Məhkəmə qərarları › İş №2(076)-1162/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1162/2023

13.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1162/2023 13.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi, İddiaçı nümayəndəsi Qanuni nümayəndə və Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh uşaqları X5, X6 və X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşağa 200 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2010-cu ildə rəsmi nikaha daxil olmuş, nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X10, xx.xx.2011ci il təvəllüdlü X11 və xx.xx.2013-cü il təvəllüdlü X8 adlı üç uşaqları doğulmuşdur. Cavabdeh ona və uşaqlarına baxmadığından aralarında narazılıqlar yaranmış və xx.xx.2022-ci il tarixdə faktiki ayrılmışlar. Hazırda maddi cəhətdən çətinlik çəkir, cavabdeh ona və uşaqlarına yardım göstərmir. Cavabdeh rəsmi olaraq heç bir yerdə işləməsə də fərdi əmək və sahibkarlıqla məşğuldur. Buna görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, cavabdehin təsərrüfatının olduğunu, maddi imkanının alimenti ödəyəcək qədər yüksək olduğunu bildirmiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X3 iddianı qismən qəbul edərək bildirdi ki, Cavabdeh hazırda heç bir yerdə işləmir. Valideynləri Şəkər xəstəsidirlər və onlar Cavabdeh himayəsindədirlər. Eyni zamanda X2 filialında işaxtaran kimi qeydiyyatdadır. Cavabdeh birgə nikahdan doğulmuş uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün maksimum 100 manat aliment ödəyə bilər. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X4 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞG/MT007/2023- 00906 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə saat 12:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sesiyasında iştirak etməmişdir. İddiaçı mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən çıxış edərək hesab edir ki, valideynlər ən azı uşağının minimum dolanacaq xərclərini təmin etmək öhdəliyini daşıyır. Bu baxımdan iddiaçının uşağın gündəlik qayğıları ilə məşğul olmasını və bilavasitə uşağı saxlamasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 160 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməli, alimentin tutulmasının əvvəli iddia ərizəsinin məhkəməyə verildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Dövlət rüsumu haqqında Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində rüsum ödənilir. Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Hazırkı iddianın qiyməti 5760 manatdır (480x12). İddia tam təmin edildiyindən ödənilməli olan 77,6 (yetmiş yeddi manat 60 qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən mediasiyaya dair qeyd-şərtə və ya mediasiya prosesinin tətbiqi barədə müqavilənin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd olunan normanın tələbinə uyğun olaraq iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sabit pul məbləği ilə 160 (bir yüz altmış) manat olmaqla, ümumilikdə 480 (dörd yüz səksən) manat aliment tutularaq, İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. Cavabdeh mediasiya xərcinin əvəzi qismində 50 (əlli) manat pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh 77,6 (yetmiş yeddi manat 60 qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar