Məhkəmə qərarları › İş №2(076)-2113/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2113/2025

12.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2113/2025 12.06.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X4 Azər qızının sədrliyi İsmayılova Sənubər Nəcəf qızının katibliyi İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Alimentin sabit pul məbləğində tutulması tələbi”nə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “Alimentin sabit pul məbləğində tutulması tələbi”nə məhkəmədə iddia qaldıraraq, cavabdehlə birgə ailə həyatından olub onun himayəsində olan xx.xx.2024-cü il təvəllüdlü Nuray adlı uşağın on səkkiz yaşına çatanadək maddi cəhətdən saxlanması üçün 2025-ci il üçün Respublikada müəyyən edilmiş minimum əmək haqqının 0,70 misli miqdarında alimentin mediasiyaya müraciət etdiyi vaxtdan hesablanmaqla və mediasiya xərcinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh keçmiş əridir. Cavabdehlə faktiki olaraq 2023-cü ilin sentyabr ayının 28-də evlənib ailə qurmuş, nikahlarını isə onun təqsirindən rəsmiləşdirməmişlər. Cavabdehlə birgə ailə həyatından xx.xx.2024-cü il təvəllüdlü Nuray adlı uşaqları olmuşdur. Cavabdehlə nikahlarının olmamasına görə öz ərizəsi əsasında uşaqlarının atası olmasını Qeydiyat Şöbəsinə bildirdiyinə görə xx.xx.2024-cü il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilmişdir. Cavabdehlə ailə münasibətləri əvvəl normal olmuş, sonradan onun özünün təqsirindən pozulduğuna, heç bir halda birgə ailə şəraitində yaşamaqları mümkün olmamasına görə onunla faktiki olaraq 8 aydır ki ayrılmışlar. O himayəsində olan xx.xx.2024-cü il təvəllüdlü Nuray adı uşağıla qeyd olunan ünvanda valideynlərinin himayəsində yaşayır. Cavabdeh, uşağın saxlanması üçün könüllü olaraq heç bir maddi yardım etməməsinə görə də ona qarşı məlum iddianı qaldırmalı olmuşdur. Cavabdehdən aliment tələbi üzrə mediasiyaya müraciət etmiş, ancaq ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirməyləri mümkün olmamasına görə ona xx.xx.2025-ci il tarixli MŞG\MT007\2024 arayış təqdim edildi. Onu da əlavə edir ki, cavabdeh Mersedes markalı minik avtomaşını, yaşadıgı evində ticarət marketi olmasına və Qarabağ bölgəsində yerləşən Laçın rayonundakı tikinti işlərində Betondaşıyan avtomaşının sürücüsü olmaqla normal maddi imkanı olmasına baxmayaraq könüllü olaraq uşağa hec bir maddi yardım etmir. Cavabdehin əmək haqqı barədə müvafiq arayış əldə etməyi mümkün olmamışdır. İddiaçı nümayəndəsi X3 məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, cavabdehin iştirakı olmasa belə işə baxılmasına etiraz etmir, həqiqətən, cavabdeh ilə iddiaçının birgə yaşadıqları dövrdə xx.xx.2024-cü il təvəllüdlü Nuray adlı bir ümumi uşaqları doğulmuşdur. Ailə münasibətlərinin pozulması səbəbindən faktiki olaraq ayrılmışlar. Hazırda iddiaçı ilə cavabdehin birgə yaşadıqları dövrdə doğulmuş uşaq iddiaçının yanında yaşayır. Cavabdeh övladının saxlanılmasına biganə yanaşır, iddiaçı isə tək ana olaraq uşağın saxlanılmasında maddi çətinlik çəkir. Cavabdehin Qarabağ ərazisində şirkətdə rəsmi iş yeri var və əmək haqqı 1500 manat təşkil edir. Hazırda cavabdeh kifayət qədər maddi təminatlıdır. Odur ki, izahatında göstərilənlərə uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM–in 185.4-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə yaşadıqları dövrdə xx.xx.2024cü il təvəllüdlü Nuray adlı bir ümumi uşaqları doğulmuşdur. İşdə olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh İddiaçı doğulmuş xx.xx.2024-cü il təvəllüdlü Nuray adlı uşağın atası hesab edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”dan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində müəyyən olundu ki, tərəflərin birgə yaşadıqları dövrdə xx.xx.2024-cü il təvəllüdlü Nuray adlı bir nəfər ümumi uşaqları doğulmuşdur. Cavabdehlə evləndikdən sonra bir müddət normal yaşasalar da, sonradan aralarında olan narazılığa görə faktiki olaraq ayrılmışlar və ayrıldıqdan sonra xx.xx.2024-cü il təvəllüdlü Nuray adlı uşaq iddiaçının yanında qalmış və hazırda isə azyaşlı uşaq iddiaçının himayəsində yaşayır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1–ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024–cü il tarixli 15 nömrəli Qərarının 1.2.1–ci bəndinə əsasən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016–cı il tarixli qərarının 8.4–cü bəndinə 8.4–1–ci yarımbənd əlavə edilmiş və həmin yarımbənddə göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2–ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024–cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025–ci il yanvarın 1–dən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2–ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşağın mənafelərini və iddiaçının himayəsində yaşamasını, cavabdehin maddi durumunu, uşağın yaşını və həyat tərzini, habelə digər halları, eləcə də iddiaçının ərizə ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etməsini nəzərə alaraq hesab edir ki, həmin tarixdən başlayaraq, xx.xx.2024-cü il təvəllüdlü Nuray adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay bir uşaq üçün xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə minimum əmək haqqı məbləğinin 0,60 misli həddində sabit pul məbləğində aliment müəyyən edilməlidir. Həmin məbləğdə alimentin təyin edilməsi azyaşlı uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh yüksək maddi vəziyyətə malik olmasını, hər ay kifayət qədər qazanc əldə etməsini iddiaçı məhkəmə iclasında sübuta yetirə və bu barədə mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən iddianın qalan hissəsi təmin oluna bilməz. Məhkəmə həmçinin, iddianın "ödənilmiş 50 manat mediasiya xidmət haqqının cavabdehdən tutulması” hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, "Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən mediasiyaya dair qeyd-şərtə və ya "mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtləniə zidd olaraq mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2024-cü il təvəllüdlü Nuray adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə minimum əmək haqqının 0,60 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh 50 (əlli) manat məbləğində mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar