Məhkəmə qərarları › İş №2(076)-3755/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3755/2025

06.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3755/2025 06.11.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X5 Məsail oğlunun sədrliyi Rzazadə Leyla Elçin qızının katibliyi Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “Alimentin sabit pul məbləğində tutulması tələbi”nə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “Alimentin sabit pul məbləğində tutulması tələbi”nə məhkəmədə iddia qaldıraraq, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü Məhəmmədəli və xx.xx.2015-ci il təvəllüdlü Aqşin adlı uşaqların saxlanılması üçün hər ay hər uşağa 300 (üç yüz) manat sabit pul məbləğində aliment alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə bir ailədə ər-arvad münasibətində 2023-cü ilin noyabr ayına qədər olan müddətdə birgə yaşamışlar. Birgə yaşadığı dövürdə onların üç övladı doğulub- X3 xx.xx.2007-ci il təvəllüdlü, X1 xx.xx.2011ci il təvəllüdlü, X4 xx.xx.2015-ci il təvəllüdlü. Cavabdehlə məhkəmə qaydasında nikah pozulmuş uşaqlar onun himayəsinə verilmişdir. Uşaqlardan Vəfa artıq yetkinlik yaşına çatmışdır. Uşaqlar onun himayəsindədirlər. Hal-hazıradək cavabdeh uşaqlarla maraqlanmır maddi yardım göstərmir. Maddi imkanı yaxşı olmadığı üçün uşağa baxmağa çətinlik çəkir. Uşağı Vəfa artıq tələbədir. Qeyd etdiklərini nəzərə almaqla uşağın saxlanılması üçün cavabdehdən sabit pul məbləğində aliment tutulmasını istəyir. İddiaçı teleqram ünvanlayaraq işə iştirakı olmadan baxılıb iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, hərbi qulluqçu olmuşdur, hazırda işləmir, maddi gəliri yoxdur, atası ilə birlikdə yaşayır, arvadı ilə boşanmışdır, əgər arvadı uşaqlara baxa bilmirsə o özü uşaqları saxlaya bilər. Odur ki iddia tələbini qəbul etmir və təmin edilməməsini xahiş edir. Məhkəmə cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından X1 xx.xx.2011ci il təvəllüdlü, X4 xx.xx.2015-ci il təvəllüdlü və X3 xx.xx.2007-ci il təvəllüdlü olmaqla üç ümumi uşaqları doğulmuşdur. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-977/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında rəsmi nikah qeydi pozulmuş və uşaqların anası İddiaçı himayəsinə verilməsi qət edilmişdir. İşdə olan xx.xx.2025–ci il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”dan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasını iştirak etməmişdir. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində müəyyən olundu ki, tərəflər faktiki olaraq evlənmişlər. Birgə nikahdan üç ümumi uşaqları doğulub hazırda bir uşaq yetkinlik yaşına çatıb. Cavabdehlə evləndikdən sonra bir müddət normal yaşasalar da, sonradan aralarında olan narazılığa görə ayrılmışlar və ayrıldıqdan sonra azyaşlı uşaqlar iddiaçının yəni anasının himayəsində yaşayır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1–ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024– cü il tarixli 15 nömrəli Qərarının 1.2.1–ci bəndinə əsasən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016–cı il tarixli qərarının 8.4–cü bəndinə 8.4–1–ci yarımbənd əlavə edilmiş və həmin yarımbənddə göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2–ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023–cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2023–cü il yanvarın 1–dən 345 manat müəyyən edilmişdir. Həmçinin, 2024–cü ildə də ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 345 manat olmuşdur. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024–cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025–ci il yanvarın 1–dən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2–ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşaqların mənafelərini və iddiaçının himayəsində yaşamalarını, habelə digər halları, eləcə də iddiaçının ərizə ilə xx.xx.2025–ci il tarixdə məhkəməyə müraciət etməsini nəzərə alaraq hesab edir ki, həmin tarixdən başlayaraq, X1 xx.xx.2011-ci il təvəllüdlü, X4 xx.xx.2015-ci il təvəllüdlü olmaqla iki uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay, bir uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə minimum əmək haqqı məbləğinin 0,50 misli həddində sabit pul məbləğində aliment müəyyən edilməlidir. Həmin məbləğdə alimentin təyin edilməsi azyaşlı uşaqların qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. xx.xx.2025–ci il tarixdən başlayaraq, X1 xx.xx.2011-ci il təvəllüdlü, X4 xx.xx.2015-ci il təvəllüdlü olmaqla iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşaq üçün ölkə üzrə minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar