Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-249/2025 11.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir RİH başçısı ilə Cavabdeh arasında Şəmkir rayonu, Ceyrançöl qışlağında 36 saylı sahədə 382 ha örüş sahəsinin xırda buynuzlu heyvanların saxlanması üçün 92 il müddətinə sonuncunun icarəsinə verilməsi ilə bağlı xx.xx.2000–ci il tarixdə 101 saylı icarə müqaviləsi bağlanmışdır. Sözügedən örüş sahəsində 1 ədəd vaqon (təxmini dəyəri 3.500 manat), uzunluğu 1.500 m, diametri 75 sm olan plastmas su turbası (təxmini dəyəri 5.000 manat), uzunluğu 3.500 m, diametri 160 sm olan plastmas su turbası (təxmini dəyəri 9.000 manat), uzunluğu 1.500 m, diamteri 100 sm olan plastmas su turbası (təxmini dəyəri 6.000 manat), 1 ədəd otbiçən aqreqat (təxmini dəyəri 5.000 manat), SMP su matoru (təxmini dəyəri 3.500 manat), 16m x 8m ölçüdə daş tikili (təxmini dəyəri 5.000 manat), 20m x 20m ölçüdə daş tikili (təxmini dəyəri 8.000 manat), 3 faza elektrik tənzimləyicisi butası ilə birgə (təxmini dəyəri 3.000 manat), uzunluğu 1.200 m, diametri 160 sm olan dəmir turba (təxmini dəyəri 8.000 manat) vardır. Dəfələrlə həmin əmlakın geri qaytarılmasına dair cavabdehə müraciətlər etsə də, cavabdeh ona məxsus əmlakı geri qaytarmamışdır. Odur ki, cavabdehin icarəsində olan 382 ha örüş sahəsində qalan və ona məxsus olan həmin əmlakın, eləcə də ödənilmiş 256 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Şəmkir rayonu, Ceyrançöl qışlağında 36 saylı sahədə 382 ha örüş sahəsi Şəmkir RİH tərəfindən cavabdehə icarəyə verilmişdir. Bundan sonra, yəni 2017–ci il tarixdə cavabdeh həmin sahəni ona satmış, o da sahədə kənd təsərrüfatının aparılması üçün şərait yaratmışdır. Belə ki, 2018–ci il tarixdə kənd təsərrüfatı üçün zəruri texnikalar almış, əraziyə turblar və su çəkdirmiş, ferma inşa etmişdir. Lakin sonradan cavabdeh torpaq sahəsini ona satmadığını iddia etmiş və aralarında məhkəmə mübahisələri başlamışdır. Bundan sonra müvafiq məhkəmə qərarına əsasən həmin torpaq sahəsi ondan alınaraq cavabdehə təhvil verilmişdir. Buna baxmayaraq, torpaq sahəsində qalan ona məxsus əmlakı cavabdeh qaytarmamışdır. Hazırda mübahisəli torpaq sahəsi dövlətin mülkiyyətində olsa da, cavabdehə icarəyə verilmişdir. Oradakı ferma və iddia ərizəsində qeyd etdiyi əmlaklar isə ona məxsusdur. Dəfələrlə müraciət etməsinə baxmayaraq, cavabdeh könüllü olaraq ona məxsus əmlakı qaytarmaqdan boyun qaçırmışdır. Bu səbəbdən məcbur olub məhkəmədə iddia qaldırmışdır. Odur ki, cavabdehin icarəsində olan 382 ha örüş sahəsində qalan və ona məxsus olan 1 ədəd vaqonun (təxmini dəyəri 3.500 manat), uzunluğu 1.500 m, diametri 75 sm olan plastmas su turbasının (təxmini dəyəri 5.000 manat), uzunluğu 3.500 m, diametri 160 sm olan plastmas su turbasının (təxmini dəyəri 9.000 manat), uzunluğu 1.500 m, diamteri 100 sm olan plastmas su turbasının (təxmini dəyəri 6.000 manat), 1 ədəd otbiçən aqreqatın (təxmini dəyəri 5.000 manat), SMP su matorunun (təxmini dəyəri 3.500 manat), 16m x 8m ölçüdə daş tikilinin (təxmini dəyəri 5.000 manat), 20m x 20m ölçüdə daş tikilinin (təxmini dəyəri 8.000 manat), butası ilə birgə 3 faza elektrik tənzimləyicisinin (təxmini dəyəri 3.000 manat), uzunluğu 1.200 m, diametri 160 sm olan dəmir turbanın (təxmini dəyəri 8.000 manat), eləcə də ödənilmiş 256 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı iddianı qəbul etmədi və izahatında göstərdi ki, 02 sentyabr 2000–ci il tarixli 101 saylı icarə müqaviləsi əsasında Şəmkir rayonu, Ceyrançöl qış otlağı 36–37 nömrəli sahədə yerləşən, ümumi sahəsi 382 ha olan torpaq sahəsini 99 il müddətinə icarəyə götürmüşdür. Həmin torpaq sahəsində ferması olmuş, habelə torpaq sahəsindən təyinatı üzrə istifadə etmişdir. Lakin cavabdeh həmin torpaq sahəsinin bir hissəsini özbaşına zəbt etmiş, bundan sonra aralarında məhkəmə mübahisələri baş vermişdir. Nəticədə məhkəmənin müvafiq qərarı ilə iddiaçı ona məxsus torpaq sahəsindən çıxarılmışdır. Eləcə də, məhkəmə qərarı əsasında mübahisəli torpaq sahəsinə, həmin sahədə yerləşən yatağa dair mülkiyyət hüquqlarının adına qeydiyyata alınaraq çıxarış verilməsi vəzifəsi DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Hazırda irəli sürülmüş iddianı qəbul etmir. Belə ki, ona məxsus sahədə iddiaçıya məxsus heç bir əmlak qalmamışdır. Mübahisəli sahə uzun müddətdir onun istifadəsindədir və orada özünə məxsus əmlakdan istifadə edir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclası zamanı iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, mübahisəli ərazini İddiaçı istifadə edən zaman 1 ədəd vaqon alaraq oraya qoymuş, eləcə də bir maşın yarım 9–luq dəmir turba almışdır. Lakin iddiaçı tərəfindən həmin əmlakların nə vaxt alınmasını dəqiq xatırlamır. Məhkəmə iclası zamanı iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, mübahisəli əraziyə Rasim tərəfindən su turbaları çəkilmişdir. Turbaların nə qədər alınmasını və nə vaxt çəkilməsini dəqiq xatırlamır. Həmin ərazi hazırda da İddiaçı tərəfindən istifadə edilir. Məhkəmə iclası zamanı iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş Rəcəbov hacı Qüdrət oğlu ifadəsində göstərdi ki, mübahisəli ərazidə İddiaçı təklifi ilə turbaları qaynaq etmiş, 150–lik su turbaları çəkmişdir. Dəqiq vaxtını xatırlamasa da, həmin işləri təxmini 2009–cu il tarixdə görmüşdür. İşdə olan xx.xx.2022–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********84 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, Şəmkir rayonu, Ceyrançöl massivi 36, 37 nömrəli qış otlaq sahəsinin 382.0 ha hissəsi Şəmkir RİH–nin 02 sentyabr 2000–ci il tarixli 101 saylı icarə müqaviləsi və Gəncə İnzibati–İqtisadi Məhkəməsinin xx.xx.2016–cı il tarixli qərarı əsasında 15 il müddətinə (xx.xx.2016–xx.xx.2031) Cavabdeh icarəyə verilmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023–cü il tarixli 2(104)–203/2023 saylı qətnaməsindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021–ci il tarixli qətnaməsi ləğv edilmiş, cavabdeh İddiaçı Cavabdeh icarəsində olan, Şəmkir rayonu, Ceyrançöl massivi 36, 37 nömrəli ünvanda yerləşən, ümumi sahəsi 382 ha olan otlaq sahəsinin 27 ha hissəsindən çıxarılması, zəbt edilmiş torpaq sahəsinin 3,1529 ha–dək sahəsində İddiaçı tərəfindən əkilmiş yonca bitkisinin İddiaçı hesabına biçilərək götürülməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024–cü il tarixli 2(102)– 94/2024 saylı qərarından görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023–cü il tarixli 2(104)–203/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin “İcraata xitam verilməsi haqqında” xx.xx.2024–cü il tarixli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023–cü il tarixli 2(104)–203/2023 saylı icra sənədində göstərilən tələb borclu tərəfindən tam şəkildə təmin olunmuş, bu səbəbdən Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023–cü il tarixli 2(104)–203/2023 saylı icra sənədinə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırki mübahisə üzrə iddia ərizəsində qeyd edilən əmlakların göstərilən dəyərdə olmasını, habelə iddiaçının iradəsinə zidd olaraq olaraq cavabdehdə qalmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Ona görə də məhkəmə hesab edir ki, hazırki mübahisənin qanuni həll edilməsi yalnız tərəflərin təqdim etdikləri sübutların məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılması nəticəsində mümkündür. Beləliklə, məhkəmə tərəflərin izahatının, habelə iş materiallarına əlavə edilmiş sənədlərin müqayisəli tədqiqi nəticəsində müəyyən etdi ki, Şəmkir RİH–nin 02 sentyabr 2000–ci il tarixli 101 saylı icarə müqaviləsi və Gəncə İnzibati–İqtisadi Məhkəməsinin xx.xx.2016–cı il tarixli qərarı əsasında Şəmkir rayonu, Ceyrançöl massivi 36, 37 nömrəli qış otlaq sahəsinin 382.0 ha hissəsi 15 il müddətinə (xx.xx.2016–xx.xx.2031) Cavabdeh icarəyə verilmişdir. Məhkəmə həmin halı işin mübahisə edilməyən faktiki halları kimi qəbul edir və araşdırmır. Lakin məhkəmə, iddia ərizəsində göstərilən əmlakın iddiaçının iradəsinə zidd olaraq cavabdehə məxsus həmin sahədə qalmasını işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. İşin müəyyən olunmuş hallarından da görünür ki, iddiaçı iddia ərizəsində cavabdehdən tələb etdiyi əmlakların cavabdehin icarəsində olan 382 ha örüş sahəsində qalmasını bildirsə də, həmin halı təkzibedilməz şəkildə sübut edə bilməmişdir. Cavabdeh isə iddia tələbini qəbul etməmişdir. Belə olan halda məhkəmə, iddia tələbini tərəflərin izahatlarının, şahid ifadələrinin müqayisəli tədqiqi nəticəsinə müəyyən edilmiş hallar əsasında həll edilməsinin mümkünlüyü qənaətinə gəlir. Belə ki, məhkəmə ilk öncə iddiaçı tərəfindən dəvət edilərək dindirilmiş şahidlərin ifadəsinə də qiymət verməyi zəruri hesab edir. Məhkəmə iclası zamanı iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş şəxslər keçmişdə baş vermiş hadisəni məntiqi ardıcıllıqla və ziddiyyətsiz təsvir edə bilməmiş, konkret ifadə verməməklə yanaşı qeyri–müəyyən ifadələr vermişdir. Həmin şahidlər formal şəkildə İddiaçı tərəfindən turbalar alınmasını bildirsələr də, həmin turbaların hansı tarixdə alınmasını dəqiq göstərə bilməmiş, eləcə də, iddiaçının tələb etdiyi digər əmlaklarla bağlı heç bir fikir deyə bilməmişlər. Bununla belə həmin şahidlər iddiaçıya məxsus əmlakın cavabdehə məxsus otlaq sahəsində qalmasını göstərə bilməmişlər. Eləcə də, məhkəmə qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024–cü il tarixli 2(102)–94/2024 saylı qərarı ilə müəyyən edilmişdir ki, Gəncə İnzibati–İqtisadi Məhkəməsinin xx.xx.2016–cı il tarixli qərarı ilə mübahisəli torpaq sahəsinə və yatağa dair Cavabdeh hüquqların qeydiyyata alınaraq çıxarış verilməsi vəzifəsi DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulmuş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2016–cı il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilərək, mübahisəli torpaq sahəsinə dair hüququn və həmin sahədə yerləşən yatağa dair mülkiyyət hüquqlarının Cavabdeh adına qeydiyyata alınaraq çıxarış verilməsi vəzifəsi DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Qərarda qeyd edilmişdir ki, icarə müqaviləsində hansı müddətin (92 il və ya 15 il) göstərilməsinə baxmayaraq, inzibati orqanda Cavabdeh torpaq sahəsinə hüququ qanunvericiliklə müəyyən edilmiş müddətə (15 il) qeydiyyata alınır və bu hüquqların qeydiyyata alınmasından imtina üçün əsas deyildir. Göründüyü kimi mübahisəli torpaq sahəsinə və həmin sahədə yerləşən yatağa, yəni ümumilikdə əmlak kompleksinə dair iddiaçının mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı qanuni qüvvədə olan məhkəmə aktı mövcuddur. İstər birinci instansiya, istər apellyasiya instansiyası, istər kassasiya instansiyasında tərəflər arasında mübahisəli ərazi ilə bağlı işə baxılarkən, ərazidə İddiaçı məxsus əmlakın mövcudluğu müəyyən edilməmiş, bu səbəbdən məhkəmə aktlarında İddiaçı məxsus iddia ərizəsində göstərilən əmlakın çıxarılması göstərilməmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçının iddia tələbində göstərdiyi hallar onun özü tərəfindən təqdim edilmiş sübutlarla belə təkzib edilir. Hətta iddiaçı tərəfindən dəvət edilmiş şahidlər belə mübahisəli əmlakların cavabdehə məxsus ərazidə qalmasını göstərə bilməmiş, bu hal isə öz–özlüyündə iddiaçının tələb etdiyi əmlakın cavabdehin icarəsində olan 382 ha örüş sahəsində qalmaması qənaətinə gəlmək üçün kifayət etmişdir. İddiaçı tərəf iddia ərizəsində və məhkəmə iclası zamanı verdiyi izahatında tələb etdiyi əmlakın cavabdehin icarəsində olan 382 ha örüş sahəsində qalmasını göstərsə də, həmin hal öz izahatından başqa heç bir mötəbər mənbədən əldə edilmiş sübutla təsdiq olunmamışdır. İşin hərtərəfli araşdırması nəticəsində mübahisəli əmlakın cavabdehin icarəsində olan 382 ha örüş sahəsində qalmasına dair sübutların mövcudluğu müəyyən edilməmişdir. Beləliklə, məhkəmə iddiaçı tərəfin təqdim etdiyini və bildirdiklərini tam və hərtərəfli araşdıraraq belə qənaətə gəlir ki, iddiaçının bildirdikləri işin həqiqi hallarına uyğun deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olması üçün iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsində göstərilən şərtlərin məcmu halında mövcud olub–olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, iddia tələbində həmin şərtlər məcmu halında mövcud deyildir. Belə ki, mübahisəli əmlakın həqiqi hüquq əsasında iddiaçıya məxsus olması, həmin əmlakın iddiaçının sahibliyində olması, iddiaçının həmin əmlak üzərində mülkiyyət hüququ əldə etməsi və iddiaçının iradəsinə zidd olaraq həmin əmlakın hazırda cavabdehin sahibliyində olması məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Odur ki, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia ərizəsində göstərilən əmlakın iddiaçının iradəsinə zidd olaraq cavabdehin sahibliyində (cavabdehin icarəsində olan 382 ha örüş sahəsində) qalması məhkəmə iclası zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmadığına görə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia rədd edilsin. İddiaçı qızının Cavabdeh qarşı əmlak tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-249/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-249/2025
11.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver