Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1470/2020 23.11.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı və vəkili X8 oğlunun, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 oğlu və Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı «əqdin etibarlı sayılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Qayabaşı kəndi ərazisində yerləşən JN:0017 (kod 40402048) saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 xüsusi mülkiyyətində olan 8.08 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi barəsində cavabdehlərlə arasında xx xxxxxx 2004-cü il tarixdə bağlanmış alqı-satqı əqdinin etibarlı sayılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 2004-cü il tarixdə Şəki rayonu Qayabaşı kəndi ərazisində yerləşən JN:0017 (kod 40402048) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 xüsusi mülkiyyətində olan cəmi 8.08 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı ayrı-ayrı yerlərdəki üç torpaq sahəsini pulunu tam ödəməklə onlardan satın almışdır. xx xxxxxx 2004-cü il tarixdə 8.08 ha torpaq sahəsinin dəyəri olan 20 200 000 (iyirmi milyon iki yüz min) AZM [4040 (dörd yüz qırx) manat] pul məbləğini cavabdehlərə tam şəkildə ödəmişdir. Qeyd edilən torpaq sahəsi Şəki rayonu X4 xx xxxxxx 1997-ci il tarixli, 41 nömrəli qərarı ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 xüsusi mülkiyyətlərinə verilmiş, bu qərar əsasında Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən adlarına xx xxxx 1998ci il tarixli, JN:0017 (kod 40402048) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” hazırlanmışdır. Torpaq sahəsinin dəyərini ödədikdən sonra cavabdehlər torpaq sahəsini və torpaq sahəsinə dair onlarda olan JN:0017 (kod 40402048) saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının əslini itirdiklərini bildirərək həmin sənədin surətini ona təhvil vermişlər. Həmin torpaq sahəsi qeyd edilən tarixdən onun faktiki istifadəsindədir. Torpaq sahələrini əvvəllər öz adına sənədləşdirməyə özü də tələsməmiş, cavabdehlərə inandığından onların nə vaxsa torpaq sahələrini adına rəsmiləşdirməkdən imtina edəcəklərini güman etməmişdir. Son vaxtlarda qeyd edilən torpaq sahələrini öz adına rəsmiləşdirmək məqsədilə cavabdehlərə müraciət edərək onlarda olan müvafiq sənədlərlə birlikdə müvafiq notariat kontoruna gələrək alqı-satqı müqaviləsinə satıcı qismində imza etmələrini xahiş etmişdir. Cavabdehlər bu yaxınlaradək torpaq sahəsini ona satmaqla torpaq sahəsinin müqabilində müvafiq pul məbləğini almış olmalarını inkar etməsələr də, torpaq aktının əslinin olmadığını səbəb göstərərək alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsinin mümkün olmadığını demişlər. Son günlərdə ona məlum olmuşdur ki, cavabdehlər ona satdıqları toıpaq sahələrinə dair yeni mülkiyyət hüququ tanıyan sənədlər əldə etmişlər. Bundan sonra cavabdehlərə bir daha başqa şəxslər vasitəsilə müraciət edərək satın aldığı torpaq sahələrini adına rəsmiləşdirilməsini tələb etmişdir. Sonuncular hazırda torpaq sahələrini ona satdıqlarını inkar edərək torpaq sahəsini geri götürmək istəyirlər. O, qeyd edilən torpaq sahəsi ilə bağlı alıcı kimi üzərinə düşən bütün öhdəlikləri hələ xx xxxxxx 2004-cü il tarixdə tam icra etmişdir. Cavabdehlər isə satıcı kimi öz üzərlərinə düşən öhdəlikdən, yəni müvafiq torpaq sahəsini onun adına rəsmiləşdirmək üçün notariat kontoruna gələrək müvafiq alqı-satqı müqaviləsinə imza etməkdən yayınırlar. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili X5 İddiaçı verdiyi izahatla eyni məzmunlu izahat verərək onun göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, Şəki rayonu X4 qərarı ilə onların 4 nəfər ailə üzvünə 8.08 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə DTXK-nin Şəki rayon şöbəsi tərəfindən ailə üzvlərinin adlarına “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” hazırlanaraq verilmişdir. Qeyd edilən Dövlət Aktına əsasən onlara 7.48 ha dəmyə və 0.60 ha suvarılan olmaqla, iki hissədə torpaq sahəsi ölçülərək təhvil verilmişdir. Torpaq sahəsi onlara verildikdən sonra on ildən çox istifadə etmişlər. 2009-cu ilin avqust ayında ailə üzvlərindən birinin xəstələnməsi ilə əlaqədar pula ehtiyacları olmuşdur. Həmin vaxtdan başlayaraq həmkəndliləri, hazırkı iş üzrə İddiaçı qardaşı X1 2009-cu ilin sonunadək hissə-hissə olmaqla 4000 (dörd min) manat borc pul almışlar. 2010-cu ilin iyun ayında taxıl biçilən zaman X2 onlardan borcunu tələb etmiş, lakin imkanı olmadıqlarından ödəyə bilməmişdir. Bundan sonra X2 borcu hissə-hissə ödəməyi təklif etmiş, onlar imkanları olmadığından borc bitənədək 7.48 ha torpağı əkib-becərməsini bildirmişlər. Üç ildən sonra, yəni 2012-ci ildə torpağın mülkiyyət sənədlərini qaytarmağı cavabdehdən tələb etdikdə o, etiraz etmiş, hələ borcun bitmədiyini bildirmişdir. Növbəti il yenidən cavabdehə müraciət etdikdə arvadını onların evinə göndərmiş və torpağı qaytarsalar ciddi problemlər yaradacağını bildirmişdir. Beləliklə, 2012-ci ildən başlayaraq hər il taxıl biçən vaxt cavabdehdən torpağı qaytarmasını tələb etmişlər. Lakin sonuncu hər dəfə müxtəlif bəhanələrlə torpağı qaytarmaqdan yayınmışdır. Nəhayət, bu yaxınlarda mülkiyyətlərində olan torpaq sahəsini şumlamaq istədikdə X2 buna mane olmuşdur. Onlar iddiaçıya mülkiyyətlərində olan torpaq sahəsindən çıxmağı təklif etsələr də, sonuncu buna razı olmamışdır. Nəticədə onlar xx xxxxxxxx 2020-ci il tarixdə Şəki rayonu Qayabaşı kəndində yerləşən, xüsusi mülkiyyətlərində olan, cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsinin boşaldılaraq onlara təhvil verilməsi tələbinə ilə məhkəməyə müraciət etmişlər. Sonradan hazırkı iş üzrə məhkəmə bildirişi gəlmiş, bundan sonra onlara məlum olmuşdur ki, iddiaçı torpağın tərəflərindən ona satıldığını iddia edir. İddia ərizəsində qeyd edilənlər həqiqəti əks etdirmir. Belə ki, iddiaçının əsaslandığı dəlillərdən birincisi ondan bir dəfə pul aldıqları barədə olan uydurmasıdır. Faktiki olaraq isə onlar 2009-cu ilin yanvar ayından başlayaraq həmin ilin sonuna qədər X1 bir neçə dəfə borc pul almışlar. İddiaçının ikinci mülahizəsi torpağın qiyməti barədədir. Əvvəla, 2009-cu ildə torpağın bir hektarının qiyməti iddiaçının qeyd etdiyi kimi olmamışdır. Digər tərəfdən iddiaçı onlara bir ilə yaxın müddət ərzində cəmi 4000 (dörd min) manat borc pul vermişdir. İddia ərizəsində iddiaçının şahidlər barəsində qeyd etdiklərinə gəldikdə isə onlar iddiaçının çıxılmaz vəziyyətə düşən insanlara cüzi miqdar pul verərək torpaqlarını əllərindən aldığı şəxsləri şahid kimi dəvət edə bilərlər. Ən maraqlısı isə odur ki, hazırkı iddia ərizəsi iddiaçının qardaşı deyil, iddiaçı tərəfindən verilmişdir. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Digər cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 məhkəmə iclasında Cavabdeh2 verdiyi izahatla eyni məzmunlu izahat verərək onun göstərdiyi xüsusatları eyni ilə təsdiq etdilər. Mülki iş materiallarını araşdırıb, mülki proses tərəflərinin izahatlarını və şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı deyildir. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X2 izahatında bildirmişdir ki, İddiaçı onun qardaşıdır. Onlar torpağın dəyərini 2004-cü ildə birdəfəyə ödəmişlər. 2003-2004-cü illərdə toprağın hər hektarının dəyəri əvvəlki dövriyyə ilə təxminən bir milyon yarım olmuşdur. Onlar arasında alqı-satqı həyata keçirilmişdir. Lakin həmin vaxt cavabdehlərə inandıqlarından sənədləşdirmə işlərində maraqlı olmamışlar. Hazırda cavabdehlərin vədlərindən niyə döndünlərini başa düşə bilmir. Belə ki, keçən 16 il ərzində onlar arasında torpaq üstündə hər hansı mübahisə olmamış, cavabdehlər torpağı satdıqlarını bilmişlər. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, o, traktor sürücüsüdür. Uzun müddətdir ki, mübahisəli torpağı o şumlayır. Xidmətinə görə haqqı da həmişə iddiaçıdan almışdır. Həmin torpağın iddiaçıya məxsus olduğunu, cavabdehlər tərəfindən satıldığını bilmişdir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş JN:0017 nömrəli (kod 40402048) Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu X4 xx xxxxxx 1997-ci il tarixli, 41 nömrəli qərarına əsasən Şəki rayonu Qayabaşı kənd sakinləri Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 8.08 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Məhkəmə biavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəf cavabdehlərlə aralarındakı hüquq münasibətinin alqı-satqı müqaviləsi olmaqla 2004-cü ildə, cavabdeh tərəf isə borc müqaviləsi olmaqla 2009-cu ildə yarandığını iddia edir. Hazırkı iş üzrə sübutetmə yükünün iddiaçının üzərinə düşür. Lakin bu halların baş verməsi iddiaçı tərəfindən sübut edilməmiş və şahid ifadələri ilə təsdiqlənməmişdir. Odur ki, tərəflər arasındakı hüquq münasibətinin 2004-cü ildə yaranması ilə bağlı iddiaçının tələbinə məhkəmə tənqidi yanaşır. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı sözügedən pul məbləğinin cavabdehlərə alqı-satqı qarşılığında verildiyini iddia etsə də, cavabdehlər pulun əslində alqı-satqı müqaviləsinin deyil, borc müqaviləsinin predmeti kimi çıxış etdiyini, borc qarşılığında iddiaçının 2009-2020-ci illərdə torpaqdan istifadə etdiyini qeyd bildirmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 336.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 144.4-cü maddəsinə əsasən əgər əldə edən qanuni qüvvəyə minmiş məhkəmə qərarına və ya ona bərabər olan sənədə, o cümlədən notariat qaydasında təsdiqləməyə istinad edirsə, notariat qaydasında təsdiqləmə tələb olunmur. Məhkəmə həmçinin qeyd edir ki, əqdin yazılı formasına riayət edilməmişdir. Belə ki, iddiaçı və iddiaçı tərəfindən dəvət olunmuş şahidlər torpaq sahəsinin cavabdehlər tərəfindən İddiaçı satıldığını qeyd etmişlər. Məhkəmə şahid ifadələrinə tənqidi yanaşaraq qeyd edir ki, şahidlərdən biri iddiaçının yaxın qohumudur. Digəri isə tərəflər arasında hər hansı əqdin bağlanması barədə heç bir fikir ifadə etməmiş, torpağın iddiaçıya satıldığını eşitdiyini bildirmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Bütün bu şərh edilənlərə qiymət verərək məhkəmə hesab edir ki, Şəki rayonu Qayabaşı kəndi ərazisində yerləşən JN:0017 (kod 40402048) saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 xüsusi mülkiyyətində olan 8.08 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi barəsində cavabdehlərlə iddiaçı arasında xx xxxxxx 2004-cü il tarixdə bağlanmış alqı-satqı əqdi etibarlı sayıla bilməz. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı «əqdin etibarlı sayılması» tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın təmin edilməməsi nəzərə alınaraq İddiaçı dövlət büdcəsinə ödədiyi 10 manat dövlət rüsumu xərci onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “Şəki rayonu Qayabaşı kəndi ərazisində yerləşən JN:0017 (kod 40402048) saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 xüsusi mülkiyyətində olan 8.08 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi barəsində cavabdehlərlə arasında xx xxxxxx 2004-cü il tarixdə bağlanmış alqı-satqı əqdinin etibarlı sayılması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1470/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1470/2020
23.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver