Məhkəmə qərarları › İş №2(076)-3810/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3810/2025

12.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3810/2025 12.11.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Yusifli Seymur Mübariz oğlunun sədrliyi Məmmədova Alsu Dəyanət qızının katibliyi İddiaçı Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “Alimentin sabit pul məbləğində tutulması tələbi”nə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “Alimentin sabit pul məbləğində tutulması tələbi”nə məhkəmədə iddia qaldıraraq, xx.xx.2009-cu il təvəllüdlü X2 adlı uşağı yetkinlik yaşına çatanadək saxlanılmasın üçün hər ay 300(üç yüz) manat sabit pul məbləğində aliment alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 2005-ci idə rəsmi ailə qurub evlənmişlər. Birgə yaşadıqları dövrdə onların iki uşaqları olmuşdur. Uşaqlardan biri yetkinlik yaşına çatmışdır. Yetkinlik yaşına çatmayan uşaq xx.xx.2009-cu il təvəllüdlü X1r. Cavabdehlə nikahları pozulmayıb. Faktiki ayrılmışlar. Hazırda uşaq iddiaçın himayəsindədir və maddi ehtiyaclarını ödəməyə çətinlik çəkir. Uşağı məktəblidir, hazırlıqlara gedir. Valideynlərinin himayəsində yaşayır. Cavabdeh fərdi əməklə məşğuldur, həmçinin bir neçə yerdə işləyir və kifayət qədər gəliri var. O isə işləmir, gəliri yoxdur. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət edib cavabdehdən uşağı üçün aliment və əlavə xərc tutulmasını istəyir. İddiaçı məhkəmə iclası zamanı izahatında bildirdi ki, həqiqətən, cavabdeh ilə birgə nikahlarından iki nəfər uşaqları doğulmuşdur. Ailə münasibətlərinin pozulması səbəbindən faktiki olaraq ayrılmışlar. Hazırda birgə nikahlarından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X3 adlı uşaq iddiaçının yanında yaşayır. Hər ay uşaq üçün 300 manat sabit pul məbləğində aliment təyin edilməsini istəyir. Odur ki, izahatında göstərilənlərə uyğun qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı izahatında bildirdi ki, maddi imkanım az olduğuna görə həmin məbləği ödəyə bilməyəcəm. Odur ki, izahatımda göstərilənləri nəzərə almağınızı xahiş edirəm. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü X2 adlı uşaqları doğulmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”dan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasını iştirak etməmişdir. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində müəyyən olundu ki, tərəflərin birgə yaşadıqları dövrdə xx.xx.2009-cu il təvəllüdlü X2 adlı uşaqları doğulmuşdur. İddiaçının cavabdehlə ailə münasibətləri cavabdehin təqsiri ucbatından pozulmuşdur. Aralarında baş vermiş narazılıqlar nəticəsində ayrılmışlar. Cavabdehlə ayrıldıqları vaxtdan azyaşlı uşaq iddiaçının himayəsində qalmışdır. İddiaçı azyaşlı uşağın maddi cəhətdən saxlanmasında çətinlik çəkir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1–ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmamış uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024– cü il tarixli 15 nömrəli Qərarının 1.2.1–ci bəndinə əsasən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016–cı il tarixli qərarının 8.4–cü bəndinə 8.4–1–ci yarımbənd əlavə edilmiş və həmin yarımbənddə göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2–ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024–cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025–ci il yanvarın 1–dən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2–ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşağın mənafeyini və iddiaçının himayəsində yaşamasını, habelə digər halları, eləcə də iddiaçının ərizə ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etməsini nəzərə alaraq hesab edir ki, həmin tarixdən başlayaraq, xx.xx.2009-cu il təvəllüdlü X2 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə minimum əmək haqqı məbləğinin 0,50 misli həddində sabit pul məbləğində aliment müəyyən edilməlidir. Həmin məbləğdə alimentin təyin edilməsi azyaşlı uşağın qanuni mənafeyinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilən qanunverilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan ilkin mediasiya sessiyasında çəkilən 50 manat xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X2 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, bir uşaq üçün ölkə üzrə minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulmasınını əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Seymur Yusifli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar