Məhkəmə qərarları › İş №2(076)-2146/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2146/2025

23.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2146/2025 23.06.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova nazlı Azər qızının sədrliyi, İsmayılova Sənubər Nəcəf qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "aliment məbləğinin azaldılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir Rayon Məhkəməsi xx.xx.2025-cu il tarixli 2(076)-61/2025 saylı qərardaddı ilə cavabdehlə birgə ailə həyatından olub onun himayəsində olan xx.xx.2011-ci il təvəllüdlü Sayora adlı uşağın saxlanması üçün ayda 2025-ci il ücün minimum əmək haqqının 0,95 misli məbləğində alimentin azaldılaraq ayda 2025-ci il üçün minimum əmək haqqının 0,40 misli məbləğində alimentin ondan alınıb cavabdehə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(076)-61/2025 saylı qərardadı ilə (hakim Taleh Musayev) Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(076)-909/2017 saylı qətnaməsi ilə cavabdehlə birgə nikahdan olub cavabdehin himayəsində olan xx.xx.2011-ci il təvəllüdlü Sayora adlı uşağın maddi cəhətdən saxlanması ücün təyin edilmiş ayda 110 manat sabit pul məbləğində alimentin sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli həddində indeksasiya olunması, yəni ayda 380 (üç yüz səksən) manat məbləğində alimentin ondan alınıb ərizəçiyə-iddiası üzrə cavabehə verilməsi qərara alınmışdır. Halbuki o kənddə günəmuzd işlərdə, o da olduğu hallarda işləməklə ancaq özünün həyatda yaşamagını, indiyədək təyin edilmiş alimenti ödəməyə və əvvəlki mərhum arvadından olan iki övladlarının tənsil ödənişlərini ödəməyə çalışmış. Ərizəçinin isə əmək qabiliyyəti olduğu halda faktiki olaraq müəyyən işlərdə işləməklə normal maddi imkanı olmasına baxmayaraq ondan həddən artıq aliment tələb etmişdir. Çünki Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinin mənasına görə valideynlər yəni hər iki valideynlər uşaqlarını saxlamağa borcludurlar. 2025-ci il uşaqlar ücün yaşayış minimumunun 246 manat olmasına baxmayaraq həmin məbləğdən artıq vəsaiti tək ata deyil ana da təmin etməlidir. Alimentin azaldılması tələbi ilə Mediasiyaya etdiyi müraciət üzrə 1-ci mediasiya prosesindən sonra prosesin aparılmasının mümkün olmamasına görə ona xx.xx.2025-ci il tarixli MŞG\MT007-00394 saylı arayış təqdim edilmişdir. Məhkəmənin təyin etdiyi alimenti ödəmək imkanının olmadığı halda son nəticədə icra məmurunun təqdimatı əsasında azadlığı məhdudlaşdırılacaqdır. Bu halda isə həmin alimentin ödənilməsi mümkünsüz olacaqdır. Ona görə də Şəmkir rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(076)-61/2025 saylı qərardadı ilə təyin edilmiş ayda 2025-ci il üçün minimum əmək haqqının 0,95 misli məbləğində alimentin azaldılması tələbinə dair məlum iddianı qaldırmalı olmuşdur. İddiaçı nümayəndəsi (vəkili) X2 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh qarşı qaldırmış olduğu, alimentin azaldılması tələbinə dair iddia ərizəsində texniki səhv olaraq iddiaçının soyadı şəxsiyyət vəsiqəsində qeyd olunan «Kazımov» əvəzinə «Kərimov» kimi qeyd edilmişdir. Həmin iddia ərizəsindəki soyadının «Kazımov» kimi nəzərə alınmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bələ ki, iş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(076)-61/2025 saylı qərardadına əsasən xx.xx.2011–ci il təvəllüdlü Sayora adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017–ci il tarixli, 2(076)-909/2017 saylı qətnaməsi ilə təyin edilmiş 110 manat alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli həddində indeksasiya olunması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, MŞG/MT007/2024 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2025ci il tarixə saat 16:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sesiyasında iştirak etmiş. İddiaçı mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Beləliklə, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, hazırki iş üzrə tərəflər faktiki olaraq ailə qurmuşlar. Onların birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü Sayora adlı övladları anadan olmuşdur. Tərəflər ayrılmış, birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü Sayora adlı uşaq cavabdehin yanında qalmışdır. Uşağın saxlanılması üçün məhkəmə tərəfindən iddiaçıdan cavabdehin xeyrinə əvvəl 110 manat aliment tutulmuş, daha sonra bu məbləğ inedksiasiya edilərək minimum əmək haqqının 0.95(400x0,95= 380) misli həddində indeksasiya edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ailə Məcəlləsinin (bundan sonra– AM) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə vəya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri sayır ki, uşaqların tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də, yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşaqların digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşaqlarını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə qərardadı ilə indeksasiya edilmiş və yenidən müəyyən edilən alimentin məbləğinə təsir edə biləcək idddiaçının ailə və ya maddi vəziyyətində dəyişiklik olduğundan, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının azaldılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, iddiaçı tərəfindən ödənilən alimentin indeksasiyasından sonra alimentin məbləğinə münasibətdə iddiaçının vəziyyətini ağırlaşmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı birinci ailə həyatından olan 2 nəfər uşaqlarının təhsil ödənişlərini ödəyir. Odur ki, hər ay 380 manat aliment məbləği odəmək iddiaçını və ailəsini əlverişsiz vəziyyətə salır. Tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2011-ci il təvəllüdlü Sayora adlı uşağı üçün məhkəmə qərardadı ilə indeksasiya ediləndən sonra müəyyən edilmiş alimentin miqdarı azaldılmalı, iddiaçıdan uşağın saxlanılması üçün cavabdehin xeyrinə tutulacaq alimentin məbləği hər ay 240 manat (400X0,60) sabit pul məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndindəki mövqe nəzərə alınmaqla Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilməli olduğundan 2025-ci il üçün mövcud olan minimum aylıq əmək haqqının məbləğlərini və yetkinlik yaşına çatmayan hər uşaq üçün 160 manat məbləğində alimentin tutulmasının müəyyən edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Şəmkir rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(076)-61/2025 saylı qərardadı ilə indeksasiya edilmiş alimentin məbləği azaldılaraq, xx.xx.2011-ci il təvəllüdlü Sayora adlı uşaq yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,60 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360 -cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Şəmkir rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(076)-61/2025 saylı qərardadı ilə indeksasiya edilmiş, xx.xx.2011-ci il təvəllüdlü Sayora adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı azaldılsın. xx.xx.2011-ci il təvəllüdlü Sayora adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,60 misli həddində sabit pul məbləğində aliment tutulsun. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar