Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3993/2024 11.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X3 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması və uşaq 3 yaşına çatanadək ana üçün vəsait tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması və uşaq 3 yaşına çatanadək ana üçün vəsait tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, 19 may 2023–cü il tarixdə doğulmuş Asena adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 235 manat sabit pul məbləğində alimentin, həmin uşaq 3 yaşına çatanadək ana üçün hər ay 100 manat sabit pul məbləğində vəsaitin, habelə ödənilmiş 50 manat mediasiya xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi X2 məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, təmsil etdiyi şəxs Cavabdeh ilə 2021–ci il tarixdə evlənmiş, birgə nikahdan 19 may 2023–cü il tarixdə Asena adlı uşaqları doğulmuşdur. Tərəflər evləndikdən sonra bir müddət normal ailə şəraitində yaşasalar da, sonradan faktiki olaraq ayrılmışlar, ayrıldıqdan sonra uşaq iddiaçının yanında qalmışdır. Təmsil etdiyi şəxs mövcud vəziyyətdə uşağın saxlanmasında tək başına çətinlik çəkir. Belə ki, onun hər hansı gəliri və ya gəlir gətirən əmlakı yoxdur. Uşaq böyüdükcə onun tələbatları da artır və maddi imkanı olmadığından uşağın tələbatlarını qarşılaya bilmir. Uşağın geyimi və qidalanması ilə bağlı xərclər isə mütəmadi şəkildə artmaqda davam edir. Cavabdehin maddi imkanı yaxşı olsa da, uşağı üçün heç bir maddi yardım göstərmir. Odur ki, iddianın təmin edilərək, 19 may 2023–cü il tarixdə doğulmuş Asena adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 235 manat sabit pul məbləğində alimentin, həmin uşaq 3 yaşına çatanadək ana üçün hər ay 100 manat sabit pul məbləğində vəsaitin, habelə ödənilmiş 50 manat mediasiya xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Azərbaycan Respublikası MPM–in 147–ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. İş materialları ilə müəyyən edilir ki, cavabdehin məlum olan axırıncı yaşayış yeri ünvan 1 ünvanı olmuş, məhkəmə bildirişləri cavabdehə çatdırılması üçün Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə xəbərnaməli poçt vasitəsilə göndərilmiş, İH–nin əməkdaşı xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə xəbərnamələrə imza etməklə bildirişləri qəbul etmişdir. Ona görə də məhkəmə, Azərbaycan Respublikası MPM–in 147– ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından 19 may 2023–cü il tarixdə Asena adlı uşaqları doğulmuşdur. İşdə olan xx.xx.2024–cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”dan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, tərəflər 2021–ci il tarixdə evlənmiş, birgə nikahdan 19 may 2023–cü il tarixdə Asena adlı uşaqları doğulmuşdur. Tərəflər aralarında olan narazılığa görə ayrılmışlar və ayrılarkən azyaşlı uşaq iddiaçının yanında qalmışdır. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə tələbin alimentlə bağlı hissəsini araşdıraraq belə nəticəyə gəlir ki, iddiaçının aliment tələbi qismən təmin olunmalıdır. Belə ki, iddiaçının aliment tələbi haqlı olsa da, onun tələb etdiyi miqdarda aliment alınması cavabdehin real maddi və əmlak vəziyyəti ilə uzlaşmır. Ona görə də iddia həmin hissədə qismən təmin olunmalıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1–ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. İş materiallarının əlaqəli təhlili məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, alimentin məbləğinin hər ay 180 manat sabit pul məbləğində müəyyən edilməsi tərəflərin maddi və əmlak vəziyyətinə, xüsusən iddiaçının diqqətəlayiq mənafelərinə uyğundur. Belə ki, azyaşlı uşaq ananın himayəsində yaşayır, onun bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı iddiaçı tərəfindən ödənilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1–ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri–müntəzəm, dəyişkən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2–ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tələbin ana üçün 100 manat sabit pul məbləğində aliment vəsaiti tutulması hissəsinə gəldikdə isə, məhkəmə tərəflərin yuxarıda təsvir olunan maddi və əmlak vəziyyəti və digər əhəmiyyətli hallar baxımından hesab edir ki, iddiaçı azyaşlı uşağının 3 yaşına çatanadək özü üçün aliment tələb etməkdə qismən haqlıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1–ci maddəsinə əsasən ər və arvad bir–birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2–ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər–arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində arvad buna zəruri vəsaitə malik olan ərdən aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə tərəflərin maddi və əmlak vəziyyəti barədə iddia ərizəsində göstərilən məlumatları, habelə iddiaçı tərəfin məhkəmə iclası zamanı verdiyi izahatı, o cümlədən azyaşlı uşağın ananın yanında olmasını, onun qulluğa və qayğıya daha çox ehtiyacının olmasını və bu səbəbdən də ananın işləmək imkanının olmamasını nəzərə alaraq və Ailə Məcəlləsinin 84–cü maddəsinin zəruri şərtlərinə əsaslanaraq tərəflərin birgə nikahlarından doğulmuş Asena adlı uşağın 3 yaşına çatanadək cavabdehdən hər ay 50 manat sabit pul məbləğində vəsaitin alınıb iddiaçıya verilməsini əsaslı sayır. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024–cü il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, azyaşlı uşağın mənafelərini və iddiaçının himayəsində yaşamasını, habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay 180 manat sabit pul məbləğində alimentin və 50 manat ana üçün vəsaitin alınması azyaşlı uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Məhkəmə, həmçinin hesab edir ki, Cavabdeh daha yüksək maddi vəziyyətə malik olmasını, hər ay kifayət qədər qazanc əldə etməsini iddiaçı tərəf məhkəmə iclasında sübuta yetirə və bu barədə mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən iddianın qalan hissəsi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2–ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM–in 112.1.3–cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə həmçinin, iddianın “ödənilmiş 50 manat mediasiya xidmət haqqının cavabdehdən tutulması” hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununun 36.5–ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd–şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd–şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən Cavabdeh mediasiya xidmət haqqının yarısı, yəni 25 manat mediasiya xidmət haqqı tutulub İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasl MPM–nin 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. 15 oktyabr 2024–cü il tarixdən başlayaraq, 19 may 2023–cü il tarixdə doğulmuş Asena adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment və həmin uşaq 3 yaşına çatanadək ana üçün 50 (əlli) manat sabit pul məbləğində aliment vəsaiti alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməsin. Cavabdeh 47,6 (qırx yeddi manat altmış qəpik) manat məbləğində dövlət rüsumu tutulub elektron hökümət portalına, 25 (iyirmi beş) manat mediasiya xidmət haqqı tutulub İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X4
Məhkəmə qərarları › İş №2(076)-3993/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3993/2024
11.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver