Məhkəmə qərarları › İş №2(076)-2330/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2330/2024

05.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2330/2024 05.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X2 Mirzağa oğlunun sədrliyi Kazımova Şəhanə Namiq qızının katibliyi İddiaçı: İddiaçı, onun nümayəndələri (vəkil) Nümayəndə2, (anası) Nümayəndə1 Cavabdeh: Cavabdeh Şəmkir şəhər M.Füzuli adına təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb– liseyin fiziki tərbiyə müəllimi: X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı uşağın yanında qalmasının müəyyən edilməsi və alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı uşağın himayədə olması faktının müəyyən edilməsi, aliment borcunun silinməsi və aliment tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, xx.xx.2010–cu il tarixdə doğulmuş Ömər adlı uşağın onun himayəsində olması faktının müəyyən edilməsi, həmin uşağa münasibətdə xx.xx.2024–cü il tarixdən yığılan aliment borcunun silinməsi, habelə həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 250 manat sabit pul məbləğində alimentin tutulması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi (anası) Nümayəndə1 məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” əlavə ərizə təqdim edərək, xx.xx.2010–cu il tarixdə doğulmuş Ömər adlı uşağın atasının yanında qalmasının müəyyən edilməsini, iddia tələbinin qalan hissədə olduğu kimi saxlanılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə2 məhkəməyə “iddia həcminin azaldılması və iddia tələbinin dəqiqləşdirilməsi barədə” əlavə ərizə təqdim edərək, xx.xx.2010–cu il tarixdə doğulmuş Ömər adlı uşağın xx.xx.2024–cü il tarixdən iddiaçının yanında qalmasının müəyyən edilməsi və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 250 manat sabit pul məbləğində alimentin tutulması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə faktiki olaraq evlənməklə, xx.xx.2011–ci il tarixdə rəsmi nikah qeyd etdirmişdir. Birgə nikahdan xx.xx.2010–cu il tarixdə Ömər və xx.xx.2012–ci il tarixdə Xədicə adlı uşaqları doğulmuşdur. Cavabdehlə evləndikdən sonra bir müddət normal ailə şəraitində yaşamış, lakin sonradan ailə münasibətləri pozulmuş və cavabdehlə ayrılmışlar. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il il tarixli qətnaməsi ilə cavabdehlə arasında olan nikahın pozulması, həmçinin, uşaqların cavabdehin yanında qalması və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər ay hər uşaq üçün 150 manat alimentin tutulması qət edilmişdir. Lakin xx.xx.2024–cü il tarixdə hər iki uşağı onun yanına gələrək anaları ilə qalmaq istəmədiklərini bildirmişlər. xx.xx.2024–cü il tarixdə Xədicə adlı uşağı cavabdehin yanına getsə də, Ömər adlı uşağı onun yanında qalmağa davam etmişdir. Hazırda da uşaq onunla birlikdə yaşayır və cavabdehin yanına getmək istəmir. Bu səbəbdən Ömər adlı uşağın onun yanında qalmasının müəyyən edilməsini istəyir. Belə ki, cavabdeh uşağın təlim–tərbiyəsi ilə məşğul olmaq iqtidarında deyildir. Həmçinin, qeyd edir ki, özü heç bir yerdə işləmir, əvvəllər Rusiya Federasiyasında fərdi əməklə məşğul olsa da, hazırda Ömər adlı uşağın təlim–tərbiyəsində iştirak etmək üçün Azərbaycana gəlmiş, bu səbəbdən iş yeri, dolayısı ilə hər hansı qazancı yoxdur. Hesab edir ki, həmin uşağn saxlanması üçün cavabdehdən aliment tutulmalıdır. Odur ki, iddianın təmin edilərək, xx.xx.2010–cu il tarixdə doğulmuş Ömər adlı uşağın xx.xx.2024–cü il tarixdən onun yanında qalmasının müəyyən edilməsi və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 250 manat sabit pul məbləğində alimentin tutulması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı İddiaçı nümayəndələri (vəkil) Nümayəndə2 və (anası) Nümayəndə1 əsasən iddiaçı ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclası zamanı Cavabdeh ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, həqiqətən iddiaçı ilə faktiki olaraq evlənməklə, xx.xx.2011–ci il tarixdə rəsmi nikah qeyd etdirmişdir. Birgə nikahdan xx.xx.2010–cu il tarixdə Ömər və xx.xx.2012–ci il tarixdə Xədicə adlı uşaqları doğulmuşdur. Lakin ailə münasibətləri pozulmuş və məhkəmə qaydasında boşanmışlar. Cavabdehlə ayrıldıqdan sonra uşaqları onun yanında qalsa da, sonradan Ömər adlı uşağı atasının yanına getmişdir. Lakin uşağının iddiaçı ilə qalmasına razı deyildir. Hesab edir ki, uşağın ana yanında saxlanılması onun mənəvi və psixoloji vəziyyəti, habelə təhsili, tərbiyəsi, inkişafı baxımından daha məqsədə uyğundur. Habelə, nəzərə alınmalıdır ki, uşağın ana nəvazişinə və qayğısına daha çox ehtiyacı vardır. Eləcə də, qeyd edir ki, onun iddiaçıya aliment ödəmək üçün maddi imkanı yoxdur. Həmçinin, uşağın biri onun, digər iddiaçının yanında qalırsa, o, iddiaçıya aliment ödəməməlidir. Hazırda iddianı tam əsassız hesab edir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Şəmkir şəhər M.Füzuli adına təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb– liseyin fiziki tərbiyə müəllimi X1 iştirakı ilə məhkəmə iclası zamanı dindirilmiş Ömər adlı uşaq izahatında göstərdi ki, atası və anası ayrıldıqdan sonra anasının yanında qalmış, lakin sonradan atasının yanına gəlmişdir. Bundan sonra da atası ilə yaşamaq niyyətindədir, anasının yanına getmək istəmir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri, qəyyumluq və himayəçilik orqanının rəyini və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında arayışlardan görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2010–cu il tarixdə Ömər və xx.xx.2012–ci il tarixdə Xədicə adlı uşaqları doğulmuşdur. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli 2(076)–244/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2011–ci il tarixdə bağlanmış rəsmi nikah qeydinin pozulması, boşanmadan sonra tərəflərin birgə nikahından xx.xx.2010–cu il tarixdə doğulmuş Ömər və xx.xx.2012–ci il tarixdə doğulmuş Xədicə adlı uşaqların Cavabdeh yanında saxlanılması, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay hər uşaq üçün 150 manat alimentin tutulub Cavabdeh verilməsi qət edilmişdir. İşdə olan Şəmkir Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024–cü il tarixli məktubundan görünür ki, Ömər və Xədicə adlı uşaqların İddiaçı himayəsində olması faktı təsdiqlənmişdir. İşdə olan Şəmkir Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024–cü il tarixli rəyindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Ömər adlı uşağın atası İddiaçı, Xədicə adlı uşağın anası Cavabdeh yanında qalması məqsədə müvafiq hesab edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, tərəflər faktiki olaraq evlənməklə, xx.xx.2011–ci il tarixdə rəsmi nikah qeyd etdirmişdir. Birgə nikahdan xx.xx.2010–cu il tarixdə Ömər və xx.xx.2012–ci il tarixdə Xədicə adlı uşaqları doğulmuşdur. Ailə daxili narazılıqlar zəminində tərəflər ayrılmış, ayrıldıqdan sonra uşaqlar cavabdehin yanında qalmış, lakin bir müddət sonra Ömər adlı uşaq atasının yanına gəlmişdir. Belə olan halda məhkəmə ilk öncə hesab edir ki, iddianın “uşağın iddiaçının yanında qalmasının müəyyən edilməsi” hissəsi əsaslı olduğundan təmin edilməli, xx.xx.2010–cu il tarixdə doğulmuş Ömər adlı uşağın atası–İddiaçı yanında qalması müəyyən edilməlidir. Məhkəmə bu qənaətə gələrkən həm Şəmkir Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının rəyini, həm də uşağın məhkəmə iclası zamanı verdiyi izahatında göstərilənləri əsas tutur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52–ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2010–cu il tarixdə doğulmuş Ömər adlı uşaq İddiaçı yanında olduğundan, məhkəmə iclası zamanı da atası ilə birlikdə yaşamaq istədiyini bildirdiyindən, habelə Şəmkir rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası verdiyi rəyində həmin uşağın atasının yanında qalmasını daha məqsədəuyğun hesab etdiyindən, iddia həmin hissədə təmin edilməli, xx.xx.2010–cu il tarixdə doğulmuş Ömər adlı uşağın iddiaçının yanında qalması müəyyən edilməlidir. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçı həmin uşağın xx.xx.2024–cü il tarixdən onun yanında qalmasının müəyyən edilməsini xahiş etsə də, iddianın həmin hissədə təmin edilməsi əsaslı hesab edilə bilməz. Belə ki, Ömər adlı uşağın məhz xx.xx.2024–cü il tarixdən atasının yanına qalması ilə bağlı mötəbər mənbədən əldə edilmiş sübutlar məhkəməyə təqdim edilməmiş, bu səbəbdən uşağın həqiqətən həmin tarixdən atasının yanında qalması müəyyən edilməmişdir. Məhkəmə tələbin alimentlə bağlı hissəsini araşdıraraq belə nəticəyə gəlir ki, iddiaçının aliment tələbi qismən təmin olunmalıdır. Belə ki, iddiaçının Ömər adlı uşağına münasibətdə aliment tələbi haqlı olsa da, onun tələb etdiyi miqdarda alimentin alınması cavabdehin real maddi və əmlak vəziyyəti ilə uzlaşmır. Ona görə də iddia həmin hissədə qismən təmin olunmalıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1–ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. İş materiallarının əlaqəli təhlili məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, alimentin məbləğinin hər ay 70 manat sabit pul məbləğində müəyyən edilməsi tərəflərin maddi və əmlak vəziyyətinə, xüsusən iddiaçının diqqətəlayiq mənafelərinə uyğundur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1–ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri–müntəzəm, dəyişkən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2–ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024–cü il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşağın mənafelərini və iddiaçının yanında yaşamasını, habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay 70 manat sabit pul məbləğində alimentin alınması uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Məhkəmə, həmçinin hesab edir ki, cavabdehin daha yüksək maddi vəziyyətə malik olmasını, hər ay kifayət qədər qazanc əldə etməsini iddiaçı məhkəmə iclasında sübuta yetirə və bu barədə mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən iddianın qalan hissəsi təmin oluna bilməz. Azərbaycan Respublikası MPM–nin 106.1–ci madədsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2–ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM–in 112.1.3–cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2010–cu il tarixdə doğulmuş Ömər adlı uşağın atası–İddiaçı yanında qalması müəyyən edilsin. 29 may 2024–cü il tarixdən başlayaraq, xx.xx.2010–cu il tarixdə doğulmuş Ömər adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 70 (yetmiş) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub elektron hökümət portalına ödənilsin. Qətnamə alimentlə bağlı hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar