Məhkəmə qərarları › İş №2(076)-3379/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3379/2025

09.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3379/2025 09.10.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, Həşimov Ağaxan Habil oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin azaldılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün ondan tutulan alimentin azaldılaraq hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.38 misli həddində müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, cavabdehlə 2016-cı ildə qeyrirəsmi evlənib ailə qurmuşlar. Nikahlarını 2017-ci ildə rəsmiləşdirmişlər. Cavabdehlə bir ailədə ər-arvad münasibətində 2024-cü ilin may ayına qədər olan müddətdə birgə yaşamışlar. Birgə yaşadıqları dövrdə onların xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2019cu il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. Cavabdehlə nikahlarının pozulması ilə bağlı iş Şəmkir Rayon Məhkəməsinin icraatındadır. Nikahları pozulmasa da ondan uşaqların saxlanılması üçün aliment tutulması qət edilmişdir. Məhkəmə qərarı ilə hər uşağa 180 manat aliment tutulması qət edilsə də cavabdeh ərizə ilə Şəmkir rayon məhkəməsinə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(076)-248/2025 saylı qərardadı ilə aliment indeksasiya edilərək hər uşağa minimum əmək haqqının 0.52 misli (208 manat) qədər aliment tutulması qət edilmişdir. Onun vəziyyəti, aylıq gəliri araşdırılmadan ədalətsiz qərar qəbul edilmişdir. O uşağını saxlamaqdan boyun qaçırmır. Hər ay hər uşağa 208 manat yox 150 manat ödəyə bilər. O yarım ştat işləyir və aylıq əmək haqqı 200 (iki yüz) manatdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edib alimentin azaldılmasını istəyir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bələ ki, işdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X2 arasında xx.xx.2017-ci il tarixdə Şəmkir rayon Qeydiyyat Şöbəsində 262 nömrə ilə qeyd edilmiş nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən hal-hazıradək "xxxx" MMC-də sürücü vəzifəsində çalışır (ştat 2/1) və aylıq əmək haqqısı 200 manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 00254 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, Cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. İddiaçı mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(076)- 248/2025 saylı qərardadından görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün, əvvəllər Şəmkir Rayon Məhkəməsinin 2(076)-1492/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə hər ay, hər uşaq üçün təyin edilmiş 180 manat məbləğində aliment sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,52 misli həddində indeksasiya olunmuşdur. Beləliklə, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, hazırki iş üzrə tərəflər 2016-cı ildə qeyri-rəsmi evlənib ailə qurmuşlar. Nikahlarını 2017-ci ildə rəsmiləşdirmişlər. Cavabdehlə bir ailədə ər-arvad münasibətində 2024-cü ilin may ayına qədər olan müddətdə birgə yaşamışlar. Birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(076)-248/2025 saylı qərardadı ilə xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün, əvvəllər Şəmkir Rayon Məhkəməsinin 2(076)-1492/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə hər ay, hər uşaq üçün təyin edilmiş 180 manat məbləğində aliment sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,52 misli həddində indeksasiya olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ailə Məcəlləsinin (bundan sonra– AM) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə vəya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri sayır ki, uşaqların tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də, yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşaqların digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşaqlarını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə qərardadı ilə indeksasiya edilmiş və yenidən müəyyən edilən alimentin məbləğinə təsir edə biləcək idddiaçının ailə və ya maddi vəziyyətində dəyişiklik olduğundan, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının azaldılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, iddiaçı tərəfindən ödənilən alimentin indeksasiyasından sonra alimentin məbləğinə münasibətdə iddiaçının vəziyyətini ağırlaşmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının əmək haqqısı 200 manat təşkil edir və onun əlavə olaraq heç bir gəliri yoxdur. Odur ki, hər ay 208 manat aliment məbləği odəmək iddiaçını əlverişsiz vəziyyətə salır. Tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X5 adlı uşaqları üçün məhkəmə qərardadı ilə indeksasiya ediləndən sonra müəyyən edilmiş alimentin miqdarı azaldılmalı, iddiaçıdan uşaqların saxlanılması üçün cavabdehin xeyrinə tutulacaq alimentin məbləği 0,47 misli məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun“ 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndindəki mövqe nəzərə alınmaqla Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilməli olduğundan 2025-ci il üçün mövcud olan minimum aylıq əmək haqqının məbləğlərini və yetkinlik yaşına çatmayan hər uşaq üçün 208 manat məbləğində alimentin tutulmasının müəyyən edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(076)-248/2025 saylı qərardadı ilə xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,47 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360 -cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(076)-248/2025 saylı qərardadı ilə xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı azaldılsın. xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,47 misli həddində sabit pul məbləğində aliment tutulsun. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar