Məhkəmə qərarları › İş №2(076)-3202/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3202/2025

15.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3202/2025 15.09.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "aliment məbləğinin azaldılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i̇ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 mart 2012-ci il təvəllüdlü X5 və 09 sentyabr 2014-cü il təvəllüdlü X7 adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(076)-130/2025 saylı qərardadı ilə hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.52 misli həddində indeksasiya edilmiş alimentin məbləğinin azaldılaraq hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, cavabdehlə birgə ailə həyatlarından 07 mart 2012-ci il təvəllüdlü X5 və 09 sentyabr 2014-cü il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur. Cavabdehlə aralarında baş vermiş narazılıqlara görə ayrılmışlar və yetkinlik yaşına çatmamış uşaqları cavabdehin yanında qalmış, o isə həmin uşaqların saxlanmasına maddi köməklik göstərmişdir. Şəmkir Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(076)-1568/2021 saylı qətnaməsi ilə ondan 07 mart 2012-ci il təvəllüdlü X5 və 09 sentyabr 2014-cü il təvəllüdlü X7 adlı uşaqlarının saxlanması üçün hər ay hər uşağa görə 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutulur. O həmin qətnamə ilə müəyyən edilmiş 130 manat aliment ödəyir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-130/2025 saylı qərardadı ilə Şəmkir Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(076)-1568/2021 saylı qətnaməsi ilə hər ay hər uşağa görə müəyyən edilmiş 130 manat məbləğində aliment sonrakı artırımlar nəzərə alınmaqla hər ay, hər uşağa üçün tətbiq olunmuş minimum əmək haqqının 0.52 misli həddində indeksasiya olunması qərara alınmışdır. Onun hazırda cavabdehə hər ay hər uşağın saxlanması üçün 208 manat aliment ödəməyə imkanı yoxdur. Belə ki, o heç bir yerdə rəsmi olaraq işləmir. Günəmuzd fəhləliklə məşğul olur. Həmçinin, cavabdehdən olan ailəsindən sonra X2 ilə ailə qurmuşdur. Həmin evliliyindən 10 iyul 2024-cü il təvəllüdlü Onur və Ömər adlı uşaqları doğulmuşdur. Həmin uşaqlar da onun himayəsində yaşayır, belə vəziyyətdə alimentin məbləğinin artırılması onun maddi vəziyyətinin daha da ağırlaşmasına səbəb olur. Hesab edir ki, hər iki valideyn öz övladlarını saxlamağa borcludur. Lakin, məhkəmə qərarı ilə aliment müəyyən edilərkən qeyd olunan halların heç bir nəzərə alınmamışdır. O, aliment məbləğinin azaldılması tələbi ilə bağlı Mediasiya Təşkilatına müraciət etmiş, lakin, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyinə görə ona ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 iddia ərizəsinə uğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Bələ ki, iş materiallarında olan İİ-TH 843447 nömrəli xx.xx.2014-cü il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X5 adlı uşaq xx.xx.2012-ci il tarixdə anadan olmuş, anası X3, atası İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan İİ-TH 899595 nömrəli xx.xx.2014-cü il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X7 adlı uşaq xx.xx.2014-cü il tarixdə anadan olmuş, anası X3, atası İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan AZ-İİ 438785 nömrəli xx.xx.2021-ci il tarixli nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı və X2 xx.xx.2021-ci il tarixdə nikah bağlamışlar. Nikah bağlanandan sonra ərə “Quliyev”, arvada “Məmmədova” soyadı verilmişdir. İş materiallarında olan AZ-V 019953 nömrəli 25 iyun 2024-cü il tarixli doğum haqqından şəhadətnamədən görünür ki, X8 10 iyun 2024-cü il tarixdə anadan olmuş, atası İddiaçı, anası X2 qeyd edilmişdir. İş materiallarında olan AZ-V 019952 nömrəli 25 iyun 2024-cü il tarixli doğum haqqından şəhadətinəm görünür ki, X9 10 iyun 2024-cü il tarixdə anadan olmuş, atası İddiaçı, anası X2 qeyd edilmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(076)- 130/2025 saylı qərardadından görünür ki, həmin qərardadla xx.xx.2012-ci il təvəllüdlü Zəhra və xx.xx.2014-cü il təvəllüdlü Əsma adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(076)- 1568/2021 saylı qətnaməsi ilə təyin edilmiş hər ay bir uşaq üçün 130 manat alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,52 misli həddində indeksasiya olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MŞG/1/MT007/2025-00915 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixə saat 11:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında iştirak etməməşdir. İddiaçı mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Beləliklə, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, hazırki iş üzrə tərəflər faktiki olaraq ailə qurmuşlar. Onların birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X5 və 09 sentyabr 2014-cü il təvəllüdlü X7 adlı övladları olmuşdur. Tərəflər ayrılmış, birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X5 və 09 sentyabr 2014-cü il təvəllüdlü X7 adlı uşaqlar cavabdehin yanında qalmışdır. Uşaqların saxlanılması üçün məhkəmə tərəfindən iddiaçıdan cavabdehin xeyrinə əvvəl hər ay hər uşağa görə 130 manat aliment tutulmuş, daha sonra bu məbləğ inedksiasiya edilərək hər ay bir uşaq üçün minimum əmək haqqının 0.52 (400x0,52= 208) misli həddində indeksasiya edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ailə Məcəlləsinin (bundan sonra– AM) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə vəya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri sayır ki, uşaqların tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də, yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşaqların digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşaqlarını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə qərardadı ilə indeksasiya edilmiş və yenidən müəyyən edilən alimentin məbləğinə təsir edə biləcək idddiaçının ailə və ya maddi vəziyyətində dəyişiklik olduğundan, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının azaldılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, iddiaçı tərəfindən ödənilən alimentin indeksasiyasından sonra alimentin məbləğinə münasibətdə iddiaçının vəziyyətini ağırlaşmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı yenidən ailə qurmuş və sonrakı nikahından 2 uşaq dünyaya gəlmişdir. Odur ki, hər ay hər uşağa 208 manat aliment məbləği ödəmək iddiaçını və ailəsini əlverişsiz vəziyyətə salır. Tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2012-ci il təvəllüdlü X5 və 09 sentyabr 2014-cü il təvəllüdlü X7 adlı uşaqları üçün müəyyən edilmiş aliment məhkəmə qərardadı ilə indeksasiya ediləndən sonra müəyyən edilmiş alimentin miqdarı azaldılmalı, iddiaçıdan yetkinlik yaşına çatmamış uşaqların saxlanılması üçün cavabdehin xeyrinə tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 180 manat (400X0.45) sabit pul məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Azərbaycan Respublikasının Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndindəki mövqe nəzərə alınmaqla Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilməli olduğundan 2025-ci il üçün mövcud olan minimum aylıq əmək haqqının məbləğlərini və yetkinlik yaşına çatmayan hər uşaq üçün 130 manat məbləğində alimentin tutulmasının müəyyən edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Şəmkir rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(076)-130/2025 saylı qərardadı ilə indeksasiya edilmiş alimentin məbləği azaldılaraq, xx.xx.2012-ci il təvəllüdlü X5 və 09 sentyabr 2014-cü il təvəllüdlü X7 adlı uşaqlar yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.45 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360 -cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(076)-130/2025 saylı qərardadı ilə indeksasiya edilmi, xx.xx.2012-ci il təvəllüdlü X5 və 09 sentyabr 2014-cü il təvəllüdlü X7 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı azaldılsın. xx.xx.2012-ci il təvəllüdlü X5 və 09 sentyabr 2014-cü il təvəllüdlü X7 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.45 misli həddində sabit pul məbləğində aliment tutulsun. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar