Məhkəmə qərarları › İş №2(076)-2156/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2156/2024

11.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2156/2024 11.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X1 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçı: İddiaçı, onun vəkili Vəkil Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, 03 iyul 2012–ci il tarixdə doğulmuş Səbinə və 10 fevral 2014–cü il tarixdə doğulmuş Səidə adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün ondan tutulan hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində alimentin miqdarının azaldılaraq hər ay hər uşaq üçün 130 manat müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh ilə faktiki olaraq evlənməklə, xx.xx.2013–cü il tarixdə rəsmi nikah qeyd etdirmişdir. Birgə nikahdan 03 iyul 2012–ci il tarixdə Səbinə və 10 fevral 2014–cü il tarixdə Səidə adlı uşaqları doğulmuşdur. Cavabdehlə evləndikləri ilk illərdə ailə münasibətləri normal olmuş, lakin sonradan münasibətləri pozulmuşdur. Nəticədə cavabdehlə ayrılmışlar və məhkəmə qaydasında boşanmışlar. Ayrıldıqdan sonra uşaqları cavabdehin yanında qalmışdır. Həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Şəmkir Rayon Məhkəməsinin 06 fevral 2024–cü il tarixli qətnaməsi ilə ondan hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində alimentin alınıb Cavabdeh verilməsi qət edilmişdir. Halbuki, o, həmin aliment məbləğini ödəmək iqtidarında deyildir. Belə ki, özü səhhətində olan problemlərlə əlaqədar ağır fiziki işlərdə işləyə bilmir, ayrı–ayrı şəxslərin istilikxanalarında fəhləlik etməklə, cüzi gəlir əldə edir. Əlavə olaraq qeyd edir ki, cavabdehlə ayrılsalar da, faktiki olaraq eyni evdə yaşayırlar və əldə etdiyi gəlirlə evin tələbatlarını qarşılayır. Cavabdeh isə günəmuzd fəhləlik etməklə, normal qazanc əldə edir. Hesab edir ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir. Bu səbəbdən uşaqların ehtiyaclarını həm ata, həm ana ödəməlidir. Hazırda iki uşaq üçün hər ay 400 manat miqdarında aliment ödəməsi onun maddi və əmlak vəziyyətinə heç bir halda uyğun gəlmir. Odur ki, 03 iyul 2012–ci il tarixdə doğulmuş Səbinə və 10 fevral 2014–cü il tarixdə doğulmuş Səidə adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün ondan tutulan hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində alimentin miqdarının azaldılaraq hər ay hər uşaq üçün 130 manat müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi, yazılı etiraz ərizəsində və izahatında göstərdi ki, mövcud vəziyyətdə uşaqların saxlanmasında tək başına çətinlik çəkir. Uşaqlar böyüdükcə onların tələbatları da artır və maddi imkanı olmadığından uşaqlarının tələbatlarını qarşılaya bilmir. Uşaqların geyimi, qidalanması və təhsili ilə bağlı xərclər isə mütəmadi şəkildə artmaqda davam edir. Hesab edir ki, alimentin miqdarının azaldılması uşaqların mənafelərinə uyğun gəlmir və onun vəziyyətini çətinləşdirir. Həmçinin, qeyd edir ki, cavabdeh istilikxanada işləməklə kənd təsərrüfatı məhsullarının becərilməsi və satılması ilə məşğuldur. Onun kifayət qədər qazancı vardır. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, vəkilin çıxışını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan doğum haqqında arayışlardan görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 03 iyul 2012–ci il tarixdə Səbinə və 10 fevral 2014–cü il tarixdə Səidə adlı uşaqları doğulmuşdur. İşdə olan Şəmkir Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2024– cü il tarixli 2(076)–162/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2013–cü il tarixdə bağlanmış rəsmi nikah qeydinin pozulması, boşanmadan sonra 03 iyul 2012–ci il tarixdə doğulmuş Səbinə və 10 fevral 2014– cü il tarixdə doğulmuş Səidə adlı uşaqların Cavabdeh yanında saxlanmaları, xx.xx.2023–cü il tarixdən başlayaraq, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində alimentin alınıb Cavabdeh verilməsi qət edilmişdir. İşdə olan ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı dinc dövr hərbi xidmətə yararsız, müharibə dövrü məhdud yararlı hesab edilmişdir. İşdə olan X3 xx.xx.2024–cü il tarixli rəyindən görünür ki, İddiaçı “Sağ ümumi bud, səthi bud venalarında ağır dərəcəli, sol ümumi bud venalarında orta ağır dərəcəli qapaq çatışmamazlığı, dərialtı qasıq limfa vəzilərinin böyüməsi, hər iki baldırın səthi dərialtı əlavə venaların genişlənməsi” diaqnozu qoyulmuşdur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər faktiki olaraq evlənməklə, xx.xx.2013–cü il tarixdə rəsmi nikah qeyd etdirmişdir. Birgə nikahdan 03 iyul 2012–ci il tarixdə Səbinə və 10 fevral 2014–cü il tarixdə Səidə adlı uşaqları doğulmuşdur. Ailə münasibətlərinin pozulması nəticəsində tərəflər ayrılmışlar, ayrıldıqdan sonra azyaşlı uşaqlar cavabdehin yanında qalmışdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024–cü il tarixli 2(076)–162/2024 saylı qətnaməsi ilə 03 iyul 2012–ci il tarixdə doğulmuş Səbinə və 10 fevral 2014–cü il tarixdə doğulmuş Səidə adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində alimentin alınıb Cavabdeh verilməsi qət edilmişdir. Məhkəmə işin yuxarıda göstərilən hallarına qiymət verərək hesab edir ki, iddiaçının tələbi əssassızdır. Ona görə də rədd olunmalıldır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1–ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Həmin Məcəllənin 78.2–ci maddəsinə görə isə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qeyd olunmalıdır ki, azyaşlı uşaqların yaşayış səviyyəsi əvvəlki məhkəmə qətnaməsinə uyğun olaraq iddiaçının aylıq gəlirinin üzərində qurulmuşdur. Həmin məbləğin daha aşağı həddə salınması təsvir olunan qanun normasının da tələbləri ilə kəskin ziddiyyət təşkil edir, yəni uşaqların əvvəlki təminatının səviyyəsinin aşağı düşməsinə səbəb olur. Həmçinin, əvvəllər aliment işinə baxan məhkəmə, tərəflərin maddi və əmlak vəziyyətini nəzərə alaraq aliment təyin etmişdir. Digər tərəfdən məhkəmə nəzərə alır ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024–cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Ən azı bu baxımdan iddiaçının hər ay hər uşaq üçün 130 manat məbləğində aliment ödəmək istəyi həm qeyd olunan qanunun, həm də azyaşlı uşaqların mənafeyinə ziddir ki, məhkəmə bunu yolverilməz hesab edir və əsassız olduğu nəticəsinə gəlir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşaqların mənafelərini və cavabdehin yanında yaşamalarını, habelə digər halları nəzərə alaraq hesab edir ki, hazırda azyaşlı uşaqlara ödənilən alimentin miqdarı, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə yüksək məbləğdə deyildir. Bundan başqa, uşaqlar böyüməklə onların maddi tələbatı da artmışdır. Həmçinin, nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda (hətta başqası ilə evləndikdə belə) uşaqların normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşaqların zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşaqların minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşaqların maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib– keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. Odur ki, məhkəmə qeyd olunanlar əsasında belə nəticəyə gəlir ki, əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı tərəflərin ailə, maddi və əmlak vəziyyətinə, eləcə də yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə uyğundur. Alimentin miqdarının aşağı salınması üçün əsasların olduğu iş materialları ilə təsdiq olunmur. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasl MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar