Məhkəmə qərarları › İş №2(076)-3023/2024

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-3023/2024

25.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-3023/2024 25.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı aliment ödəməkdən azad etmə tələbinə dair iddia ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı aliment ödəməkdən azad etmə tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddiaçı mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına, o cümlədən mübahisənin mediasiya vasitəsilə nizama salınmasına dair qanunvericilklə müəyyən olunmuş müvafiq qaydaya riayət etməmişdir. Belə ki, iddiaçı ərizəsinə xx.xx.2024-cü il tarixli mediasiya arayışını əlavə etsə də, həmin arayışın əsli deyil, adi kserosurəti əlavə edilmişdir. Həmçinin, iddia Cavabdeh qarşı qaldırılsa da, xx.xx.2024-cü il tarixli mediasiya arayışında İMS-də iştirak etməyən tərəf kimi cavabdehin adı deyil, hazırki mülki işdə prosessual statusu məlum olmayan “X1”nın adı qeyd edilmişdir. Bu hal isə mübahisənin mediasiya vasitəsilə nizama salınmasına dair qanunvericilklə müəyyən olunmuş müvafiq qaydaya riayət edilməməsi halını özündə ehtiva edir. Halbuki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində mülki və kommersiya mübahisələrinin mediasiya vasitəsilə həll edilmə imkanı nəzərdə tutulmuşdur. Həmin Qanunun 26-cı maddəsinə əsasən nikahın davam etdirilməsi şərtləri; valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası; uşağın yaşayış yerinin müəyyən edilməsi; uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası; ailə münasibətlərindən irəli gələn digər mübahisələr mediasiya vasitəsilə həll oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa qeyd edilməlidir ki, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilməmiş, 55 manat mediasiya xərci ödənilsə də, dövlət rüsumu kimi 45 manat məbləğində rüsum ödənilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 108.1.1-ci maddəsinə əsasən məhkəməyə iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. “X3” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrinin verilməsi zamanı dövlət rüsumu tutulur. Həmin Qanunun 8.1.1 və 8.1.2-ci maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası MPM-in 152.1.5-ci maddəsində göstərilmişdir ki, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya izah olunmalıdır ki, mübahisənin məhkəməyə qədər mediasiya vasitəsilə nizama salınmasına dair müvafiq qaydaya riayət etdikdən, həmçinin qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödədikdən sonra məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : İddiaçı Cavabdeh qarşı aliment ödəməkdən azad etmə tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar