Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3268/2023 04.12.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Hüseynli Xəyal Azər oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin sabit pul məbləğində təyin edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 28 yanvar 2014-cü ildə X1 və 11 may 2016-cı ildə X2 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə sabit pul məbləğində 250 (iki yüz əlli) manat olmaqla cəmi 500 (beş yüz) manat alimentin tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2012-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Nikahları 28 sayı ilə dövlət qeydiyyatına alınmışdır. Birgə nikahlarından 28 yanvar 2014-cü ildə X1 və 11 may 2016-cı ildə X2 adlı iki uşaqları doğulub. Cavabdehlə öz istəyilə ailə qurmuşdur. Buna baxmayaraq evləndiyləri vaxtdan etibarən qısa fasilələrlə birlikdə yaşamışlardır. Belə ki, cavabdeh mütəmadi olaraq Rusiya Federasiyasının Sankt Peterburq şəhərinə gedib orada işləyir. Cavabdeh Şəmkir rayonuna təsadüfən gəlir. Hər gəldikdə isə bir neçə gün qaldıqdan sonra çıxıb gedir. Cavabdeh hər dəfə gedərkən onu atasının evində qoyub gedir. Sonuncu dəfə 2022-ci ilin iyul ayında yenə atasının evinə gətirərək qoyub getdi. Gedərkən ona pul göndərəcəyinə söz versə də vədinə əməl etməmişdir. İki dəfə 100 manat olmaqla, cəmi 200 manat pul göndərmiş, 2023-cü ilin yanvar ayından isə əlaqəni tamamilə kəsmişdir. Hazırda uşaqların saxlanılmasında çətinlik çəkir və cavabdeh uşaqların saxlanması üçün heç bir maddi köməklik göstərmir. Özü heç bir yerdə işləmir. Ona görə də cavabdehdən hər ay iki uşağın saxlanması üçün sabit pul məbləğində hər uşağa 250 (iki yüz əlli) manat olmaqla cəmi 500 (beş yüz) manat aliment tutulmasını istəyir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdehin gəlirləri barədə sübutu yoxdur, müdiasiya xərcini isə tərəflər arasında olan nikahın pozulmasına dair mülki iş üzrə tələb edirlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o heç bir yerdə işləmir gəliri yoxdur. O iki azyaşlı uşağının saxlanılması üçün hər ay hər uşağa 80 (səksən) manat ödəyə bilər. Onun rəsmi gəliri yoxdur. Valideyinlərinin köməyi ilə ailəni dolandırırlar. Özü ayağından əməliyyat olunmuşdur. Rusiyada günü 10-15 manata fəhlə işləyir. Qeyd edilənləri nəzərə alaraq iddianın qismən təmin edilməsini xahiş edir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan AZ-İ 771955 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixdə Şəmkir rayon Yuxarı Seyfəli kənd İƏD üzrə nümayəndəlikdə 28 nömrə ilə qeyd edilmiş nikah bağlanılmışdır. İşdə olan AZ-İİİ 233892 saylı, AZ-İİİ 781556 saylı doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiqlənmiş surətlərindən görünür ki, tərəflərin birgə ər-arvad münasibətlərindən xx.xx.2014-cü il təvəllüdlü Allahyar və xx.xx.2016-cı il Zəhra adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə edilmiş “ilkin mediasiya sessiyasında iştirak edilməsi” barədə xx.xx.2023-cü il tarixli, MŞG/MT0032/2023-01343 saylı arayışdan görünür ki, vətəndaş İddiaçı və vətəndaş Cavabdeh ailə münasibətlərindən irəli gələn “nikahın pozulması, evə köçürülmə, qızıl-zinət və aliment” mübahisə üzrə xx.xx.2023-cü il tarixində, saat 11:00-da mediator X4 tərəfindən keçirilən “İlkin mediasiya sessiyası”nda İddiaçı iştirak etmiş və ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərcini tam ödəmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İşdə olan Şəmkir rayonu İHB Çinarlı qəsəbə İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşayır. Məhkəmə iddiaçının nümayəndəsi dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları bundan ibarətdir ki, tərəflər xx.xx.2012-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Nikahları 28 sayı ilə dövlət qeydiyyatına alınmışdır. Birgə nikahlarından 28 yanvar 2014-cü ildə X1 və 11 may 2016-cı ildə X2 adlı iki uşaqları doğulub. Ailə qurduqdan sonra uzun müddət münasibətləri normal olmuşdur. Sonradan tərəflər ayrılmış birgə nikahdan doğulmuş iki uşaq atasından ayrı anasının yanında qalmışdır. Cavabdeh olan ata uşaqların saxlanılması üçün maddi köməklik göstərmədiyindən İddiaçı “nikahın pozulması, evə köçürülmə, qızıl-zinət və aliment” tələbi ilə ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, tərəflər arasında barışıq əldə olunmamışdır. Bundan sonra iddiaçı “aliment” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, xx.xx.2014-cü il təvəllüdlü Allahyar və xx.xx.2016-cı il Zəhra adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 250 (iki yüz əlli) manat olmaqla cəmi 500 (beş yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tərəf məhkəmə iclasında iddia tələbinin təmin edilməsini xahiş etmiş, cavabdeh məhkəməyə ərizə göndərərək hər ay hər uşağa 80 (səksən) manat aliment ödəyəbiləcəyini bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən ər və arvad birbirinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad—uşaq 18 yaşına çatana qədər; 84.2.4. 18 yaşından yuxarı İ dərəcə əlilliyi olan ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Qeyd olunan Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58-ci maddəsinin ümumi məzmunun tələbinə görə valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Həmin Məcəllənin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsində uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Beləliklə, adı çəkilən Konvensiya və daxili qanunvericiliklə uşaqların fiziki, əqli və mənəvi cəhətdən sağlam mühitdə inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, uşaqların mənafeyini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşaqları saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu, uşaqların sağlam şəraitdə böyüməsi və tərbiyyəsi, maddi və mənəvi tələbatlarının təmin edilməsi, birgə nikahdan doğulmuş uşaqların atasından ayrı olaraq anaları ilə birlikdə yaşamalarını və uşaqların saxlanılması üçün cavabdeh olan ata tərəfindən maddi köməklik göstərilməməsini, tərəflərin gəlirləri barədə sübutun məhkəməyə təqdim edilməməsini, tələb edilən aliment məbləğini nəzərə alınaraq iddia tələbi qismən təmin olunmalı, xx.xx.2014-cü il təvəllüdlü Allahyar və xx.xx.2016-cı il Zəhra adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün ataları Cavabdeh hər ay hər uşağa görə 180 (bir yüz səksən) manat olmaqla cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində alimentin tutulması məqsədə müvafiqdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100-cü maddəsinə əsaslanmaqla məhkəmə həmçinin hesab edir ki, tərəflər faktiki ayrı yaşadığından və uşaq anasının yanında olduğundan, alimentin tutulması iddianın məhkəməyə daxil olduğu xx.xx.2023-cü il tarixdən etibarən tutulmalı, qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Mediasiyaya çəkilən xərci iddiaçı tərəfindən ödənilmiş və cavabdehdən bu iş üzrə deyil, nikahın pozulmasına dair mülki iş üzrə tələb edilməsi nəzərə alınmalı, mediasiya xərcinə hazırki iş üzrə münasibət bildirilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmçinin məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, İddiaçı olduğundan aliment tələbi üzrə dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün və ona hər ay cavabdeh tərəfindən ödənilməli olan alimentin illik məbləği 4320 manat olması və həmin məbləğə uyğun 63 manat məbləğində dövlət rüsumu təşkil etməsi nəzərə alınmalı, həmin dövlət rüsumu cavabdehə aid edilmə və ondan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2014-cü il təvəllüdlü Allahyar və xx.xx.2016-cı il Zəhra adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün ataları Cavabdeh hər ay hər uşaq üçün 180 (bir yüz səksən) manat olmaqla cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutulub uşaqların anası İddiaçı verilsin. Alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablansın. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. Cavabdeh dövlət rüsumu olaraq 63 (altmış üç) manat tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(076)-3268/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3268/2023
04.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver