Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-686/2021 30.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «ana ilə ünsiyyət hüququnun müəyyən edilməsi» tələbinə dair iddia ərizələri üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1922-ci il təvəllüdlü anaları Maraqlı şəxs ilə şənbə və bazar günləri saat 09:00dan 21:00-dək, bir gün olan rəsmi bayram günlərində 6 saat, üç gün davam edən rəsmi bayram günlərində 6 saat olmaqla, iki gün, üç gündən artıq davam edən rəsmi bayram günlərində 6 saat olmaqla, 3 günədək görüşün verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Sonradan iş üzrə Maraqlı şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsində tələblərini onunla əsaslandırmışlar ki, ailələri doqquz nəfərdən ibarət olmuşdur. X1 2005-ci ildə vəfat etmişdir. Anaları Maraqlı şəxs hazırda qardaşları Cavabdeh ilə birlikdə Şəki şəhərində yaşayır. Anaları Maraqlı şəxs ilə qardaşları Cavabdeh sayəsində heç cür görüşə bilmirlər. Belə ki, bir neçə dəfə anaları ilə görüşməyə cəhd etsələr də cavabdeh onları evinə qoymayaraq evdən qovmuşdur. Belə ki, ər-arvad bir olub onların anaları ilə görüşmələrinə hər vəcdlə mane olmağa çalışırlar. Axırıncı dəfə 23 aprel 2020-ci il tarixində Şəki Şəhər İcra Hakimiyyətinə müraciət etmişlər. Hətta vəziyyət elə həddə çatmışdır ki, cavabdeh ahıl anaları ilə onlar arasında aşılmaz sədd çəkmişdir. Belə ki, Cavabdeh analarının ahıl olmaqla səhhətində olan problemlərdən sui-istifadə edərək onlar baradə həqiqətə uyğun olmayan məlumatlar verərək onları analarının gözündən salmağa çalışmışdır. Anaları ilə ünsiyyəti cavabdehin yaşadığı evdən kənarda onun rahat və xoşbəxt ola biləcəyi istənilən yerdə həyata keçirməyə hazırdırlar. Onların anaları ilə ünsiyyət qaydası mümkün qədər elə müəyyən edilməlidir ki, ən əsas hüquqlardan biri olan anaları ilə ünsiyyət imkanından maksimum istifadə edə bilsinlər. Şənbə və bazar günləri hər gün saat 09:00-dan saat 21:00-dək, eyni zamanda bir gün olan rəsmi bayram günlərində 6 saat, üç gündən davam edən rəsmi bayram günlərində 6 saat olmaqla bir gün, üç gündən artıq davam edən rəsmi bayram günlərində 6 saat olmaqla iki gün övladları ilə görüş verilməsi halında övladlıq hüquqlarını yerinə yetirmək imkanı qazanmış olarlar. Cavabdehə dəfələrlə müraciət etsələr də anaları ilə ünsiyyətdə olmağa mane olur. Belə olan halda hesab edirlər ki, məhkəmə qətnaməsi ilə onların anaları ünsiyyətdə olmaq hüquqları tanınmalıdır. Bununla da, qanunvericilikdə nəzərdə tutulmuş qaydada onların anaları ilə ünsiyyət hüquqlarının həyata keçirilməsinə maneələr vardır. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 ayrı-ayrılıqda çıxış edərək ərizənin məzmununa uyğun izahat verdilər. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, atası X4 notarius tərəfindən anasının razılığı əsasında 2004-cü ildə Şəki rayonu Cəfərabad kəndində yerləşən, ümumi sahəsi 48 kv.m olan evi nəvəsi X2 ad günündə bağışlamışdır. Bu barədə atası Vahid Səmədov özü şəxsən notarius kontoruna gedərək bağışlama müqaviləsini həyata keçirmişdir. Anası özü notarius kontoruna gedərək şəxsən öz imzası ilə bağışlama müqaviləsinə etirazı olmadığını bildirmişdir. Həmin evdə təsərrüfat başına kitaba əsasən atası və anası qeydiyyatda olmuşdur. Son illərdə İddiaçı1 qanunsuz olaraq həmin evə daxil olaraq yaşamağa başlamışdır. Bu barədə ona dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq buna məhəl qoymamış və ailələr arasında çox böyük ziddiyyətlər yaratmışdır. Onun özü bu gün öz ailəsinə yaxın durmur, həyat yoldaşı Şəki rayonu Cəfərabad kəndində oğlunun adına olan evdə tək yaşayır. Digər tərəfdən İddiaçı1 ünvan 1 ünvanında 64.2 kv.m evi və Şəki rayonu Göybulaq kəndində 0.12 ha torpaq sahəsi vardır. Oğlunun isə Bakı şəhərində də mənzili vardır. Analarının 99 yaşı var və birinci dərəcə gözdən əlildir. Anasına o və həyat yoldaşı baxır. Xəstə olduğu son 5 ildə nə İddiaçı1, nə İddiaçı2 və nə də onların ailələri anaları ilə maraqlanmamış, bir qaşıq su belə ağzına damızdırmamışlar. O, 3 il həbsdə olarkən bu iki oğuldan heç biri anasına yaxın durmamışlar. X8 hərbi xidmətdə olduğundan həyat yoldaşı İradə Səmədova anasını ailəsinin yanına kirayə evə aparmış və o, həbsxanadan çıxanadək kirayədə onların yanında yaşamışdır. Həmin vaxtlarda bu gün anaları ilə görüşmək istəyən İddiaçı1 və İddiaçı2 öz evləri və ailələri var idi. Lakin indi onlar anasının ən ağır vəziyyətində el qınağına tuş olmaqdan ehtiyatlanaraq onun yanına gəlmək istəyirlər. Anaları 25 mart 2021-ci il tarixdə yanına gələn bacısı Şəhla Səmədova və yeznəsi Əlövsət Səmədovdan xahiş etmişdir ki, həmin oğullar heç o öləndə də gəlməsinlər. Anasının bu barədə səs yazısı da vardır. Anasının bu ağır vəziyyətində onların ev məsələsini qaldırmaları sonuncunu hədsiz əsəbiləşdirir. Bu anasına və dünyasını dıyişmiş atası X3 ruhuna ən böyük hörmətsizlikdir. Anası bu səbəbdən onlarla görüşməyə narazılığını bildirir. Bütün bunları və pandemiyanın bu ağır şəraitini nəzərə alaraq, məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan ИЖ seriyalı, 219463 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 16 avqust 1954-cü il təvəllüdlü İddiaçı1 atası X4, anası isə Maraqlı şəxsdır. İşdə olan Şəki şəhər İHB tərəfindən İddiaçı1 və İddiaçı2 ünvanlanmış 10 iyun 2020-ci il tarixli, 2/Ç-5-075 nömrəli məktubundan görünür ki, onların Şəki Şəhər İcra Hakimiyyətinə ünvanladıqları qardaşları Cavabdeh ilə aralarında olan mülk mübahisəsi, ana ilə görüş və ünsiyyətdə olma ilə bağlı müraciətlərinə baxılmışdır. Qeyd olunan məsələ ilə əlaqədar olaraq Cavabdeh Şəki Şəhər İcra Hakimiyyətinə dəvət edilmiş, məsələ ilə bağlı onunla ətraflı söhbət aparılmışdır. Söhbət zamanı Cavabdeh izahat təqdim etmiş, onun özünün mülkiyyətində olan fərdi yaşayış evində anası ilə qardaşlarının görüş və ünsiyyətdə olmağına razı olmadığını bildirmişdir. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, qanunla müəyyən edilmiş qaydada Cavabdeh ilə aralarında olan mülk mübahisəsi, həmçinin ana ilə görüş və ünsiyyətdə olma ilə bağlı məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.5-ci maddəsinə mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyrimüəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Qanunvericilikdə yetkinlik yaşına çatmış övladların anaları ilə görüş və ünsiyyət hüququnu müəyyən edən norma nəzərdə tutulmamışdır. Odur ki, hazırkı mülki iş üzrə analogiya tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 50.1-50.3-cü maddələrinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. Həmin Məcəllənin 61.1-61.3-cü maddələrinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlər uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh 1922-ci il təvəllüdlü anaları Maraqlı şəxs ilə şənbə və bazar günləri saat 09:00-dan 21:00-dək, bir gün olan rəsmi bayram günlərində 6 saat, üç gün davam edən rəsmi bayram günlərində 6 saat olmaqla, iki gün, üç gündən artıq davam edən rəsmi bayram günlərində 6 saat olmaqla, 3 günədək görüşün verilməsini xahiş etsələr də, məhkəmə qeyd edir ki, iddiaçıların görüş və ünsiyyət tələb etdikləri şəxs yetkinlik yaşına çatmışdır və tam fəaliyyət qabiliyyətlidir. Həmin şəxsin özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyəti vardır. Odur ki, məhkəmə tərəfindən tam fəaliyyət qabiliyyətli şəxsin üzərinə bu cür vəzifənin qoyulması yolverilməzdir. Əgər, Maraqlı şəxs övladları ilə görüşünə Cavabdeh tərəfindən maneə yaradılarsa, Maraqlı şəxs həmin görüşə yaradılmış maneələrin qadağan edilməsi ilə bağlı məhkəməyə müraciət edə bilər. Şərh edilənlərə əsasən, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «ana ilə ünsiyyət hüququnun müəyyən edilməsi» tələbinə dair iddia ərizələri əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İddia təmin edilmədiyindən Azərbaycan Respublikasının MPM-nin 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı1 və İddiaçı2 «Cavabdeh 1922-ci il təvəllüdlü anaları Maraqlı şəxs ilə şənbə və bazar günləri saat 09:00-dan 21:00-dək, bir gün olan rəsmi bayram günlərində 6 saat, üç gün davam edən rəsmi bayram günlərində 6 saat olmaqla, iki gün, üç gündən artıq davam edən rəsmi bayram günlərində 6 saat olmaqla, 3 günədək görüşün verilməsi» tələbinə dair iddiaları təmin edilməsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-686/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-686/2021
30.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver