Məhkəmə qərarları › İş №2(076)-253/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-253/2023

06.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-253/2023 06.03.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X6 iclas katibliyi, İddiaçı, nümayəndəsi (vəkili) X7, Cavabdeh və nümayəndəsi (atası) X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «uşaq və aliment öhdəliyindən azad edilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 iyul 2022-ci il tarixdən başlayaraq məhkəmə qətnaməsi ilə 04 iyul 2009-cu ildə Şükür və 24 yanvar 2014-cü ildə Yusif adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh ödədiyi alimentin ödənilməsindən azad olunmasına barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, onun Cavabdeh ilə birgə nikahından 04 iyul 2009-cu ildə Şükür və 24 yanvar 2014-cü ildə Yusif adlı uşaqları doğulmuşdur. Aralarında baş vermiş narazılıqlara görə cavabdehlə ayrılmışlar və aralarında olan nikah pozulmuşdur. Ayrıldıqları vaxtdan azyaşlı uşaqları Cavabdeh himayəsində qalmışdır. Hazırda isə azyaşlı uşaqları onun yanına gəlmişlər. 2022-ci ilin iyul ayından azyaşlı uşaqları onun himayəsində yaşayır. Şükür və Yusif adlı uşaqları onun himayəsində yaşamasına baxmayaraq, o hələ də Şükür və Yusif adlı uşaqların saxlanması üçün müəyyən edilmiş aliment öhdəliyindən azad edilməmişdir. Hesab edir ki, azyaşlı uşaqları onun himayəsdə yaşadığından həmin uşaqların saxlanması üçün cavabdehə aliment ödəməməli və aliment ödəməkdən azad edilməlidir. Mülki iş məhkəmənin icraatında olarkən İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizəsini məhkəməyə təqdim edərək, Cavabdeh ilə onun birgə nikahından doğulmuş 04 iyul 2009-cu il təvəllüdlü Şükür adlı uşağın onun himayəsində yaşaması səbəbindən, onunla bağlı cavabdehin hesabına ödənilən aliment öhdəliklərinə xitam verilməsini, eyni zamanda 24 yanvar 2014-cü il təvəllüdlü Yusif adlı uşağın cavabdehdən alınıb ona verilməsini, həmin uşaq cavabdehdən alınıb ona verildiyi vaxtdan onunla bağlı da aliment öhdəliklərinə xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində göstərmişdir ki, cavabdehlə birgə nikahından doğulmuş iki uşağı 04 iyul 2009-cu il təvəllüdlü Şükür və 24 yanvar 2014-cü il təvəllüdlü Yusif cavabdehlə aralarında olan nikah pozulanda məhkəmə qətnaməsi ilə cavabdehin himayəsində saxlanılmışdır. Hazırda 04 iyul 2009-cu il təvəllüdlü Şükür adlı uşaq 2022-ci ilin iyun ayının əvvəlindən onun himayəsində yaşayır. Onun yanından məktəbə gedir, o onun bütün maddi ehtiyaclarını ödəyir. Bir valideyn olaraq onun qayğısına qalır. Buna görə istəyir ki, Şükür adlı uşaq onun himayəsində yaşadığı üçün Şükürlə bağlı məhkəmə qaydasında cavabdehin hesabına ödəniləcək aliment öhdəliyinə xitam verilsin. Eyni zamanda istəyir ki, məhkəmə 24 yanvar 2014-cü il təvəllüdlü Yusif adlı uşağı cavabdehdən alıb ona verilsin. Çünki uşaqları bir-birinə bağlı olduğu üçün onları bir-birindən ayırmaq istəmir. Bu səbəbdən Yusif adlı uşağın cavabdehdən alınıb ona verilməsini və uşaq alınıb ona verildiyi vaxtdan həmin uşaqla bağlı da aliment öhdəliklərinə xitam verilməsi barədə qərar qəbul olunsun. Məhkəmə iclasında İddiaçı iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi və və Şükür adlı uşağının onun yanına könüllü olaraq gəldiyini, Yusif adlı uşağın anasının yanında olduğunu, lakin hər iki uşaq onun yanında yaşamaq istədikərini bildirdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) X12 iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, onun İddiaçı ilə birgə nikahından 04 iyul 2009-cu il təvəllüdlü Şükür və 24 yanvar 2014-cü il təvəllüdlü Yusif uşaqları doğulmuş, aralarında olan nikah pozulanda məhkəmə qətnaməsi ilə uşaqlar onun himayəsində saxlanılmışdır. Uşaqlar atalarını, həm də onu istəyirlər. Şükür adlı uşaq 2022-ci ilin iyun ayından atasının yanındadır, lakin uşağın məktəbə davamiyyəti yoxdur və atası uşağa yaxşı baxmır, onlar uşaqla bağlı narahatdırlar. Qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 bildirdi ki, uşaqlar atalarını, həm də analarını istəyirlər. Şükür adlı uşaq 2022-ci ilin iyun ayından atasının yanandadır, lakin uşağın məktəbə davamiyyəti yoxdur və atası uşağa yaxşı baxmır, onlar uşaqla bağlı narahatdırlar. Qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında tərəflərin birgə nikahından doğulmuş 04 iyul 2009-cu il təvəllüdlü Şükür adlı uşaq 2022-ci ilin iyun ayında atası İddiaçı yanına getdiyini, atasının yanında yaşamaq istədiyini, atası ona yaxşı baxdığını və onunla daim maraqlandığını bildirdi. Məhkəmə iclasında tərəflərin birgə nikahından doğulmuş 24 yanvar 2014-cü il təvəllüdlü Yusif adlı uşaq anası Cavabdeh yanında yaşadığını, anasının yanında yaşamaq istədiyini, anası ona yaxşı baxdığını və onunla daim maraqlandığını bildirdi. İş materiallarına əlavə olunmuş Şəmkir RİHB Şəmkir şəhər İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Şəmkir şəhəri, Çinar evi ünvanında yaşayır. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)-1154/2020 saylı qətnaməsinin surətindən görünür ki, 27 fevral 2020-ci il tarixdən başlayaraq, 04 iyul 2009-cu il tarixdə doğulmuş Şükür və 24 yanvar 2014-cü il tarixdə doğulmuş Yusif adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulub iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)-1215/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Nürəddin oğlu ilə Cavabdeh arasında Şəmkir rayon qeydiyyat şöbəsində bağlanmış xx.xx.2009-cu il tarixli, 94 nömrə ilə qeyd edilmiş nikah pozulması qət edilmişdir. İşdə olan doğum haqqında arayışdan görünür ki, X9 xx.xx.2014-cü il tarixdə doğulmuşdur. Atası İddiaçıdur, anası Cavabdehdır. İş materiallarına əlavə olunmuş Qazax-Tovuz regional təhsil idarəsi tərəfindən verilmiş arayışdan görünür ki, X9 2022/2023-cü tədris ilində 3 b sinifdə oxuyur. İşdə olan Şəmkir RİHB Aparatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, 04 iyul 2009-cu ildə Şükür və 24 yanvar 2014-cü ildə Yusif adlı uşaqlar öz şəxsi istəkləri ilə ataları İddiaçı himayəsində yaşayırlar. İş materiallarına əlavə olunmuş Şəmkir RİHB Şəmkir şəhər İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 3 ünvanında yaşayır. 24 yanvar 2014-cü ildə Yusif adlı uşaq hal-hazıra kimi anasının yanında yaşayır. İşdə olan Şəmkir Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9-28/497 saylı rəyindən görünür ki, 04 iyul 2009cu ildə Şükür adlı uşağın atası İddiaçı, 24 yanvar 2014-cü ildə Yusif adlı uşağın anası Cavabdeh himayəsində qalmasını məqsədə müvafiq hesab edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, 11/85 saylı məhkəmə-psixoloji ekspertiza rəyindən görünür ki, 04 iyul 2009-cu il təvəllüdlü X3 və 24 yanvar 2014-cü il təvəllüdlü X4 halhazırda atası İddiaçı və anası Cavabdeh bağlılıqları (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) müəyyən olunur. 04 iyul 2009-cu il təvəllüdlü X3 hal-hazırda atası İddiaçı bağlılığı daha çoxdur. Boşanmadan sonra uşağın hansı valideyninin himayəsinə verilməsinin məqsədəuyğun olmasının müəyyən olunması və həmin halın gələcəkdə uşağın psixi inkişafına və psixoloji vəziyyətlərinə necə təsir göstərəcəyinin proqnozlaşdırılması məhkəmə-psixoloji ekspertizasının səlahiyyətlərinə aid deyildir. 04 iyul 2009-cu il təvəllüdlü X10 və 24 yanvar 2014-cü il təvəllüdlü X9 psixi inkişaflarına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı öz fikirlərini iradələrinə uyğun ifadə etmək qabiliyyətinə malik olmaqla onların psixikasında və davranışında hansı valideynin himayəsində yaşamağı seçmələri ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. Məhkəmə iclasında müəyyən edildi ki, iş üzrə tərəflərin birgə nikahından 04 iyul 2009-cu ildə Şükür və 24 yanvar 2014-cü ildə Yusif adlı uşaqları doğulmuşdur. Aralarında baş vermiş narazılıqlara görə onlar ayrılmışlar və aralarında olan nikah pozulmuş, birgə nikahdan doğulmuş iki uşaq analarının yanında saxlanılmış və uşaqların saxlanılması üçün 27 fevral 2020-ci il tarixdən başlayaraq, 04 iyul 2009-cu il tarixdə doğulmuş Şükür və 24 yanvar 2014-cü il tarixdə doğulmuş Yusif adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün ataları İddiaçı hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulub anaları Cavabdeh verilməsi qət edilmişdir. 04 iyul 2009-cu il təvəllüdlü Şükür adlı uşaq 2022-ci ilin iyun ayından atasının yanına öz istəyi ilə getmiş və hazırda atasının yanında yaşayır. Mülki iş məhkəmənin icraatında olarkən İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizəsini məhkəməyə təqdim edərək, Cavabdeh ilə onun birgə nikahından doğulmuş 04 iyul 2009-cu il təvəllüdlü Şükür adlı uşağın onun himayəsində yaşaması səbəbindən, onunla bağlı cavabdehin hesabına ödənilən aliment öhdəliklərinə xitam verilməsini, eyni zamanda 24 yanvar 2014-cü il təvəllüdlü Yusif adlı uşağın cavabdehdən alınıb ona verilməsini, həmin uşaq cavabdehdən alınıb ona verildiyi vaxtdan onunla bağlı da aliment öhdəliklərinə xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş, cavabdeh isə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı 04 iyul 2009-cu il təvəllüdlü Şükür adlı uşaq atasının, 24 yanvar 2014-cü il təvəllüdlü Yusif adlı uşaq isə anasının yanında qalmaq istədiklərini bildirmişlər. İş üzrə Şəmkir Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası 04 iyul 2009-cu ildə Şükür adlı uşağın atası İddiaçı, 24 yanvar 2014-cü ildə Yusif adlı uşağın anası Cavabdeh himayəsində qalmasını məqsədə müvafiq hesab edilmişdir. İş üzrə məhkəmə-psixoloji ekspertiza rəyində 04 iyul 2009-cu il təvəllüdlü X3 və 24 yanvar 2014-cü il təvəllüdlü X4 hal-hazırda atası İddiaçı və anası Cavabdeh bağlılıqları (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) müəyyən olunduğu, 04 iyul 2009-cu il təvəllüdlü X3 hal-hazırda atası İddiaçı bağlılığı daha çox olduğu, 04 iyul 2009-cu il təvəllüdlü Şükür və 24 yanvar 2014-cü il təvəllüdlü Yusif adlı uşaqların psixi inkişaflarına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı öz fikirlərini iradələrinə uyğun ifadə etmək qabiliyyətinə malik olmaqla onların psixikasında və davranışında hansı valideynin himayəsində yaşamağı seçmələri ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. Məhkəmə iş üzrə tərəfləri və birgə nikahdan doğulmuş uşaqları dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Qeyd olunan Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58-ci maddəsinin ümumi məzmunun tələbinə görə valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Həmin Məcəllənin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən ər və arvad birbirinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad—uşaq 18 yaşına çatana qədər; 84.2.4. 18 yaşından yuxarı İ dərəcə əlilliyi olan ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsində uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iş üzrə tərəfləri dinləyib, işin müəyyən olunmuş faktiki hallarını tədqiq edib, tərəflərin birgə nikahdan doğulmuş iki uşaqdan 04 iyul 2009-cu ildə Şükür adlı uşağın atası İddiaçı, 24 yanvar 2014-cü ildə Yusif adlı uşağın anası Cavabdeh yanında qalmasını, uşaqların öz istəklərinin hazırki vəziyyət uyğun olmasını, Şəmkir Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının rəyini və iş üzrə məhkəmə-psixoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatanadək 04 iyul 2009cu ildə Şükür adlı uşaq atası İddiaçı, 24 yanvar 2014-cü ildə Yusif adlı uşaq isə anası Cavabdeh yanında qalmalıdır. Birgə nikahdan doğulmuş iki uşağın mənafeyini, tərəflərin gəlirləri barədə sübutların məhkəməyə təqdim edilməməsini, iş üzrə tərəflərdən hər hansı birinin əmək qabiliyyətli olmaması və maddi yardıma ehtiyacı olması, daha yüksək vəsaitə malik olmasına dair sübutların məhkəməyə təqdim edilməməsini və bununla bağlı hər hansı bir halın məhkəmə tərəfindən müəyyən edilməməsini nəzərə alaraq məhkəmə qeyd edir ki, tərəflərin birgə nikahından doğulmuş 04 iyul 2009-cu ildə Şükür adlı uşaq atasının yanında qalması məqsədə müvafiq hesab edildiyindən, həmin uşağın saxlanılması üçün Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)-1154/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment öhdəliyindən İddiaçı azad edilməlidir. Bundan əlavə 24 yanvar 2014-cü il təvəllüdlü Yusif adlı uşağın saxlanılması üçün alimentin tutulması məsələsi ilə bağlı məhkəmə qeyd edir ki, İddiaçı öz tələbində 24 yanvar 2014-cü il təvəllüdlü Yusif adlı uşağın cavabdehdən alınıb ona verildiyi vaxtdan onunla bağlı aliment öhdəliklərinə xitam verilməsini xahiş etdiyindən və 24 yanvar 2014-cü il təvəllüdlü Yusif adlı uşağın anasının yanında qalması məqsədə müvafiq hesab edildiyindən, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)-1154/2020 saylı qətnaməsi ilə 24 yanvar 2014-cü il təvəllüdlü Yusif adlı uşağın saxlanılması üçün müəyyən edilmiş hər ay üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin tutulmasına münasibət bildirilməsini əsaslı hesab etmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı iddiaçı 50 (əlli) manat məbləğində mediasiya xərcini və iddia ərizəsinin verilməsinə görə 50 manat dövlət rüsumunu ödəmişdir. İddia tələbi qismən təmin edildiyindən 50 manat məhkəmə xərci cavabdehdən tutulub iddiaçıya ödənilməli, 50 manat hissəsi iddiaçının özünə aid edilməlidir. Bundan əlavə iddia tələbi qismən təmin edildiyindən, 100 manat məhkəmə-psixoloji ekspertiza tədqiqatının dəyərinin 50 (əlli) manat hissəsi İddiaçı və 50 (əlli) manat hissəsi isə Cavabdeh tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına X1 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İş üzrə tərəflərin birgə nikahından doğulmuş 04 iyul 2009-cu il təvəllüdlü Şükür adlı uşaq yetkinlik yaşına çatanadək atası İddiaçı yanında saxlanılsın və 04 iyul 2009-cu il təvəllüdlü Şükür adlı uşağın saxlanılması üçün Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)-1154/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment öhdəliyindən İddiaçı azad edilsin. Cavabdeh 50 (əlli) manat məhkəmə xərci tutularaq İddiaçı ödənilsin. 100 (bir yüz manat) manat məhkəmə-psixoloji ekspertiza tədqiqatının dəyərinin 50 (əlli) manat hissəsi İddiaçı və 50 (əlli) manat hissəsi isə Cavabdeh tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına X1 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülsün. İddia tələbi digər hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar