Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-2787/2024 04.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə İddiaçı cavabdehlər Şəmkir Rayon 1 saylı Notariat Kontoruna və Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin ləğvi və pul tələbinə dair iddia ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Şəmkir Rayon 1 saylı Notariat Kontoruna və Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin ləğvi və pul tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehlə arasında bağlanmış xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinin ləğvini xahiş etsə də, iş materiallarında iddiaçı tərəfindən cavabdehə mübahisənin məhkəmədən kənar qaydada (pretenziya qaydasında) həll edilməsi məqsədini güdən təklifin (məktubun) göndərilməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikasının MM-in 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Bununla da məhkəmə, iddiaçı tərəfindən cavabdehə münasibətdə mübahisənin məhkəmədən kənar həlli qaydasına əməl edilməməsi qənaətinə gəlir və hesab edir ki, həmin qaydaya əməl olunmadığından iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 149.2.4-cü maddəsinə əsasən ərizədə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılır. Həmçinin, qeyd edilməlidir ki, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilməmiş, yalnız 80 manat məbləğində rüsum ödənilmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 108.1.1-ci maddəsinə əsasən məhkəməyə iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. “X1” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrinin verilməsi zamanı dövlət rüsumu tutulur. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası MPM-in 152.1.5-ci maddəsində göstərilmişdir ki, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Bunan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Hazırkı iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən sənədi (şəxsiyyət vəsiqəsinin surətlərini və ya həmin sənədin seriya nömrəsini və ya FİN kodu, ya da Maps arayışını) iddia ərizəsinə əlavə etməmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinə cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən sənədin əlavə edilməməsi gələcəkdə iddianın təmin olunacağı halda qətnamənin icra olunmasını çətinləşdirə və ya qeyri-mümkün edə və eyni zamanda məhkəmə aidiyyatının pozulması ilə də nəticələnə bilər. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına riayət edilmədiyindən, eləcə də, qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilmədiyindən, habelə iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinin tələblərinə əməl edilmədən məhkəməyə təqdim edildiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya hazırki qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : İddiaçı cavabdehlər Şəmkir Rayon 1 saylı Notariat Kontoruna və Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin ləğvi və pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılsın. İddiaçılara izah edilsin ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-2787/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-2787/2024
04.07.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver