Məhkəmə qərarları › İş №2(076)-1474/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1474/2025

22.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1474/2025 22.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X1 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin dəyişdirilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin dəyişdirilməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, 22 oktyabr 2018–ci il təvəllüdlü Narın adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər təyin edilmiş alimentin dəyişdirilərək Cavabdeh hər ay aylıq qazancının və ya başqa gəlirlərinin 1/4 hissəsi məbləğində alimentin tutulmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək əsasən ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh ilə xx.xx.2017–ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Birgə nikahlarından 22 oktyabr 2018–ci il tarixdə Narın adlı uşaqları doğulmuşdur. Ailə münasibətlərinin pozulması səbəbindən cavabdehlə ayrılmışlar və ayrıldıqdan sonra azyaşlı uşaq onun yanında qalmışdır. Əvvəllər Narın adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020–ci il tarixli qətnaməsi ilə hər ay 160 manat alimentin tutulması qət edilmiş, eləcə də Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli qətnaməsi ilə həmin alimentin miqdarı artırılaraq 180 manat müəyyən edilmişdir. Lakin mövcud vəziyyətdə 180 manat alimentlə uşağa baxmaq qeyri–mümkündür. Belə ki, uşaq böyüdükcə onun tələbatları da artır və maddi imkanı olmadığından uşağın tələbatlarını qarşılaya bilmir. Uşağın geyimi və qidalanması ilə bağlı xərclər isə mütəmadi şəkildə artmaqda davam edir. Cavabdeh hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 440 saylı Hərbi Hissəsində zabit olaraq işləyir və yüksək məbləğdə aylıq əmək haqqı alır. Onun hər ay kifayət qədər yüksək aliment ödəmək imkanı vardır. Hesab edir ki, cavabdehdən tutulan sabit pul məbləğində alimentin ödənilməsi üsulu dəyişdirilərək, hər ay aylıq qazancının və ya başqa gəlirlərinin 1/4 hissəsi məbləğində aliment tutulmalıdır. Odur ki, iddiasının təmin edilərək 22 oktyabr 2018–ci il təvəllüdlü Narın adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər təyin edilmiş alimentin dəyişdirilərək Cavabdeh hər ay aylıq qazancının və ya başqa gəlirlərinin 1/4 hissəsi məbləğində alimentin tutulmasını xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı irəli sürülmüş iddianı qismən qəbul etdi və izahatında göstərdi ki, həqiqətən xx.xx.2017–ci il tarixdə iddiaçı ilə rəsmi nikah qeyd etdirməklə evlənmiş, birgə nikahdan 22 oktyabr 2018–ci il tarixdə Narın adlı uşaqları doğulmuşdur. Ailə münasibətlərinin pozulması səbəbindən ayrılmışlar və ayrıldıqdan sonra azyaşlı uşaq iddiaçının yanında qalmışdır. Hazırda iddianı qismən qəbul edir. Belə ki, özü Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 440 saylı Hərbi Hissəsində işləyir və aylıq əmək haqqı alır. Lakin aylıq qazancının və ya başqa gəlirlərinin 1/4 hissəsi məbləğində alimentin tutulması onu əlverişsiz vəziyyətə sala bilər. Özünün yaşayış evi yoxdur, atasına məxsus evdə yaşayır və kifayət qədər tələbatları vardır. Belə olan halda iddiaçıya hər ay 200–240 manat aliment ödəyə bilər. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından 22 oktyabr 2018–ci il tarixdə Narın adlı uşaqları doğulmuşdur. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli 2(076)–308/2022 saylı qətnaməsinin surətindən görünür ki, 22 oktyabr 2018–ci il təvəllüdlü Narın adlı uşağın saxlanması üçün əvvəllər təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay 180 manat müəyyən edilmiş və həmin məbləğdə alimentin Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 440 saylı Hərbi Hissə tərəfindən verilmiş xx.xx.2025–ci il tarixli arayışdan görünür ki, Cavabdeh aylıq pul təminatı tutulmalardan sonra 1.143,66 manat, əlavə olaraq il ərzində pul təminatı birdəfəlik əlavə növləri üzrə 3.364,60 manat təşkil edir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər xx.xx.2017–ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Birgə nikahdan 22 oktyabr 2018–ci il tarixdə Narın adlı uşaqları doğulmuşdur. Tərəflər aralarında olan narazılığa görə ayrılmışlar və ayrıldıqdan sonra azyaşlı uşaq iddiaçının yanında qalmışdır. Eləcə də, əvvəllər Narın adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020–ci il tarixli qətnaməsi ilə cavabdehdən hər ay 160 manat alimentin tutulması qət edilmiş, bundan sonra məhkəmənin xx.xx.2022–ci il tarixli qətnaməsi ilə həmin alimentin miqdarı artırılaraq 180 manat müəyyən edilmişdir. Həmçinin, məhkəmə iclası zamanı müəyyən edildi ki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 440 saylı Hərbi Hissəsində işləyir və aylıq əmək haqqı alır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsi alimentin miqdarının artırılmasını (azaldılmasını) tərəflərin maddi və ya ailə vəziyyətində dəyişikliyin baş verməsi ilə bağlamışdır. Belə ki, həmin maddədə göstərilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1–ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1–ci və 76.1.1–ci maddələrinin tələblərinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün məhkəmə tərəfindən 1 uşağa görə onların valideynlərinin qazancının və ya başqa gəlirinin 1/4 hissəsi miqdarında aliment tutulur. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmŞərmin maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, azyaşlı uşağın mənafelərini və iddiaçının himayəsində yaşamasını, habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay aylıq qazancının və ya başqa gəlirlərinin 1/4 hissəsi məbləğində alimentin alınması azyaşlı uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Belə ki, azyaşlı uşaq ananın himayəsində yaşayır, onun bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tərəflərin ailə və əmlak vəziyyətinə münasibətdə azyaşlı uşağın üstün mənafelərini nəzərə alaraq belə qənaətə gəlir ki, 22 oktyabr 2018–ci il təvəllüdlü Narın adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay aylıq qazancının və ya başqa gəlirlərinin 1/4 hissəsi məbləğində aliment tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM–in 233.4–cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 22 oktyabr 2018–ci il tarixdə doğulmuş Narın adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli 2(076)–308/2022 saylı qətnaməsi təyin edilmiş alimentin miqdarı dəyişdirilsin və Cavabdeh hər ay aylıq qazancının və ya başqa gəlirlərinin 1/4 hissəsi məbləğində aliment alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar