Məhkəmə qərarları › İş №2(076)-2380/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2380/2025

07.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2380/2025 07.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 yanvar 2023-cü il tarixdən başlayaraq 18 may 2008-ci ildə doğulmuş X6 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün bir uşağa görə 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin və mediasiya xərci olaraq ödədiyim 50 (əlli) manat rüsumun Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun qızı X7 Cavabdeh ilə 2007-ci ildə faktiki evlənməklə nikahlarını rəsmiləşdirməmişlər. Onların birgə ailə həyatlarından xx.xx.2008-ci ilde X6 adlı 1 nəfər uşaqları anadan olmuşdur. X18 ilə Cavabdeh aralarında baş vermiş narazılıqlara görə ayrılmışlar. Sonradan məhkəmə qətnaməsi ilə Cavabdeh onların birgə ailə həyatlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X3 atası hesab edilmiş və sabit pul məbləğində aliment müəyyən edilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-451/2022 saylı qətnaməsi ilə qızı X4 Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası qismən təmin edilərək, xx.xx.2008-ci il təvəllüdlü Ayxan adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa görə 170 manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. Cavabdeh həmin məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti 16 yanvar 2023-cü il tarixə kimi ödəmişdir. Onun qızı X8 30 yanvar 2023-cü il tarixdə vəfat etmişdir. Qızı vəfat etdikdən sonra Şəmkir Rauon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-451/2022 saylı icra sənədinin icrasına xitam verilmişdir. Bundan sonra Cavabdeh ona qarşı uşaq tələbinə dair iddia qaldırmış olsa da, Şəmkir rayon Məhkəməsinin 29 yanvar 2024- cü il tarixli qətnaməsi ilə onun iddiası təmin edilməmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilsə də, apellyasiya şikayəti də təmin edilməmişdir. Şəmkir Rayon İcra Hakimiyyəti başçısının 10 sentyabr 2024-cü il tarixli, 126 nömrəli Sərəncamı ilə 18 may 2008-ci il təvəllüdlü nəvəsi X3 onun himayəsinə verilməsi qərara alınmışdır. O bundan sonra alimentlə bağlı Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə müraciət etmiş olsa da, ona məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Bundan sonra o Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)- 451/2022 saylı qətnaməsinin təkrar icraya yönəldilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş olsa da, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(076)- 28/2025 saylı qərardadı ilə ərizəsı rədd edilmişdir. Ona görə də o məcbur olub yenidən alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edir. O yetkinlik yaşına çatmamış uşağın maddi cəhətdən saxlanmasında çətinlik çəkir. Belə ki, Ayxan adlı nəvəsi orta məktəbdə təhsil alır, universitetə hazırlaşır, əlavə hazırlıqlara gedir. Belə olan halda yetkinlik yaşına çatmamış nəvəsinin saxlanmasında xərcləri olduqca çoxalmışdır. Cavabdeh isə qızı vəfat etdiyi vaxtdan hazırkı vaxta kimi yetkinlik yaşına çatmamış uşağın saxlanmasında ona maddi köməklik göstərməmişdir. Qızı vəfat etdikdən sonra cavabdehlə araladında uşaqla bağlı məhkəmə mübahisələri davam etdiyindən alimentlə bağlı müraciət edə bilməmişdir. Cavabdeh azyaşlı uşağının saxlanması üçün yüksək məbləğdə aliment ödəmək iqtidarındadır. Belə ki, cavabdeh fərdi əməklə və kənd təsərrüfatı ilə məşğuldur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(076)-28/2025 saylı qərardadından sonra cavabdehə qarşı alimentin sabit pul məbləğində tutulması ilə bağlı Mediasiya Təşkilatına müraciət etmişdir. Lakin, cavabdeh mediasiya sessiyasında iştirak etmədiyinə görə ona mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən 16 yanvar 2023-cü il tarixdən başlayaraq 18 may 2008-ci ildə doğulmuş X6 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün bir uşağa görə 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin və mediasiya xərci olaraq ödədiyim 50 (əlli) manat rüsumun Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, alimentin təzələnməsi ilə bağlı İcra və Probasiya Şöbəsinə, həmçinin Şəmkir Rayon Məhkəməsinə müraciət etmiş, lakin müraciətləri təmin edilməmişdir. Bundan sonra alimentin təyin edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Habelə, sosial müavinətlə bağlı bildirildi ki, əvvəlcə ona müavinət verilməsindən imtina olunmuş, sonradan isə onun xəbəri olmadan dövlət tərəfindən nəvəsi Ayxan üçün 120 manat məbləğində müavinət təyin olunmuşdur. İddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək ifadəsində bildirdi ki, hazırda xx.xx.2008-ci il təvəllüldlü Ayxan Süleymanovun iddiaçının himayəsinə verilməsi ilə bağlı Şəmkir Rayon İcra Hakimiyyəti başçısının sərəncamının ləğv edilməsi ilə bağlı müvafiq müraciətlər etmişdir. Həmin müraciətlərin cavabını əldə etməmişdir. Bu səbəbdən ondan uşağın saxlanılması üçün alimentin tutulması tələbi əsassızdır. Bundan başqa heç bir yerdə işləmir. Aliment ödəyə bilməyəcək. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə İsə qızı da iddianı qəbul etməyərək öz ifadəsində bildirdi ki, hazırda o və Cavabdeh ilə bağlı Şəmkir Rayon İcra Hakimiyyətinə müraciət etmişlər. Müraciət Şəmkir Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli, 126 nömrəli sərəncamının ləğv edilməsi ilə bağlı olmuşdur. Lakin həmin sərəncam ləğv edilməmişdir. Nümayəndə qeyd etdi ki, onlar bu məsələ ilə bağlı İnzibati Məhkəməyə şikayət etməyi planlaşdırırlar və bu səbəbdən hazırkı iş üzrə dayandırılması barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AZ-İV 832869 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş sürətindən görünür ki, X6 xx.xx.2008-ci il ildə anadan olmuşdur. Atası Cavabdeh, anası X11 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Xİ-ЖГ 269237 nömrəli doğum haqqında şəhadətnamədən təsdiq olunmuş görünür ki, X9 xx.xx.1985-ci il tarixdə doğulmuşdur. Atası İddiaçı, X10 qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ 324066 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş sürətindən görünür ki, X8 30 yanvar 2023-cü ildə ölmüşdür. Ölümün səbəbi: dəm qazının toksik təsiri qeyd edilmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-55/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı «uşaq» tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarında olan Gəncə Apelllayasiya Məhkəməsinin xx.xx.2024-cü il tarilxi 2(104)-1085/2024 nömrəli Gəncə Apelllayasiya Məhkəməsinin qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli 2(076)-55/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 126 nömrəli Şəmkir Rayon İcra Hakimiyyəti başçısının sərəncamından görünür ki, xx.xx.2008-ci ildə Şəmkir şəhərində anadan olmuş X1 Zahid Bəhman oğlunun himayəsinə verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 00704-2025 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixə saat 14:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ 451112 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin təsdiq olunmuş sürətindən görünür ki, Cavabdeh xx.xx.2008-ci ildə X2 doğulmuş X3 atası hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 5-76/2-i-42-432/2025 nömrəli məktubundan görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X3 babası İddiaçı himayəsinə verilməsi barədə Şəmkir rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli 126 sayı sərəncamının ləğv edilməsi Komissiya tərəfindən məqsədə müvafiq hesab edilməmişdir. İş üzrə tədqiq edilmiş sübutlar, tərəflərin izahatları ilə müəyyən edilir ki, Mahı Süleymanova və Cavabdeh faktiki nikahından olan uşaq Süleymanov (İbrahimov) Ayxan Raqif oğlu doğulan vaxtdan (xx.xx.2008-ci il tarixdən) iddiaçı ilə, yəni uşağın anası Mahı Süleymanovun valideynləri ilə birlikdə yaşamışdır. X12 anası Mahı Süleymanova xx.xx.2023-cü il tarixdə ölmüş və bundan sonra da doğulan gündən etibarən olduğu kimi babası İddiaçıla yaşamağa davam etmişdir. Cavabdeh uşaq tələbinə dair iddia qaldırsa da Şəmkir Rayon Məhkəməsinin və Gəncə Apellyasiya Məhkəməsinin qərarlarına əsasən iddia tələbi rədd edilmişdir. Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən alimentlə bağlı icra sənədi üzrə tələbkar vəfat etdiyindən icra sənədi üzrə icraata xitam verilmiş, Şəmkir Rayon Məhkəməsinin 8(076)-28/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 2(076)-451/2022 saylı icra sənədinin təkrar icraya yönəldilməsi barədə ərizəsi təmin edilməmişdir. Bundan sonra Şəmkir rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli 126 sayı sərəncamı ilə xx.xx.2008-ci il təvəllüdlü X3 babası İddiaçı himayəsinə verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 79.1-ci maddəsinə əsasən Valideyn himayəsindən məhrum olmuş uşaqlara görə aliment bu Məcəllənin 76—78-ci maddələrinə uyğun olaraq tutulur və uşağın qəyyumuna (himayəçisinə) və ya himayədar valideynlərə (atalığa, analığa) ödənilir. 114.1-ci maddəsinə əsasən Valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən sosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 100.3-cü maddəsinə əsasən Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024– cü il tarixli 15 nömrəli Qərarının 8.11-1–ci bəndinə əsasən alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024– cü il tarixli 15 nömrəli Qərarının 1.2.1–ci bəndinə əsasən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016–cı il tarixli qərarının 8.4–cü bəndinə 8.4–1–ci yarımbənd əlavə edilmiş və həmin yarımbənddə göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2–ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024–cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025–ci il yanvarın 1–dən 400 manat müəyyən edilmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən çıxış edərək hesab edir ki, valideynlər ən azı uşağının minimum dolanacaq xərclərini təmin etmək öhdəliyini daşıyır. Hazırda Cavabdeh uzun müddət uşağı ilə birlikdə olmadığından, xx.xx.2008-ci il təvəllüdlü Ayxan adlı uşağın tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındığından (məhkəmə qətnamələri ilə öz təsdiqini tapmışdır) Şəmkir rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli 126 sayı sərəncamı ilə xx.xx.2008-ci il təvəllüdlü X3 babası İddiaçı himayəsinə verilmişdir. xx.xx.2008-ci il təvəllüdlü X6 doğulan gündən babası olaraq İddiaçı uşağın gündəlik qayğıları ilə məşğul olmasını və bilavasitə uşağı saxlamasını, eyni zamanda uşağın himayəçisi olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində sabit pul məbləğində (400x0,40=160) aliment müəyyən edilməlidir. Həmin məbləğdə alimentin təyin edilməsi yetkinlik yaşına çatmayan uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır, alimentin tutulmasının əvvəli Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən mediasiyanın tətbiqi barədə ərizə verildiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Dövlət rüsumu haqqında Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində rüsum ödənilir. Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilən qanunverilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan ilkin mediasiya sessiyasında çəkilən 50 manat xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-235, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü Süleymanov (İbrahimov) Ayxan Raqif oğlu adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. Cavabdeh mediasiya xərcinin əvəzi qismində 50 (əlli) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar