayonu Turan qəsəbəsində 8.26 ha əkin torpaq sahəsinə JN- 343, KOD 40401027 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Sözügedən torpaq sahəsi satılmış, hazırda digər mülkiyyətçinin adına qeydiyyata alınmışdır. Şəki şəhər İHB-nin Turan qəsəbə üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 1999-cu il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx xxxxxxxx 1999-cu il tarixdə vəfat etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki,Şəki rayonu X5 xx xxxxxx 1998-ci il tarixli, 59 nömrəli qərarı ilə Şəki rayonu M.Əsədov adına qəsəbə sakinləri X9, İddiaçı2 və X1 təsərrüfatı məhsullarının istehsalı məqsədilə 8.26 hektar torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə dair JN-343 nömrəli (kod 40401027) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. Mülkiyyətçilərdən X9, İddiaçı2 və X12 xx xxxxxx 2005-ci il tarixdə onlara məxsus torpaq sahəsini 18 hektarını Cavabdeh1 satmışlar. İddiaçılar İddiaçı1 və İddiaçı2 Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış xx xxxxxx 2005-ci il tarixli, 4Ə-1/34 reyestr nömrəsi ilə qeydiyyata alınmış alqı-satqı müqaviləsinin, Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış xx xxxxxx 2005-ci il tarixli, 4Ə- 2/504 reyestr nömrəsi ilə qeydiyyata alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilədən irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişlər. İddiaçılar və onların nümayəndələri (vəkilləri) iddianı müdafiə edirlər. Cavabdehlər isə məhkəmə iclasında iştirak etməməklə iddiaya münasibət bildirməmişlər. Məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsinin etibarsızlığı barədə tələbə baxılarkən Mülki Məcəllənin 354.2-ci maddəsində təsbit edilmiş kəsici müddətlərlə bağlı imperativ göstəriş nəzərə alınmalıdır. Belə ki, sözügedən müqavilənin etibarsız olması ehtimalında, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş 1 illik kəsici müddətin keçməsi iddiaçının həmin əqdin etibarsız hesab edilməsi barədə tələbinin təmin olunmasını istisna edir. Həmin maddəyə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, iddia müddətindən fərqli olaraq, Mülki Məcəllənin 354.2-ci maddədəki 1 illik müddət kəsici xarakter daşıdığından mübahisə tərəfinin onun tətbiqi barədə ərizə verməsinə ehtiyac yoxdur, başqa sözlə, məhkəmə öz təşəbbüsü ilə həmin müddəti tətbiq etməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, torpaq sahəsi ailə başçısı X11 və onun ailə üzvlərinə verilmiş, sonuncu xx xxxxxxxx 1999-cu il tarixdə vəfat etmişdir. X4 vəfatından 21 il sonra iddiaçılar onun mirasını qəbul etmək qərarına gəlmişlər. Keçən müddət ərzində isə torpaq sahəsinin onların sahibliyində və istifadəsində olduğunu iddia etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 anaları vəfat etdikdən sonra mirası faktiki olaraq qəbul etmişlər. Başqa sözlə mirası faktiki olaraq qəbul etdikləri halda torpaq sahəsinin başqa şəxsə satıldığını bilmişlər (və ya bilməli idilər) ki, onların hazırkı iş üzrə mübahisə predmeti olan əmlakları özgəninkiləşdirilmiş və başqalarının (Cavabdeh1) mülkiyyətinə keçmişdir. Buna baxmayaraq onlar qanunla müəyyən olunmuş 1 il ərzində deyil, 15 ilə yaxın müddət keçəndən sonra (xx xxxxxxxx 2020-ci il tarixdə) əmlakın satılması ilə bağlı əqdin etibarsızlığını mübahisələndirməyə başlamışlar. Artıq qeyd edildiyi kimi, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş 1 illik kəsici müddətin keçməsi iddiaçılar J.Yunusova və İddiaçı2 tərəfindən onların əmlakları barəsində bağlanmış əqdin etibarsızlığının mübahisələndirilmələrini və bununla bağlı irəli sürdükləri tələb əsaslı olsa belə, həmin tələbin təmin olunmasını istisna edir. Qanunda nəzərdə tutulmuş kəsici müddət keçdikdən sonra maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, xx xxxxxx 2005-ci il tarixli, 4Ə-2/504 reyestr nömrəli müqavilənin etibarsız sayılması üçün heç bir qanuni əsas yoxdur. Digər tərəfdən isə iddia tələbi əsaslı olsa belə iddiaçılar Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş 1 illik kəsici müddəti ötürməklə sözügedən alqı-satqı müqaviləsinin etibarsızlığını mübahisələndirmək (bu barədə tələb irəli sürmək) hüquqlarını itirmişlər. Odur ki, iddiaçıların onlara məxsus olmuş əmlaka dair alqı-satqı müqaviləsinin etibarsızlığı barədə iddia qaldırmaq hüquqlarını itirmələri onların hazırkı iş üzrə iddialarının mahiyyətcə araşdırılmadan rədd edilməsi üçün yetərlidir. Şərh olunanlara əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər ƏMDK yanında DƏDRX-nin 12 saylı X22, Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi və Cavabdeh1 qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ondan irəli gələn hüquqi nəticələrin ləğvi» tələbinə dair iddiaları təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1 və İddiaçı2 ƏMDK yanında DƏDRX-nin 12 saylı X22, Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi və Cavabdeh1 qarşı “Cavabdeh1 ilə bağlanmış xx xxxxxx 2005-ci il tarixli torpağın alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilədən irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi” tələbinə dair iddiaları təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1433/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1433/2020
10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver