Məhkəmə qərarları › İş №2(076)-408/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-408/2024

21.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-408/2024 21.06.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşağın himayəsində olması faktının müəyyən edilməsi, aliment borcunun silinməsi və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “uşağın himayəsində olması faktının müəyyən edilməsi, aliment borcunun silinməsi və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il təvəllüdlü Sabit adlı uşağı ümumiyyətlə onun himayəsində olması faktının müəyyən edilməsi, həmin uşağa münasibətdə xx.xx.2023-cü il tarixdən yığılan aliment borcunun silinməsi və xx.xx.2007-ci il təvəllüdlü Sabit adlı uşağın saxlanılması üçün cavabdehdən hər ay sabit pul məbləğində 250 (iki yüz əlli) manat alimentin alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli 2(076)-1998/2023 saylı qətnaməsi ilə ondan Cavabdeh xeyrinə birgə nikahlarından olan xx.xx.2007-ci il təvəllüdlü Sabit, xx.xx.2012-ci il təvəllüdlü il təvəllüdlü Ayan adlı uşaqlarının saxlanılması üçün ondan hər uşağa hər ay 190 (bir yüz doxsan) manat aliment tutulması qət edilmişdir. Hazırda və Ümumiyyətlə Sabit adlı uşağı onun himayəsindədir. Cavabdehlə faktiki ayrıldıqdan sonra heç bir gün olsa da Sabit adlı uşağı cavabdehin yanında olmamışdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edir. Qeyd olunanlara əsasən xx.xx.2007-ci il təvəllüdlü Sabit adlı uşağı ümumiyyətlə onun himayəsində olması faktının müəyyən edilməsi, həmin uşağa münasibətdə xx.xx.2023-cü il tarixdən yığılan aliment borcunun silinməsi və xx.xx.2007-ci il təvəllüdlü Sabit adlı uşağın saxlanılması üçün cavabdehdən hər ay sabit pul məbləğində 250 (iki yüz əlli) manat alimentin alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ 962804 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2007-ci ildə anadan olmuşdur. Uşağın atası İddiaçı, anası Cavabdeh qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ 806464 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2012-ci ildə anadan olmuşdur. Uşağın atası İddiaçı, anası Cavabdeh qeyd edilmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-1998/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, xx.xx.2023-cü il tarixdən başlayaraq, xx.xx.2007-ci il tarixdə doğulmuş Sabit və xx.xx.2012-ci il tarixdə doğulmuş Ayan adlı uşaqların yetkinink yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı hər ay hər uşaq üçün 190 manat sabit pul məbləğində aliment tutulub Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan 5-76/2-H-86-099/2023 nömrəli xx.xx.2023-cü il tarixli Şəmkir Rayon İcra Hakimiyyəti başçının aparatının tərəfindən verilmiş məktubdan görünür ki, Şəmkir Rayonu İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasın əməkdaşları tərəfindən Aybəniz Hətəmovanın (iddiaçının anası) evə baxış keçirilmiş və 2007-ci il təvəllüdlü X5 həqiqətən də X2 himayəsində yaşaması müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞG/1/MT0032/2023-01573 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə saat 14:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sesiyasında iştirak etməmişdir. İddiaçı mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. İş materiallarında görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə əsaslandırılmış rəy alınması üçün mülki iş Şəmkir Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilmiş və Komissiya iş üzrə 5-76/2-9-28-147/2024 nömrəli xx.xx.2024-cü il tarixli rəyini məhkəməyə göndərmişdir. Araşdırma zamanı Şəmkir Rayonu İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının hər iki tərəfin yaşadıqları ünvanda olmuş, müayinə aktı tərtib etmişlər. Bu zaman məlum olmuşdur ki, İddiaçı Qasim oğlu uzun müddətdir ölkə xaricindədir. xx.xx.2007-ci il təvəllüdlü Sabit adlı uşaq nənəsi (İddiaçı anası) X2, xx.xx.2012-ci il təvəllüdlü Ayan adlı uşaq anası Cavabdeh himayəsində yaşayır. Beləliklə, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, hazırki iş üzrə tərəflər 2007-ci il tarixdə faktiki olaraq ailə qurmuşlar və nikahlarını rəsmiləşdirmişlər. Onların birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü Sabit, xx.xx.2012-ci il təvəllüdlü il təvəllüdlü Ayan adlı övladları anadan olmuşdur. Tərəflər arasında nikah münasibətləri baş tutmadığından ayrılmış, birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü Sabit, xx.xx.2012-ci il təvəllüdlü Ayan adlı uşaqlar cavabdehin Şəmkir rayon Məhkəməsinin qətnaməsi ilə aliment təyin edilmişdir. Sabit və Ayan adlı uşaqların saxlanılması üçün məhkəmə tərəfindən iddiaçıdan cavabdehin xeyrinə 190 manat aliment tutulmuşdur. Məhkəmə qətnaməsi ilə Sabit adlı uşaq anasının himayəsində saxlanılaraq xx.xx.2023-cü il tarixdən aliment tutulması təyin edilsə də, həmin tarixdən sonra Sabit adlı uşaq atası və nənəsinin yanında qalmışdır. Həmin vaxt faktiki olaraq atasının yanında yaşayan uşaq üçün cavabdehin xeyrinə aliment borcu hesablanmaqda davam etmişdir. İş materialları ilə müəyyən edildi ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2007ci il təvəllüdlü X9 faktiki olaraq xx.xx.2023-cü ilin bu günə kimi olan müddətdə nənəsinin (atasının anası)-X2 himayəsində yaşamış, onun bütün ehtiyacları onun tərəfindən qarşılanmışdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulmasına dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016–cı il tarixli 8–2/2016 nömrəli Qərarının 8.14–cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Hazırki mülk işdə mənafelərinin qorunması ehtiyacında olan Sabit adlı uşaq iddiaçının himayəsində olmaqla, iddiaçı tərəfindən könüllü olaraq uşaq üçün zəruri hesab edilən bütün ehtiyaclar qarşılanır. Qeyd olunalara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X7 xx.xx.2023-cü il tarixdən atasının himayəsində, nənəsinin (atasının anası)-X2 yanında qaldığından, həmin tarixdən etibarən hesablanan iddiaçının cavabdeh qarşısında yaranmış aliment borcu silinməli və xx.xx.2007-ci il təvəllüdlü X1 üçün Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-1998/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay üçün 190 manat sabit pul məbləğində aliment öhdəliyindən İddiaçı azad edilməlidir. Məhkəmə iddia tələbinin aliment tələbinə dair hissəsinə aid dəlillərə hüquqi qiymət verməzdən əvvəl onu qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır. 1) Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir. 2) Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh ilə 2007-ci ildə ailə qurmuşlar. Onların xx.xx.2007-ci il tarixdə Sabit və xx.xx.2012-ci il tarixdə Ayan adlı uşaqları anadan olmuşdur. Onlar arasında ailə münasibətləri baş tutmadığından məhkəmə qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar analarının yanında saxlanılmış, İddiaçı uşaqların saxlanılması üçün aliment tutulması qət edilmişdir. Lakin, Sabit adlı uşaq atasının yanında yaşamışdır. Hazırda İddiaçı onun himayəsində olan Sabit adlı uşağın saxlanılması üçün uşağın anası-Cavabdeh aliment tutulmasını tələb edir. Məhkəmə hesab edir ki, heç bir qazancı (gəlir yeri) olmayan (iddiaçı tərəf gəlir barədə hər hansı sübut təqdim etməmişdir) cavabdehdən aliment tutulması onun himayəsində qalan Ayan adlı uşağın maddi vəziyyətinə mənfi təsir edə bilər, bu səbəbdən iddiaçı hazırki tələbində haqlı deyildir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə müvafiq olaraq valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1, 75.4). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2). Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1). Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə hesab edir ki, Cavabdeh maddi vəziyyəti, iddiaçının da uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olması, bununla belə cavabdehin yanında qalan Ayan adlı uşağın saxlanması ilə bağlı gündəlik qayğıların cavabdehin üzərinə düşməsi və həmin uşağın təminatının da mümkün qədər maksimal saxlanması imkanları, eləcə də uşağın mənafeyi, onun sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi tələbatlarının təmin edilməsi və diqqətəlayiq olan digər hallar nəzərə alınmalı və iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2007-ci il təvəllüdlü X7 adlı uşağın xx.xx.2023-cü il tarixdən atası İddiaçı himayəsində olması müəyyən edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-1998/2023 saylı qətnaməsinə əsasən xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə ödənilməli olan aliment borcunun xx.xx.2023-cü il tarixdən etibarən hesablanmış hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar