Məhkəmə qərarları › İş №2(076)-3249/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-3249/2025

05.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-3249/2025 05.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir Rayon Məhkəməsinin hakimi Yusifli Seymur Mübariz oğlu İddiaçı Cavabdeh qarşı “Alimentin ləğv edilməsi tələbi”nə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “Alimentin ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il təvəllüdlü Həsənov Turqay və xx.xx.2019-cu il təvəllüdlü Həsənov Yusif adlı uşaqların saxlanması üçün Cavabdeh hər ay 340 manat alimentin, hazırda azyaşlı uşaqların onun himayəsində yaşamasını nəzərə alaraq ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi mübahisənin bu kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuş məcburi mediasiya prosesində iştirak tələbinə riayət edilmədən verildiyi üçün məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Həmin Qanunun 28.2-ci maddəsinə əsasən bu Qanunun 28.1-ci maddəsində qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır. Məhkəmə qeyd edir ki, qanunveruicilikdə ailə mübahisəsi ilə bağlı mübahisənin məhkəmədən əvvəl mediasiya prosesi nəzərədə tutulsa da, hazırki iş üzrə iddiaçı həmin qaydaya əməl etməmiş, beləliklə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinin tələbini tələbini pozmuşdur. Belə ki, MPM-in 150.1 və 150.1.7-cı maddələrinin tələbinə görə iddiaçı iddia ərizəsinə digər sənədlərlə yanaşı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənədi də əlavə etməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinə mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa iddiaçı iddia ərizəsində Şəmkir Rayon Məhkəməsinə aid olan iddia ərizəsinə dövlət rüsumunun ödədiyi barədə rəsmi sənəd əlavə etməmiş və dövlət rüsumunu ödəməməsini 1-qrup əlil olması ilə əlaqələndirmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 108.1.1-ci maddəsinə əsasən məhkəməyə iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. “X1” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “Alimentin ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsində qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Seymur Yusifli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar