Məhkəmə qərarları › İş №2(076)-2442/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2442/2025

18.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2442/2025 18.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Çıxarışın ləğv edilməsi və əmlakın qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Çıxarışın ləğv edilməsi və əmlakın qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,  cavabdehlə onun arasında olan AN-1 № ******* saylı xx.xx.2011-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilməklə onun əsasında verilmiş Seriya nömrəsi ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli reyestr çıxarışının ləğv edilməsi, həmin əmlakın maneə yaratmadan ona qaytarılması və ödənilən dövlət rüsumu 100 manat pulun, 300 manat vəkil xərcinin Cavabdeh alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlə onun arasında olan AN-1 № ******* saylı xx.xx.2011-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, onun əsasında da verilmiş Seriya nömrəsi ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli reyestr çıxarışının ləğv edilməsi, həmin əmlakın maneə yaratmadan ona qaytarılması və ödənilən dövlət rüsumu 100 manat pulun və 300 manat vəkil xərcinin Cavabdeh alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 2011-ci ildən də əvvəl şərikli alış-veriş etmiş, dostluq münasibətləri olmuşdur. Onların arasında inam və etibar olmuşdur. Alış-veriş zamanı yekunda iddiaçının cavabdehə ümumilikdə 100.000 (bir yüz min) manat məbləğində borcu yaranmışdır. Həmin borcu nağd şəkildə qaytara bilmədiyi üçün aralarında həmin pulun əvəzinə Tovuz rayonu, Dondar Quşçu kəndində yerləşən iddiaçıya məxsus 2.68382 ha torpaq sahəsi və onun üzərində yerləşən 541.8 kv.m olan müəssisə əmlak kompleksi cavabdehin təkidi və təklifi ilə ******* saylı, xx.xx.2011-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən az məbləğdə, yəni 5000 manat məbləğində pula formal alqı-satqı yolu ilə rəsmiləşdirilmişdir. Onun əsasında verilmiş Seriya nömrəsi ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli reyestr çıxarışı da alınmışdır. Cavabdeh tələb etmişdir ki, əmlak iddiaçının adında olsun, iddiaçının adından satılsın, həmin puldan 100.000 manat hissəsini, yəni borcunu götürsün. Razılaşmaları belə olmuşdur ki, bu torpaq sahəsi cavabdeh tərəfindən satılıb qurtaranadək iddiaçının ona olan ümumi 100.000 manat borcu olduğu kimi qalsın. Bu borc hər 3-5 ildən bir cavabdehin məcbur etməsi ilə aralarında yazılı qəbzlə etiraf kimi təzələnmişdir. İddiaçı borcunu inkar edə bilməmişdir. Lakin razılaşmaları belə olmuşdur ki, həmin torpaq sahəsi satıldıqdan sonra iddiaçının 100.000 manat borcu cavabdehə ödənilməli, əmlakın qalan hissəsinin dəyəri isə iddiaçıya qaytarılmalı idi. Təxminən 2022-ci ildə iddiaçının pula ehtiyacı yarandığına görə cavabdehdən əmlakının dəyərinin 100.000 manat hissəsini satıb çıxmaqla qalan hissəsini tələb etmişdir. Cavabdeh isə ona pul verməyəcəyini və əmlakı qaytarmayacağını bildirmişdir. Əksinə, bu haldan sonra cavabdeh tərəfindən iddiaçıya qarşı məhkəmədə planlı şəkildə 100.000 manatla bağlı iddia qaldırılmışdır. Həmin iddia üzrə Tovuz Rayon Məhkəməsinin 2(062)-2525/2023 saylı qətnaməsi ilə cavabdehin iddia tələbi təmin edilmiş və yekun qətnamə çıxarılmışdır. Həmin qətnamənin icrası Tovuz Rayon İcra və Probasiya Şöbsəindədir, iddiaçının əmək haqqından pul tutulur. İşin mahiyyəti bundan ibarətdir ki, cavabdeh ondan pulunu tələb etdiyi kimi, iddiaçı da öz əmlakını geri istəyir. Həmin alqı-satqı müqaviləsini mübahisələndirməklə bağlı iddia müddəti xx.xx.2023-cü il tarixli qətnamədən başlanmışdır. Belə ki, alqı-satqı müqaviləsinə diqqət yetirilsə, həmin əmlakın bazar dəyəri 500.000 (beş yüz min) manatdan artıqdır. Cavabdeh həmin əmlakı ələ keçirmiş, bir tərəfdən də iddiaçının borcunu tələb etmişdir. İddiaçı qeyd edir ki, aralarında yaranmış hər iki mülki hüquq münasibəti eyni dövrü əhatə edir: həm borc, həm də alqı-satqı müqaviləsi ilə əmlakın cavabdehin adına sənədləşməsi eyni vaxtda olmuşdur. İddiaçı hesab edir ki, cavabdeh ona qarşı dələduzluq etməyə çalışır, lakin bu mümkün deyildir. Beləliklə, cavabdeh aralarında olan razılaşmanın şərtlərini sonradan pozduğundan iddia tələbi müqavilənin ləğv edilməsinə yönəlmişdir. Belə ki, mülki hüquq pozuntusu (delikt) və şifahi razılaşmanın tələbi alqı-satqı müqaviləsindən sonra, on iki ildən sonra yaranmışdır. İddiaçı hesab edir ki, cavabdeh ondan borcunu almağa nail olmuş, indi isə iddiaçı da ondan əmlakını geri almalıdır. Ona görə də AN-1 № ******* saylı, xx.xx.2011-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilməli, onun əsasında verilmiş Seriya nömrəsi ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli reyestr çıxarışı da ləğv edilməlidir. İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı ilə birlikdə Dondar Quşçu zavodunu birgə alması barədə deyilənlər yalandır. İddiaçı onunla heç vaxt şərik olmamış, sadəcə olaraq iddiaçıya həmişə əvvəlcədən pul vermiş, iddiaçı isə cavabdehə mal gətirib pulunu almışdır. Həmişə də iddiaçının ona borcu olmuşdur. Sözügedən əmlak xx.xx.2009-cu ildə özəlləşmişdir. Əmlakın dəyəri 24.368,4 manat olmuşdur. İddiaçı isə zavodun mal-materiallarını artıq 2007–2008-ci illərdən satmağa başlamışdır Torpaq sahəsi və bina xx.xx.2009-cu il tarixində özəlləşdirilmiş, sahəsi 2,9138 ha olmuş və 2541 manata rəsmiləşdirilmişdir. İddiaçı özünə ilk çıxarışı xx.xx.2010-cu il tarixdə almışdır. Bir müddət iddiaçı həmin əmlakı satıb pulunu ona verməyi düşünmüş, lakin torpaq sahəsini sata bilmədiyinə görə torpağı ona olan borcunun bir hissəsinin əvəzinə cavabdehə verməyi qərarlaşdırmışdır. O, İddiaçıla xx.xx.2010-cu ildə torpağın 2,68382 ha hissəsinin (iddiaçının borcunun bir hissəsinin əvəzində) cavabdehə verilməsi barədə sövdələşmə etmiş, xx.xx.2011-ci ildə isə alqı-satqı həyata keçirilmişdir. İddiaçı zavodun əmlakını müxtəlif adamlara, o cümlədən cavabdehə də satmışdır. Əmlak torpaqla birgə satılmamış, əvvəlcədən satılmışdır. Sövdələşmə zamanı iddiaçı torpağın bir hissəsini (0,23 ha) başqa şəxslərə də satmışdır. O, iddiaçıdan 2,6838 ha torpaq sahəsi almış və əvəzində iddiaçının ona olan borcunu 140.000 ABŞ dolları azaltmışdır. Həmin vaxt İddiaçı cavabdehə 220.670 ABŞ dollar borcu olmuş, torpağı qiymətləndirib cavabdehə verdikdən sonra iddiaçının borcu 80.670 ABŞ dollar qalmışdır. İddiaçı göstərir ki, guya alqı-satqı aktında torpağın dəyəri formal olaraq 5000 manat göstərilmişdir. Bu da həqiqət deyildir. Belə ki, alqı-satqı aktında torpağın dəyəri 30.000 manat göstərilmişdir. Alqı-satqı həyata keçirildikdən sonra da iddiaçı ilə cavabdeh arasında ticarət əlaqəsi davam etmiş, xx.xx.2012-ci il tarixə iddiaçının ona borcu 106.000 ABŞ dolları olmuşdur. İddiaçı göstərir ki, guya borc məsələsi ilə alqı-satqı aktı eyni vaxta təsadüf edir. Halbuki, borc məsələsi 2007-ci ildən başlamiş, o zaman İddiaçı Respublikanın bir neçə rayonunda zavodları rəsmi və qeyri-rəsmi özəlləşdirməklə məşğul olmuşdur. O da həmin vaxt ona başqa şəxslərdən aylıq 1,5% şərtlə pul alıb vermişdir. İddiaçı Oğuz zavodunu almaq istəyərkən onu da şərik etmək istəmiş, lakin o, şərik olmamışdır. İddiaçı guya alqı-satqı müqaviləsinin tərəflərin iradəsi ilə bağlanmadığını, başqa aktı pərdələmək üçün formal dəyərdə bağlandığını qeyd edir. Bu tamamilə yalandır. İddiaçı həmin torpaq sahəsini 2,9138 ha və üzərində 541.8 m² tikili ilə birlikdə xx.xx.2009cu il tarixli, 2285 №-li müqavilə ilə 2541 manata satın almışdır. Həmin torpaq sahəsinin bir hissəsini özü başqa şəxslərə satdıqdan sonra xx.xx.2011-ci ildə 2,68382 ha torpaq sahəsini və üzərindəki tikilini ona 5000 manata deyil, rəsmi qaydada 30.000 manata satmışdır. Qeyri-rəsmi olaraq isə o həmin torpağı 140.000 ABŞ dollarına hesablamışdır. Odur ki, qeyd edilənlərinn nəzərə alınaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdıraraq habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə cavabdeh İddiaçı 100000 (bir yüz min) manat məbləğində pulun alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İş materialdan olan xx.xx.2011-ci il tarixli AN-0240006 saylı Daşınmaz Əmlakın Alqısatqı müqaviləsində görünür ki, İddiaçı Cavabdeh Tovuz rayonu, Dondar Quşçu kəndində yerləşən 2.68382 ha torpaq sahəsində yerləsən 541,8 kv.m ümumi sahədən ibarət əmlakın kompleksi kimi müəssisəni torpaq sahəsini 30000 manata satmışdır. Müqavilənin 2 vərəqəsinin birinci abzasında qeyd olunmuşdur ki, alıcı əmlak kompleksini bu müqavilənin 4-cü bəndində nəzərdən tutulmuş qiymətinin 25000 manatını əvvəlcədən satıcıya ödəyib, satıcı isə qəbul etmiş, qalan 5000 manatının isə nəğd şəkildə satıcıya ödədi, satıcı isə həmin məbləği qəbul etdi. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə, N-0240006 saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, İddiaçı Cavabdeh Tovuz rayonu, Dondar Quşçu kəndində yerləşən əmlakı 30.000 (otuz min) manat məbləğində satmışdır. Müqavilə qanunvericiliklə müəyyən edilmiş notarial qaydada rəsmiləşdirilmişdir. Hazırda iddiaçı qeyd olunan alqı-satqı müqaviləsini mübahisələndirərək bildirirmişdir ki, cavabdehin təkidi ilə ona olan 100000 manat borcunun əvəzinə mülkiyyətində olan Tovuz rayonu, Dondar Quşçu kəndində yerləşən 2.68382 ha torpaq sahəsi və onun üzərində yerləşən 541.8 kv.m olan müəssisə əmlak kompleksi 5000 manat məbləğində pula formal alqı-satqı yolu ilə rəsmiləşdirmiş, cavabdeh həmin əmlak satıldıqdan sonra ona olan 100000 manat borcunu götürüb, qalan məbləği ona verməli olmuş, lakin sonradan vədinə əməl etməmişdir. Buna görə də, onunla cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Cavabdeh tərəf isə iddianı qəbul etməyərək, iddia tələbinin əsassız olduğunu, iddiaçının qeyd etdiklərinin doğru olmadığını və mübahisəli əmlakın alqı-satqısından əvvəl iddiaçının ona 220.670 ABŞ dollar borcu olduğunu, həmin borcun bir hissəsinin əvvəzi olaraq iddiaçı ilə aralarında olan sövdələşməyə əsasən iddiaçıdan 2.68382 ha torpaq sahəsində yerləsən 541,8 kv.m ümumi sahədən ibarət əmlakın kompleksi kimi müəssisəni torpaq sahəsini xx.xx.2011-ci il tarixdə satın aldığını, alqı-satqı müqaviləsinin notarial qaydada rəsmiləşdirildiyini və iddiaçının müqaviləni öz iradəsi ilə bağladığını bildirmişdir. Məhkəmə, ilk öncə iddiaçının əsaslandığı hallara və təqdim etdiyi sübutlara hüquqi qiymət və münasibət bildirərək qeyd edir ki, iddiaçı Tovuz rayonu, Dondar Quşçu kəndində yerləşən 2.68382 ha torpaq sahəsi və onun üzərində yerləşən 541.8 kv.m olan müəssisə əmlak kompleksini 5000 manat məbləğində pula formal alqı-satqı yolu ilə rəsmiləşdirdiyini göstərmiş olsa da, mülki iş materiallarına əlavə edilmiş alqı-satqı müqaviləsindən həmin əmlakın 30000 manata satıldığı, alıcının əmlak kompleksini bu müqavilənin 4-cü bəndində nəzərdən tutulmuş qiymətinin 25000 manatını əvvəlcədən satıcıya ödədiyi, satıcının isə qəbul etdiyi, qalan 5000 manatının isə nəğd şəkildə satıcıya ödədiyi, satıcının isə həmin məbləği qəbul etdiyi müəyyən edilmişdir. Məhkəmə ilk növbədə iddianın hüquqi əsası kimi aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Məhkəmə qeyd edir ki, iş üzrə düzgün nəticəyə gəlinməsi üçün ilk öncə alqı-satqı müqaviləsinin bağlanılmasına hüquqi qiymət verilməlidir. İş materiallarına əlavə edilmiş mübahisələndirilən alqı-satqı müqaviləsinin surətindən görünür ki, müqavilə qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət orqanında rəsmi qaydada təsdiqlənmiş və qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Göstərilən Məcəllənin 339.1 və 339.2-ci maddələrinə əsasən, hakimiyyətdən suiistifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 351-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın. Belə ki, Mülki Məcəllənin əqdlərin etibarsızlığı ilə bağlı müvafiq normalarına əsasən əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibi; əqdin məzmunu; əqdin forması; iradə və iradə ifadəsinin bir-birinə uyğunluğu. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və müqavilə tərtib edilərkən qanunvericiliyin tələblərinə əməl edilmiş, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmamış və üçüncü şəxslərin mənafeləri pozulmamış, əqd onun barəsində mübahisə etmək hüququna malik olan satıcı və alıcı tərəfindən təsdiq edilmiş, dəyəri alıcı tərəfindən satıcıya ödənilmiş, alıcının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş müqavilənin etibarsızlığı üçün əsas olan halları təsdiq edən sübutlarını təqdim etməlidir. Hazırki mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələblərini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə təqdim etməsini yoxlamışdır, lakin iddiaçı tələbini əsaslandıran sübutlarını məhkəməyə təqdim etməmişdir. Bu mənada, məhkəmə hesab edir ki, mübahisənin faktiki halları ilə bağlı yalnız iddiaçı tərəfin izahatlarına əsaslanmaqla iddia tələbi təmin edilə bilməz. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, müqavilə rəsmiləşdirilən zaman qanunvericiliyin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqdin bağlanması, habelə əqdin aldatma, zorakılıq, hədə təsiri altında, və ya şəxsin ağır vəziyyətə düşməsindən istifadə edilməklə bağlanması halları olmamış, müqavilənin zəruri şərtlərinə əməl edilməklə tərəflərin hər biri müqavilə azadlığı prinsipinə uyğun olaraq iradələrini ifadə etmişlər. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin “sübutların qiymətləndirilməsi” ndən bəhs edən 88-ci maddəsinin tələblərinə uyğun olaraq işdə olan sübutları araşdıraraq, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə, həmçinin iddianın mübahisəli əmlaka dair Cavabdeh mülkiyyət hüququnun qeydə alınmasını təsdiq edən çıxarışın ləğv edilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də əsassızdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə hesab edir ki, mübahisəli əmlaka dair Cavabdeh adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış törəmə hüquq münasibəti olub, həmin əmlak kompleksinə dair bağlanmış xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsindən törənmişdir. Buna görə də mübahisəli əmlaka dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair hissədə təmin edilmədiyindən, törəmə hüquq münasibəti olan mübahisəli əmlaka dair cavabdehin adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da ləğv edilməməlidir. Məhkəmə, həmçinin iddianın “mübahisəli əmlakın maneə yaratmadan qaytarılması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi mübahisənin əsasını təşkil edən 14 mart 2011-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsindən birbaşa asılı olduğundan və iddia da həmin hissədə əsassız hesab edildiyindən, iddia qeyd olunan hissədə də təmin edilə bilməz. Beləliklə, yekun olaraq məhkəmə hesab edir ki, iddia tələbinin əsası kimi göstərilmiş hallar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilmədiyindən iddia təmin edilməməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Çıxarışın ləğv edilməsi və əmlakın qaytarılması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar