Məhkəmə qərarları › İş №2(076)-2607/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2607/2024

20.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2607/2024 20.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment və əlavə xərc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı «aliment və əlavə xərc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il təvəllüdlü Cəsur və xx.xx.2022-ci il təvəllüdü Günəş adlı uşaqların saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 500 manat aliment, xx.xx.2022-ci il təvəllüdlü Günəş adlı uşağın müalicəsi üçün hər ay 300 manat məbləğində vəsaitin və mediasiya xərci olaraq ödədiyi 55 manat pulun cavabdehdən alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 30 mart 2019-cu ildə faktiki evlənməklə 03 avqust 2019-cu ildə nikahlarını rəsmiləşdiriblər. Birgə nikahlarından 30 iyul 2020-ci ildə X4 və 06 oktyabr 2022-ci ildə X5 adlı 2 uşaqları olmuşdur. Cavabdehlə öz istəyi ilə ailə qurub, lakin sonrada ailə münasibətləri pozulmuşdur. Belə ki, cavabdehlə xasiyyətləri heç cür uyğun gəlmirmişdir. Daim ailələrində narazılıqlar olmuş, aralarında baş vermiş narazılıqlar nəticəsində cavabdehlə ayrılmışlar. Cavabdehlə ayrıldıqları vaxtdan azyaşlı uşaqlar onun himayəsində qalmışdır. Hazırda azyaşlı uşaqları ilə birlikdə kirayədə yaşayır. Uşaqların maddi cəhətdən saxlanmasında çətinlik çəkir. Belə ki, xx.xx.2022-ci il təvəllüdlü Günəş adlı uşaq körpə olduğundan heç bir yerdə işləyə bilmir. Cavabdehlə faktiki olaraq 2 aydır ki, ayrılmışlar. Cavabdeh azyaşlı uşaqların saxlanması üçün yüksək məbləğdə aliment ödəmək iqtidarındadır. Belə ki, cavabdeh hərbiçidir və aylıq yüksək əmək haqqı alır. Buna baxmayaraq maddi cəhətdən köməklik göstərmir. Hətta azyaşlı olan xx.xx.2022-ci il təvəllüdlü Günəş adlı uşağın səhhətində ciddi problemlər var. Belə ki, övladladları Günəş anadangəlmə qüsur olan bağırsaq keçməməzliyi və hidrosefaliya xəstəliyindən əziyyət çəkir. Daim həm Azərbaycan Respublikasında həm də Türkiyə Respublikasında müayinə və müalicələrdən keçir. Hətta sonuncu həkim müayinəsindən sonra 2 aydan bir müayinədən keçməsi məsləhət görülmüşdür. Cavabdehlə ayrıldıqları vaxtdan uşağın müalicə xərclərini valideynlərinin köməyi ilə o ödəmişdir. Maddi vəziyyəti çox ağırdır. O cavabdehə qarşı aliment və uşağın müalicə xərci üçün Mediasiya təşkilatına müraciət etmişdir. Lakin, cavabdehlə razılığa gələ bilmədiyinə görə Gəncə 1 saylı Mediasiya Təşkilatı tərəfindən ona ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməməsi barədə arayış verildi. Ona görədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək əlavə olaraq izahat verərək bildirdi ki, İddiaçı ilə birgə nikahdan 2 uşaqları doğulmuşdur. Uşaqlardan Günəş adlı uşaq xəstədir, onun xəstəliyi üçün kifayət qədər xərc tələb olunur. Hazırda yüksək əmək haqqı aldığından eyni zamanda Günəş adlı uşaq xəstə olduğundan iddianı qəbul edir, xx.xx.2020-ci il təvəllüdlü Cəsur və xx.xx.2022-ci il təvəllüdü Günəş adlı uşaqların saxlanılması üçün ondan hər ay hər uşağa 500 manat aliment, xx.xx.2022-ci il təvəllüdlü Günəş adlı uşağın müalicəsi üçün hər ay 300 manat məbləğində vəsaitin və mediasiya xərci olaraq ödədiyi 55 manat pulun alınıb iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasına etirazı yoxdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında AZ-İİ 339913 nömrəli xx.xx.2019-cu il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Lətifov X1 İlahə Araz qızı ilə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə “Lətifov”, arvada “Lətifova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İV saylı 533635 nömrəli X7 tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə doğulmuşdur. Valideynləri qrafasında atası Cavabdeh, anası İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan AZ-İV saylı 808249 nömrəli 1 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2022-ci il tarixdə doğulmuşdur. Valideynləri qrafasında atası Cavabdeh, anası İddiaçı qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, MŞG/1/MT007/2024-01209 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 10:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. İş materiallarında olan epikriz və çıxarışlardan görünür ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü Günəş adlı uşaqda bağırsaq keçməzliyi-pankreas yetməzliği diaqnozu qoyulmuş, Türkiyədə müxtəlif xəstəxanalarda müayinə və müalicələr olunur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur, 2024-cü il üçün bu məbləğ 235 manat həddində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən çıxış edərək hesab edir ki, valideynlər ən azı uşağının minimum dolanacaq xərclərini təmin etmək öhdəliyini daşıyır. Bu baxımdan iddiaçının uşağın gündəlik qayğıları ilə məşğul olmasını və bilavasitə uşağı saxlamasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdü X10 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 500 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməli, alimentin tutulmasının əvvəli iddia ərizəsinin məhkəməyə verildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə iddianın “uşaq üç yaşına çatanadək hər ay 300 manat sabit pul məbləğində maddi yardımın iddiaçının xeyrinə tutulması”na dair hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin maddəyə əsasən valideyn alimentdən əlavə, uşağın saxlanılması üçün yaranan əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Lakin bunun üçün əsas olan hallar məhkəmə tərəfindən müəyyən olunmalıdır. Maddənin dispozisiyasında belə müstəsna halların bir qismi sadalanmışdır: uşağın ağır xəstəliyi, şikəstliyi, uşağa kənar xidmətin göstərilməsi zəruriliyi. Lakin eyni zamanda qanunla digər hallarda da, valideynin əlavə xərclərin ödənilməsinə cəlb edilməsi imkanı müəyyən olunmuşdur. Lakin həmin tələbin təmini üçün uşağın xəstə olması, xəstəliyi ilə əlaqədar əlavə xərclərin yaranması və Ailə Məcəlləsinin 81.3-cü maddəsinə uyğun gələcək üçün də bu tələb irəli sürüldüyü halda, xərclərin gələcəkdə də çəkilməsinin zəruriliyi sübut olunmalıdır. İş materiallarında azyaşlı uşağın daimi (gələcəkdə) müalicəyə ehtiyacı olan xəstəlikdən əziyyət çəkməsini təsdiq edən tibbi sənədlər mövcuddur. Qeyd olunanlara əsasən “uşağının xəstəliyinin müalicəsi ilə əlaqədar 300 manat sabit pulun məbləğində maddi yardımın“ tələbi ilə bağlı hissəsində iddia təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan, iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. X8 Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində rüsum ödənilir. X8 Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “X8” Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən mediasiyaya dair qeyd-şərtə və ya mediasiya prosesinin tətbiqi barədə müqavilənin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilən qanunverilik normalarına əsasən məhkəmə hesab edir ki, hazırkı iddianın qiyməti 15600 manat (1300x12) olduğundan (dövlət rüsumu 136,80 manat), mediasiya sessiyasında 50 manat xərc iddiaçı tərəfindən ödənildiyindən məhkəmə xərcinə daxil olan ilkin mediasiya sessiyasında çəkilən 50 manat xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia təmin edildiyindən ödənilməli olan 136,80 manat dövlət rüsumunun mediasiya xərcindən artıq hissəsi, yəni 86,80 manat cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdü X5 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa sabit pul məbləği ilə 500 (beş yüz) manat, ümumilikdə 1000 manat aliment və xx.xx.2022-ci il təvəllüdü X2 müalicəsi üçün əlavə xərclər qismində hər ay sabit pul məbləği ilə 300 (üç yüz) manat aliment tutularaq, İddiaçı verilsin. Alimentlərin tutulmasının əvvəli 20 iyun 2024-cü il tarixdən hesablansın. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. Cavabdeh mediasiya xərcinin əvəzi qismində 50 (əlli) manat pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh 86,80 (səksən altı manat səksən qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar