Məhkəmə qərarları › İş №2(076)-2657/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-2657/2025

19.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-2657/2025 19.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, məhkəmə iclasının katibi Həşimov Ağaxan Habil oğlunun katibliyi, İddiaçı Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Şəmkir rayonu 1 saylı Dövlət Notariat Kontoruna və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsinin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Şəmkir rayonu 1 saylı Dövlət Notariat Kontoruna və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir rayonunun 1 saylı notariat kontorunda bağlanmış 20 avqust 2005- ci ıl tarixli 47-392 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qanunsuz ələ keçirilmiş Şəmkir rayonunun Qapanlı kəndində yerləşən 4,58 ha torpaq sahəsinin qaytarılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Şəmkir rayon Aqrar İslahat komissiyasının 1998 -ci il 29 yanvar tarixli 47 nömrəli qərarı ilə 4,58 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi atası -X10, anası - X3, qardaşı -X1, arvadı - X2, oğlu- X4 və onun mülkiyyətinə verilmişdir. Şəmkir rayon Aqrar İslahat Komissiyasının onların ailəsinə 4,58 ha torpaq sahəsinin ayrılması haqda Dövlət aktı qeydiyyat kitabında 1574 nömrə ilə ( JN :364 KOD ********) qeydə alınmışdır. X25 1999-cu ildə dünyasını dəyişmişdir. 2004 -cü il tarixində o, yoldaşı ilə və uşaqları ilə birlikdə Rusiya Federasiyasının Tümen şəhərinə yaşamağa köçmüşlər, uzun müddət Rüsiya-Federasiyasında yaşamışlar, 2015 ci ildə anası - Mehdiyeva Lətifə dünyasını dəyişmişdir. Lakin sənədlərlə bağlı problem olduğuna görə onlar Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələ bilməmişlər, bundan sonra 2024 cü ilin avqust ayında Azərbaycan Respublikasına geri dönmüşdür. Şəmkir rayonuna gəldikdə onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin zəbt olunduğunu görmüş, sonra bəlli oldu ki, torpaq sahəsinin satışını Şəmkir rayonu 1 saylı notariat kontorunun notariusu X15 20 avqust 2005 ci il tarixində 20 avqust 2005 ci il tarixli 47-392 reyestr nömrəli alqı -satqı müqaviləsi ilə təsdiq etmişdir. Həmin müqavilədə mülkiyyətdə olan mübahisəli torpaq sahəsinin satıcısı 1999-cu ildə dünyasını dəyişmiş atası X13 və torpaq sahəsinin alıcısı Cavabdeh2 qeyd olunmuşdur. Şəmkir rayonun 1 saylı Dövlət Notariusunun notariusu Rövşən Sadıqov 1999 cü ildə düyasını dəyişən atasının adından 2005 ci ildə alqı-satqı müqaviləsini təsdiq etmişdir. Bu azmış kimi alqı müqaviləsi bağlandığı zaman onun, anasınının, həyat yoldaşınının saxta ərizələri hazırlanaraq əvəzlərinə saxta imza atmışlar. Ümumilikdə onlara məxsus torpaq sahəsi ilə bağlı bütün sənədlər saxtalaşdırılıb. Həmin vaxt Rusiya Federasiyasında olmuşlar və torpaq sahələri zəbt edilib, sənədlər notariat kontorunda adına rəsmiləşdirilərək digər şəxsin mülkiyyəti hesab edilməsindən xəbərləri olmamışdır. Göstərilən bütün sənədlər Cavabdeh1 47-392 nömrəli işdə saxlanılır. Cavabdeh1 notariusu Rövşən və torpaq sahəsinin alıcısı Cavabdeh2 saxta alqı-satqı müqaviləsi bağlamışlar. Odur ki, məhkəmədən həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsinin qaytarılmasını xahiş edir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında bildirdi ki, cavabdeh alqı-satqı müqaviləsi əsasında sözügedən torpağı əldə etmişdir. Həmin müqavilə Aqrar İslahat komissiyasının 1998 -ci il 29 yanvar tarixli 47 nömrəli qərarı ilə 4,58 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi barəsində 20 avqust 2025-ci il tarixdə, 4-Ə392 nömrəli reyestrdə qeydə alınaraq Şəmkir notariat kontorunda bağlanmışdır. Şəmkir rayon məhkəməsində həmin müqavilə mübahisələndirilmiş, belə ki, 20 avqust 2025-ci il tarixdə, 4-Ə392 nömrəli reyestrdə qeydə alınmış müqavilənin etibarsız hesab edilməsi və torpaq sahəsinin faktiki sahibliyə qaytarılması ilə bağlı 2019-cu ildə iddia qaldırılmış və məhkəmənin qətnaməsi ilə iddia rədd edilmişdir, müqavilə etibarsız hesab edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş 24 fevral 2020-ci il tarixli, 2(104)-1508/2020 saylı Gəncə Apellyasiya Məhkəməsinin qərarından gbörünür ki, iddiaçı X12 cavabdehlər Cavabdeh2 və Şəmkir rayon 1 saylı notariat kontoruna (bundan sonra ofisinə) qarşı mülkiyyətdə olan pay torpaq sahəsinə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın qismən ləğv edilməsi, torpaq sahəsinin faktiki sahibliyə qaytarılması tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998—ci il tarixli 47 saylı qərarı ilə JN-364 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” əsasında Qapanlı kənd sakinləri X11, X5, X6 və X7 ümumi paylı mülkiyyətlərinə verilmiş. Şəmkir rayonu, Qapanlı kəndi ərazisində yerləşən 4.58 hektar pay torpaq sahəsinin X8 Cavabdeh2 satılmasına dair Şəmkir rayon 1 saylı notariat kontorunda xx.xx.2005-ci il tarixdə 4ə-392 nömrəli reyestrə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququna dair dair xx.xx.2018—ci il tarixli RX seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın qismən ləğv edilməsi və torpaq sahəsinin faktiki sahibliyinə qaytarılması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini habelə mülki işin sənədlərini nəzərdən keçirib hesab edir ki, mülki işin icraatına xitam verilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edildiyi kimi etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Konstitusiya Məhkəməsinin qərarında “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir.” məzmunundakı hüquqi mövqedən də görünür ki, əqdin etibarlılığının yoxlanılmasının zəruri şərti etibarsızlıq barədə tələbin irəli sürülməsi deyil, sadəcə tələbin əqdə söykənməsidir. Odur ki, məhkəmə “əqdin etibarsız sayılması, əqdən doğan öhdəliyin icrası üzrə və s.” tələbləri, yaxud bu iddialara etiraz əsasında tərəflərin faktiki münasibətlərində baş vermiş halları, varsa əqdi mübahisələndirmə (iradənin qarşı tərəfə çatdırılması) faktını araşdırır, əqdin etibarlı olub-olmamasına görə mübahisəni həll edir. (Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Ali Məhkəmənin 02/2022 saylı qərardadı) Xüsusilə vurğulanmalıdır ki, əqdə əsaslanan iddialara baxılması ilə bağlı yuxarıda ifadə edilmiş hüquqi mövqe ədalətli məhkəmə hüququ ilə uyğunsuzluq yaratmır. Belə ki, əqdlə bağlı hər hansı mübahisəyə baxıldıqda qarşı tərəfin əqdin etibarsız olması ilə etiraz və ya qarşılıqlı iddia irəli sürmək, məhkəmə iclasının vaxtı və yeri barədə məlumatsız olduqda, etiraz və dəlilləri əsassız olaraq nəzərə alınmadıqda isə qəbul edilmiş məhkəmə aktından şikayət vermək hüquqları vardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent təcrübəsində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələbləri baxımından “res judicata” prinsipinə hörmət edilməsini ehtiva edən qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının bir qayda olaraq dəyişdirilmədən saxlanılmasını nəzərdə tutan preyudisiallıq və qanunun aliliyinin fundamental aspektlərindən olan hüquqi müəyyənlik prinsiplərinin təmin edilməsinə xüsusi önəm verilmiş, yalnız məhkəmə səhvlərinin düzəldilməsi və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən hallar aşkar olunduqda belə qərarlara yuxarı instansiya məhkəməsi tərəfindən yenidən baxılmasının mümkünlüyü əks olunmuşdur (Xotulyeva Rusiya Federasiyasına qarşı iş üzrə 2009-cu il 30 iyul tarixli, Kondraşov və digərləri Rusiya Federasiyasına qarşı iş üzrə 2009-cu il 8 yanvar tarixli qərarlar). Hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır (Brumaresku Rumıniyaya qarşı” iş üzrə 1999-cu il 28 oktyabr tarixli qərar). Hüquqi müəyyənlik, “res judicata” prinsipinə hörməti (bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyini) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmasını tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədi ilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyridüzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməsidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə, eyni zamanda, bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır (Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli qərar). Belə ki, iş materiallarına əlavə edilmiş müxtəlif illərdə baxılmış yekun məhkəmə aktlarından görünür ki, X9 tərəfindən xx.xx.2005-ci il tarixdə 4ə-392 nömrəli reyestrə qeydə alınmış alqı-satqı müqaviləsi mübahisələndirilmiş və hazırkı iddia tələbindən göstərilmiş əsaslarla iddiaya baxılmışdır. Həmçinin, hazırki mülki iş üzrə İddia ərizəsindən görünür ki, İddiaçı hazırda Şəmkir rayonu, Qapanlı kəndi ərazisində yerləşən 4.58 hektar pay torpaq sahəsinin X8 Cavabdeh2 satılmasına dair Şəmkir rayon 1 saylı notariat kontorunda xx.xx.2005-ci il tarixdə 4ə-392 nömrəli reyestrə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsinin qaytarılması barədə tələb irəli sürmüşdür. İddia tələbində irəli sürülən tələb ilə bağlı məhkəmə qeyd edir ki, əvvəllər eyni mübahisəyə məhkəmədə artıq baxılmış və sözü gedən müqavilənin etibarsızlığı yoxlanılmışdır. Hazırki işdə də iddiaçı həmin müqaviləni vəfat etmiş atasının adından tərtib edildiyini bildirirərək etibarsız hesab edilməsini xahiş edir. Lakin, bu halların yoxlanılması, həqiqiliyinin müəyyən edilməsi yenidən ayrıca iddianın, yaxud icraatın predmeti ola bilməz.Belə ki, iddiaçının hazırda iddia ərizəsində göstərdiyi hallar əvvəllər məhkəmədə iddia icraatı qaydasında araşdırılmış və yekun hüquqi qiymətini almışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər; 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır; 261.0.2-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyun 2017-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqedən görünür ki, ... məhkəmə instansiyaları məhkəmə aktlarından verilmiş şikayətlərə baxarkən qanuni qüvvəyə minmiş qərarların stabilliyi və tarazlığı prinsipini nəzərə almalı, məhkəmənin həmin işə baxmağa səlahiyyətli olub-olmamasını, şikayət verilərkən məhkəmə hakimiyyətinin iyerarxiyasına riayət edilib-edilməməsini yoxlamalıdır.... Məhkəmə müdafiəsi prosedurunun və konkret formasının seçilməsi məhkəmə qərarının qanuni qüvvəsini təmin edən, müxtəlif məhkəmə aktlarının kolliziyasının istisna edilməsinə yönələn məhkəmə qərarlarının stabilliyi prinsipi nəzərə alınmaqla həyata keçirilməlidir. Belə ki, bu prinsip məhkəmə aktlarının bir-birinə zidd olmamasının, eləcə də hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarına əsasən, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Həmin qərara əsasən, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Məhkəmə onu da qeyd edir ki, eyni tərəflər, eyni predmet və eyni əsaslar üzrə işlə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktı olduğu halda, mahiyyət və məzmun etibarilə eyni predmet və eyni əsaslar üzrə fərqli formada eyni şəxslərə qarşı iddia qaldırılması istisna edilir. Əks halda bu, eyni tələblə bağlı müxtəlif variasiyalarda sonsuz sayda iddiaların qaldırılmasına imkan yaradar ki, bu da hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipinə zidd olmaqla yanaşı, Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinin əhəmiyyətini heçə endirərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Habelə, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Şəmkir rayonu 1 saylı Dövlət Notariat Kontoruna və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsinin qaytarılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ödənilmiş 100 ( bir yüz) manat məbləğində dövlət rüsümü iddiçı İddiaçı geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar