Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1042/2023 19.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Məhkəmə iclas katibi Şərifova Səbinə Səvayuş qızının katibliyi, İddiaçı nümayəndəsi X6, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü qızı Aytac, xx.xx.2019-cu il təvəllüdlü oğlu Elmirin yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 220 (iki yüz) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 29 oktyabr 2012-ci ildə faktiki ailə qurmaqla nikahlarını 01 noyabr 2012-ci ildə Şəmkir rayon Dəllər-Cəyir kənd İnzibati Ərazi Dairəsində rəsmi qeyd etdirmişlər. Birgə nikahlarından 2 uşaqları- xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X9 adlı uşaqları vardır. Cavabdehlə aralarında olan narazılığa görə ayrılmışlar və nikahları 13 oktyabr 2015-ci ildə məhkəmə qaydasında pozulmuşdur. Nikahları pozulduqdan bir müddət sonra cavabdehlə barışmış və yenidən onun valideynlərinə məxsus evdə ailə kimi birlikdə yaşamışlar. Oğlu Elmir onlar barışdıqdan sonra doğulmuşdur. Cavabdeh Rusiyada olarkən qaynanası ilə arasında olan mübahisə nəticəsində 2022-ci ilin yanvar ayında o iki uşağı ilə birlikdə evdən qovulmuşdur, hazırda anasının yanında yaşayır. Özü heç bir yerdə işləmir, maddi cəhətdən çox çətinlik çəkir, valideynlərinin də maddi vəziyyəti qənaətbəxş deyil, cavabdeh isə ona və uşaqlarına heç bir yardım göstərmir. Cavabdehin rəsmi iş yeri olmasa da, Rusiya Federasiyasında bizneslə məşğuldur, özünə məxsus 3 maşını var və yaxşı qazanc əldə edir, maddi vəziyyəti çox yaxşıdır. Belə olan halda hesab edir ki, cavabdehlə birgə yaşadıqları dövrdə anadan olmuş uşaqları yetkinlik yaşına çatanadək ona köməklik göstərməlidir. Qeyd olunanlara əsasən Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü qızım Aytac, xx.xx.2019-cu il təvəllüdlü oğlu Elmirin yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 220 (iki yüz) manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X11 iddia ərizəsinin məzmuna uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X3 iddianın qəbul etmədi və izahatında bildirdi ki, oğlu Cavabdeh ilə iddiaçı 2012-ci ildə rəsmi evlənmişlər. Birgə nikahlarından 2 uşaqları vardır. Oğlu Cavabdeh ilə iddiaçı aralarında olan narazılığa görə ayrılmışlar və nikahları 13 oktyabr 2015-ci ildə məhkəmə qaydasında pozulmuşdur. Hazırda oğlu Rusiyada sürücü işləyir və hər ay hər uşağa görə 220 manat aliment ödəməyə imkanı yoxdur. Ona görə də iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şəmkir rayon Qeydiyyat Şöbəsinin AZ-İV № 316968 nömrəli doğum haqqında şahədatnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 21 avqust 2019-cu il təvəllüdlü X5 ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İşə əlavə edilmiş Şəmkir rayon Qeydiyyat Şöbəsinin AZ-İİİ № 771609 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 06 avqust 2015-ci il təvəllüdlü X4 ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Şəmkir rayon Qeydiyyat Şöbəsinin AZ-İ № 228999 nömrəli “nikahın pozulması haqqında” şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında bağlanmış nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 19 fevral 2016-cı il tarixdə 17 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin 2(076)-2136/2015 saylı 13 oktyabr 2015-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə X7 arasında 01 noyabr 2012-ci il tarixdə Şəmkir rayon Dəllər-Cəyir kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikdə bağlanmış və 36 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydinin pozulması, boşanmadan sonra tərəflərin birgə nikahından doğulmuş 06 avqust 2013-cü il təvəllüdlü Aytac adlı uşağın X2 yanında qalması müəyyən edilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh Elmir və Aytac adlı uşaqların valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaqlar İddiaçı yanında yaşadıqlarından, iddiaçı uşaqların saxlanması üçün cavabdehdən aliment tutulmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını, bununla belə uşaqların saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini, diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində müəyyən edilməlidir. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, İddiaçı aliment tələbi barədə iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən ərizənin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, mediasiya prosesində iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. 27 fevral 2023-cü il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 50 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-1042/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1042/2023
19.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver