Məhkəmə qərarları › İş №2(076)-1211/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1211/2025

01.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1211/2025 01.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İsmayılova Sənubər Nəcəf qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair məhkəmədə iddia qaldıraraq, 10 oktyabr 2006-cı il təvəllüdlü Səbinə və 24 iyun 2008-ci il təvəllüdlü Zakir adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 246 (iki yüz qırx altı) manat sabit pul məbləğində alimentin, eləcədə Mediasiya görə ödədiyi 50 (əlli) manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, xx.xx.2008-ci il təvəllüdlü Zakir adlı uşağın on səkkiz yaşına çatanadək maddi cəhətdən saxlanması üçün hər ay 246 (iki yüz qırx altı) manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh ilə faktiki olaraq evlənmiş və rəsmi nikah qeyd etdirmişlər. Birgə nikahdan xx.xx.2006-cı il təvəllüdlü Səbinə və xx.xx.2008-ci il təvəllüdlü Zakir adlı uşaqları doğulmuşdur. Cavabdehlə evləndikdən sonra bir müddət normal ailə şəraitində yaşasalar da, sonradan aralarında olan narazılığa görə ayrılmışlar və ayrıldıqdan sonra uşaqlar onun yanında qalmışdır. Cavabdeh azyaşlı uşaqların saxlanması üçün maddi yardım göstərmir. Ona görə də uşaqlarının ehtiyacını ödəyə bilmir. Cavabdeh normal maddi imkana malik olmasına baxmayaraq könüllü olaraq uşaqlara heç bir maddi yardım göstərmir. Odur ki, iddianın təmin edilərək, xx.xx.2008-ci il təvəllüdlü Zakir adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 246 (iki yüz qırx altı) manat sabit pul məbləğində alimentin, eləcədə ödədiyi 50 (əlli) manat məbləğində mediasiya xərcinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı izahatında bildirdi ki, iddianı qismən qəbul edir. Həqiqətən, o cavabdehlə faktiki olaraq evlənmiş və rəsmi nikah qeyd etdirmişlər. Onların birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü Səbinə və xx.xx.2008-ci il təvəllüdlü Zakir adlı uşaqları doğulmuşdur. Ailə münasibətlərinin pozulması səbəbindən ayrılmışlar. Hazırda birgə nikahından doğulmuş uşaqlar iddiaçının yanında yaşayır. Onun maddi imkanı olmadığı üçün iddiaçıya uşağa görə hər ay 246 manat məbləğində aliment ödəyə bilmiyəcəkdir. O, hər ay 100 manat aliment ödəyə bilər. Odur ki izahatında göstərilənlərə uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən və doğum haqqında arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2006-cı il təvəllüdlü Səbinə və xx.xx.2008-ci il təvəllüdlü Zakir adlı uşaqları anadan olmuşdur. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 arasında xx.xx.2006-cı il tarixdə Sumqayıt şəhər VVADQ şöbəsində rəsmi nikah bağlanmış və həmin nikah 532 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Nikah bağlandıqdan sonra arvada Əliyeva, ərə Əliyev soyadı verilmişdir. İşdə olan xx.xx.2025–ci il tarixli “Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”dan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən olundu ki, tərəflər faktiki olaraq evlənməklə, rəsmi nikah qeyd etdirmişlər. Birgə nikahdan xx.xx.2006-cı il təvəllüdlü Səbinə və xx.xx.2008-ci il təvəllüdlü Zakir adlı uşaqları doğulmuşdur. Cavabdehlə evləndikdən sonra bir müddət normal ailə şəraitində yaşasalar da, sonradan aralarında olan narazılığa görə ayrılmışlar. xx.xx.2006-cı il təvəllüdlü Səbinə adlı uşaq yetkinlik yaşına çatmışdır. xx.xx.2008-ci il təvəllüdlü Zakir adlı uşaq isə tərəflər ayrıldıqdan sonra uşaqlar iddiaçının yanında qalmışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1–ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024– cü il tarixli 15 nömrəli Qərarının 1.2.1–ci bəndinə əsasən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016–cı il tarixli qərarının 8.4–cü bəndinə 8.4–1–ci yarımbənd əlavə edilmiş və həmin yarımbənddə göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2–ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024–cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025–ci il yanvarın 1–dən 400 manat müəyyən edilmişdir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşağın mənafeyini və iddiaçının himayəsində yaşamasını, habelə digər halları, eləcə də iddiaçının ərizə ilə xx.xx.2025–ci il tarixdə məhkəməyə müraciət etməsini nəzərə alaraq hesab edir ki, xx.xx.2025–ci il tarixdən başlayaraq, xx.xx.2008-ci il təvəllüdlü Zakir adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Həmin məbləğdə alimentin təyin edilməsi azyaşlı uşağın qanuni mənafeyinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2–ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə, həmçinin hesab edir ki, ödənilmiş 50 manat mediasiya xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununun 36.5–ci maddəsinə əsasən mediasiyaya dair qeyd–şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtləniə zidd olaraq mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası MPM–in 107–ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1–ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2025–ci il tarixdən başlayaraq, xx.xx.2008-ci il təvəllüdlü Zakir adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. Cavabdeh 50 (əlli) manat mediasiya xidmət haqqı tutulub İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar