Məhkəmə qərarları › İş №2(076)-2031/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2031/2025

24.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2031/2025 24.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X9 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Şəmkir rayon 1 saylı Notariat Ofisinə qarşı alqı–satqı müqaviləsinin etibarsız hesab edilməsi və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Şəmkir rayon 1 saylı Notariat Ofisinə qarşı alqı–satqı müqaviləsinin etibarsız hesab edilməsi və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, valideynləri X8 və X3 1938–ci ildən Şəmkir rayonu, Əliyaqublu kəndində yaşamış və ailədə o, yeganə övlad olmuşdur. 1959–cu ildə orta məktəbi başa vurmuş və bir müddət sonra, yəni 1960–cı ildə hərbi xidmətdə olmuş, xidməti başa vurduqdan sonra Bakı Politexnik İnstitutuna daxil olmuşdur. İnstitutda oxuduğu və ondan sonrakı illərdə daimi valideynlərinin yaşadığı Əliyaqublu kəndinə getmiş, bir müddət yaşadıqdan sonra yenə Bakı şəhərinə qayıtmışdır. O zaman Bakı şəhərində işləmişdir. X2 1995–ci ildə, anası X3 isə 2003–cü ildə vəfat etmişdir. Həm atasının, həm də anasının bütün dəfn xərclərinin hamısını özü çəkmişdir. Anası vəfat edəndən sonra bir müddət kənddə atasının evində qalıb yaşamış, lakin ailə üzvləri Bakı şəhərində yaşadığı üçün o da Bakı şəhərinə qayıtmışdır. Buna baxmayaraq, hər bayram günlərində və hansısa bir əlamədar günlərdə ya ailəsi ilə birlikdə, ya da təkcə kəndə gələrək valideynlərinin evində qalıb yaşamışdır. O zaman tez–tez xəstələndiyindən və ailə problemləri ilə əlaqədar Əliyaqublu kəndindəki evlərinə az–az gedib–gəlmişdir. Belə ki, həmin vaxt kəndə az–az gəldiyi üçün evlərinə nəzarət edilməsini əmisi oğlu Fərhad Həsənova həvalə etmiş, əmisi oğlu Fərhad da qızı ilə onların evdə qalmışdır. Sonradan qərara gəlmişdir ki, Əliyaqublu kəndində yerləşən ata evini satıb əldə olunan vəsaiti ailəsinin digər problemlərinə sərf etsin. Ona görə evi satacağını Fərhad Həsənova bildirmişdir. Fərhad isə ona bildirmişdir ki, bu evi satanda onu da nəzərə almalıdır, ona görə ki, bu ev onların ata–baba mülküdür. Əks təqdirdə evin başqa şəxslərə satılmasına imkan veməyəcəkdir. Qeyd edir ki, Fərhad uzun müddət müəllim işlədiyindən kənddə böyük nüfuza malik olmuşdur. Sonradan ona məlum olmuşdur ki, Fərhad evi almağa gələnləri qapıdan qovmuş və evin satılmadığını bildirmişdir. Vəziyyətin belə olduğunu görəndə ona məlum olmuşdur ki, mülki tezliklə sata bilməyəcəkdir. Həmin vaxt əmisi oğlu Fərhad və onun oğlu Cavabdeh2 ona bildirmişdir ki, evi başqa adamlara yox, onlara versin, o da hər dəfə kəndə gəlib–gedəndə onlarda qalsın. Həmçinin, Cavabdeh2 bildirmişdir ki, evi ona versin və gǝləcəkdə əgər kəndə gəlməli olsa, o zaman həyətyanı sahədən ona yer ayıra bilər. O zaman qohumu Şikarın səmimi sözlərinə inanmış və onlar birlikdə onun tanışı olan Notarial Kontorda işləyən Sadıqov adlı şəxsin yanına getmişlər. 2004–cü ildə valideynlərindən qalmış Şəmkir rayonu, Əliyaqublu kəndində olan evin vərəsəlik hüququ əsasında onun adına keçirmək üçün əmisi nəvəsi Şikarla birlikdə və onun tanışı Şəmkir rayon Notariat Kontorunun rəhbəri Sadıqovun yanına getmişlər. Atasına məxsus Əliyaqublu kəndində 1959–cu ildə inşa edilmiş iki otaqdan ibarət 48,0 kv.m. sahəsi olan ev və 2500,0 kv.m. torpaq sahəsini adına keçirmək istədiyini bildirdikdə, notarius ondan sənədləri istəmişdir. Lakin onda heç bir sənədin olmadığını bildirmişdir. Ona görə notarius ona iki ağ kağıza imza etdirmiş və bildirmişdir ki, o, özü kənd sovetində olan qaytanlanmış kitaba baxacaq və bələdiyyə ilə razılaşdıracaqdır. Eyni zamanda, Sadıqov ondan 36 manat pul alıb bildirmişdir ki, sənədlər hazır olandan sonra evin alqı–satqısı üçün onu dəvət edəcəkdir. Həmin vaxt o, Şikarla birlikdə 4 yol deyilən yerə getmiş və Şikar onu avtomaşınla Bakıya yola salmışdır. Həmin vaxtdan sonra o, heç vaxt Notariat Kontoruna getməmişdir. Hazırda ona məlum olmuşdur ki, Şəmkir Rayon Notariat Kontoru saxtakarlıq etmiş və onun xəbəri olmadan atasına məxsus evə dair vərəsəlik şəhadətnaməsini Cavabdeh2 vermiş, daha sonra Cavabdeh2la qanunsuz əlaqəyə girərək, onun adından saxta müqavilə tərtib etmiş və reyestr qeydindən keçirərək Cavabdeh2 təqdim etmişdir. Cavabdeh2la ayrılandan bir neçə ay sonra sonuncu atası ilə birlikdə Bakı şəhərinə onun mənzilinə gəlmiş və stolun üstünə 4.000 (dörd min) dollar qoyaraq, “biz alqı–satqı edəcəyik və evi özəlləşdirəcəyik” – demişlər. O, Şikarın hərəkətlərindən şübələnmiş və evin sənədlərini onlardan istəmişdir. Həmin vaxt Şikar onlarda heç bir sənəd olmamasını, gedib notariusdan almasını bildirmişdir. O isə “mən evimin özəlləşdirilməsi üçün heç kimə etibarnamə verməmişəm, siz hansı sənədlə özəlləşdirmə aparacaqsınız” – dedikdə, onlar “bunu biz bilmirik, gedin notariusdan soruşun”– demişlər. Bir müddət sonra o, Şəmkir Notariat Kontoruna gəlmiş və evinə dair sənədləri istədikdə “notarius yeni binaya köçüb və köhnə binadakı bütün sənədlər arxivə verilmişdir”– deyə ona sənəd verməmişlər. Ona görə o, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 11 saylı Ərazi İdarəsinə müraciət etmiş və Reyestr Xidməti ona yalnız 2004–cü il tarixli 231450 saylı müqaviləni və adına verilmiş vərəsəlik şəhadətnaməsinin ksero surətini təqdim etmişlər. Alqı–satqı müqaviləsinə baxdıqda müqavilədə imzaların başqa–başqa olduğunu və ayrı– ayrı xətlə yazıldığını görmüşdür. Həmin imzalar onun olmamışdır. Cavabdeh2 evin qaytarılmasını istədikdə, guya o zaman ona 39.400.000 (otuz doqquz milyon dörd yüz) manat pul verdiyini, pulu qaytarması və əlavə olaraq 25–30% olmaqla faiz qaytarması təqdirdə evi qaytaracağını bildirmişdir. Bildirir ki, o, heç vaxt Cavabdeh2 evə görə pul almamışdır. Qohumu Cavabdeh2 ona qarşı qanunsuz hərəkətlərindən uzun müddət xəbər tutmamış və ümumiyyətlə Şikarın onu aldadacığına inanmamışdır, çünki, Şikar kənddə onun ən yaxın qohumu hesab olunur və o, elə başa düşmüşdür ki, Şikar onun atadan qalan miras əmlakını aldatma ilə ondan ala bilməz. Hazırda bilmişdir ki, Cavabdeh2 onun etibarından sui–istifadə edərək, qanunsuz yolla evini öz adına keçirmişdir. Həmçinin, Cavabdeh2 qanunsuz əməllərinə Şəmkir rayon Notariat Kontoru və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 11 saylı Ərazi İdarəsi də qanunsuzluq etmiş, o, vərəsəliklə miras əmlakı öz adına keçirmədən saxta alqı–satqı müqaviləsi ilə Cavabdeh2 adına keçirmişdir. Hesab edir ki, mübahisəli miras əmlak iki hissədən ibarətdir: 1–ci ünvan 1 ünvanda yerləşən evin ilkin mülkiyyətçisi X2nun adına olmuşdur. 2–ci ünvan 1 ünvanda yerləşən 0.2500 kv.m. torpaq sahəsinin ilkin sahibi anası X3 olmuşdur. Lakin saxtakarlıq edənlər bu halları nəzərə almamışlar. Hazırkı müqavilə üzrə heç bir bir vəsait əldə etmədiyi təqdirdə həmin müqavilə onun üçün tam əhəmiyyətsiz olmuşdur. Belə ki, valideynlərindən qalmış miras əmlak onun iradəsi olmadan başqasının adına sənədləşdirilmiş, o, müqavilədə göstərilən məbləği almamışdır, bu hal qanunun tələblərinə riayət olunmadığı üçün əsassızdır. Hesab edir ki, Şəmkir rayon Notariat Kontoru və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 11 saylı Ərazi İdarəsi tərəfindən saxtakarlıqla onun valideynlərinin əmlaklarının Cavabdeh2 adına keçirilməsi qanusuzdur və ləğv edilməlidir. Odur ki, Şəmkir rayon Notariat Kontorunda bağlanmış 06 oktyabr 2004–cü il tarixli, 231450 nömrəli alqı–satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, ünvan 1 ünvanda yerləşən ev X2na məxsus olmuş, atasının vəfatından sonra orada anası yaşamışdır. Belə ki, özü evin tək övladı olmuş, təhsili, daha sonra işi ilə əlaqədar Bakı şəhərində yaşamış, lakin tez–tez kənddəki evlərinə gəlib qalmışdır. Anası evdə tək qalmasın deyə, cavabdehin bacısı anası ilə birlikdə yaşamışdır. Anasının vəfatından sonra evdə təkcə cavabdehin bacısı qalmışdır. Sonradan, yəni 2004–cü ildə valideynlərindən miras qalmış Şəmkir rayonu, Əliyaqublu kəndində yerləşən həmin evi vərəsəlik hüququ əsasında öz adına keçirmək istəmiş, bu səbəbdən əmisi nəvəsi Cavabdeh2la birlikdə Şəmkir Rayon Notariat Kontoruna getmişlər. Orada notarius ondan sənədləri istəmiş, lakin onda heç bir sənədin olmadığını bildirmişdir. Ona görə notarius ona üç ədəd kağıza imza etdirmiş və bildirmişdir ki, özü kənd sovetində olan qaytanlanmış kitaba baxacaq, sənədləri toplayacaqdır. O, notariusa inanmış və ağ kağıza imza etmişdir. Həmin kağızlardan biri boş kağız olmuş, biri evi atasının adından öz adına keçirmək üçün, bir isə cavabdehin ona 4.000 manat pul verməsi ilə bağlı olmuşdur. Həmin vaxtdan sonra o, heç vaxt notariat kontoruna getməmişdir. Sonradan Bakı şəhərində qızına ev almaq istəmiş, lakin pulu çatmamış və 8.000 manata ehtiyacı olmuşdur. Bu barədə cavabdehə deyəndə cavabdeh köməklik edə biləcəyini demiş və 2004–cü ildə ona 4.000 manat pul vermişdir. Notariat kontorundan imza etdiyi 3 ədəd sənəddən biri məhz həmin pula görə olmuşdur. Lakin sonradan ona məlum olmuşdur ki, Şəmkir Rayon Notariat Kontoru saxtakarlıq etmiş və onun xəbəri olmadan atasına məxsus evə dair vərəsəlik şəhadətnaməsini Cavabdeh2 vermiş, daha sonra Cavabdeh2la qanunsuz əlaqəyə girərək, onun adından saxta müqavilə tərtib etmiş və reyestr qeydindən keçirərək Cavabdeh2 təqdim etmişdir. Həmçinin, qeyd edir ki, atası sağlığında evin həyətində meyvə ağacları əkmişdir. Təxminən, 2020–ci ildə ona məlum olmuşdur ki, cavabdeh və atası həmin ağacları kəsmiş, həyətdə istilikxana inşa etmişlər. Belə ki, 2004–cü ildən 2020–ci il tarixədək həmin evə getməmişdir. Hazırda isə ona məlum olmuşdur ki, Şəmkir rayon Notariat Kontorunda bağlanmış 06 oktyabr 2004–cü il tarixli, 231450 nömrəli alqı–satqı müqaviləsinə əsasən atasından qalmış evə dair cavabdehin adına çıxarış verilmişdir. Halbuki, o, evi cavabdehə satmamış, onunla alqı–satqı müqaviləsi bağlamamış və evə görə cavabdehdən pul almamışdır. Odur ki, Şəmkir rayon Notariat Kontorunda bağlanmış 06 oktyabr 2004–cü il tarixli, 231450 nömrəli alqı–satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı xx.xx.2025–ci il tarixdə keçirilmiş məhkəmənin hazırlıq iclasında əlavə olaraq göstərmişdir ki, 2004–cü ildə qızına Bakı şəhərindən ev almaq istəmiş, lakin pulu çatmadığından atasından qalmış evi satmaq qərarına gəlmişdir. Bu barədə cavabdehə demişdir. Həmin vaxt Cavabdeh2 ona 4.000 ABŞ dolları vermiş, bir müddət sonra isə atası ilə birlikdə Bakı şəhərinə onun mənzilinə gələrək stolun üstünə yenə 4.000 (dörd min) ABŞ dolları qoyub “biz alqı–satqı edəcəyik və evi özəlləşdirəcəyik” – demişlər. Həmçinin, iddiaçı məhkəmə iclası zamanı sualları cavablandırarkən bildirmişdir ki, 8.000 ABŞ dollarını cavabdehə qaytarır, bu şərtlə ki, evi əşyaları ilə birlikdə ona qaytarsın. Cavabdeh2 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, İddiaçı təhsili və işi ilə əlaqədar Bakı şəhərində yaşamış, valideynləri isə Şəmkir rayonu, Əliyaqublu kəndində yaşamışdır. Fərman Bakıda olduğu üçün valideynlərinə baxmamış, atasının vəfatından sonra anası evdə tək qalmışdır. Onun bacısı da Fərmanın anasına baxmış və birlikdə yaşamışlar. Sonradan Fərman öz qızına ev almaq üçün həmin evi satmaq qərarına gəlmişdir. Onlar da düşünmüşlər ki, bacısı o evdə yaşayır və evi bacısı üçün alsınlar. Bu məqsədlə alqı–satqı müqaviləsi bağlanmamışdan bir neçə gün əvvəl atası ilə birlikdə Bakı şəhərinə iddiaçının evinə getmişlər. İddiaçı pulu ABŞ dolları olaraq istəmiş, o da 7.000 ABŞ dolları vermiş, lakin iddiaçı əlavə 1.000 ABŞ dolları da istəmiş və sənədləşməni yalnız pulu verdikdən sonra edəcəyini demişdir. Həmin gün Şəmkir şəhərinə qayıtmış və bir neçə xırdabuynuzlu və iribuynuzlu heyvanlarını 1.500 ABŞ dollarına satmışdır. Bundan sonra iddiaçıya zəng etmiş, sonuncu da dərhal gəlmiş, ondan 1.000 ABŞ dollarını almış və birlikdə alqı–satqı etmək üçün notariusa getmişlər. Notarial qaydada təsdiq edilmiş müqavilə əsasında iddiaçı evi ona satmışdır. Hətta iddiaçı Bakı şəhərində onlara qonaqlıq vermişdir ki, ata yurdu olan ev başqa adama deyil, onlara qismət olmuşdur. Əlavə olaraq qeyd edir ki, ev satılandan 5–10 ay sonra iddiaçı gəlmiş və evdəki əşyaları satacağını demişdir. O, iddiaçıya artıq evi ona satdığını desə də, iddiaçı əşyalara görə əlavə pul tələb etmişdir. O da kənddə söz–söhbət yaranmasın deyə razılaşmış və bir müddət sonra iddiaçıya əlavə 500 ABŞ dolları pul vermişdir. Hazırda iddiaçı ona qarşı əsassız iddia qaldırmışdır. Belə ki, iddiaçı könüllü şəkildə evi satmış və alqı–satqı müqaviləsinə şəxsən imza etmişdir. Habelə, ötən 20 il ərzində iddiaçı susmuş, heç bir əsası olmadan hazırda iddia qaldırmışdır. İddiaçının öz oğlu ilə tez–tez danışır, o da evi halallıqla ona satdıqlarını demişdir. Əgər o, evi qanunsuz yolla ələ keçirmiş olsaydı, iddiaçının özü və ya övladları bugünədək susmazdılar. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdeh Şəmkir rayon 1 saylı notariat ofisinə və üçüncü şəxs AR ƏMDK yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqda məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, həmin cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını, habelə işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan JN–653A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”dən görünür ki, Şəmkir Rayon AİK–nın xx.xx.1998–ci il tarixli 56 saylı qərarı ilə X4 Şəmkir rayonu, Əliyaqublu kəndində 0.30 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan xx.xx.2004–cü il tarixli 2V–126 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, xx.xx.1995–ci il tarixdə vəfat etmiş X1 vərəsəsi İddiaçıdur, miras əmlak isə 1959–cu ildə tikilmiş, Şəmkir rayonu, Əliyaqublu kəndində 2500.00 kv.m torpaq sahəsində yerləşən, yaşayış sahəsi 48.0 kv.m olan, 2 otaqlı evdən ibarətdir. İşdə olan və Cavabdeh1 bağlanmış 06 oktyabr 2004–cü il tarixli, 231450 nömrəli, 4Ə–461 reyestr nömrəli alqı–satqı müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2004–cü il tarixli 2V–126 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mülkiyyətində olan, 1959–cu ildə tikilmiş, Şəmkir rayonu, Əliyaqublu kəndində 2500.00 kv.m torpaq sahəsində yerləşən, yaşayış sahəsi 48.0 kv.m olan, 2 otaqlı fərdi yaşayış evini 39.400.000 (köhnə pul vahidi ilə) manata Cavabdeh2 satmışdır. İşdə olan xx.xx.2010–cu il tarixli MA seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********96–10301 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Şəmkir rayonu, Əliyaqublu kəndi, Nizami küçəsində 0.30 ha torpaq sahəsində yerləşən 82 saylı fərdi yaşayış evi tam mükiyyət hüququ üzrə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, xx.xx.2004–cü il tarixli 2V–126 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında xx.xx.1995–ci il tarixdə vəfat etmiş X1 vərəsəsi İddiaçı olmuş, ona 1959–cu ildə tikilmiş, Şəmkir rayonu, Əliyaqublu kəndində 2500.00 kv.m torpaq sahəsində yerləşən, yaşayış sahəsi 48.0 kv.m olan, 2 otaqlı fərdi yaşayış evi miras qalmışdır. Cavabdeh1 bağlanmış 06 oktyabr 2004–cü il tarixli, 231450 nömrəli alqı–satqı müqaviləsi əsasında İddiaçı həmin fərdi yaşayış evini 39.400.000 (köhnə pul vahidi ilə) manata Cavabdeh2 satmış, bundan sonra evə dair sonuncunun adına xx.xx.2010–cu il tarixli MA seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********96–10301 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. Hazırda iddiaçı Şəmkir rayon Notariat Kontorunda bağlanmış 06 oktyabr 2004–cü il tarixli, 231450 nömrəli alqı–satqı müqaviləsini və həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş çıxarışı mübahisələndirir. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq hesab edir ki, iddiaçı mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olmuş və o, öz iradəsini sərbəst ifadə etməklə mübahisəli müqaviləni bağlamışdır. Hazırda iddiaçı müqavilənin etibarsızlığını tələb etsə də bu barədə məhkəməyə mötəbər sübut təqdim olunmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337–ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb–sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə qeyd edir ki, iddianın hazırki vəziyyətdə əsaslı olub– olmamasını müəyyən etmək üçün ilk növbədə iddiaçı tərəfindən mübahisələndirilən müqavilənin etibarsız hesab edilməsi məsələsi təqdim edilmiş sübutlar əsasında araşdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri ilə bağlı mübahisə əsas olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə öhdəlik hüquq münasibətlərini tənzimləyən əqdlər haqqında ümumi müddəlar müvafiq olaraq tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1–ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4–cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 140–cı maddəsinə əsasən reyestrin məzmununun qeyri–dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri–dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 141.1–ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Məcəllənin 141.2–ci maddəsinə əsasən bu Məcəllənin 141.1–ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Həmin Məcəllənin 141.3–cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Həmin Məcəllənin 146.1–ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Məhkəmə araşdıması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında mübahisələndirilən alqı–satqı muqavilələri bağlanarkən qanunvericiliyin tələblərinə əməl olunmuşdur. Əqdlərin etibarsız sayılmasının əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin XİV fəslində müəyyən edilmişdir. Həmin fəsilə aid olan 337.1–ci maddədə göstərilir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər, lakin bu norma ümumi normadır və qeyd olunan fəslə aid sonrakı normalarda etibarsız və əhəmiyyətsiz əqdlərin mahiyyəti, etibarsız sayılmanın əsasları və hüquqi nəticələri müəyyən olunur. Bu əsaslar Mülki Məcəllənin 339–cu maddəsində hakimiyyətdən sui– istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı, 340–cı maddədə uydurma və yalan əqdlərin etibarsızlığı, 341–ci maddəsində qeyri–ciddi əqdin etibarsızlığı, 342–ci maddədə fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, 343–cü maddədə fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, 344–cü maddədə on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı və s. kimi sadalanmışdır. Bundan əlavə, Cavabdeh2 vicdanlı alıcıdır. “N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 07 avqust 2019–cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 mart 2020–ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Mübahisələndirilən alqı–satqı müqaviləsinin legitimliyi barəsində Cavabdeh2 hər hansı şübhə yaranmadığı üçün o, vicdanlı alıcı olmuşdur. Bu səbəbdən də qeyd olunan alqı–satqı müqaviləsinin etibarsız hesab edilməklə, çıxarışın da ləğv edilməsinə heç bir əsas yoxdur. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisələndirilən müqavilə xx.xx.2004–cü tarixdə bağlanmış, ötən 20 il ərzində iddiaçı susmuş və məhkəməyə müraciət etməmişdir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, iddiaçı xx.xx.2025–ci il tarixdə keçirilmiş məhkəmənin hazırlıq iclasında 2004–cü ildə qızına Bakı şəhərindən ev almaq istədiyini, lakin pulu çatmadığından atasından qalmış evi satmaq qərarına gəldiyini, həmin vaxt Cavabdeh2 ona 4.000 ABŞ dolları, bir müddət sonra isə atası ilə birlikdə Bakı şəhərinə onun mənzilinə gələrək əlavə 4.000 ABŞ dolları verdiyini, xx.xx.2025–ci il tarixdə keçirilmiş məhkəmə iclasında isə qızına ev alması üçün cavabdehin ona köməklik edərək 4.000 manat pul verməsini, bununla bağlı notariusda sənədə imza etdiyini göstərməklə, fərqli izahatlar vermiş, eləcə də məhkəmə iclası zamanı sualları cavablandırarkən bildirmişdir ki, 8.000 ABŞ dollarını cavabdehə qaytarır, bu şərtlə ki, evi əşyaları ilə birlikdə ona qaytarsın. Bu isə onu deməyə əsas verir ki, iddiaçı cavabdehdən 8.000 ABŞ dollarını qəbul etmiş, dolayısı ilə həmin vaxt evi cavabdehə satmış, yəni evin satılmasından məlumatlı olmuşdur. Həmçinin, qeyd edilməlidir ki, iddiaçı notarius tərəfindən ona boş kağıza imza edilməsini iddia etsə də, həmin halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, formal izahat verməklə kifayətlənmişdir. Eləcə də, iddiaçının ali təhsilli, o cümlədən savadlı olması diqqətdə saxlanılarsa, onun aldatılmasını məhkəmə ağlabatan hesab etmir. Əksinə işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı sərbəst surətdə öz iradəsini ifadə etməklə, alqı–satqı müqaviləsi bağlamış və mübahisəli evi Cavabdeh2 satmışdır. Məhkəmə nəzərə alır ki, iddiaçı mübahisəli əmlakın özgəninkiləşdirilməsinə dair müqavilədə əks olunmuş iradə ifadəsinin zədələnmiş olduğuna əsaslanaraq, həmin əqdi mübahisələndirsə də, etibarsızlıq üçün əsasın mövcud olması müəyyən edilmir, habelə iddiaçının tələbi və tələbin təsdiqi üçün təqdim olunmuş sübutlar bir–biri ilə ziddiyyət təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 347.1–ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 354–cü maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1–ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə, həmçinin hesab edir ki, yuxarıda göstərilən kəsici iddia müddətinə əsasən də iddiaçının artıq həmin əqdi mübahisələndirməsi ilə bağlı hüququ aradan qalxmışdır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, mübahisələndirilən müqavilənin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulmasıyla bağlanması müəyyən olunmadığından etibarsız hesab edilə bilməz, əsas iddia sübuta yetirilmədiyindən, ondan irəli gələn qeydin ləğv olunmasına dair tələb təmin edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Şəmkir rayon 1 saylı Notariat Ofisinə qarşı alqı–satqı müqaviləsinin etibarsız hesab edilməsi və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən Azərbaycan Respublikası MPM–in 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia rədd edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Şəmkir rayon 1 saylı Notariat Ofisinə qarşı alqı–satqı müqaviləsinin etibarsız hesab edilməsi və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla nəzərdə tutulmuş müddətdə şikayət verilməzsə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar