Məhkəmə qərarları › İş №2(076)-2185/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2185/2023

01.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2185/2023 01.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi X1 Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair məhkəmədə iddia qaldıraraq, 08 aprel 2009–cu il tarixdə doğulmuş Tünar adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 220 manat sabit pul məbləğində alimentin və ödənilmiş 50 manat mediasiya xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi X2 məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, təmsil etdiyi şəxs Cavabdeh ilə 2008–ci il tarixdə faktiki olaraq evlənməklə, xx.xx.2010–cu il tarixdə rəsmi nikah qeyd etdirmişdir. Birgə nikahdan 08 aprel 2009–cu il tarixdə Tünar, 27 mart 2012–ci il tarixdə Qəmər və 01 yanvar 2016–cı il tarixdə Namiq adlı uşaqları doğulmuşdur. Evləndikdən sonra bir müddət normal ailə şəraitində yaşasalar da, sonradan aralarında olan narazılığa görə ayrılmışlar, ayrıldıqdan sonra Qəmər və Namiq adlı uşaqlar cavabdehin, Tünar adlı uşaq isə iddiaçının yanında qalmışdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli qətnaməsi ilə 27 mart 2012–ci il tarixdə doğulmuş Qəmər və 01 yanvar 2016–cı il tarixdə doğulmuş Namiq adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün təmsil etdiyi şəxsdən hər ay hər uşaq üçün 160 manat sabit pul məbləğində alimentin alınıb cavabdehə verilməsi qət edilmişdir. Tünar adlı uşağın bütün tələbatlarını isə iddiaçı təkbaşına qarşılayır. Lakin mövcud vəziyyətdə təmsil etdiyi şəxs azyaşlı uşağının saxlanmasında tək başına çətinlik çəkir. Belə ki, onun hər hansı gəliri və ya gəlir gətirən əmlakı yoxdur. Uşaq böyüdükcə onun tələbatları da artır və maddi imkanı olmadığından uşağın tələbatlarını qarşılaya bilmir. Uşağın geyimi və qidalanması ilə bağlı xərclər isə mütəmadi şəkildə artmaqda davam edir. Odur ki, iddianın təmin edilərək, 08 aprel 2009–cu il tarixdə doğulmuş Tünar adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 220 manat sabit pul məbləğində alimentin və ödənilmiş 50 manat mediasiya xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, həqiqətən iddiaçı ilə 2008–ci il tarixdə faktiki olaraq evlənməklə, xx.xx.2010– cu il tarixdə rəsmi nikah qeyd etdirmişdir. Birgə nikahdan 08 aprel 2009–cu il tarixdə Tünar, 27 mart 2012–ci il tarixdə Qəmər və 01 yanvar 2016–cı il tarixdə Namiq adlı uşaqları doğulmuşdur. Ailə münasibətlərinin pozulması səbəbindən iddiaçı ilə ayrılmışlar, ayrıldıqdan sonra Qəmər və Namiq adlı uşaqlar onun, Tünar adlı uşaq isə iddiaçının yanında qalmışdır. İddiaçının tələb etdiyi kimi onun hər ay 220 manat aliment ödəmək üçün maddi imkanı yoxdur. Belə ki, özü heç bir qazanc əldə etmir, gəlir gətirən hər hansı əmlakı yoxdur. Odur ki, iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə doğum haqqında arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 08 aprel 2009–cu il tarixdə Tünar adlı uşaqları doğulmuşdur. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli, 2(076)–870/2023 saylı qətnaməsindən görünür ki, 27 mart 2012–ci il tarixdə doğulmuş Qəmər və 01 yanvar 2016–cı il tarixdə doğulmuş Namiq adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020–ci il tarixli 2(076)–1701/2020 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat sabit pul məbləği həddində müəyyən edilməsi və cavabdeh İddiaçı alınıb iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər 2008–ci il tarixdə faktiki olaraq evlənməklə, xx.xx.2010–cu il tarixdə rəsmi nikah qeyd etdirmişdir. Birgə nikahdan 08 aprel 2009– cu il tarixdə Tünar, 27 mart 2012–ci il tarixdə Qəmər və 01 yanvar 2016–cı il tarixdə Namiq adlı uşaqları doğulmuşdur. Tərəflər aralarında olan narazılığa görə ayrılmışlar və ayrıldıqdan sonra Qəmər və Namiq adlı uşaqlar cavabdehin, Tünar adlı uşaq isə iddiaçının yanında qalmışdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli qətnaməsi ilə Qəmər və Namiq adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay hər uşaq üçün 160 manat sabit pul məbləğində alimentin alınıb Cavabdeh verilməsi qət edilmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1–ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. İş materiallarının əlaqəli təhlili məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, cavabdehdən hər ay 160 manat sabit pul məbləğində alimentin tutulması tərəflərin maddi və əmlak vəziyyətinə, xüsusən iddiaçının diqqətəlayiq mənafelərinə uyğundur. Belə ki, azyaşlı uşaq atanın himayəsində yaşayır, onun bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1–ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri–müntəzəm, dəyişkən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2–ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmŞərmin maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023–cü il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, azyaşlı uşağın mənafelərini və iddiaçının himayəsində yaşamasını, habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay 160 manat sabit pul məbləğində alimentin alınması azyaşlı uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Məhkəmə, həmçinin hesab edir ki, Cavabdeh yüksək maddi vəziyyətə malik olmasını, hər ay kifayət qədər qazanc əldə etməsini iddiaçı sübuta yetirə və bu barədə mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən iddianın qalan hissəsi təmin oluna bilməz. Məhkəmə həmçinin, iddianın “ödənilmiş 50 manat mediasiya xidmət haqqının cavabdehdən tutulması” hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununun 36.5–ci maddəsinə əsasən mediasiyaya dair qeyd–şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtləniə zidd olaraq mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2–ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM–in 112.1.3–cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 12 iyun 2023–cü il tarixdən başlayaraq, 08 aprel 2009–cu il tarixdə doğulmuş Tünar adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməsin. Cavabdeh 39,2 (otuz doqquz manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu tutulub elektron hökümət portalına, 50 (əlli) manat mediasiya xidmət haqqı tutulub İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar