Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-2154/2021 23.09.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlu, İddiaçı Cavabdeh qarşı “torpaq müqaviləsinin pozulması” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə arasında 27 dekabr 2005-ci il tarixdə bağlanmış torpaq müqaviləsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Lakin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının MPMnin 152-ci maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi qaytarılır. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; 149.2.3. iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, o zaman iddia ərizəsi geri qaytarılmalıdır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 iyun 2021-ci il tarixli Qərarına əsasən ər-arvadın daşınmaz əşya üzərində ümumi birgə mülkiyyətinin bölünməsinə dair iddiaların ərazi aidiyyəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə uyğun olaraq qanunla başqa hal nəzərdə tutulmamışdırsa, cavabdehin rəsmi qeydə alındığı yer üzrə müəyyən edilməlidir. Daşınmaz əşya üzərində mülkiyyət hüququnun tanınmasına dair iddialar müstəsna aidiyyət qaydalarını tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən həmin daşınmaz əşyanın olduğu yer üzrə məhkəməyə verilməlidir. Göründüyü kimi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə arasında 27 dekabr 2005-ci il tarixdə bağlanmış torpaq müqaviləsinin ləğv edilməsini xahiş etsə də, iddia ərizəsinə torpaq sahəsinə dair mülkiyyət sənədini və ləğv edilməsini tələb etdiyi müqaviləni əlavə etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlərlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının MM-nin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmçinin, iddiaçı tərəfindən müqavilənin ləğv edilməsi tələbi ilə bağlı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində qanunla müəyyən edilmiş qaydaya əməl edilməmişdir. Ona görə də İddiaçı iddia ərizəsi geri qaytarılmalı, ona qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263.1, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “torpaq müqaviləsinin pozulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-2154/2021
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-2154/2021
23.09.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver