Məhkəmə qərarları › İş №2(076)-3908/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3908/2025

21.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3908/2025 21.11.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Eminbəyli Firuzə Ramiz qızının katibliyi İddiaçı2 Cavabdeh iştirakları ilə İddiaçı2 Cavabdeh qarşı uşağın ali təhsil aldığı müddətdə alimentin tutulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı2 Cavabdeh qarşı uşağın ali təhsil aldığı müddətdə alimentin tutulması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, Məhin adlı uşağının Bakı Ali Neft Məktəbində təhsil aldığı müddətdə onun saxlanması üçün cavabdehdən hər ay 200 (iki yüz) manat stabil pul məbləğində aliment tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə el adəti ilə evlənmişlər, lakin nikahlarını rəsmiləşdirməmişlər. Faktiki nikahlarından xx.xx.2006-cı il tarixdə İddiaçı1 adlı uşaqları doğulmuşdur. Cavabdehlə bir müddət yaxşı münasibətdə yaşamışlar. Sonra münasibətləri pozulmuşdur. Ona görə də faktiki olaraq ayrılmışlar. Ayrıldıqları vaxtdan Məhin adlı uşağı onun himayəsində qalmışdır. Ona görə məhkəmənin müvafiq qətnaməsi ilə Məhin adlı uşağın saxlanması üçün müəyyən edilmiş aliment hər ay cavabdehdən tutulub ona verilmişdir. Övladı Məhin 18 yaşına çatdığına görə cavabdehdən alimentin tutulması dayandırılmışdır. Övladı Məhin hazırda Bakı Ali Neft Məktəbinində əyani şöbəsində təhsil aldığından heç bir yerdə işləmir. Yəni maddi ehtiyaclarını ödəməsi üçün heç bir yerdən gəliri yoxdur. O da təkbaşına onun maddi ehtyaclarını təmin etməyə çalışsa belə tam ödəyə bilmir. Cavabdeh isə könüllü olaraq ona maddi yardım göstərmir. Ona görə də Məhin adlı uşağın ali təhsil müəssisəsində təhsil aldığı müddətdə onun saxlanması üçün cavabdehdən aliment tutulması tələbinə dair Mediasiya Təşkilatına müraciət etmişdir. Cavabdeh ilk mediasiya sessiyasına gəlmədiyinə görə İMS iştirak edilməməsi barədə ona arayış verilmişdir. Ona görə də Məhin adlı uşağın ali təhsil müəssisəsində təhsil aldığı müddətdə onun saxlanması üçün cavabdehdən aliment tutulması tələbinə dair məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. İddiaçı2 məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, İddiaçı1 adlı uşağı hazırda 3cü kursda oxuyur. Məhin ali təhsil müəssisəsinə 687 bal toplayaraq qəbul edilmiş, və hazırda dövlət sifarişi əsasında təhsil alır. Məhin Bakıda kirayədə qalır. Nahar vaxtı qidalanması universitetdə olur. Əlavə xərcləri olur. Qızı 3 ay kurs keçmiş və hazırda işləyir. Qızın vəzifəsi suni intelekt mühəndisidir. Əvvəllər işləyirdi və 1000 manata yaxın əmək haqqı alırdı. Hazırdı qızı işləmir. O qızının işləməsini istəmir, çünki işlədiyi zaman dərslərdən geri qalır. Həmçinin qızının görmə qabiliyyəti zəif olduğundan əməliyyata ehtiyacı var. Qızı əməliyyat olması üçün işləyir. Odur ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, uşaqları yetkinlik yaşına çatana kimi onların saxlanılması üçün aliment ödəmişdir. Ödəmədiyi aliment borcu var. Onun əmək haqqısı 400-450 manat təşkil edir. Həmin pulun 400 manatını aliment borcuna ödəyir. Onun himayəsində yaşlı atası və anası var. İddiaçı ilə birgə nikahdan bir nəfər qızı var, lakin digər uşağa atalıq verməmişdir. Aliment 50 manat təyin edilmişdir. O alimenti ödədiyi vaxt iddiaçı qəbul etməmiş, lakin sonra alimentin ödənilməsini tələb etmişdir. Sonra o hər ay 240 manat aliment və 160 manat aliment borcundan ödəniş etmişdir. Hazırda isə qalan aliment borcundan ödəniş edir. Həmçinin qeyd edir ki, qızı Mehin yüksək bal toplayaraq, ödənişsiz əsaslarla universitetə qəbul edilmişdir, hazırda universitetdə təhsil alır, həmçinin əlavə olaraq da işləyir, 1000 manat məbləğində əmək haqqı alır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1977-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Əliyev X1 şəhəri, Qarabağ küçəsi, ev 9 ünvanında qeydiyyatdadır. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı2 birgə nikahından xx.xx.2006-cı il təvəllüdlü Məhin adlı uşaqları doğulmuşdur. İşdə olan tələbə kartının surətindən və portal çıxarışından görünür ki, İddiaçı1 Bakı Ali Neft Məktəbində informasiya təhlükəsizliyi bölməsində dövlət sifarişi əsasında oxuyur. İşdə olan xx.xx.2025–ci il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”dan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(076)-1476/2019 saylı qətnaməsinin surətindən görünür ki, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx xxx 2006-cı il təvəllüdlü Məhin və 04 iyul 2007-ci il təvəllüdlü Nigar adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(076)-645/2009 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat sabit pul məbləği həddində müəyyən edilməsi və Cavabdeh alınıb İddiaçı2 verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində müəyyən olundu ki, tərəflərin birgə nikahından xx.xx.2006-cı il təvəllüdlü İddiaçı1 adlı uşaqları doğulmuşdur. İddiaçı cavabdehlə bir müddət yaxşı münasibətdə yaşamışdır. Sonra münasibətləri pozulmuşdur. Ona görə də faktiki olaraq ayrılmışlar. Ayrıldıqları vaxtdan Məhin adlı uşağı iddiaçının himayəsində qalmışdır. Ona görə məhkəmənin müvafiq qətnaməsi ilə Məhin adlı uşağın saxlanması üçün müəyyən edilmiş aliment hər ay cavabdehdən tutulub iddiaçıya verilmişdir. Övladı Məhin 18 yaşına çatdığına görə cavabdehdən alimentin tutulması dayandırılmışdır. Hazırda Məhin 18 yaşına çatmışdır və ali təhsi alır, odur ki,onun təhsil alması ilə bağlı əlavə xərclərin ödənilməsi ilə bağlı iddia qaldırmışdır. “Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanununun (bundan sonra - “Təhsil haqqında” Qanun) 19.4, 19.14 və 19.18-ci maddələrinə əsasən, Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir, ümumi orta təhsil icbaridir. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. Ailə Məcəlləsinin 58.4-cü maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. “Uşaq hüquqları haqqında” Qanunun 22-ci maddəsi uşaqların icbari ümumi orta təhsildən yayındırılmasını qadağan edir. Valideynlərin uşağın təhsilində iştirakı ilə bağlı hüquqları və vəzifələri “Təhsil haqqında” Qanunda da göstərilmişdir. Həmin Qanunun 34-cü maddəsinə görə valideynlərin aşağıdakı hüquqları vardır: uşaqları üçün təlim-tərbiyə müəssisəsini seçmək, uşağının tərbiyəsi və təhsili ilə bağlı dövlət orqanlarına müraciət etmək, təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək və s. Ailə Məcəlləsinin 58.5-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Göründüyü kimi, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80.1–ci maddəsinə görə valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 80.2-ci maddəsinə görə Aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 81.1-ci maddəsinə görə Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə görə Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə görə Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Qərarından görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin “əmək qabiliyyəti olmayan” müddəası yetkinlik yaşına çatmış övladın bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinin “göstərilən kənar xidmət” müddəası birbaşa tibbi xidməti deyil, yetkinlik yaşına çatmış və maddi yardıma ehtiyacı olan övladlar üçün göstərilmiş və ya gələcəkdə göstərilməsi zəruri olan əlavə xidmətlərə görə xərcləri nəzərdə tutur. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, qanunvericiliklə aliment yalnız əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün nəzərdə tutulmuşdur. Belə ki, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Mülki işin baxılması zamanı isə müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından anadan olmuş, yetkinlik yaşına çatmış İddiaçı1 ödənişsız əsaslarla ali təhsil müəssisəsində təhsil alır və əmək qabiliyyətlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Odur ki, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4–ci maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. İddiaçı2 Cavabdeh qarşı uşağın ali təhsil aldığı müddətdə alimentin tutulması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar