Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2061/2025 18.02.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, Məhkəmə iclasının katibi Eminbəyli Firuzə Ramiz qızının katibliyi İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı uşaqların himayəyə verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “uşaqların himayəyə verilməsi” tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 Cavabdeh himayəsindən alınaraq onun himayəsinə verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2012-ci ildə qeyrirəsmi ailə qurmaqla nikahlarını xx.xx.2014-cü ildə Şəmkir rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirmişlər. Birgə yaşadıqları müddətdə iki uşaqları doğulmuşdur xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X3. Şəmkir rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(076)-2329/2019 saylı qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş, xx.xx.2014-cü il təvəllüdlü İlkin və xx.xx.2015-ci il təvəllüdlü Kamandar adlı uşaqları cavabdehin himayəsinə verilmişdir. Cavabdehlə ayrıldıqdan sonra İlkin adlı oğlu onun yanında, Kamandar isə anasının yanında yaşayır. Oğlu Kamandarla da ünsiyyətdə olmaq üçün məhkəməyə müraciət etmiş, Şəmkir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-974/2023 saylı qətnaməsinə əsasən onunla ünsiyyət hüququ təmin edilmişdir. Lakin, buna baxmayaraq cavabdeh uşağı ondan gizlədir, onunla görüşməyinə icazə vermir. Oğlu İlkinin 11 yaşı var, oğlu Kamandarın isə 10 yaşının tamam olmasına qısa bir müddət qalmışdır. Neçə ildir ki, İlkin onunla və valideynlərilə birlikdə yaşayır, o ona çox bağlanmış, onun təhsili və tərbiyəsi ilə məşğul olur, lazımi qayğı və nəvazişi göstərir, o da ona, valideynlərinə alışmışdır. Lakin, oğlu Kamandar anasının yanında bu qayğı və nəvazişdən məhrumdur, çünki, cavabdehin nə daimi yaşayış yeri, nə də işi yoxdur, həmçinin cavabdeh oğlunu təhsildən yayındırır, hal-hazırda da uşağı məktəbə getmir. Ona görə də hər iki oğlunun rəsmi olaraq cavabdehin himayəsindən alınıb onun himayəsinə verilməsini istəyir. Uşaqlarının hər ikisinin ona verilməsi, həm cavabdehə sərfəlidir, həm də uşaqlarının mənafeyinə və qanuni maraqlarına uyğundur. Uşaqların onun yanında qalması üçün hər cür şəraiti vardır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 onun yanında saxlanılmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı ilə aralarında olan nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş uşaqlar xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X3 onun yanında saxlanılmışdır. Uşaqlarının təlimi və tərbiyəsi ilə məşğuldur, uşaqların özləri də onunla yaşamaq istəyirlər. Uşaqların birinin məktəbdə qeydiyyatdan keçirilməsi ilə bağlı problem yaranmışdır, qeydiyyat sistem üzrə olduğundan, müəyyən müddət gözləməli olmuşdur. O, uşaqlara həmişə yaxşı baxmışdır. Uşaqların ona bir ana kimi hər zaman ehtiyyacları vardır, uşaqlar azyaşlıdır, ana nəvazişinə qayğısına ehtiyacları vardır. O, uşaqların iddiaçıya verilməsinə razı deyildir. O gözəllik salonu işlədir gəliri yaxşıdır, lakin iddiaçının rəsmi iş yeri yoxdur. Odur ki, uşaqların atanın himayəsinə verilməsinə razı olmadığını və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş xx.xx.2014-cü il təvəllüdlü X5 adlı uşaq ifadəsində göstərdi ki, o Pitdili kəndində anası ilə birgə yaşayır. Onlar atası ilə birgə bir-iki ay birlikdə yaşamışlar. O, 5-ci sinifdə oxuyur. O, atası ilə görüşmək istəmir. Anası ona yaxşı baxır, ona pis davranmır. O, anası ilə birlikdə yaşamaq istəyir. Hazırda onlar nənəsigildə qalırlar. Məhkəmə iclasında fikri xx.xx.2015-ci il təvəllüdlü X3 adlı uşaq ifadəsində göstərdi ki, 3-cü sinifdə oxuyur. O, hazırda anası ilə yaşayır. O 2024-cü ildən anası ilə yaşayır. O, atası ilə görüşmək istəmir, anası ilə birlikdə yaşamaq istəyir. Anası ona yaxşı davranır. Məhkəmə tərəflərin izahatlarını dinləyib və birgə nikahdan doğulmuş uşaqların münasibətini öyrənib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş doğum haqqında şahadətnamələrin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X3 doğulmuşdur. İşin materiallarına əlavə olunmuş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-947/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilərək, İddiaçı xx.xx.2015-ci il təvəllüdlü X3 adlı uşağı ilə sərbəst qaydada hər həftənin şənbə və bazar günləri saat 1000-dan, 1800-dək sərbəst qaydada görüşüb ünsiyyətdə olmasının təmin edilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış”dan görünür ki, Cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. İş materiallarında olan Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik komissiyasının xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, komissiya tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 ataları İddiaçı himayəsində qalmasını məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan inzibati xəta haqqında materialdan görünür ki, tərəflər arasında mübahisə olmuş və Polis Şöbəsində araşdırılmışdır. İş materiallarında olan Qazax-Tovuz Regional Təhsil İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X3 2023-2024-cü tədris ilinin sentyabr, oktyabr və noyabr aylarında Şəmkir rayonu Abbaslı kəndi Ələmdar Ələkbərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin birinci sinfində təhsil almışdır. Kamandar Abbasovun davamiyyəti olmadığı üçün məktəbin rəhbərliyi tərəfindən onun adı xx.xx.2024-cü il tarixdən məktəbin şagir kontingentindən çıxarılmışdır. X3 hal-hazırda Şəmkir rayonu ərazisində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində təhsil almır. İşdə olan Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İXM-nın 189.1-ci maddəsinə əsasən Cavabdeh ilə söhbət aparılmış və bu halın bır daha təkrarlanmaması üçün xəbərdarlıq olunmuşdur. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş vəsatətdən görünür ki, tərəflər psixoloji müayinəyə təqdim edilmədiyindən ekspertiza qərardadı icrasız geri qaytarılmışdır. Beləliklə, məhkəmə iclasında izahatlar və iş materialları ilə müəyyən edildi ki, iş üzrə tərəflərin birgə ailə münasibətlərində iki övladları anadan olmuş, məhkəmənin qətnaməsinə əsasən iddiaçının xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X3 adlı uşaqlar ilə ünsiyyət hüququ təmin edilmişdir. İddiaçı cavabdeh olan ananın uşaqların ondan gizlətməsini, onlarla görüşməyinə icazə verməməsini göstərərək uşaqların onun yanında saxlanılmasını xahiş etmişdir. Cavabdeh isə iddia tələbini qəbul etməyək, uşaqlara hər zaman yaxşı baxdığını, iddiaçının iddiasının əsassız olduğunu, onlara lazimi qaydada qulluq etdiyini göstərib iddianın təmin edilməməsini xahiş etmişdir. Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik komissiyasının xx.xx.2025-ci il tarixli rəyi ilə xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 ataları İddiaçı himayəsində qalmasını məqsədə müvafiq hesab etmişdir. Lakin məhkəmə iclasında tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X3 analarının yanında qalmaq istədiklərini bildirmişlər. Hazırki mübahisəyə dair məhkəmənin hüquqi mövqeyi aşağıdakı kimidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. 49.2.-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3-cü maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilə bilər. 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 58.6-cı maddəsinə əsasən dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. 60.3-cü maddəsinə əsasən uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir.Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 73-cü maddəsinə əsasən uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkənqanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının: 7.1-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. 7.3-cü bəndinə əsasən nikahın pozulması tələbinə dair işə baxılarkən yetkinlik yaşına çatmayan ümumi uşaqların hansı valideynin yanında qalmaları ilə bağlı mübahisə yaranarsa, eləcə də uşaqların kimin yanında qalması ilə bağlı ər-arvad arasında bağlanmış saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa məhkəmə iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq uşağın maraqlarının müdafiəsi üçün Ailə Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb etməlidir. Həmin orqan mübahisə ilə bağlı uşağın və ayrı yaşayan valideynlərin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair əsaslandırılmış rəyini məhkəməyə təqdim etməyə borcludur. 7.5-ci bəndinə əsasən valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. BMT Baş Assambleyasının 1959-cu il 20 noyabr tarixli, 1386 (XİY) saylı qətnaməsi ilə elan edilmiş “Uşaq hüquqları Bəyannaməsi”nin 6-cı bəndinin tələbinə görə, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər bir halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. Azyaşı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Göründüyü kimi, istər milli, istərsə də beynəlxalq qanunvericilik aktları ilk növbədə uşaqların mənafeyini nəzərə almış, valideynləri ayrı yaşayan uşaqların yaşayış yeri müəyyən olunarkən işə digər diqqətəlayiq hallarla yanaşı, həm də valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətlərinin nəzərə alınmasını vurğulamışdır. Bu səbəblə məhkəmə hesab edir ki, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X3 adlı uşaqların fikri dinlənərkən onlar analarının yanında qalmaq istədiyini bildirmişlərdir. Bu səbəbdən də onların anasından məcburi şəkildə alınaraq atasına verilməsi uşaqların mənafeləri baxımından yolverilməzdir. Məhkəmənin qənaətinə görə, ailə qanunvericiliyinin yuxarıda sadalanan normaları baxımından bu cür mübahisələr ilk növbədə uşaqların hüquq və mənafelərinə uyğun həll edilməli, azyaşlı uşaqlar valideynlər arasında yaranmış mübahisə və ədavətin qurbanına çevrilməməlidir. Bu baxımdan uşaqların hansı valideynə verilməsi məsələsinə baxılarkən onların hansı valideynlə qalmasının gələcək inkişafına, tərbiyəsinə necə təsir göstərəcəyi, onların uşağa münasibəti, eləcə də uşaqların yaşı və valideynlərdən hansının yanında qalmaq arzusu və valideynə şəxsi bağlılığı nəzərə alınmalıdır. Hazırkı işdə ana doğma olan azyaşlı uşaqlarını öz himayəsində saxlanılmasını istəyir. Azyaşlı uşağın ananın himayəsində qalmasına mane olan hər hansı hal (ananın sağlamlıq durumu, pis vərdişlərinin olması, keçici xəstəliyin daşıyıcısı olması, uşaqlara münasibətdə pis rəftarı və sair) mövcud deyildir. Məhkəmə qeyd edir ki, həm milli qanunvericilikdə, həm beynəlxaq konvensiyalarda, eləcə də Avropa Məhkəməsinin çoxsaylı qərarlarında da uşaqlarla bağlı mübahisələrə baxılarkən hər şeydən öncə uşaqların üstün maraqlarının təmin edilməsi təsbit olunmuşdur. Eyni zamanda məhkəmə qeyd edir ki, ananın maddi vəziyyətinin bu məsələnin həllində əhəmiyyəti yoxdur. Heç bir qadın qazancının miqdarı az olduğuna görə və ya təhsil aldığına görə analıq hislərindən məhrum edilə bilməz. Məhkəmə qeyd etmişdir ki, bu yaşda uşaqlara yanaşma daha həssaslıqla olmalıdır, çünki, onların ana qayğısına daha çox ehtiyacları var. Məhkəmə xüsusilə vurğulayır ki, uşaqları valideynlərindən ayırmaq, himayəyə və ya övladlığa vermək barədə qərarlar Avropa Məhkəməsinin “İnsan Hüquqları və Əsas azadlıqlarına dair Avropa Konvensiyası”nın 8-ci maddəsində nəzərdə tutulmuş ailə həyatına hörmət hüququ kontekstində araşdırdığı məsələlərdəndir və Məhkəmənin presedent hüququna görə bu məsələlərlə bağlı qərar çıxarılarkən uşağın maraqlarına birinci dərəcəli əhəmiyyət verilməklə yanaşı, onların rəyləri dinlənilməlidir (“Mustafa və X4rşı” iş). “K.A.Finlandiyaya qarşı” iş üzrə qərarında isə Avropa Məhkəməsi vurğulamışdır ki, “...ayrılıqdan sonra uzun müddət keçdikdə və uşaq himayəyə verildiyi ailədəki vəziyyətə alışdıqda, bu vəziyyətin yenidən dəyişməsi uşağın maraqlarına uyğun olmaya bilər və bu halda onun maraqları valideynlərinin maraqlarını üstələyə bilər”. Beləliklə məhkəmə, uşağın mənafeyini, onun anasına bağlılığını və hazırkı vəziyyətdə məcburi şəkildə anasından alınaraq atasına veriləcəyi təqdirdə keçirə biləcəyi mənəvi-psixoloji sarsıntını, habelə, bu məzmundakı qətnamənin icrası mümkün olmayan akta çevriləcəyini nəzərə alaraq, uşaqların atasının himayəsinə verilməsini məqsədə müvafiq hesab etmir. Nəhayət nəzərə almaq lazımdır ki, Məcəllənin 3.0.4-cü maddəsində ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi Ailə Məcəlləsinin vəzifələrindən biri kimi təsbit edilmişdir. Məhkəmə yetkinlik yaşına çatmayan uşaqların anasının yanında qalmaq istəməsini, faktiki olaraq uşaqların hazırdada analarının yanında qalmasını, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 analarından alınaraq atalarına verilməsi hazırda onların hüquq və mənafelərinə uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “uşaq” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nazlı Heydərova
Məhkəmə qərarları › İş №2(076)-2061/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2061/2025
18.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver