Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2904/2025 09.09.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X2 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh nümayəndəsi (anası) Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı cavabdehdən uşağın müalicəsi üçün əlavə xərcin alınması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehdən uşağın müalicəsi üçün əlavə xərcin alınması tələbinə dair məhkəmədə iddia qaldıraraq, 11 dekabr 2021–ci il tarixdə doğulmuş Fatimə adlı uşağın müalicəsi üçün çəkilmiş 3.000 manat pulun ½ hissəsinin, eləcə də hər ay 200 manat müalicə xərcinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh ilə faktiki olaraq evlənmiş, xx.xx.2020–ci il tarixdə rəsmi nikah qeyd etdirmişdir. Birgə nikahdan 11 dekabr 2021–ci il tarixdə Zəhra və Fatimə adlı əkiz uşaqları doğulmuşdur. Cavabdehlə evləndikdən sonra bir müddət normal ailə şəraitində yaşasalar da, sonradan aralarında olan narazılığa görə ayrılmışlar, ayrıldıqdan sonra uşaqları onun yanında qalmışdır. Həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün məhkəmənin müvafiq qətnaməsi ilə hər ay hər uşaq üçün 170 manat aliment təyin edilmişdir. Lakin Fatimə adlı uşağı xəstədir, onun müayinə və müalicələrinə kifayət qədər vəsait xərcləyir. Belə ki, uşağın həm beynində inkişaf ləng gedir, həm də bud sümüyündə problem var və o, yeriyə bilmir. Bununla bağlı uşağı mütəmadi olaraq masaja, həkim qəbuluna aparır, dərmanlar alır. Uşağın sağalması üçün uzun müddətli müalicə lazımdır. Həkimin dediyinə görə hazırki vəziyyətə uşağa 7 yaşına kimi müalicə mütləqdir. Lakin cavabdeh alimentdən əlavə heç bir maddi yardım etmir. Uşağın müalicəsinə hər ay yüksək məbləğdə pul xərcləyir və həmin müalicə ilə bağlı xərclər mütəmadi şəkildə artmaqda davam edir. Onun isə kifayət qədər maddi imkanı yoxdur. Bu səbəbdən cavabdehin uşağın müalicəsi üçün əlavə xərclərə cəlb olunmasını istəyir. Bugünədək uşağın xəstəliyi ilə əlaqədar cəmi 3.000 manat pul xərcləmişdir. Hesab edir ki, həmin məbləğin yarısı cavabdehdən tutulmalıdır. Bununla belə təqdim etdiyi ödəniş qəbzlərində olan məbləğin yarısının cavabdeh tərəfindən ödənilməsinə etiraz etmir. Həmçinin, cavabdehin uşağın müalicəsi üçün əlavə xərclərə də cəlb olunaraq hər ay 200 manat vəsait ödəməsini də tələb edir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh nümayəndəsi (anası) Nümayəndə məhkəmə iclası zamanı təmsil etdiyi qarşı irəli sürülmüş iddianı qəbul etməyərək izahatında göstərdi ki, həqiqətən iddiaçı ilə cavabdeh faktiki olaraq evlənmiş, xx.xx.2020–ci il tarixdə rəsmi nikah qeyd etdirmişdir. Birgə nikahdan 11 dekabr 2021–ci il tarixdə Zəhra və Fatimə adlı əkiz uşaqları doğulmuşdur. Ailə münasibətlərinin pozulması səbəbindən tərəflər ayrılmışlar, ayrıldıqdan sonra birgə nikahdan doğulmuş uşaqlar iddiaçının yanında qalmışdır. Həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün məhkəmənin müvafiq qətnaməsi ilə hər ay hər uşaq üçün 170 manat aliment təyin edilmişdir. Lakin hazırda təmsil etdiyi şəxs iddianı qəbul etmir. Belə ki, cavabdeh heç bir yerdə işləmir, onun hər hansı qazancı yoxdur. Həmçinin, qeyd edir ki, iddiaçı onun oğlu ilə evlənərək xəstə olmuş, onun müalicəsini kredit götürərək onlar etdirmişdir. Hazırda cavabdeh özü də xəstədir, ürəyində problemi vardır. Əgər maddi imkanı olsaydı uşağın mülaicəsinə əlavə köməklik edə bilərdi. Təyin edilmiş alimenti belə cavabdeh yox, o, pensiyası ilə ödəyir. Belə olan halda təmsil etdiyi şəxs iddiaçıya heç bir ödəniş edə bilməz. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan nikah haqqında arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2020–ci il tarixdə rəsmi nikah bağlanmışdır. İşdə olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından 11 dekabr 2021–ci il tarixdə Zəhra və Fatimə adlı uşaqları doğulmuşdur. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024–cü il tarixli 2(076)–2828/2024 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış rəsmi nikah qeydinin pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş 11 dekabr 2021– ci il təvəllüdlü Zəhra və Fatimə adlı uşaqların İddiaçı yanında saxlanılması, xx.xx.2024–cü il tarixdən başlayaraq, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 170 manat alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. İşdə olan aptek ödəniş qəbzlərindən görünür ki, iddiaçı xx.xx.2024–cü il tarixdə 64,40 manat, xx.xx.2024–cü il tarixdə 153 manat, xx.xx.2024–cü il tarixdə 21,60 manat, xx.xx.2025–ci il tarixdə 38,90 manat, xx.xx.2025–ci il tarixdə 135,41 manat, xx.xx.2025–ci il tarixdə 33,30 manat, xx.xx.2025–ci il tarixdə 43,45 manat, xx.xx.2025–ci il tarixdə 31,90 manat, xx.xx.2024–cü il tarixdə 45,30 manat, xx.xx.2025–ci il tarixdə 107 manat, xx.xx.2025–ci il tarixdə 29,80 manat, xx.xx.2024–cü il tarixdə 105,50 manat, xx.xx.2025–ci il tarixdə 92,40 manat olmaqla, cəmi aptekə 901,96 manat ödəniş etmişdir. İşdə olan X1 xx.xx.2025–ci il tarixli arayışından görünür ki, Fatimə adlı uşağa 10 günlük müalicə masaj xidməti göstərilmişdir. İşdə olan X1 xx.xx.2025–ci il tarixli arayışından görünür ki, Fatimə adlı uşağa 10 günlük müalicə masaj xidməti göstərilmişdir. İşdə olan həkim qəbulu və masaj üçün ödənilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən həmin xidmətlərə görə cəmi 360 manat ödəniş edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər faktiki olaraq evlənmiş, xx.xx.2020–ci il tarixdə rəsmi nikah qeyd etdirmişdir. Birgə nikahdan 11 dekabr 2021–ci il tarixdə Zəhra və Fatimə adlı əkiz uşaqları doğulmuşdur. Tərəflər aralarında olan narazılığa görə ayrılmışlar və ayrıldıqdan sonra azyaşlı uşaqlar iddiaçının yanında qalmışdır. Məhkəmə, tələbin “uşağın müalicəsi üçün çəkilmiş 3.000 manat pulun ½ hissəsinin tutulması” hissəsinə qiymət verərək hesab edir ki, iddiaçı xəstə uşağı üçün əlavə vəsait tələb etməkdə qismən haqlıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1–ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2–ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3–cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. İşin hallarından görünür ki, iddiaçının yanında qalmış Fatimə adlı uşaq xəstəlikdən əziyyət çəkir. Həmin hal məhkəmə iclası zamanı cavabdehin nümayəndəsi tərəfindən də etiraf edilmişdir. Bununla yanaşı məhkəmə hesab edir ki, cavabdehdən tutulması olan birdəfəlik əlavə xərcin məbləği 630,98 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, iddiaçı tərəf uşağın müalicəsinə 3.000 manat vəsait xərcləməsini iddia etsə də, bununla bağlı mötəbər mənbədən əldə edilmiş sübutları məhkəməyə təqdim etməmişdir. Bununla belə iddiaçı tərəfindən təqdim edilmiş ödəniş qəbzləri ilə müəyyən edilir ki, iddaçı uşağın müalicə və müayinəsinə, eləcə də dərmanlarına cəmi 1.261,96 manat pul xərcləmişdir. Nəzərə alınsa ki, mövcud qanunvericilik uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsini hər iki valideynin vəzifəsi hesab etmişdir, belə olan halda uşağın müalicəsinə çəkilmiş xərcin yarısının, yəni 630,98 manat məbləğində pulun cavabdehdən alınması işin hallarına, habelə tərəflərin mənafelərinə daha çox uyğundur. Odur ki, məhkəmə tərəflərin maddi və əmlak vəziyyətini, uşağın xəstəliyinin xarakterini və digər əhəmiyyətli halları nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının yanında qalmış Fatimə adlı uşağın müalicəsi üçün çəkilmiş xərcin yarısı, yəni 630,98 manat məbləğində pulun alınması daha əsaslı və qanunidir Tələbin Fatimə adlı xəstə uşaq üçün hər ay 200 manat müalicə xərcinin tutulması hissəsinə gəldikdə isə məhkəmə tərəflərin yuxarıda təsvir olunan maddi və əmlak vəziyyəti və digər əhəmiyyətli hallar baxımından hesab edir ki, iddiaçı xəstə uşağı üçün əlavə vəsait tələb etməkdə qismən haqlıdır. İşin hallarından görünür ki, iddiaçının yanında qalmış uşaq xəstəlikdən əziyyət çəkir. Həmin xəstəlik uşağın həm xəstə olaraq ona qulluq edilməsi baxımından, həm də müalicəsi baxımından daim maddi vəsaitə ehtiyac olduğunu şərtləndirir. Eyni zamanda iddiaçının himayəsində qalmış həmin uşağın mütəmadi müalicə olunduğu müəyyən olunur. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh iddiaçının himayəsində qalmış Fatimə adlı uşağın müalicəsi üçün hər ay 50 manat sabit pul vəsaitinin ödənilməsinə cəlb edilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçı məhkəmə iclası zamanı izahatında uşağa 7 yaşına kimi müalicənin zəruri olmasını bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hər ay tutulmalı olan 50 manat sabit pul vəsaitinin həmin uşaq 7 yaşına çatanadək, yəni xx.xx.2028–ci il tarixədək müəyyən edilməsi daha məqsədəmüvafiqdir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmŞərmin maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, azyaşlı uşağın mənafelərini, səhhətini və iddiaçının himayəsində yaşamasını, habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən uşağın müalicəsi üçün birdəfəlik 630,98 manat pul vəsaitinin, eləcə də xx.xx.2028–ci il tarixədək hər ay 50 manat əlavə pul vəsaitinin alınması azyaşlı uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Məhkəmə, həmçinin hesab edir ki, Cavabdeh yüksək maddi vəziyyətə malik olmasını, hər ay kifayət qədər qazanc əldə etməsini iddiaçı məhkəmə iclasında sübuta yetirə və bu barədə mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən iddianın qalan hissəsi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 11 dekabr 2021–ci il tarixdə doğulmuş Fatimə adlı uşağın müalicəsi üçün birdəfəlik 630,98 (altı yüz otuz manat doxsan səkkiz qəpik) manat pul vəsaiti və hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2028–ci il tarixədək həmin uşağın müalicəsi üçün hər ay 50 (əlli) manat əlavə pul vəsaiti Cavabdeh alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla nəzərdə tutulmuş müddətdə şikayət verilməzsə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X3
Məhkəmə qərarları › İş №2(076)-2904/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2904/2025
09.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver