Məhkəmə qərarları › İş №2(076)-1081/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1081/2024

19.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1081/2024 19.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12 fevral 2019-cu il təvəllüdlü Ayan adlı uşağını yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 (iki yüz əlli) manat aliment tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 2018-ci ildə rəsmi ailə qurub evlənmişlər. Birgə yaşadıqları dövrdə onların xx.xx.2019-ci il təvəllüdlü X2 adlı bir övladı doğulmuşdur. Cavabdehlə aralarında narazılıqlar yaranmış və hal hazırda 8 aydır ki, ayrılmışlar və ər-arvad münasibətlərini kəsmişlər. Hazırda uşağı onun himayəsindədir və onun maddi ehtiyaclarını ödəməyə çətinlik çəkir. Valideynlərinin himayəsində yaşayır. Cavabdeh nikahın pozulması ilə bağlı Şəmkir rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh bir neçə yerdə işləyir, kifayət qədər aylıq gəliri var. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edib cavabdehden aliment tutulmasını istəyir. Qeyd olanları nəzərə alaraq, Cavabdeh 12 fevral 2019-cu il təvəllüdlü Ayan adlı uşağını yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 (iki yüz əlli) manat aliment tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, iddiaçı ilə birgə nikahlarından olan övladı xx.xx.2019-cu il təvəllüdlü Ayan adlı uşağını maddi və mənəvi cəhətdən saxlamaqdan imtina etmir. Lakin, iddiaçının tələb etdiyi məbləğdə aliment ödəməyə maddi imkanı yoxdur. Belə ki, o özü rəsmi olaraq heç yerdə işləmir. Şəmkir şəhərində yerləşən Zambaiti-Parati-Shamkir adlı mağazada günəmuzd fəhlə işləyir. Aylıq gəliri 250-300 manat təşkil edir. Özü də rəsmi olaraq iş yeri axtarsa da, tapa bilmir. Fəhləliklə məşğul olmaqla aylıq xərclərini güclə qarşılayır. Ailədə yeganə qazanc gətirən şəxs odur. O övladı ilə görüşür, çalışır ki övladının maddi və mənəvi cəhətdən saxlanmasında həyat yoldaşına köməklik etsin. Ancaq maddi vəziyyəti çox aşağı olduğundan iddiaçının tələb etdiyi məbləğdə ayda 250 manat aliment ödəyə bilməz. O hər ay azyaşlı uşağını saxlanması üçün 120-130 manat aliment ödəyə bilər. Daha yüksək məbləğdə alimentin müəyyən edilməsi onun ailə vəziyyətinin maddi cəhətdən ağırlaşmasına səbəb olar bilər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 181 nömrəli Şəmkir qeydiyyat şöbəsinin tərəfindən verilmiş arayışdan görünür ki, X2 xx.xx.2019-cu il ildə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 181 nömrəli Şəmkir qeydiyyat şöbəsinin tərəfindən verilmiş arayışdan görünür ki, Quliyev X3 Aynur Nahid qızı ilə 27 iyun 2018-ci il tarixində nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə “Quliyev”, arvada “Quliyeva” soyadı verlmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 01643 saylı mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər xx.xx.2023-cü il tarixə saat 10:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sesiyasında iştirak etmiş, Cavabdeh mediasiya prosesini davam etdirməmişdir. Cavabdeh mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən çıxış edərək hesab edir ki, valideynlər ən azı uşağının minimum dolanacaq xərclərini təmin etmək öhdəliyini daşıyır. Bu baxımdan iddiaçının uşağın gündəlik qayğıları ilə məşğul olmasını və bilavasitə uşağı saxlamasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşağa görə 190 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməli, alimentin tutulmasının əvvəli iddia ərizəsinin məhkəməyə verildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Dövlət rüsumu haqqında Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində rüsum ödənilir. Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırkı iddianın qiyməti 2280 manatdır (190x12). İddia təmin edildiyindən ödənilməli olan 42,8 (qırx iki manat səksən qəpik) manat təşkil edir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilən qanunverilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan ilkin mediasiya sessiyasında çəkilən xərc cavabdeh tərəfindən ödənildiyindən cavabdeh tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-235, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləği ilə 190 (bir yüz doxsan ) manat aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar