Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2440/2023 30.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Kazımova Şəhanə Namiq qızının katibliyi İddiaçılar: İddiaçı1, İddiaçı2 və onların nümayəndəsi Nümayəndə1 Cavabdeh: Cavabdeh2, onun nümayəndəsi Nümayəndə2 və Cavabdeh1 nümayəndəsi Vəkil iştirakı ilə İlkin iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə və Şəmkir rayon 1 saylı Notariat Ofisinə qarşı alqı–satqı müqavilələrinin etibarsız hesab olunması və Çıxarışların ləğv olunması tələbinə dair ilk iddia ərizəsi və Cavabdeh2 iddiaçılar İddiaçı1 və İddiaçı2 qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İlkin iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə və Şəmkir rayon 1 saylı Notariat Ofisinə qarşı alqı–satqı müqavilələrinin etibarsız hesab olunması və Çıxarışların ləğv olunması tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Gəncə şəhər 2 saylı Notariat Kontorunda Cavabdeh1 ilə Cavabdeh2 arasında 02 sentyabr 2022–ci il tarixdə bağlanmış 4Ə–679 reyestr nömrəli alqı–satqı müqavilələrinin etibarsız hesab olunması, həmin müqavilə əsasında Cavabdeh2 adına tərtib olunmuş **********–10301 reyestr nömrəli Çıxarışın ləğv olunması, Şəmkir şəhəri, X5 küçəsi 10 saylı ünvanda yerləşən 0.06 ha torpaq sahəsinə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında 02 sentyabr 2022–ci il tarixdə bağlanmış 4Ə–678 reyestr nömrəli alqı–satqı müqavilələrinin etibarsız hesab olunması və həmin müqavilə əsasında Cavabdeh2 adına tərtib olunmuş ********** reyestr nömrəli Çıxarışın ləğv olunması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh2 iddiaçılar İddiaçı1 və İddiaçı2 qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən maddi zərərə görə 800 manat, mənəvi zərərə görə 10.000 manat olmaqla, cəmi 10.800 manat məbləğindən pulun alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, Cavabdeh1 onun (X1) dostu, eyni zamanda iş birliyi olan şəxsdir. Onunla müxtəlif vaxtlarda birgə ticarət əlaqələri olmuş və bir yerdə yaxşı qazanc əldə etmişlər. Axırıncı dəfə 2022–ci ildə Orxanla aralarında olan razılaşmaya əsasən Orxanla Rusiya daxilində pul perevodu ilə məşğul olmaq qərarına gəlmişlər, lakin buna görə onlara maya lazım olmuşdur. Onların hesablamalarına görə ilkin olaraq 300.000–400.000 manat pul lazım olmuşdur. Həmin vaxt Orxan bildirmişdir ki, pulu əldə etmək üçün banka girov əmlak qoymalı, həmin əmlaklar ipoteka ilə yüklü edilməli və bankdan yüksək məbləğdə kredit götürməlidirlər. Orxanın isə banka girov qoyub, yüksək məbləğdə kredit götürmək üçün imkanı olmamışdır. Bu səbəbdən onların, yəni iddiaçıların əmlaklarının banka girov qoyulması, krediti isə Orxanın adına rəsmiləşdirilməsi barədə razılaşmışlar. Bu səbəbdən o, (İddiaçı1) öz adına mülkiyyət hüququ ilə qeydə alınmış, Şəmkir şəhəri, X5 küçəsi, 10 saylı ünvanda yerləşən 0.06 ha həyətyanı torpaq sahəsini üzərində olan fərdi yaşayış evi ilə birlikdə girov qoyulmasına dair etibarnamə vermiş, eyni zamanda digər İddiaçı2 həmin ünvanda yerləşən və mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış 0.06 ha həyətyanı torpaq sahəsinin də Cavabdeh1 tərəfindən ipoteka ilə yüklü edilməsinə razılıq verməsini xahiş etmişdir. Bu səbəbdən onlar hər ikisi Cavabdeh1 adına etibarnamə vermişlər ki, cavabdeh onların iştirakı olmadan hər iki torpaq sahəsini ipoteka ilə yüklü edib, bankdan yüksək məbləğdə kredit götürsün. Bundan sonra Cavabdeh1 birlikdə notariat kontora getmiş və xahiş etmişlər ki, onların adlarından torpaq sahələri ilə bağlı müvafiq etibarnamə tərtib olunsun və həmin etibarnamədə Cavabdeh1 həmin əmlakların ipoteka ilə yüklü edilməsi üçün müvafiq səlahiyyətlər verilsin. Cavabdeh Şəmkir rayon 1 saylı Notariat ofisi onların adından qeyd olunan etibarnamələri yazarkən texniki yalnışlığa yol vermiş, onlar nəzərdə tutuduqları səlahiyyətlərdən başqa, həm də həmin əmlakların alqı–satqısı və bağışlanma səlahiyyətlərini də etibarnamədə qeyd etmişdir. Cavabdeh1 isə onların etibarından öz şəxsi məqsədləri üçün istifadə edərək, eyni zamanda cavabdeh Şəmkir rayon 1 saylı Notariat Ofisinin səhvindən istifadə edərək, mülkiyyət hüququ ilə onlara məxsus olan, Şəmkir şəhəri, X5 küçəsi, 10 saylı ünvanda yerləşən 0.12 ha (0.06 ha + 0.06 ha ) həyətyanı torpaq sahəsini Cavabdeh2 ilə razılığa gələrək onun adına uydurma alqı–satqı müqaviləsi bağlamışdır. Cavabdeh2 isə hər iki torpaq sahəsinə yerində baxış keçirmədən, həmin əmlaklarla bağlı hər hansı mübahisə olub–olmamasını aydınlaşdırmadan, mülkiyyət hüququna dair Çıxarış əldə etmişdir. Eyni zamanda cavabdeh Şəmkir 11 saylı Ərazi İdarəsi həmin çıxarışları tərtib edərkən mübahisəli əraziyi yerində baxış keçirmədən Cavabdeh2 adına mübahisə predmeti olan torpaq sahələrinə boş torpaq sahəsi kimi müvafiq çıxarışlar tərtib etmişdir. Halbuki, hər iki torpaq sahəsi boş deyil və hər iki torpaq sahəsində fərdi yaşayış evi vardır. Hazırda hesab edirlər ki, hər iki alqı–satqı müqaviləsi etibarsız hesab olunmalı, həmin alqı–satqı müqaviləsi əsasında Cavabdeh2 adına tərtib olunmuş mülkiyyət hüququna dair çıxarışlar ləğv olunmalıdır. Çünki həmin müqavilə onların iradə ifadələri deyildir. Cavabdeh2 isə vicdanlı alıcı deyildir. Mübahisə predmeti olan müqavilələr onları çox ağır vəziyyətə salmış və onları mülkiyyətlərində olan əmlaklardan məhrum etmişdir. Odur ki, Şəmkir rayon 1 saylı Notariat Kontorunda Cavabdeh1 ilə Cavabdeh2 arasında 02 sentyabr 2022–ci il tarixdə bağlanmış 4Ə–679 reyestr nömrəli alqı–satqı müqavilələrinin etibarsız hesab olunması, həmin müqavilə əsasında Cavabdeh2 adına tərtib olunmuş **********– 10301 reyestr nömrəli Çıxarışın ləğv olunması, Şəmkir şəhəri, X5 küçəsi 10 saylı ünvanda yerləşən 0.06 ha torpaq sahəsinə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında 02 sentyabr 2022–ci il tarixdə bağlanmış 4Ə–678 reyestr nömrəli alqı–satqı müqavilələrinin etibarsız hesab olunması və həmin müqavilə əsasında Cavabdeh2 adına tərtib olunmuş ********** reyestr nömrəli Çıxarışın ləğv olunması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, əmlakın alqı–satqısı zamanı qanunvericiliklə nəzərdə tutulan bütün prosessual hərəkətlərdə iştirak etmiş, o cümlədən cavabdehlərin hər ikisi və onların həyat yoldaşları notariat orqanına gələrək alqı–satqı müqaviləsinin rəsmiləşdirilməsində birbaşa iştirak etmişlər. Bundan başqa alqı–satqı zamanı əmlakın dəyəri bank vasitəsilə satıcının hesabına köçürülmüşdür. İlkin iddiaçıların ona qarşı qaldırmış olduqları iddianın heç bir hüquqi əsası yoxdur, əksinə həmin iddia nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Belə ki, o, ailə üzvləri ilə birlikdə aviabilet alaraq Rusiya Federasiyasına getmək ərəfəsində olan zaman ilkin iddiaçılar ona qarşı iddia qaldırmış, o isə məcbur olub həmin biletləri dəyərindən aşağı qiymətə qaytarmalı olmuşdur. Biletlərin hər biri 700 manat olduğu halda, o, biletleri qaytaran zaman 800 manat zərər etmişdir. Həmçinin, hesab edir ki, o, vicdanlı alıcıdır və pulunu ödəməklə əmlak əldə etmişdir. Eləcə də, ilkin iddiaçılar ona qarşı əsassız iddia qaldırdıqları üçün mənəvi iztirablar keçirmiş, bununla da ona mənəvi zərər dəymişdir. Odur ki, ilkin iddia əsassız olduğu üçün rədd edilməsi, cavabdehlərdən maddi zərərə görə 800 manat, mənəvi zərərə görə 10.000 manat olmaqla, cəmi 10.800 manat məbləğindən pulun alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıların nümayəndəsi Nümayəndə1 məhkəməyə “iddia tələbinin dəqiqləşməsi haqqında” əlavə ərizə təqdim edərək göstərmişdir ki, iddia ərizəsində texniki səhv olaraq Şəmkir Rayon 1 saylı Notariat Ofisi cavabdeh kimi qeyd edilmiş, yəni iddia ərizəsi iddiaya cavab verməli olmayan şəxsə qarşı irəli sürülmüşdür. Odur ki, Şəmkir Rayon 1 saylı Notariat Ofisinin cavabdeh kimi işdən çıxarılıb, əsl cavabdeh kimi Gəncə şəhər 2 saylı Notariat Ofisinin işə cəlb edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2023–cü il tarixli qərardadı ilə cavabdeh Şəmkir Rayon 1 saylı Notariat Ofisi əsl cavabdeh Gəncə şəhər 2 saylı Notariat Ofisi ilə əvəz edilmişdir. İlkin İddiaçı1 məhkəmə iclası zamanı ilk iddia tələbini müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh1 onun dostu, eyni zamanda iş birliyi olan şəxsdir. Onunla müxtəlif vaxtlarda birgə ticarət əlaqələri olmuş və bir yerdə yaxşı qazanc əldə etmişlər. Axırıncı dəfə 2022–ci ildə Orxanla aralarında olan razılaşmaya əsasən Orxanla Rusiya daxilində pul köçürməsi ilə məşğul olmaq qərarına gəlmişlər, lakin buna görə onlara kifayət qədər vəsait lazım olmuşdur. Həmin vaxt onların kifayət qədər pulu olmamış, bu səbəbdən girov müqabilində bankdan kredit götürmək qərarına gəlmişlər. Orxanın mülkiyyətində belə bir əmlak olmadığından onların əmlakını banka girov qoymaq barədə razılaşmışlar. Bundan sonra mülkiyyət hüququ ilə adına qeydə alınmış, Şəmkir şəhəri, X5 küçəsi, 10 saylı ünvanda yerləşən 0.06 ha həyətyanı torpaq sahəsini üzərində olan fərdi yaşayış evi ilə birlikdə girov qoyulmasına dair cavabdehə etibarnamə vermiş, eyni zamanda digər İddiaçı2 həmin ünvanda yerləşən və mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış 0.06 ha həyətyanı torpaq sahəsinin də Cavabdeh1 tərəfindən ipoteka ilə yüklü edilməsinə razılıq vermişdir. Bu səbəbdən onlar hər ikisi Cavabdeh1 adına etibarnamə vermişlər ki, cavabdeh onların iştirakı olmadan hər iki torpaq sahəsini ipoteka ilə yüklü edib, bankdan yüksək məbləğdə kredit götürsün. Bundan sonra Cavabdeh1 birlikdə notariat kontora getmiş və xahiş etmişlər ki, onların adlarından torpaq sahələri ilə bağlı müvafiq etibarnamə tərtib olunsun və həmin etibarnamədə Cavabdeh1 həmin əmlakların ipoteka ilə yüklü edilməsi üçün müvafiq səlahiyyətlər verilsin. Cavabdeh Şəmkir rayon 1 saylı Notariat ofisi onların adından qeyd olunan etibarnamələri yazarkən texniki yalnışlığa yol vermiş, onlar nəzərdə tutuduqları səlahiyyətlərdən başqa, həm də həmin əmlakların alqı–satqısı və bağışlanma səlahiyyətlərini də etibarnamədə qeyd etmişdir. Cavabdeh1 isə onların etibarından öz şəxsi məqsədləri üçün istifadə edərək, eyni zamanda cavabdeh Şəmkir rayon 1 saylı Notariat Ofisinin səhvindən istifadə edərək, mülkiyyət hüququ ilə onlara məxsus olan, Şəmkir şəhəri, X5 küçəsi, 10 saylı ünvanda yerləşən 0.12 ha (0.06 ha + 0.06 ha ) həyətyanı torpaq sahəsini Cavabdeh2 ilə razılığa gələrək onun adına uydurma alqı– satqı müqaviləsi bağlamışdır. Cavabdeh2 isə hər iki torpaq sahəsinə yerində baxış keçirmədən, həmin əmlaklarla bağlı hər hansı mübahisə olub–olmamasını aydınlaşdırmadan mülkiyyət hüququna dair Çıxarış əldə etmişdir. Eyni zamanda cavabdeh Şəmkir 11 saylı Ərazi İdarəsi həmin çıxarışları tərtib edərkən mübahisəli əraziyi yerində baxış keçirmədən Cavabdeh2 adına mübahisə predmeti olan torpaq sahələrinə boş torpaq sahəsi kimi müvafiq çıxarışlar tərtib etmişdir. Halbuki, hər iki torpaq sahəsi boş deyil və hər iki torpaq sahəsində fərdi yaşayış evi vardır. Hazırda hesab edirlər ki, hər iki alqı–satqı müqaviləsi etibarsız hesab olunmalı, həmin alqı–satqı müqaviləsi əsasında Cavabdeh2 adına tərtib olunmuş mülkiyyət hüququna dair çıxarışlar ləğv olunmalıdır. Çünki həmin müqavilə onların iradə ifadələrini əks etdirmir. Cavabdeh2 isə vicdanlı alıcı deyildir. Əlavə olaraq qeyd edir ki, mübahisəli əmlakın hazırki bazar qiyməti təxminən 300.000 manat təşkil edir. Belə olan halda qeyd olunan torpaq sahələrinin dəyərindən daha aşağı satılması da həmin müqavilənin əsassız olmasına dəlalət edir. Mübahisə predmeti olan müqavilələr onları çox ağır vəziyyətə salmış və onları mülkiyyətlərində olan əmlaklardan məhrum etmişdir. Həmçinin, onlara qarşı qaldırılmış qarşılıqlı iddianı əsassız hesab edir. Belə ki, onlar mülkiyyətlərində olan əmlakdan məhrum olunduqları halda, cavabdehin maddi və mənəvi zərərə düşməsi əsaslı hesab oluna bilməz. Əksinə onlar kifayət qədər maddi və mənəvi zərərə məruz qalmışdır. Odur ki, Gəncə şəhər 2 saylı Notariat Kontorunda Cavabdeh1 ilə Cavabdeh2 arasında 02 sentyabr 2022–ci il tarixdə bağlanmış 4Ə–679 reyestr nömrəli alqı–satqı müqavilələrinin etibarsız hesab olunması, həmin müqavilə əsasında Cavabdeh2 adına tərtib olunmuş **********–10301 reyestr nömrəli Çıxarışın ləğv olunması, Şəmkir şəhəri, X5 küçəsi 10 saylı ünvanda yerləşən 0.06 ha torpaq sahəsinə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında 02 sentyabr 2022–ci il tarixdə bağlanmış 4Ə–678 reyestr nömrəli alqı–satqı müqavilələrinin etibarsız hesab olunması və həmin müqavilə əsasında Cavabdeh2 adına tərtib olunmuş ********** reyestr nömrəli Çıxarışın ləğv olunması, həmçinin qarşılıqlı iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı ilkin İddiaçı2 və iddiaçıların nümayəndəsi Nümayəndə1 ilk iddia tələbini müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək, ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi, qarşılıqlı iddianı isə müdafiə etdi və izahatında göstərdi ki, 2022–ci ilin ortalarında torpaq almaq istəmiş, həmin istəyini tanışlarına bildirmişdir. Bundan sonra 2022–ci ilin avqust ayında bacısı oğlu Ülvi onunla əlaqə saxlayaraq Şəmkir şəhərində torpaq satıldığını bildirmişdir. O isə Ülviyə maraqlanmasını demişdir. Bir müddət sonra Ülvi ona iki ədəd videogörüntü göndərmiş, görüntülərə baxarkən torpaq sahəsinin və üzərindəki fərdi yaşayış evinin Şəmkir şəhərində yerləşməsini bilmiş və qeyd olunan əmlakı almaq qərarına gəlmişdir. Bundan sonra Babək adlı şəxslə əmlakı almaq barəsində telefonda danışmış və 02 sentyabr 2022–ci il tarixdə Gəncə şəhərində görüşməli olmuşlar. Həmin vaxt Babək ona özünün alqı–satqıda iştirak etməsə belə, əmlakın sahibinin iştirak edəcəyini bildirmişdir. 02 sentyabr 2022–ci il tarixdə Gəncə şəhərində notariat kontorunun qarşısında Cavabdeh1la görüşmüş, sonuncu əmlakın ona məxsus olmasını demiş, onun gətirdiyi etibarnaməyə baxmış və onunla alqı–satqı etməyə razılaşmışdır. Bundan sonra mübahisəli torpaq sahələrini tam qanuni əsaslarla, pulunu ödəməklə və notarial qaydada müqavilə bağlamaqla Cavabdeh1 satın almış, həmin müqavilələr əsasında isə adına Çıxarış tərtib edilmişdir. Hazırda ona qarşı qaldırılmış iddianı qəbul etmir. Belə ki, iddiaçılar öz iradələrini sərbəst ifadə etməklə etibarnamə vermiş, hətta iddiaçının həyat yoldaşı da əmlakın satılmasına dair razılıq ərizəsi vermişdir. Torpaq sahələrini alarkən iddiaçılara məxsus olmasını bilməmiş, sonradan iddiaçıların atası vasitəsilə bu barədə məlumatlı olmuşdur. Həmçinin, Orxanla iddiaçıların iş birliyinin olmasından xəbəri olmamışdır. Hesab edir ki, o, vicdanlı alıcı olmaqla, habelə dəyərini ödəməklə və qanuni əsaslarla torpaq sahəsini satın almış, iddiaçılar isə əsassız varlanmaq niyyətinə düşmüşlər. Bu səbəbdən ilkin iddianı əsassız hesab edir. Əlavə olaraq qeyd edir ki, iddiaçılar ona qarşı iddia qaldırdıqları zaman ailə üzvləri ilə birlikdə aviabilet alaraq Rusiya Federasiyasına getmək ərəfəsində olmuş, bu səbəbdən məcbur olub həmin biletləri dəyərindən aşağı qiymətə qaytarmalı olmuşdur. Biletlərin hər biri 700 manat olduğu halda, o, biletleri qaytaran zaman 800 manat zərər etmişdir. Eləcə də, ilkin iddiaçılar ona qarşı əsassız iddia qaldırdıqları üçün mənəvi iztirablar keçirmiş, bununla da ona mənəvi zərər dəymişdir. Odur ki, ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı qarşılıqlı iddiaçı Cavabdeh2 nümayəndəsi Nümayəndə2 qarşılıqlı iddia tələbini müdafiə edərək, ilkin iddianı isə qəbul etməyərək, qarşılıqlı iddianın təmin, ilkin iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı Cavabdeh1 nümayəndəsi Vəkil təmsil etdiyi şəxsə qarşı sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, təmsil etdiyi şəxslə İddiaçı1 iş ortaqlıqları olmuş, əvvəllər iş quraraq gəlir əldə etmişlər. X4 borcu yaranmış, lakin maddi imkanı olmadığından borcunu qaytara bilməmiş, mübahisəli torpaq sahəsini isə borcun əvəzinə etibarnamə əsasında Orxana vermişdir. Bundan sonra isə Orxan tam qanuni əsaslarla torpaq sahəsini digər Cavabdeh2 satmışdır. Hazırda iddianı qəbul etmir. Belə ki, iddiaçılar şəxsən Orxana etibarnamə verməklə öz sərbəst iradələrini ifadə etmiş, hətta həyat yoldaşları belə əmlakın satılmasına notarial qaydada razılıq vermişlər. Bu hal isə iddiaçıların niyyətlərinin əmlakı Orxanın adına rəsmiləşdirmək olmasını sübut edir. Belə olan halda iddianın təmin edilməsi üçün heç bir əsas müəyyən olunmur. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. İlkin iddia üzrə cavabdehlər DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə və Gəncə şəhər 2 saylı Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hec bir məlumat verməmişlər. Məhkəmə işə həmin cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək, hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan 02 sentyabr 2022–ci il tarixdə Gəncə şəhər 2 saylı Notariat Ofisində Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 4Ə–678 reyestr nömrəli daşınmaz əmlakın alqı–satqı müqaviləsindən görünür ki, İddiaçı1 əvəzindən Cavabdeh1 Şəmkir şəhəri, X5 küçəsi 10 saylı ünvanda yerləşən 0.06 ha torpaq sahəsini 60.000 manata Cavabdeh2 satmışdır. İşdə olan 02 sentyabr 2022–ci il tarixdə Gəncə şəhər 2 saylı Notariat Ofisində Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 4Ə–679 reyestr nömrəli daşınmaz əmlakın alqı–satqı müqaviləsindən görünür ki, İddiaçı2 əvəzindən Cavabdeh1 Şəmkir şəhərində yerləşən 0.06 ha torpaq sahəsini 60.000 manata Cavabdeh2 satmışdır. İşdə olan DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş arayışlardan görünür ki, Şəmkir şəhəri, X5 küçəsi 10B saylı ünvanda yerləşən 0.06 ha torpaq sahəsinə dair Cavabdeh2 adına tam mülkiyyət hüquqi ilə 06 sentyabr 2022–ci il tarixli, ********** qeydiyyat nömrəli, Şəmkir şəhəri, X5 küçəsi 10 saylı ünvanda yerləşən 0.06 ha torpaq sahəsinə dair 06 sentyabr 2022–ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışlar verilmişdir. İşdə olan xx.xx.2023–cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Cavabdeh1 barəsində Azərbaycan Respublikası CM–nin 178–ci maddəsi ilə cinayət işinin başlanması əməlində cinayət tərkibi olmaması əsası ilə rədd edilmişdir. İşdə olan 02 sentyabr 2022–ci il tarixli 4Ə–678 reyestr nömrəli notariat işində olan xx.xx.2022–ci il tarixli Çıxarışdan görünür ki, Şəmkir şəhəri, X5 küçəsi 10 saylı ünvanda yerləşən 0.06 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına qeydə alınmışdır. İşdə olan 02 sentyabr 2022–ci il tarixli 4Ə–678 reyestr nömrəli notariat işində olan xx.xx.2022–ci il tarixli etibarnamədən görünür ki, İddiaçı1 xx.xx.2022–ci il tarixli Çıxarışa əsasən mülkiyyətində olan Şəmkir şəhəri, X5 küçəsi 10 saylı ünvanda yerləşən 0.06 ha torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı və digər hüquqları Cavabdeh1 etibar etmişdir. İşdə olan 02 sentyabr 2022–ci il tarixli 4Ə–678 reyestr nömrəli notariat işində olan xx.xx.2022–ci il tarixli ərizədən görünür ki, Əmiraslanova Hicran İlham qızı İddiaçı1 məxsus olan Şəmkir şəhəri, X5 küçəsi 10 saylı ünvanda yerləşən 0.06 ha torpaq sahəsinin satılmasına etiraz etmədiyini bildirmişdir. İşdə olan 02 sentyabr 2022–ci il tarixli 4Ə–679 reyestr nömrəli notariat işində olan xx.xx.2017–ci il tarixli Çıxarışdan görünür ki, Şəmkir şəhərində yerləşən 0.06 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı2 adına qeydə alınmışdır. İşdə olan 02 sentyabr 2022–ci il tarixli 4Ə–679 reyestr nömrəli notariat işində olan xx.xx.2022–ci il tarixli etibarnamədən görünür ki, İddiaçı2 xx.xx.2017–ci il tarixli Çıxarışa əsasən mülkiyyətində olan Şəmkir şəhərində yerləşən 0.06 ha torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı və digər hüquqları Cavabdeh1 etibar etmişdir. İşdə olan 02 sentyabr 2022–ci il tarixli 4Ə–678 reyestr nömrəli notariat işində olan və ünvan 4 ünvanlanmış 02 sentyabr 2022–ci il tarixli məktubdan görünür ki, Cavabdeh2 tərəfindən verilmiş, daşınmaz əmlakın dəyəri olan 60.000 manat pulun müvafiq müqavilə təsdiq edildikdən sonra İddiaçı1 nümayəndəsi Cavabdeh1 verilməsi üçün bankda olan depozit hesabına qəbul edilməsi xahiş olunmuşdur. İşdə olan 02 sentyabr 2022–ci il tarixli 4Ə–678 reyestr nömrəli notariat işində olan 02 sentyabr 2022–ci il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh2 tərəfindən 60.000 manat məbləğində pul "xxxx" ASC–nin depozit hesabına köçürülmüşdür. İşdə olan 02 sentyabr 2022–ci il tarixli 4Ə–679 reyestr nömrəli notariat işində olan və ünvan 4 ünvanlanmış 02 sentyabr 2022–ci il tarixli məktubdan görünür ki, Cavabdeh2 tərəfindən verilmiş, daşınmaz əmlakın dəyəri olan 60.000 manat pulun müvafiq müqavilə təsdiq edildikdən sonra İddiaçı1 nümayəndəsi Cavabdeh1 verilməsi üçün bankda olan depozit hesabına qəbul edilməsi xahiş olunmuşdur. İşdə olan 02 sentyabr 2022–ci il tarixli 4Ə–679 reyestr nömrəli notariat işində olan 02 sentyabr 2022–ci il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh2 tərəfindən 60.000 manat məbləğində pul "xxxx" ASC–nin depozit hesabına köçürülmüşdür. Beləliklə, məhkəmə tərəflərin izahatlarının, iş materiallarının və əlavə edilmiş digər sənədlərin tam və hərtərəfli tədqiqi nəticəsində müəyyən etdi ki, Şəmkir şəhəri, X5 küçəsi 10 saylı ünvanda yerləşən 0.06 ha torpaq sahəsi xx.xx.2022–ci il tarixli Çıxarış əsasında tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına qeydə alınmış, İddiaçı1 xx.xx.2022–ci il tarixli etibarnamə əsasında həmin torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı və digər hüquqları Cavabdeh1 etibar etmişdir. Cavabdeh1 həmin etibarnamə əsasında qeyd olunan torpaq sahəsini 02 sentyabr 2022–ci il tarixdə Gəncə şəhər 2 saylı Notariat Ofisində bağlanmış 4Ə–678 reyestr nömrəli daşınmaz əmlakın alqı–satqı müqaviləsi əsasında Cavabdeh2 satmışdır. Bundan sonra həmin torpaq sahəsinə dair Cavabdeh2 adına tam mülkiyyət hüquqi ilə 06 sentyabr 2022–ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Həmçinin, məhkəmə iclasında müəyyən edildi ki, Şəmkir şəhərində yerləşən 0.06 ha torpaq sahəsi xx.xx.2017–ci il tarixli Çıxarış əsasında tam mülkiyyət hüququ üzrə İddiaçı2 adına qeydə alınmış, İddiaçı2 xx.xx.2022–ci il tarixli etibarnamə əsasında həmin torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı və digər hüquqları Cavabdeh1 etibar etmişdir. Cavabdeh1 həmin etibarnamə əsasında qeyd olunan torpaq sahəsini 02 sentyabr 2022–ci il tarixdə Gəncə şəhər 2 saylı Notariat Ofisində bağlanmış 4Ə–679 reyestr nömrəli daşınmaz əmlakın alqı–satqı müqaviləsi əsasında Cavabdeh2 satmışdır. Bundan sonra həmin torpaq sahəsinə dair Cavabdeh2 adına tam mülkiyyət hüquqi ilə 06 sentyabr 2022– ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Məhkəmə ilk öncə aşağıdakılara əsasən ilkin iddiaya qiymət verməyi zəruri hesab edir. Belə ki, məhkəmə işin məyyən olunmuş hallarına əsasən hesab edir ki, mübahisəli torpaq sahələri üzərində Cavabdeh2 mülkiyyət hüququnun əmələ gəlməsinə notarial qaydada qeydə alınmış alqı–satqı müqavilələri əsas olmuşdur. Həmin müqavilələr əsasında Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 11 saylı Ərazi İdarəs tərfindən 06 sentyabr 2022–ci il tarixli, ********** qeydiyyat nömrəli və ********** qeydiyyat nömrəli Çıxarışlar verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 334.1–ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331–ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 331.1–ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə baölandıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 329.1–ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337–ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2–ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.4–cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1–ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Göründüyü kimi qanunverici istinad edilən maddi hüquq normalarında əqdi (müqaviləni) bağlandığı zaman şəxsin öz iradəsini sərbəst ifadə etmək, öz hərəkətlərinin mənasını başa düşmək və ya onlara rəhbərlik edə bilmək imkanına malik olmasını, həmçinin daşınmaz əmlakla bağlı əqdin isə notariat qaydada təsdiqlənməsini imperativ qaydada müəyyən etmişdir. Həmin şərtlərin və qaydaların pozulması əqdin etibarsızlığına səbəb olur. Həmçinin, mülki qanunvericilik daşınmaz əmlak üzərində mülkiyyət hüququ əldə etmənin yollarından biri kimi, mülki hüquq münasibətləri subyektlərinin belə əmlakla bağlı müxtəlif əqdlər, o cümlədən alqı–satqı müqavilələri bağlama imkanlarını nəzərdə tutur. Belə münasibətlərin və ondan doğan nəticələrin qanuniliyini, sabitliyi və davamlılığını təmin etməkdən ötrü qanunverici adı çəkilən əqdlə bağlı bir sıra şərtlər də irəli sürür. Bu şərtlərin məcmu halında mahiyyəti ondan ibarətdir ki, daşınmaz əmlak üzərində qanuni əsaslarla yaranmış mülkiyyət hüququnu Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyatdan keçirmiş mülkiyyətçi onu öz iradəsi daxilində digər şəxslərə sərbəst surətdə bağladığı alqı–satqı müqaviləsi ilə sata bilər. Daşınmaz əmlakın alqı–satqı müqaviləsi elə bir zəruri vasitədir ki, onun köməyilə əmtəə–pul dövriyyəsi sferasında yaranan ictimai münasibətlərin geniş dairəsi qaydaya salınır, tənzimlənir və bu yolla həmin ictimai münasibətlərdəki sabitlik və dayanıqlılıq təmin edilir. Mübahisə üzrə nəticəyə gələrkən məhkəmə həmçinin əqdlərin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin ümumi yanaşmasını da nəzərə alaraq qeyd edir ki, əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. İşin müəyyən edilmiş faktiki hallarını və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, Gəncə şəhər 2 saylı Notariat Ofisində bağlanmış alqı–satqı müqavilələrinin etibarsız hesab olunması üçün əsaslar mövcud deyildir. Belə ki, İddiaçı2 xx.xx.2022–ci il tarixdə, İddiaçı1 isə xx.xx.2022–ci il tarixdə Cavabdeh1 notarial qaydada etibarnamə verməklə mübahisəli torpaq sahələrini satmağı ona etibar etmişlər. Həmin tarixdən qısa müddət sonra, yəni xx.xx.2022–ci il tarixdə isə İddiaçı1 arvadı Əmiraslanova Hicran İlham qızı notarial qaydada ərizə verməklə İddiaçı1 məxsus olan Şəmkir şəhəri, X5 küçəsi 10 saylı ünvanda yerləşən 0.06 ha torpaq sahəsinin satılmasına etiraz etmədiyini bildirmişdir. Göründüyü kimi, iddiaçılar mübahisəli torpaq sahəsini banka girov qoymaq məqsədilə Cavabdeh1 etibarnamə verilməsini iddia etsələr də, etibarnamə verildikdən 4 gün sonra İddiaçı1 arvadı tərəfindən notarial qaydada verilmiş ərizədə də o, əmlakın girov qoyulmasına deyil, satılmasına etiraz etmədiyini bildirmişdir. Bu hal isə bir daha belə inamlı nəticəyə gəlməyə əsas verir ki, iddiaçıların əsl niyyətləri torpaq sahələrini satmaqdan ibarət olmuşdur və belə olduğu halda, Cavabdeh1 nümayəndəsinin izahatı daha ağlabatan və inandırıcı görünür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021–ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354–cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarında Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən hər hansı qədin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. Həmin Qərarda daha sonra göstərilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub–olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün ilk növbədə istinad olunan həmin əqdin etibarlı olub–olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqazidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Məhkəmə, sadalanan mülki hüquq normalarının tətbiqi və işin müəyyən edilmiş hallarının tədqiqi nəticəsində qənaətə gəlir ki, mübahisələndirilən alqı–satqı müqaviləri əsasında Cavabdeh2 torpaq sahələrini əldə edərkən mülki qanunvericiliyin əqdlərin bağlanması üçün nəzərdə tutulmuş tələblərinə əməl edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003–cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” 12 aprel 2004–cü il tarixli Qərarında göstərilmişdir ki, müqavilə bağlanması ilə yaranan daşınmaz əmlaka mülkiyyət hüququnun onu əldə edən şəxsə tam keçməsi bu hüququn verildiyinin dövlət reyestrində qeydə alındığı tarixdən etibarən baş verir (Mülki Məcəllənin 146–cı maddəsi). Həmin anda həmçinin əmlakı özgəninkiləşdirilən şəxsin bu əmlaka olan mülkiyyət hüququna xitam verilir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5–ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alqı–satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331–ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1–ci maddələri). «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 46–cı maddəsində göstərilir ki, qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, habelə ər–arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlanması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. «Notariat haqqında» Qanuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000–ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatda nəzərdə tutulur ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair əqdlər təsdiq edərkən digər vəzifələrlə yanaşı notariuslar: notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərin şəxsiyyətini müəyyən etməli; əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalı; özgəninkiləşdirilən mənzildə kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb etməli və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını almalıdır (17, 38, 46, və 49–cu bəndlər). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui–istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339–cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alqı–satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki Məcəllənin 339–cu maddəsi bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqdin etibarsızlığını nəzərdə tutur. Həmin Məcəllənin 339.2 və 339.3–cü maddələrinə görə isə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana biləcəyinin aşkar olduğu hallarda həyatya keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin mübbahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqdi mübahisələndirə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə–bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. Məhkəmə işin araşdırılmış hallarına əsasən qeyd edir ki, Cavabdeh1 və Cavabdeh2 alqı–satqı müqavilələrini bağlayarkən öz iradələrini sərbəst şəkildə ifadə etmişlər. Həmçinin, müqavilələr bağlanarkən notarius tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi halı aşkar edilməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, Cavabdeh2 vicdanlı alıcıdır. Həmçinin, qeyd olunmalıdır ki, Cavabdeh1la Cavabdeh2 arasında iddiaçıları aldatmaq məqsədi güdən hər hansı münasibətin olması müəyyən edilmir, bu hal da, alqı–satqı müqavilələrinin iddiaçıları aldatmaq yolu ilə bağlanmasını istina edir. İddiaçı tərəf isə onların aldadılması nəticəsində müqavilələrin bağlanmasını bildirsə də, tələbini təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəf məhkəmə iclasında mübahisəli əmlakın hazırki bazar qiymətinin təxminən 300.000 manat təşkil etməsini, belə olan halda qeyd olunan torpaq sahələrinin dəyərindən daha aşağı satılmasını həmin müqavilələrin əsassız olmasına dəlalət etdiyini iddia etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003–cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” 12 aprel 2004–cü il tarixli Qərarında göstərilmişdir ki, mənzilin hansı qiymətə satılıb alınması və əvəzinə pulun nə vaxt və hansı qaydada verilməsi alqı–satqı müqaviləsi tərəflərinin iradəsindən asılıdır. Mənzilin əvəzinə pulun verilməsi faktının əlavə hər hansı sənədlə təsdiq olunması mövcud qanunvericilikdə nəzərdə tutulmur və bu hal tərəflərin razılığı ilə həyata keçirilə bilər. Belə olan halda məhkəmə qeyd edir ki, tərəflər mübahisəli torpaq sahələrinə dair alqı–satqı müqavilələrini bağlayarkən öz iradələrindən asılı olaraq əmlakın dəyərini müəyyən etmişlər. Bu səbəbdən iddiaçı tərəfin əmlakın dəyərini mübahisələndirməsi heç bir mötəbər əsasa dayanmır və ilkin iddianın həll edilməsində heç bir rol oynamır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3 və 178.1–ci maddələrində qeyd edilmişdir ki, dövlət qeydiyyatına alınmalı olan hüquqlar, qanunda digər qayda nəzərdə tutulmadığı halda, qeydiyyata alındığı andan yaranır. Şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın DƏDRX–də qeydiyyata alındığı andan yaranır. Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış isə həmin qeydiyyatı əks etdirən sənəddir. Məhkəmə qeyd edir ki, iddiaçıların çıxarışların ləğvini, müqavilələrin etibarsızlığını, dolayısı ilə torpaq sahəsini geri tələb edə bilməsi üçün hələ də torpağın mülkiyyətçisi olmalıdır. Cavabdeh tərəf isə vicdanlı alıcı olduğu üçün torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140–cı maddəsinə əsasən reyestrin məzmununun qeyri–dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri–dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Qeyd olunan maddəyə əsasən, qanunda daşınmaz əmlakın dövlət reyestrinin məzmununun düzgünlük və tamlıq prezumpsiyası vardır və cavabdeh tərəf torpaq sahəsi üzərində mülkiyyət hüququnu vicdanlı əldə etmişdir. Belə olan halda iddiaçılar artıq mülkiyyətçi olmadığından hazırki iddianı irəli sürə bilməz. Eləcə də, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140–cı maddəsində nəzərdə tutulan prezumpsiya əldə edən qeydiyyatın düzgün olmadığını pozitiv olaraq bildiyi və ya MM–nin 141–ci maddəsinə əsasən qeydiyyatın düzgünlüyünə dair etiraz qeyd edildiyi hallarda qüvvədə olmur. Sonuncu vasitə həqiqi mülkiyyətçinin əlində dövlət qeydiyyatında hüquqi vəziyyətə uyğun olmayan məlumatlara inanmaqla üçüncü şəxslərin vicdanlı əldə etməsinin tam aydınlaşdırılması və dövlət qeydiyyatında formal düzəlişlərin edilməsinə qədər qarşısını alan vacib məsələlərdən biridir. Bu prezumpsiya sübutetmə yükünün dəyişməsinə də səbəb olur. Burada sübutetmə yükünü dövlət qeydiyaytına düzgün olaraq qeydə alınmayan deyil, dövlət qeydiyyatının düzgünlüyünü mübahisələndirən daşıyır. Həmçinin, daşınmaz əşya ilə bağlı ehtiyatsızlıqdan bilməmə faktı vicdanlı olması istisna etmək üçün kifayət etmir. Ona görə də Cavabdeh2 mübahisə olunan torpaq sahələri üzərində mülkiyyət hüququnu vicdanlı əldə etmişdir. Belə olan halda isə iddiaçılar artıq torpaq sahəsinin mülkiyyətçisi deyil və qaytarmanı tələb edə bilməz. Məhkəmə, həmçinin qeyd edir ki, iddiaçılar notarial qaydada etibarnamə verməklə, mübahisəli torpaq sahələri üzərində sərəncam verməyi, satmağı və digər hüquqları Cavabdeh1 etibar etmişdir. Orxan Novruz isə mübahisəli torpaq sahələrini notariat qaydada təsdiq edilmiş alqı–satqı müqavilələri əsasında Cavabdeh2 satılmışdır. Həmin müqavilələr Cavabdeh2 mübahisəli torpaq sahələri üzərində hüquqların əmələ gəlməsinin və onun mülkiyyətinə keçməsinin dövlət qeydiyyatı üçün əsas olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 149.2–ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Göstərilən normanın tələbinə görə iddiaçıların tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, Cavabdeh2 mübahisəli torpaq sahələrinə görə qeydə alınmış mülkiyyət hüququ əsassız olmalı və həmin qeydə alınmanın əsassız olduğunu cavabdehlər bilməlidirlər. O halda iddiaçılar çıxarışların ləğv edilməsi haqqında iddia qaldıra bilər. hazırki vəziyyətdə isə belə bir halın mövcudluğu müəyyən edilməmişdir. Belə ki, işin müəyyən edilmiş hallarından da görünür ki, Cavabdeh2 mübahisəli torpaq sahələrinə görə qeydə alınmış mülkiyyət hüququnun və bağlanmış müqavilələrin əsassız olmasına dəlalət edən hallar müəyyən olunmamış, nə də iddiaçılar tərəfindən tələbini təsdiq edəcək mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu isə onun deməyə əsas verir ki, iddiaçıların tələbinin təmin edilməsi üçün kifayət qədər əsaslar yoxdur. Belə olan halda, məhkəmə hesab edir ki, ilkin iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə həmçinin, aşağıda qeyd olunanlara əsasən qarşılıqlı iddianı da əsaslı hesab etmir. Belə ki, qarşılıqlı iddiaçı Cavabdeh2 ailə üzvləri ilə birlikdə aviabilet alaraq Rusiya Federasiyasına getmək ərəfəsində olan zaman ilkin iddiaçıların ona qarşı iddia qaldırmasını, onun isə məcbur olub həmin biletləri dəyərindən aşağı qiymətə qaytarmasını, bununla da ona maddi zərər dəyməsini iddia etsə də, həmin halı mötəbər sübutlarla təsdiq edə bilməmiş, o cümlədən məhkəməyə iddia tələbini təsdiq edən sübutlar təqdim etməmişdir. Göründüyü kimi qarşılıqlı iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməli olmasına baxmayaraq, məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş, bununla da qarşılıqlı iddiaçıya 800 manat məbləğində maddi zərər dəyməsi iş materialları ilə təkzib edilmişdir. Bu səbəbdən qarşılıqlı iddianın maddi zərərlə bağlı hissəsi əsaslı olmadığından rədd edilməlidir. İddianın mənəvi zərərə görə 10.000 manat məbləğində pul tələbi hissəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddianın həmin hissəsi də əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23–cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002–ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən ziyan törədir. Zərər yetirmə şəxsin subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququnun pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Eyni zamanda “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008–ci il tarixli 7 nömrəli qərarının 2–ci bəndində göstərilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 10–cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərər vuran şəxsin təqsiri və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablada dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Yuxarıda qeyd olunan Qərarların mənasından aydın olur ki, şəxsə mənəvi zərərə görə kompensasiya ödənilməsi nəzərdə tutulsa da, zərərçəkən şəxsin mənəvi sarsıntı və iztiraba məruz qalmasını sübut etməsi vacib şərt kimi önə çəkilmişdir. Qanunvericiliyin mənasına görə zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə, isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Buna baxmayaraq, işə məhkəmədə baxılarkən qarşılıqlı iddiaçı keçirdiyi mənəvi sarsıntı və fizki iztirab nəticəsində mənəviyyatına dəyən zərər barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. İş materiallarından da belə sübutların olması görünmür. Ona görə də məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçının mənəvi zərərə görə 10.000 manat kompensasiya tələbi əsaslı deyildir və qarşılıqlı iddia tələbi mənəvi ziyana aid hissədə də sübut olunmadığından təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İlkin iddia rədd edilsin. İlkin iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə və Gəncə şəhər 2 saylı Notariat Ofisinə qarşı alqı–satqı müqavilələrinin etibarsız hesab olunması və Çıxarışların ləğv olunması tələbinə dair ilkin iddiası təmin edilməsin. Qarşılıqlı iddia rədd edilsin. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 ilkin iddiaçılar İddiaçı1 və İddiaçı2 qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-2440/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2440/2023
30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver