Məhkəmə qərarları › İş №2(076)-1086/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1086/2025

05.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1086/2025 05.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 Cavabdeh1 Bəbir oğlunun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 Bəbir oğluna, Şəmkir rayon 1 saylı Notariat Ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin DƏDRX X13 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “Alqı-satqı müqaviləsinin ləğv edilməsi və çıxarışın etibarsız hesab edilməsi tələbi” barədə mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 Bəbir oğluna, Şəmkir rayon 1 saylı Notariat Ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin DƏDRX X13 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “Alqı-satqı müqaviləsinin ləğv edilməsi və çıxarışın etibarsız hesab edilməsi tələbi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Şəmkir rayon Notariat ofisində 26 fevral 2008-ci ildə mərhum anaları X4 ilə Cavabdeh1 Bəbir oğlu arasında bağlanmış, saxta alqı-satqı müqaviləsinin ləğv edilməsi və həmin müqavilə əsasında cavabdehin adına verilmiş KOD ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, onlara Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il qərarı ilə 1.71 ha kənd təsərrüfat məhsullarını əkibbecərmək üçün torpaq sahəsi verilmişdir. Həmin vaxtda onlar qardaş və bacıları azyaşlı olmuşlar. X1 imkan olmadığı səbəbindən həmin torpağın 0.6578 ha hissəsini cavahdeh Cavabdeh1 Bəbir oğluna 2008-ci ildə əkmək üçün icarəyə vermişdir. Sonradan onlara məlum olmuşdur ki, cavabdeh öz adına saxta alqı-satqı müqaviləsi ilə hüquq müəyyən edici sənəd olaraq çıxarış almışdır. Ona görə də onlar hazırki iddia ilə məhkəməyə müraciət edib saxta alqı-satqı müqaviləsinin ləğv edilməsini və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsini istəyirlər. Qeyd olunanlara əsasən Şəmkir rayon Notariat ofisində 26 fevral 2008-ci ildə mərhum anaları X4 ilə Cavabdeh1 Bəbir oğlu arasında bağlanmış, saxta alqı-satqı müqaviləsinin ləğv edilməsi və həmin müqavilə əsasında cavabdehin adına verilmiş KOD ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı3 və cavabdehlər Şəmkir rayon 1 saylı Notariat Ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin DƏDRX X13 11 saylı Şəmkir Ərazi İdarəsinə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında iştirak etməmiş və nümayəndələrinin iştirakını təmin etməyərək səbəbləri barədə bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147 və 185.5-ci maddəsinə əsasən, qeyd edilən şəxslərin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, alqı-satqı müqaviləsindən xəbərləri olmamışdır. Belə ki, keçmiş bələdiyyə Xəqani müəllim etmişdir. Hazırda mübahisəli torpaq sahəsi cavabdehin istifadəsindədir, oarada onun təsərrüfatı vardır. Bu günə qədər torpaq sahəsinin yeri dəqiq onlara deyilmədiyindən Fazilin istifadəsində olmasını bilməmişlər. İndi isə Cavabdeh1 həmin torpaq sahəsindən istifadı edir. Qeyd edilənlərə əsasən iddianın təmin edilərək Şəmkir rayon Notariat ofisində 26 fevral 2008-ci ildə mərhum anaları X4 ilə Cavabdeh1 Bəbir oğlu arasında bağlanmış, saxta alqı-satqı müqaviləsinin ləğv edilməsi və həmin müqavilə əsasında cavabdehin adına verilmiş KOD ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı2 və İddiaçı4 bir daha iddia ərizəsinin məzmununa və İddiaçı1 izahatına uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 Bəbir oğlunun nümayəndəsi və vəkili Nümayəndə iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi Cavabdeh1 məxsusdur. Belə ki, cavabdeh mübahisələndirilən daşınmaz əmlakı alqı-satqı müqaviləsi əsasında əldə edərək daha sonra mülkiyyətini dövlət qeydiyyatına aldırıb çıxarış əldə etmişdir. Alqı-satqı olan gündən torpaq sahəsi cavabdehin istifadəsində olmuş, hazırda da cavabdehin istifadəsindədir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan JN-1402 KOD 50400048 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində yerləşən 1.71 ha torpaq sahəsi Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli, 51 nömrəli qərarı ilə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X2, X3 və X7 mülkiyyətinə verilmişdir. İş materiallarında olan DƏDRX X13 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023cü il tarixli məktubundan görünür ki, iddiaçılar çıxarışın ləğv edilməsi ilə bağlı müraciət etmiş, lakin, həmin məslə idarənin səlahiyyətində olmadığından aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamələrin notarial surətlərindən görünür ki, X12 xx.xx.2012-ci il tarixdə, X5 xx.xx.2016-cı il tarixdə, X4 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan 4Ə-1-40 reyestr nömrəli, xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X4, ona məxsus Şəmkir rayonu Zəyəm Cırdaxan kəndində yerləşən 0,6578 ha torpaq sahəsini 3000 manat müqabilində Cavabdeh1 Bəbir oğluna satmışdır. Müqaviləni İddiaçı1, İddiaçı4, X5, X4 və Cavabdeh1 Bəbir oğlu imzalamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, **********91 saylı çıxarışın surətindən görünür ki, Şəmkir rayonu, Zəyəm Cırdaxan kəndində yerləşən 0.6578 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə Cavabdeh1 Bəbir oğluna məxsusdur. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli, 51 nömrəli qərarı ilə JN-1402 KOD 50400048 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində yerləşən 1.71 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X2, X3 və X7 mülkiyyətinə verilmişdir. Şəmkir rayonu Zəyəm-Cırdaxan kəndində yerləşən 0.6578 ha torpaq sahəsi, 4Ə-1-40 reyestr nömrəli, xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı1, İddiaçı4, X5, X4 və Cavabdeh1 Bəbir oğlu tərəfindən Cavabdeh1 Bəbir oğluna satılmışdır. Həmin torpaq sahəsinəCavabdeh1 Bəbir oğlunun adına xx.xx.2023-cü il tarixli, **********91 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Şəmkir rayonu Zəyəm-Cırdaxan kəndində yerləşən 0.6578 ha torpaq sahəsi 2008-ci ildən hal hazıradək Cavabdeh1 Bəbir oğlunun istifadəsindədir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia tələbi alqı-satqı və çıxarışın mübahisələndirilməsi ilə bağlı olduğu üçün mübahisələndirilən çıxarışların verilməsi üçün əsas olmuş əqdin (daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat üçün əsas olmuş əqdin) etibarlılığı da yoxlanılmalıdır. Belə ki, Reyestr qeydiyyatı həqiqi hüquqi vəziyyətə uyğun olduqda əsaslı, uyğun olmadıqda isə əsassız hesab edilir. Bu səbəbdən həmin qeydin (yaxud onun əsasında verilmiş çıxarışın) ləğv edilməsi və ya etibarsız sayılması barədə tələb mahiyyətcə əsaslı olmayan qeydiyyatın düzəldilməsi barədə iddiadır. Hansı sözlə (ləğv və ya etibarsızlıq) ifadə olunmasından asılı olmayaraq, iddia icraatında daşınmaz əmlakın dövlət reyestrinin məzmununun mübahisələndirilməsi sözügedən qeyddə düzəlişin aparılması barədə tələb sayılır. Nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın əsassız olması ilə bağlı iddianın predmetini hüququ pozulmuş şəxsin mənafeyi (subyektiv hüququ) təşkil edir. Bu mənafeyin təmin olunması üçün ayrı-ayrı vaxtlarda irəli sürülən tələblərin “dövlət reyestrinin ləğv edilməsi, etibarsız sayılması, yaxud qeyddə düzəlişin aparılması və s.” kimi ifadə olunması iddianın predmetinin dəyişməsi mənasına gəlmir. Belə tələblərin hamısı eyni predmet hesab edilir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2[102]-4022/2023 nömrəli üç ulduzlu qərarı) Hazırda iddiaçılar alqı-satqı müqaviləsini bir neçə əsasla mübahisələndirirlər:

1. İddiaçılar tərəfindən həmin torpaq sahəsinin satılmasına razılıq verilməməsidir

2. Mübahisəli torpaq sahəsinin yalnız bir hissəsinin Cavabdeh1 icarəyə verilməsidir. Məhkəmə ilk əvvəl çıxarışın verilməsi üçün əsas olmuş X6 və digərləri ilə cavabdeh arasında olan mübahisəli torpaq sahəsinin satılmasına dair müqavilə ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, müqavilə tərəflər arasında öhdəliyin əmələ gəlməsi əsaslarındandır. Mülki hüquqi öhdəliklərin mühüm yaranma əsası kimi müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Bağlanmış müqavilə üzrə tərəflər öz əmlak mənafeləri ilə yanaşı, həmçinin hüquq və vəzifələrini də müəyyən etməlidir. Müqavilə şərtləri həmişə mövcud qanunvericilikdə şərtləndirilmiş imperativ normalara uyğun olmalıdır. Belə ki, müqavilə anlayışı üç vacib elementdən ibarətdir ki, bunlara müqavilənin subyekt tərkibi, məzmunu və forması aiddir. Subyekt tərkibi müəyyən müqavilənin bağlanmasında və ya onun həyata keçirilməsində iştirak edən şəxsləri ehtiva edir. Müqavilədən yaranan qarşılıqlı hüquq və vəzifələrin daşıyıcıları olan şəxslər, yəni kreditor və borclu müqavilənin subyekt tərkibinə aiddir. Müqavilənin məzmunu dedikdə, müqavilə tərəflərinin hüquq və vəzifələri, onların barəsində razılıq əldə etdikləri şərtlərin məcmusu başa düşülür. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır. Beləcə, qanunla müəyyən edilmiş məcburi formaya riayət edilməklə bağlanmış müqavilə üzrə kreditor müqavilənin digər tərəfindən, yəni həmin hərəkətləri etməyə borclu olan şəxsdən öhdəliyin icrasını tələb etmək hüququna malikdir. Nəzərə alınmalıdır ki, MM-in 6.1.2-ci maddəsinin tələbinə əsasən mülki hüquq subyektlərinin iradə sərbəstliyi mülki qanunvericiliyin prinsiplərindəndir. Həmin prinsip mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir. Ancaq şəxsi və (və ya) ictimai mənafeyin təmin olunması baxımından zərurət olduqda bəzi müqavilələrin bağlanılması qanunvericilikdə məcburi forma şərtinə tabe tutulur. Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Qanunda bəzi əqdlər üçün sadə yazılı və ya notariat qaydasında təsdiqlənmə tələbinin etibarlılıq şərti kimi müəyyən edilməsi həmin əqdlərin mahiyyətindən irəli gəlir. Belə ki, bir qayda olaraq iqtisadi dəyəri daha yüksək olan, fərdin şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynayan (bir tərəf üçün öhdəlik və vəzifələr yaradan zaminlik, bağışlama vədi kimi) ǝqdlərin, dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradan əqdlərin (daşınmaz əşyaların, avtomobil ve s. eşyaların alqı-satqısı, ipoteka və s.) etibarlı olması üçün onların müvafiq məcburi formada bağlanması və ya notarial qaydasında təsdiqlənməsi tələb olunur. Bununla mülki dövriyyə iştirakçılarına daha yaxşı düşünmək, bağlayacaqları əqd səbəbindən yaranacaq nəticələri əvvəlcədən müəyyən etmək və yekun qəti qərara gəlmək imkanı yaratmaq məqsədi güdülür. Məhz bu məqsədə nail olmaq, nəticədə mülki hüquq subyektlərinin mənafelərini qorumaq üçün qanunverici bir sıra əqdlər baxımından forma tələbini etibarlılıq şərti kimi müəyyən etmişdir. Göründüyü kimi, cavabdehin iddiaçılarla eyni kənddə yaşaması baxımından torpaqdan istifadəyə uzun illər sükut nümayiş etdirməsi, Cavabdeh1 Bəbir oğlu tərəfindən ona göstərilən razılığa, onda yaradılan arxayınçılığa görə də, torpaqdan istifadə etməsi, illərdir həmin torpaqda məhsul becərməsi qeyd edilən torpaq sahəsinə qanuni sahibliyinin göstəricisi sayılmalıdır. Hətta, Mülki Məcəllənin 360.2-ci maddəsinin tələbinə əsasən təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Bundan əlavə, nəzərə alınmalıdır ki, MM-in 404.1 və 404.2-ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Məhkəmə iclasında müəyyən edilmiş işin mübahisəsiz faktiki hallarından görünür ki, Şəmkir rayonu Zəyəm Cırdaxan kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 2008-cı ildən Cavabdeh1 Bəbir oğlunun faktiki istifadəsindədir. Cavabdeh1 Bəbir oğlu həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etmiş, torpaqda yaxşılaşdırma işləri aparmış və daim istifadəsində olmaqla, hazırda datorpaq sahəsi onun istifadəsindədir. Bir sözlə, həmin torpaq sahəsi qeyd edilən dövrdən etibarən etirazsız şəkildə cavabdehin istifadəsindədir. F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 mart 2023 cü il tarixli qərarında qeyd edilir ki, Mülki Məcəllənin birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi ilə bağlı məsələləri tənzimləyən 222-ci maddəsinə görə isə birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur. Lakin burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin Səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2- ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Qeyd edilməlidir ki, "B.Qasımovun şikayəti üzrə" 09 dekabr 2019-cu il tarixli Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun qərarında formalaşmış hüquqi mövqeyə görə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş "mülkiyyət" anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da "mülkiyyət hüququ" kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından "mülkiyyət" hesab olunmalıdır. "Mülkiyyət anlayışı "mövcud mülkiyyətlə" məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və "qanuni gözləntisi olan əmlakı da əhatə edə bilər. "Gözlənti" o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze ve başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, $103) Həmçinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Öneryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində "mülkiyyət anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da "əmlak hüquqları" və beləliklə, "mülkiyyət" kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və həmçinin əmlakı, o cümlədən ərizəçinin onun mülkiyyət hüququnun səmərəli surətdə həyata keçirilməsinə nail olmaq üçün heç olmazsa ağlabatan və “qanuni ümid”lərə malik olduğunu iddia edə bildiyi tələbləri əhatə edir.” Məhkəmə işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları və yuxarıda qeyd olunan Qanun nomralarına əsasən qeyd edir ki, iddiaçıların ümumi birgə mülkiyyətində olan Şəmkir rayonu Zəyəm-Cırdaxan kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X6 tərəfindən xx.xx.2008-ci il tarixdə Cavabdeh1 Bəbir oğluna satılsa da, torpaq sahəsinin digər mülkiyyətçilərinin həmin alqısatqıdan məlumatlı olmaları, ötən illər ərzində alqı-satqı ilə bağlı hər hansı etiraz bildirməmələri, torpaq sahəsinin 2008-ci ildən Cavabdeh1 sahibliyinə keçməsi və hazırkı vaxta kimi maneəsiz istifadəsində olması sonuncunun mübahisəli torpaq sahəsi üzrə qanuni gözləntiyə malik olmasına dəlalət edir. Göründüyü kimi, iddiaçının bu sahibliyi torpaq sahəsinin ümumi birgə mülkiyyətçilərindən olan iddiaçılarla torpaq sahəsinin alqı-satqısına dair müqavilə və ondan sonrakı uzun illər ərzində hazırkı iş üzrə iddiaçıların davranışı ilə müəyyən edilən rəftarı və əsl iradə ifadəsində inikasını tapan qanunvericilik normalarına əsaslanır. Eyni zamanda məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsi bütövlüklə iddia qaldırılınadək ötən 17 il ərzində cavabdehin fasiləsiz və etirazsız sahibliyində olmuşdur. İddiaçıların əqd və çıxarış barədə məlumatsız olduğu barədə dəlillərini məhkəmə işin hallarına görə ağlabatan saymır. Belə ki, iddiaçılar və cavabdeh eyni kənddə yaşayırlar. 17 il ərzində qeyd edilən torpaq sahəsinin cavabdehin istifadəsində olması onu təsdiq edir ki, iddiaçılar torpağın cavabdehə satılmasından məlumatlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də iddiaçıların üzərinə düşür. Məhz iddiaçılar iddia ərizəsində göstərilmiş çıxarışın ləğvi üçün əsas olan halları təsdiq edən sübutlarını təqdim etməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sənədləri və tərəflərin izahatlarını nəzərə alaraq hesab edir ki, alqı-satqı müqaviləsinin ləğvi və etibarsızlığı üçün qanunvericiliyin müəyyən etdiyi əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qətetdi:

İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 Bəbir oğluna, Şəmkir rayon 1 saylı Notariat Ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin DƏDRX X13 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “Alqı-satqı müqaviləsinin ləğv edilməsi və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiaları rədd edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar