Məhkəmə qərarları › İş №2(076)-2035/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2035/2024

01.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2035/2024 01.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X1 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin dəyişdirilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı alimentin dəyişdirilməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, 23 mart 2014–cü il tarixdə doğulmuş Zeynəb adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019–cu il tarixli qətnaməsi ilə təyin edilmiş cavabdehin hər ay aylıq qazancının və ya başqa gəlirlərinin 1/4 hissəsi məbləğində alimentin dəyişdirilərək hər ay 235 manat sabit pul məbləğində müəyyən edilməsi, habelə ödənilmiş 55 manat mediasiya xidmət haqqının cavabdehdən tutulması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh ilə 2012–ci il tarixdə faktiki olaraq evlənmiş, lakin rəsmi nikah qeyd etdirməmişdir. Birgə nikahdan 23 mart 2014–cü il tarixdə Zeynəb adlı uşaqları doğulmuşdur. Ailə daxili narazılıqlara görə cavabdehlə ayrılmışlar, ayrıldıqdan sonra azyaşlı uşağı onun yanında qalmışdır. Hazırda da uşaq onun yanında yaşayır. Əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019–cu il tarixli qətnaməsi ilə cavabdeh Zeynəb adlı uşağın atası hesab edilmiş, eləcə də, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehin hər ay aylıq qazancının və ya başqa gəlirlərinin 1/4 hissəsi məbləğində aliment tutulması qət edilmişdir. Lakin hazırda cavabdeh heç yerdə işləmir və qazancı sabit deyildir. Bu səbəbdən alimentin dəyişdirilərək hər ay 235 manat sabit pul məbləğində müəyyən edilməsini istəyir. Belə ki, onun hər hansı gəliri və ya gəlir gətirən əmlakı yoxdur. Uşağın qidalanması və geyimi ilə bağlı xərclər isə mütəmadi şəkildə artmaqda davam edir. Mövcud vəziyyətdə uşağını tək başına saxlaya bilmir. Odur ki, iddianın təmin edilərək, 23 mart 2014–cü il tarixdə doğulmuş Zeynəb adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019–cu il tarixli qətnaməsi ilə təyin edilmiş cavabdehin hər ay aylıq qazancının və ya başqa gəlirlərinin 1/4 hissəsi məbləğində alimentin dəyişdirilərək hər ay 235 manat sabit pul məbləğində müəyyən edilməsi, habelə ödənilmiş 55 manat mediasiya xidmət haqqının cavabdehdən tutulması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qismən qəbul edərək və bu barədə məhkəməyə yazılı ərizə təqdim edərək izahatında göstərdi ki, həqiqətən iddiaçı ilə 2012–ci il tarixdə faktiki olaraq evlənmiş, lakin rəsmi nikah qeyd etdirməmişdir. Birgə nikahdan 23 mart 2014–cü il tarixdə Zeynəb adlı uşaqları doğulmuşdur. Ailə münasibətlərinin pozulması səbəbindən iddiaçı ilə ayrılmışlar. Hazırda uşaq iddiaçının yanında yaşayır. İddiaçının tələb etdiyi kimi onun hər ay 235 manat aliment ödəmək üçün maddi imkanı yoxdur. Belə ki, özü əvvəllər Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində işləsə də, hazırda işləmir, yalnız fərdi əməklə məşğul olur. Bu səbəbdən iddiaçıya hər ay 130 manat aliment ödəyə bilər. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından 23 mart 2014–cü il tarixdə Zeynəb adlı uşaqları doğulmuşdur. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019–cu il tarixli 2(076)–1741/2019 saylı qiyabi qətnaməsinin surətindən görünür ki, Cavabdeh İddiaçı doğulmuş 23 mart 2014–cü il təvəllüdlü Zeynəb adlı uşağın atası hesab edilmiş, xx.xx.2019–cu il tarixdən başlayaraq həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay aylıq qazancının və ya başqa gəlirlərinin 1/4 hissəsi məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər 2012–ci il tarixdə faktiki olaraq evlənmiş, lakin rəsmi nikah qeyd etdirməmişdir. Birgə nikahdan 23 mart 2014–cü il tarixdə Zeynəb adlı uşaqları doğulmuşdur. Ailə daxili narazılıqlara görə tərəflər ayrılmışlar və ayrıldıqdan sonra azyaşlı uşaq iddiaçının yanında qalmışdır. Əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019–cu il tarixli qətnaməsi ilə cavabdeh Zeynəb adlı uşağın atası hesab edilmiş, eləcə də, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehin hər ay aylıq qazancının və ya başqa gəlirlərinin 1/4 hissəsi məbləğində aliment tutulması qət edilmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1–ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. İş materiallarının əlaqəli təhlili məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, cavabdehdən hər ay 180 manat sabit pul məbləğində alimentin tutulması tərəflərin maddi və əmlak vəziyyətinə, xüsusən iddiaçının diqqətəlayiq mənafelərinə uyğundur. Belə ki, azyaşlı uşaq ananın himayəsində yaşayır, onun bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1–ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmRəsul uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri–müntəzəm, dəyişkən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2–ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024–cü il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, azyaşlı uşağın mənafelərini və iddiaçının himayəsində yaşamasını, habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay 180 manat sabit pul məbləğində alimentin alınması azyaşlı uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh yüksək maddi vəziyyətə malik olmasını, hər ay kifayət qədər qazanc əldə etməsini iddiaçı məhkəmə iclasında sübuta yetirə və bu barədə mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən iddianın qalan hissəsi təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 233.4–cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası MPM–in 112.1.3–cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə həmçinin, iddianın “ödənilmiş 55 manat mediasiya xidmət haqqının cavabdehdən tutulması” hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununun 36.5–ci maddəsinə əsasən mediasiyaya dair qeyd–şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtləniə zidd olaraq mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasl MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 23 mart 2014–cü il tarixdə doğulmuş Zeynəb adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019–cu il tarixli 2(076)–1741/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilsin və Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Cavabdeh 41,6 (qırx bir manat altmış qəpik) manat məbləğində dövlət rüsumu tutulub elektron hökümət portalına, 55 (əlli beş) manat mediasiya xidmət haqqı tutulub İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar