Məhkəmə qərarları › İş №2(076)-111/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-111/2024

28.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-111/2024 28.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə İddiaçı Sığorta Şirkəti ASC–nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı şirkət tələbini belə əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2019–cu il tarixdə idarə etdiyi “Mitsubishi Pajero” markalı, 90–DF–038 nömrəli avtomaşınla hərəkətdə olarkən “VAZ 21013” markalı, 57–BM–946 nömrəli avtomaşınla toqquşaraq yol–nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində X5 və X3 vəfat etmişlər. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X2 ölümünə görə 5.000 manat və X1 ölümünə görə 5.000 manat ödəniş həyata keçirilmişdir. Cavabdeh xx.xx.2014–cü il tarixdə yol–nəqliyyat hadisəsi törədən zaman sərxoş vəziyyətdə avtomaşın idarə etmiş, bu səbəbdən onların cavabdehə qarşı subroqasiya hüquqları yaranmışdır. Həmçinin, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020–ci il tarixli hökmü ilə Cavabdeh baş vermiş hadisədə təqsirli bilinmişdir. Odur ki, iddianın təmin olunaraq, cavabdehdən 10.000 manat sığorta ödənişinin və 120,40 manat dövlət rüsumunun alınıb iddiaçı şirkətə verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti ASC–yə və Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi məhkəməyə yazılı ərizə ünvanlayaraq, iddianı müdafiə etdiyini, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Cavabdeh məhkəməyə yazılı ərizə ünvanlayaraq, iddianı qəbul etdiyini, hazırda maddi imkanının olmadığını, azadlığa çıxdıqdan sonra ödəniş edəcəyini bildirmiş və məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri, qanuni qüvvəyə minmiş məhkəmə qərarını və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan sığorta ödənişi ilə bağlı xx.xx.2022–ci il tarixli 106307 nömrəli aktdan görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X2 ölümünə görə hüquqi varisi X4 5.000 manat pul ödənilmişdir. İşdə olan sığorta ödənişi ilə bağlı xx.xx.2022–ci il tarixli 109084 nömrəli aktdan görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X1 ölümünə görə hüquqi varisi X4 5.000 manat pul ödənilmişdir. İşdə olan xx.xx.2022–ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehdən subroqasiya qaydasında 10.000 manat pulun ödənilməsi tələb olunmuşdur. İşdə olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020–ci il tarixli 1(100)–125/2020 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM–nin 263–1.4–cü maddəsi ilə təqsirli bilinib, 05 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 09 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilimişdir ki, Cavabdeh xx.xx.2019–cu il tarixdə sərxoş vəziyyətdə idarə etdiyi “Mitsubishi Pajero” markalı, 90–DF–038 nömrəli avtomaşınla Şəmkir şəhəri, S.Vuğun küçəsi ilə M.Müşfiq küçəsi istiqamətində hərəkətdə olarkən “VAZ 21013” markalı, 57– BM–946 nömrəli avtomaşınla toqquşaraq yol–nəqliyyat hadisəsi törətmiş, nəticədə X5 və X3 vəfat etmişlər. Zərərçəkmiş şəxslərin hüquqi varisinə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X2 ölümünə görə 5.000 manat və X1 ölümünə görə 5.000 manat olmaqla, cəmi 10.000 manat ödəniş həyata keçirilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020–ci il tarixli 1(100)–125/2020 saylı hökmü ilə Cavabdeh təqsiri sübuta yetirilmiş və o, Azərbaycan Respublikası CM–nin 263–1.4–cü maddəsi ilə təqsirli bilinib, 05 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 09 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası MM–nin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Azərbaycan Respublikası MM–nin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM–nin 1108.1–ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən 10.000 manat pul və 120,40 manat dövlət rüsumu alınıb iddiaçı şirkətə verilməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 10.000 (on min) manat məbləğində pul alınıb İddiaçı Sığorta Şirkəti ASC–yə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 120,40 (bir yüz iyirmi manat qırx qəpik) manat məbləğində dövlət rüsumu alınıb İddiaçı Sığorta Şirkəti ASC–yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar