Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1842/2025 16.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment və əlavə xərc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəmkir rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı «aliment və əlavə xərc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il təvəllüdlü Əsma adlı uşağının on səkkiz yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 246 (iki yüz qırx altı) manat sabit pul məbləğində aliment və 3 yaşına çatanadək ona hər ay 200(iki yüz) manat əlavə xərc tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh sabiq əridir. Cavabdehlə faktiki olaraq evlənib ailə qurmuşlar. Onu gəlin kimi cavabdehin valideynlərinin yaşadıqları Şəmkir rayonunun Keçili kəndində yerləşən fərdi yaşayış evinə köçürmüşlər. Birgə ailə həyatlarından xx.xx.2023-cü il təvəllüdlü Əsma adlı uşaqları olmuşdur. Cavabdehlə ailə münasibətləri əvvəl normal olmuş, sonradan cavabdehin təqsirindən pozulduğundan faktiki olaraq ayrılmışlar. Azyaşlı uşaq onun himayəsindədir. Cavabdeh azyaşlı uşağın saxlanması üçün maddi yardım göstərmir. Valideynlərinin maddi vəsaitləri ilə azyaşlı uşağı saxlamaq məcburiyyətində qalmışdır. O uşağına qulluq etməyinə görə işləyə bilmir və uşağının ehtiyacını ödəyə bilmir. Ona görə də ilk növbədə uşağının saxlanması üçün aliment və uşağa baxmağına görə vəsait tələbinə dair Mediasiya Təşkilatına müraciət etmişdir. Mediasiya Təşkilatı tərəfindən ona ilk Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Cavabdeh fərdi əməklə məşğul olaraq normal maddi imkana malik olmasına baxmayaraq könüllü olaraq uşağına heç bir yardım etmir. Odur ki, məlum iddia ilə məhkməyə müraciət etməli olmuşdur. İddiaçı iddianı müdafiə edərək məhkəmə iclası zamanı izahatında bildirdi ki, cavabdehlə boşanmamışlar, ancaq ayrı yaşayırlar və uçaq onun himayəsindədir. Hazırda heç bir yerdə işləmir, uşağına baxmaqda çətinlik çəkir. Odur ki, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək məhkəmə iclası zamanı izahatında bildirdi ki, hazırda rəsmi iş yoxdur. 150 manat aliment ödəməyə imkanı vardır. Odur ki izahatında göstərilənlərə uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 718 saylı arayışdan görünür ki, X2 xx.xx.2023-cü il tarixdə doğulmuşdur. Valideynləri qrafasında atası Cavabdeh, anası İddiaçı qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, MŞG/MT007/2024-00368 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə saat 15:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla qorunur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqlarına dair” BMT Konvensiyası Maddə 3. Məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir; Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Maddə 84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: - əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; - hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; -18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad; Maddə 100.2. Aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024–cü il tarixli 15 nömrəli Qərarının 1.2.1–ci bəndinə əsasən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016–cı il tarixli qərarının 8.4–cü bəndinə 8.4–1–ci yarımbənd əlavə edilmiş və həmin yarımbənddə göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2–ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024–cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025–ci il yanvarın 1–dən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə tərəfindən müəyyən olundu ki tərəflər faktiki nikah münasibətlərində olmuşlar və faktiki münasibətlərindən xx.xx.2023-cü il təvəllüdlü Əsma adlı uşaqları doğulmuşdur. Hazırda tərəflərin münasibətləri pozulduğundan birlikdə yaşamırlar, uşaq isə faktiki olaraq anasının yanındadır. İddiaçı mübahisənin mediasiya vasitəsilə həll olunması üçün cəhd etsə də, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Buna görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianın xx.xx.2023-cü il təvəllüdlü Əsma adlı uşağın saxlanılması üçün yetkinlik yaşına çatana qədər hər ay 246 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulmasına dair hissəsinə münasibətdə qeyd edir ki, daha öncə istinad olunan qanunvericilik aktlarından göründüyü kimi həmin aktların əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Qeyd olunur ki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin, digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan, qanunverici onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Hazırki halda məhkəmə cavabdehin əmək qabiliyyətli olmaqla aliment ödəmək imkanına malik olduğunu nəzərə alır və alimentin sabit pul məbləğində tutulması qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, uşağın iddiaçının himayəsində qalması uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən – cavabdehdən tutulmasına əsasdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X4rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il təvəllüdlü X2 adlı uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla hər ay bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (iddia ərizəsinin verildiyi 2025ci il üçün minimum aylıq əmək haqqının məbləği 400 manat müəyyən edilmişdir) 0,47 misli həddində (400 x 0,47 = 188 manat) sabit pul məbləğində alimentin tutulması hər iki tərəfə münasibətdə ədalətli və ağlabatandır. İddia tələbinin “uşaq 3 yaşına çatanadək hər ay 200 manat məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsinə münasibətdə isə qeyd edilməlidir ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüququ vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcud qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafelərinin daha üstün tutulmasını imperativ göstəriş kimi müəyyən edir. Məhkəmə hesab edir ki, uşaq körpə olduğundan daimi ana qulluğuna ehtiyacının olması zərurəti, bu halın isə iddiaçının özünün müstəqil qazanca malik olmaq imkanını məhdudlaşdırması və ya uşağın saxlanması üçün zəruri xərclərin artmasına səbəb ola biləcəyi, habelə uşağın gündəlik tələbatlarını, sağlamlıq, geyim və digər zəruri ehtiyaclarının ödənilməsinin zəruri olması nəzərə alınmalıdır. Məhz uşağın mənafeyini əsas götürməklə məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdehin uşağı 3 (üç) yaşına çatmadığından iddiaçının Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən cavabdehdən aliment tələb etmək hüququ vardır. Məhkəmə uşağın mənafeyini əsas götürərək, habelə cavabdehin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü X1 üç yaşına çatanadək hər ay 50 (əlli) manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi hər iki tərəfə münasibətdə ədalətli və ağlabatandır. Məhkəmə qeyd edir ki, bir ata kimi övladının qayğısına qalmaq, onu zəruri vəsaitlə təmin etmək və onun təminatını əvvəlki kimi yüksək saxlamaq və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirmək cavabdehin vəzifəsidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşağının tələbatını təmin etməlidir. Məhkəmə həmçinin qeyd edir ki, bu kateqoriya məsələlərin həllində qanunverici təqdim edilmiş sübutlara prosessual qanunvericiliyin tələbləri baxımından qiymət verilməsini tələb etməklə yanaşı, həmçinin uşağın mənafeyinin də əsas tutulmasını təsbit etmişdir. Uşaq tam olaraq hər iki valideynin qayğısı və sevgisi ilə əhatə olunmadığından, başqa sözlə, uşaq yalnız anası ilə birgə yaşadığından, onsuz da az qayğı ilə əhatə olunan və hər iki valideyni ilə birgə yaşamaq hüququndan məhrum olan uşağın maddi vəziyyətini bir qədər də ağırlaşdıracaq qərarın qəbul edilməsi yolverilməz hesab olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (iddia ərizəsinin verildiyi 2025-ci il üçün minimum aylıq əmək haqqının məbləği 400 manat müəyyən edilmişdir) 0,47 misli həddində (400 x 0,47 = 188 manat) sabit pul məbləğində alimentin, xx.xx.2023-cü il təvəllüdlü X1 üç yaşına çatanadək hər ay 50 (əlli) manat məbləğində aliment tutularaq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri tələb etmədiyi üçün iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T Dİ: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2023-cü il təvəllüdlü X2 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh sonraki artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.47 misli həddində sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü X1 üç yaşına çatanadək hər ay 50 (əlli) manat məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №2(076)-1842/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1842/2025
16.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver