Məhkəmə qərarları › İş №2(076)-306/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-306/2024

14.02.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-306/2024 14.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Şəmkir rayonu 1 saylı notariat kontoruna, BOKT "xxxx" MMCyə və Cavabdeh1nə qarşı “icra qeydinin ləğv olunması” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı cavabdehlər Şəmkir rayonu 1 saylı notariat kontoruna, BOKT "xxxx" MMCyə və Cavabdeh1nə qarşı iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən Cavabdeh2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 8İ-14474 reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Şəmkir rayon 1 saylı notariat ofisi tərəfindən 8İ-14474 reyestr nömrəli icra qeydi tərtib olunaraq icra olunması üçün Cavabdeh1nə göndərilmişdir. Həmin icra qeydi xx.xx.2022-ci il tarixli 045-KOS/AZN-2022 saylı kredit müqaviləsi əsasında verilmişdir. Kredit müqaviləsinə əsasən iddiaçıya 24 ay müddətinə 52500 (əlli iki min beş yüz) manat məbləğində kredit verilmişdir. Qeyd olunan icra qeyd barədə məlumatı xx.xx.2023-cü il tarixdə valideyinlərinə icra şöbəsindən gələn zəng əsasında olmuşdur. Belə ki iddiaçı özü Rusiya Federasiyasındadır. "xxxx" MMC tərəfindən iddiaçıya icra qeydinin veriləcəyi barədə heç bir məlumat verilməmişdir (ünvanına bildiriş göndərilməmişdir). Həmçinin hazırkı icra qeydinə əsasən 62190 (altmış iki min yüz doxsan) manat pul tələb olunur. Yəni 51261 (əlli iki min iki yüz altmış bir) manat əsas. 10928 (on min doqquz yüz iyirmi səkkiz) manat faiz borcu. Bundan başqa tələbkar 17017.62 (on yeddi min on yeddi 62 qəpik) manat cərimə - penya borcu tələb etməkdədir. Ümumilikdə 25 manat dövlət rüsumu daxil olmaqla 79232,62 (yetmiş doqquz min iki yüz otuz iki) manat pul tələb olunur. Qeyd edir ki, 17017 manat cərimə və 10928 manat faiz borcunun tutulması hissəsində icra qeydinin verilməsi qanunsuz və əsassızdır. Belə ki, hazırda iddiaçı qeyd olunan faiz və dəbbə pulunu mübahisələndirə bilmir. Hesab edir ki, tələbkar əsassız varlanmaqla iddiaçını mülkiyyət hüququndan məhrum etmək niyyətindədir. Hesab edirəm ki, iddia tələbi əsaslıdır və həmin icra qeyd ləğv edilməlidir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Şəmkir rayonu 1 saylı notariat kontoru, BOKT "xxxx" MMC və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli icra qeydindən görünür ki, BOKT "xxxx" MMC-nin xeyrinə İddiaçı 045-KOS/AZN-2022 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 62190 manat 00 qəpik pul tutulmuşdur. Həmçinin İddiaçı 17017 manat 62 qəpik məbləğində penya tələbkar tərəindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu olmaqla cəmi, 79232 manat 62 qəpik manat pul tutulmuşdur. Həmin icra qeydi xx.xx.2023-cü il tarixində aparılmışdır. İş materiallarına əlavə edilmiş bildirişdən görünür ki, “BOKT "xxxx" MMC icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borclu İddiaçı xx.xx.2023-cü il tarixli bildiriş göndərilmiş və xx.xx.2023-cü il tarixində bildiriş “İddiaçı” tərəfindən qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 045KOS/AZN nömrəli kredit müqaviləsindən görünür ki, BOKT "xxxx" MMC tərəfindən borcalan İddiaçı 24 ay müddətinə, illik 35 faiz hesablanmaqla 52500 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli 045-KOS/AZN-2022 saylı kredit müqaviləsi üzrə X4 və Hacıyev Natiq Nazim oğlu borcverən qarşısında öhdəliklərini icra etməsi üçün üzərinə məsuliyyət götürmüşdürlər. İş materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin 2(076)-2886/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Hacıyev Natiq Nazim oğlundan 62190 manat, 17017.62 penya pulun tutulması barədə Şəmkir rayon 1 saylı nootariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 8İ-14475 reyestr nömrəli icra qeydi ləğv edilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilən iddiaçının sərhədkeçmə məlumatlarından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasından (sərhədin portu-Varşava) getmiş və geri qayıtmamışdır. Tətbiq edilən hüquq: “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu 76-cı maddəsinə əsaən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur Həmin Qanunun 79-cu maddəsinə əsasəm icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın təsdiq edilməsibarədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarının 161-ci bəndinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaqvə ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir.Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin AzərbaycanRespublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Həmin Təlimatın 170-1-ci bəndinə əasən icra qeydinin aparılması ilə əlaqədar notariusa müraciət edildikdə, notarius icraqeydinin aparıldığı əqd üzrə öhdəliklərin icra intizamını mənfi xarakterizə edən neqativ məlumatı bu Təlimatın 7-ci hissəsinin on altıncı abzasının məqsədləri üçün “Elektron notariat” informasiya sisteminə daxil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarının 162-ci bəndinə əsasən İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli, 045KOS/AZN nömrəli kredit müqaviləsi ilə BOKT "xxxx" MMC tərəfindən borcalan İddiaçı 24 ay müddətinə, illik 35 faiz hesablanmaqla 52500 manat məbləğində kredit verilmişdir. Həmin tarixli zaminlik müqaviləsi ilə X4 və Hacıyev Natiq Nazim oğlu özlərinə məxsus bütün daşınar və daşınmaz əmlakları ilə xx.xx.2022-ci il tarixli, 045KOS/AZN nömrəli kredit müqaviləsinə əsasən borcverən qarşısında İddiaçı öhdəliklərini icra etməsi üçün üzərinə məsuliyyət götürmüşdürlər. Həmin tarixli digər zaminlik müqaviləsi ilə də X3 da İddiaçı öhdəliklərini icra etməsi üçün üzərinə məsuliyyət götürmüşdür. Məhkəmə ilkin olaraq qeyd edir ki, Mülki Məcəllənin 472-ci maddəsindən göstərilmişdir ki, borcu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin borcu və kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi qanunverici zaminin məsuliyyətinin iki növünü fərqləndirmişdir. Birgə (solidar) məsuliyyətin subsidiar məsuliyyətdən fərqləndirən cəhəti odur ki, zaminlik müqaviləsi üzrə bu məsuliyyət növü razılaşdırıldığı təqdirdə kreditor əsas öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini, eyni zamanda, həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə yönəldə bilər. Hazırkı mülki iş üzrə məhkəməyə təqdim edilmiş zaminlik müqaviləsinin 2.3 və 2.4-cü maddəsindən görünür ki, borc öhdəliyiicra edilmədikdə zaminlər və borcalan bank qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə bununla da vurğulamaq istəyir ki, bank ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsinə əsasən İddiaçı, X3, X4 və Hacıyev Natiq Nazim oğlu kredit götürülmüş 52500 manat məbləğindən ödənilməsi üçün müştərək məsuliyyət daşımalarına baxmayaraq, BOKT "xxxx" MMC-nin notariat ofisinə müraciəti əsasında Şəmkir rayonu 1 saylı notariat ofisi tərəfindən verilmiş 4 ayrı icra qeydi ilə hər birindən ayrı-ayrılıqda 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi, 79232, 62 manat məbləğində pul tutulmuşdur. “İcra haqqında” AR Qanunun 6.1.4-cü maddəsinə əsasən notariusun icra qeydləri də icra sənədi hesab edildiyindən və icra qeydinin mətninə uyğun olaraq gələcəkdə icra edilən zaman bu hal 79232, 62 manat məbləğində pul vəsaitinin borcluların hər birindən ayrı-ayrı tələb edilməsi ilə BOKT "xxxx" MMC-nin əsassız varlanmasına gətirib çıxaracaqdır. Göründüyü kimi icra qeydi verilən zaman İddiaçı hüquqi məsuliyyəti notariat ofisi tərəfindən düzgün qiymətləndirilməmişdir və icra qeydi mülki qanunvericiliyin tələbləri pozulmaqla verilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, BOKT "xxxx" MMC tərəfindən icra qeydinin aparılması barədə xx.xx.2023-cü il tarixli bildiriş iddiaçının ünvanına göndərilsə də, o, 2022-ci ildən artıq Azərbaycan Respublikasında olmadığından həmin bildirişi rəsmi (şəxsən) qəbul edə bilməmiş və 20 gün müddətində bildirişə cavab məktubu bildirməkdən və borcu mübahisələndirmək hüququndan məhrum olmuşdur. Odur ki, iddia təmin edilməli və Şəmkir rayonu 1 saylı notariat ofisi tərəfindən verilmiş 04 avqust 2023-cü il tarixli 14474 reyestr nömrəli icra qeydi ləğv edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Şəmkir rayonu 1 saylı notariat ofisi tərəfindən verilmiş 04 avqust 2023-cü il tarixli 14474 reyestr nömrəli icra qeydi ləğv edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar