Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-2678/2025 11.06.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir rayon məhkəməsinin Hakimi Heydərova Nazlı Azər qızı, İddiaçı, Cavabdeh qarşı “aliment öhdəliyindən azad edilmə və alment borcunun silinməsi tələbi”nə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaı İddiaçı Cavabdeh qarşı "aliment öhdəliyindən azad edilmə və aliment borcunun silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Belə ki, iddia ərizəsində qeyd edilən xüsusatlardan göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında olan nikaha xitam verilmiş, nikahdan olan uşaqlar ananın yanında saxlanılmış və iddiaçının hər uşağa görə anaya aliment ödəməsi müəyyən edilmişdir. Hazırda iddiaçı uşaqların ananın yox, məhs onun yanında yaşamasını əsas gətirərək, aliment borcunun silinməsi və aliment öhdəliyindən azad edilməsini xahiş etmişdir. Ailə Məcəlləsinin 106.5-ci maddəsinə görə, icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Bu barədə sübutlar təqdim edilməsinə baxmayaraq icra məmuru tərəfindən müəyyənləşdirilən aliment borcunun məbləği ilə razılaşmayan borclu icra məmurunun hərəkətlərindən məhkəməyə şikayət verə bilər. Qanunda bu qaydada şikayət vermək imkanının nəzərdə tutulması mübahisəli məsələyə iddia icraatı qaydasında baxılmasını istisna edir. Göründüyü kimi, ailə qanunvericiliyi aliment borcundan azad edilmə ilə bağlı tələb yalnız iddiaçının bu borcun şəxsin xəstəliyi, maddi vəziyyəti və ya digər üzrlü səbəblərə görə ödəmək iqtidarında olmaması ilə bağlı şərtləndirmişdir. Hazırki iddia tələbində isə iddiaçı cavabdehlə aralarında bağlanmış nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş uşaqların onunla bir yerdə yaşadığı üçün aliment borcunu ödəməkdən azad edilməsini tələb edir. İddia ərizəsindən görünür ki, aliment borcunun silinməsi tələbinin əsasında onun üzrlü səbəblərdən (hansısa xəstəliyi və ya digər üzrlü səbəb) icra edilməməsi ilə bağlı dəlillər dayanmır. Tələb müəyyən olunan borc məbləğindən aliment öhdəliklərinin faktiki olaraq yerinə yetirilməsi ilə əlaqədar 2017-ci ilin may ayından hazırki vaxta qədər hesablanan məbləğin silinməli olması ilə əsaslandırılır. Qeyd olunanları nəzərə alaraq məhkəmə bu nəticəyə gəlir ki, iddia ərizəsi üzrə icraata xitam verilməli, iddiaçıya icra icraatı qaydasında müvafiq dövrü əhatə edən aliment borcundan azad edilmə ilə bağlı müvafiq sübutları icra sənədinin icrasının həvalə olunduğu icra məmuruna müraciət etmək hüquqları izah edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə bu nəticəyə gəlir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, iddiaçıya icra icraatı qaydasında müvafiq dövrü əhatə edən aliment borcundan azad edilmə ilə bağlı müvafiq sübutları icra sənədinin icrasının həvalə olunduğu icra məmuruna müraciət etmək hüquqları izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. AR MPM-in 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı, Cavabdeh qarşı “aliment öhdəliyindən azad edilmə və alment borcunun silinməsi tələbi”nə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin və ərizəyə əlavə olunmuş bütün sənədlər rəsmi qaydada iddiaçıya təqdim olunsun. İddiaçı icra icraatı qaydasında müvafiq dövrü əhatə edən aliment borcundan azad edilmə ilə bağlı müvafiq sübutları icra sənədinin icrasının həvalə olunduğu icra məmuruna müraciət etmək hüquqları izah edilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardaddan şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №2(076)-2678/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-2678/2025
11.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver