Məhkəmə qərarları › İş №2(076)-2354/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2354/2025

03.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2354/2025 03.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X7 Azər qızının sədrliyi İsmayılova Sənubər Nəcəf qızının katibliyi İddiaçı nümayəndəsi X1 Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “Alimentin sabit pul məbləğində tutulması tələbi”nə dair iddiası üzrə mülki işə Şəmkir rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “Alimentin sabit pul məbləğində tutulması tələbi”nə məhkəmədə iddia qaldıraraq, cavabdehlə birgə nikahdan doğulmuş və onun himayəsində olan 29 iyun 2020-ci il təvəllüdlü Roman adlı uşağı on səkkiz yaşına çatanadək maddi cəhətdən saxlanması üçün hər ay 246 (iki yüz qırx altı) manat sabit pul məbləğində alimentin və İlk Mediasiya sessiyasından keçməyinə görə ödədiyi 50 manat məbləğdə pulun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh sabiq əridir. Cavabdehlə faktiki olaraq evlənib ailə qurmuşlar. Onu gəlin kimi cavabdehin valideynləri yaşadıqları evə köçürmüşlər. Birgə ailə həyatından 29 iyun 2020-ci il təvəllüdlü Roman adlı uşağı doğulmuşdur. Cavabdehlə ailə münasibəti əvvəl normal olmuş, sonradan pozulduğundan faktiki olaraq ayrılmışlar. Azyaşlı uşağı onun himayəsində qalmışdır. Cavabdeh azyaşlı uşağın saxlanması üçün maddi yardım göstərmir. Ona görə də uşağın ehtiyacını ödəyə bilmir. Uşağı valdeyinlərinin köməyi ilə saxlayır. Odur ki, uşağın saxlanması üçün cavabdehdən aliment tutulması tələbinə dair ilk növbədə Mediasiya Təşkilatına müraciət etdi. İlk Mediasiya sessiyasında iştirak edilməməsi barədə ona arayış verildi. Ona görə də o məhkəmədə məlum iddianı qaldırmalı olmuşdur. Cavabdeh fərdi əməklə məşğul olaraq normal maddi imkana malik olmasına baxmayaraq könüllü olaraq uşağına heç bir maddi yardım etmir. İddiaçı nümayəndəsi X3 məhkəmə iclası zamanı izahatında bildirdi ki, iddiaçı ilə cavabdehin birgə nikahlarından 29 iyun 2020-ci il təvəllüdlü Roman adlı bir ümumi uşaqları doğulmuşdur. Ailə münasibətlərinin pozulması səbəbindən faktiki olaraq ayrılmışlar. Hazırda birgə nikahlarından doğulmuş azyaşlı uşaq iddiaçının yanında yaşayır. Hər ay bir uşaq üçün iddiaçı 246 manat aliment istəyir. Odur ki, izahatında göstərilənlərə uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh nümayəndəsi X4 məhkəmə iclası zamanı izahatında bildirdi ki, cavabdeh onun oğludur. Cavabdeh heç bir yerdə işləmir. İddiaçının tələb etdiyi miqdarda aliment ödəyə bilmir. Cavabdeh 150-160 manat aliment ödəməyə razıdır. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından 29 iyun 2020-ci il təvəllüdlü Roman adlı uşaqları doğulmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”dan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində müəyyən olundu ki, tərəflərin birgə nikahlarından 29 iyun 2020-ci il təvəllüdlü Roman olmaqla bir ümumi uşaqları doğulmuşdur. Cavabdehlə evləndikdən sonra bir müddət normal yaşasalar da, sonradan aralarında olan narazılığa görə ayrılmışlar. Hazırda isə 29 iyun 2020-ci il təvəllüdlü Roman adlı uşaq iddiaçının himayəsində yaşayır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1–ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024– cü il tarixli 15 nömrəli Qərarının 1.2.1–ci bəndinə əsasən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016–cı il tarixli qərarının 8.4–cü bəndinə 8.4–1–ci yarımbənd əlavə edilmiş və həmin yarımbənddə göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2–ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024–cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025–ci il yanvarın 1–dən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2–ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşaqların mənafelərini və iddiaçının himayəsində yaşamalarını, habelə digər halları, eləcə də iddiaçının ərizə ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etməsini nəzərə alaraq hesab edir ki, həmin tarixdən başlayaraq, 29 iyun 2020-ci il təvəllüdlü Roman adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay, bir uşaq üçün xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə minimum əmək haqqı məbləğinin 0,58 (400x0,58=232 manat) misli həddində sabit pul məbləğində aliment müəyyən edilməlidir. Həmin məbləğdə alimentin təyin edilməsi azyaşlı uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 50 manat dövlət rüsumü cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq, 29 iyun 2020-ci il təvəllüdlü Roman adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, bir uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,58 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 50 (əlli) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar