Məhkəmə qərarları › İş №2(076)-4164/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-4164/2025

26.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-4164/2025 26.11.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Yusifli Seymur Mübariz oğlunun sədrliyi Əmiraslanova Esmira Sarif qızının katibliyi İddiaçı: İddiaçı X4 iştirakları ilə İddiaçı cavabdeh X5 qarşı “Aliment tələbi”nə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X5 qarşı “Aliment tələbi”nə məhkəmədə iddia qaldıraraq, xx.xx.2011-ci il tarixdə X7 və xx.xx.2015-ci il tarixdə X6 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmasına görə cavabdeh X3 hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində olmaqla, iki uşaq üçün hər ay 500 (beş yüz) manat sonrakı artımlar nəzərə alınmaqla alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh X8 ilə xx.xx.1990-ci il tarixdə rəsmi ailə həyatı qurmuşlar. Həmin nikahdan onların xx.xx.2011-ci il tarixdə X7 və xx.xx.2015-ci il tarixdə X6 adlı iki övladları doğulmuşdur. Ailə qurduqdan sonra ilk vaxtlar onların münasibətləri normal olsa da, sonradan münasibətləri pozularaq, aralarında teztez mübahisələr baş vermişdir. Belə ki, cavabdeh mütəmadi evdə səbəbsiz yerə sözsöhbət yaradaraq, evdə gərginlik yaradır bu da onların münasibətlərini daha da kəskinləşməsinə səbəb olur. Onların faktiki ər-arvad münasibətləri pozulmuşdur. Ailə münasibətlərinin bərpası və onların barışmağı mümkün deyildir. Həmçinin o heç yerdə işləmir və uşaqlar böyükdür, onların tələbatlarını qarşılamaqda çətinlik çəkir. Göstərilən xüsusatları nəzərə alaraq xx.xx.2011-ci il tarixdə X7 və xx.xx.2015-ci il tarixdə X1 üçün onun xeyrinə cavabdehdən hər ay hər uşaq üçün 250 (iki yüz əlli) manat olmaqla, iki uşaq üçün 500 (beş yüz) manat sabit pul məbləğində sonrakı artımlar nəzərə alınmaqla aliment tutulmalıdır. Məhkəməyə müraciət etməzdən əvvəl qarşı tərəf mediasiya prosesində iştirak etsə də, barışıq əldə olunmamışdır. Mediasiya xərcləri onun tərəfindən tam şəkildə ödənilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh X8 məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında göstərdi ki, hər ay hər uşaq üçün 250 manat olmaqla iki uşaq üçün 500 manat ödəməyə imkanı olmadığını hər ay hər uşaq üçün 150 manat olmaqla iki uşaq üçün 300 manat ödəməyə imkanı olduğunu buna görə də işlə bağlı qətnamə çıxarılarkən qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hər tərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X8 ilə İddiaçı birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il il təvəllüdlü X6 olmaqla iki ümumi uşaqları doğulmuşdur. İşdə olan xx.xx.2025–ci il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”dan görünür ki, X8 ilkin mediasiya sessiyasını iştirak etməmişdir. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində müəyyən olundu ki, tərəflər faktiki olaraq evlənmişlər. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il il təvəllüdlü X6 olmaqla iki ümumi uşaqları doğulmuşdur. Cavabdehlə evləndikdən sonra bir müddət normal yaşasalar da, sonradan aralarında olan narazılığa görə ər-arvad münasibətləri pozulmuşdur. xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il il təvəllüdlü X6 iddiaçının himayəsində yaşayır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1–ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024– cü il tarixli 15 nömrəli Qərarının 1.2.1–ci bəndinə əsasən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016–cı il tarixli qərarının 8.4–cü bəndinə 8.4–1–ci yarımbənd əlavə edilmiş və həmin yarımbənddə göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2–ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023–cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2023–cü il yanvarın 1–dən 345 manat müəyyən edilmişdir. Həmçinin, 2024–cü ildə də ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 345 manat olmuşdur. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024–cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025–ci il yanvarın 1–dən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2–ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşaqların mənafelərini və iddiaçının himayəsində yaşamalarını, habelə digər halları, eləcə də iddiaçının ərizə ilə xx.xx.2025–ci il tarixdə məhkəməyə müraciət etməsini nəzərə alaraq hesab edir ki, həmin tarixdən başlayaraq, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il il təvəllüdlü X6 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün X3 İddiaçı xeyrinə hər ay, bir uşaq üçün xx.xx.2025–ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə minimum əmək haqqı məbləğinin 0,37 misli həddində sabit pul məbləğində aliment müəyyən edilməlidir. Həmin məbləğdə alimentin təyin edilməsi azyaşlı uşaqların qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X6 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün X3 İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşaq üçün ölkə üzrə minimum əmək haqqının 0,37 misli həddində sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulmasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Yusifli Seymur

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar