Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-291/2022 11.02.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, İmamverdiyeva Pərvin Arif qızının katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000.00 manat məbləğində sığorta ödənişinin əvəzi, 70.00 manat dövlət rüsumunun "xxxx" ASCnin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı "xxxx" ASC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə 02 fevral 2022-ci il tarixdə ərizə göndərərək, üzrlü səbəbdən məhkəmədə iştirak edə bilməyəcəklərini bildirmiş və məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X5 arasında 02 aprel 2018-ci il tarixdə, PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ-21061” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 20.11.2018-ci il tarixdə “VAZ-21061” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Şəki rayonu Vərəzət kəndində yolnəqliyyat hadisəsi törətmiş və X1 ölümünə səbəb olmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC ASC 5000.00 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Şəki Rayon Məhkəməsinin hökmü daxil olmuş, həmin hökmə əsasən Cavabdeh təqsirli bilinmişdir. Şəki ŞRRŞ İstintaq Bölməsinin "xxxx" ASC-yə təqdim etdiyi 30 mart 2019-cu il tarixli, 189-7612-1219 saylı arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunun arayışda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “VAZ-21061” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə elmək hüququnun olmadığı qeyd olunmuşdur. Belə ki, cavabdehin sürücülük vəsiqəsi olmamışdır. Cəmiyyət tərəfindən Cavabdeh ünvanına 19.11.2021-ci il tarixli, AS-SHTD-21/1964 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də, müvafiq sığorta ödənişi məbləği bugünədək Cəmiyyətə ödənilməmişdir. Odur ki, iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; "xxxx" ASC ilə X5 arasında 02 aprel 2018-ci il tarixdə bağlanmış PAA********** saylı sığorta müqaviləsindən görünür ki, “VAZ-21061” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, sonuncu avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Şəki Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2019-cu il tarixli, 1(091)-30/2019 saylı hökmünün elektron surətindən görünür ki: Cavabdeh “Yol-hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni sürücülük vəsiqəsi olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan atası X3 məxsus VAZ-21061 minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə 20 noyabr 2018-ci il tarixdə, saat 17 radələrində Şəki rayonu Vərəzət kəndi istiqamətindən “Şəki-Oğuz” şossesi istiqamətində hərəkətdə olarkən həmin qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirlər: görməli olduğu halca bunları etməmiş, həmin maddənin tələblərinin əksinə hərəkət edib yolun sol kənarında yol qırağı ilə hərəkətdə olan iti qaçışla yolun sol istiqamətindən sağ istiqamətinə hərəkətə başlayan piyada 19 sentyabr 2015-ci il təvəllüdlü X4 idarə etdiyi avtomobilin ön sol qanadı ilə vurmuş və ehtiyatsızlıqla törətdiyi yol nəqliyyat hadisəsi zamanı X6 açıq kəllə-beyin travması, təpə-ənsə nahiyəsinin əzilmişcırılmış yarası, kəllə tağı, kəllə əsası sümüklərinin çoxsaylı, basılmış sınıqları, baş beyin maddəsinin və baş beyin qişalarının əzilməsi və qansızması ilə nəticələnən, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli dan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olub onun ölümü ilə səbəbli əlaqədə olan bədən xəsarətləri alıb aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüşdür. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis idarəsinin Şəki Regional Qİ və TB şöbəsindən daxil olmuş 18 dekabr 2018-ci il tarixli, 2864 nörməli məktubdan görünür ki, Cavabdeh sürücülük vəsiqəsi yoxdur. Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, onun 04 avqust 2015-ci il tarixdən 05 avqust 2015-ci il tarixədək həbsdə saxlanması nəzərə alınaraq üzərində qəti olaraq 4 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. "xxxx" ASC-nin 26 aprel 2019-cu il tarixli, 19-03-948/04/AA-2753/19 saylı sığorta aktının təsdiq edilmiş surətindən görünür ki, 20 noyabr 2018-ci il tarixdə, saat 17 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X1 ölümü ilə bağlı onun ailə üzvü X2 5000 manat kompensasiya ödənişinin köçürülməsi nəzərdə tutulmuşdur. 29 aprel 2019-cu il tarixli, 006553 nömrəli ödəniş tapşırığının təsdiq edilmiş surətindən görünür ki, "xxxx" ASC tərəfindən X1 hüquqi varisi X2 5000 manat məbləğində kompensasiya ödənişi köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin “zərərvurmuş şəxsə qarşı reqress hüququ” adlanan 1114.1-ci maddəsinin tələblərinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanunu”nun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Şərh edilənlərə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində zərərçəkmişə vurulmuş zərərin əvəzi - 5000.00 manat həcmində pul vəsaiti "xxxx" ASC tərəfindən ödənildiyindən iddiaçı təşkilatın Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı, 1097.1-ci və 1114-cü maddələrinin tələblərinə əsasən, Cavabdeh həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 70.00 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hazırkı iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslıdır və ona görə də təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5000.00 manat məbləğində sığorta ödənişinin əvəzi və 70.00 manat dövlət rüsumu olmaqla, cəmi 5070.00 manat pul tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-291/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-291/2022
11.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver