Məhkəmə qərarları › İş №2(076)-4190/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-4190/2025

18.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-4190/2025 18.12.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, Eminbəyli Firuzə Ramiz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddiası üzrə mülki işə Şəmkir Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 iyul 2008-ci il təvəllüdlü X3 və 23 iyun 2011-ci il təvəllüdlü X2 adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(076)-94/2025 saylı qərardadı ilə hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.56 misli həddində indeksasiya edilmiş alimentin məbləğinin azaldılaraq hər ay bir uşağa görə 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə birgə ailə həyatından 13 iyul 2008-ci il təvəllüdlü X3 və 23 iyun 2011-ci il təvəllüdlü X2 adlı uşaqları doğulmuşdur. Cavabdehlə aralarında baş vermiş narazılıqlara görə ayrılmışlar və yetkinlik yaşına çatmamış uşaqları cavabdehin yanında qalmışdır. O daim yetkinlik yaşına çatmamış övladlarının saxlanmasında iddiaçıya maddi köməklik göstərmişdir. Şəmkir Rayon Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli, 2(076)-3230/2019 saylı qətnaməsi ilə ondan 13 iyul 2008-ci il təvəllüdlü X3 və 23 iyun 2011-ci il təvəllüdlü X2 adlı uşaqlarının saxlanması üçün hər ay hər uşağa görə 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutulur. O məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 140 manat alimenti ödəyir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(076)-94/2025 saylı qərardadı ilə Şəmkir Rayon Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli, 2(076)-3230/2019 saylı qətnaməsi ilə hər ay hər uşaq üçün təyin edilmiş 140 manat məbləğində aliment sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.56 misli həddində indeksasiya olunması qərara alınmışdır. Onun hazırda cavabdehə hər ay hər uşağın saxlanması üçün 224 manat aliment ödəməyə maddi imkanı yoxdur. Belə ki, o heç bir yerdə rəsmi olaraq işləmir. Günəmuzd fəhləliklə məşğul olur. Hazırki vəziyyətdə alimentin məbləğinin hər ay hər uşağa 224 manat müəyyən edilməsi onun maddi vəziyyətinin daha da ağırlaşmasına səbəb ola bilər. Cavabdeh özü də işləyir və aylıq qazanca malikdir. Hesab edir ki, onlar hər ikisi valideyn olaraq övladını saxlamağa borcludular. Lakin, məhkəmə qərardadı ilə aliment müəyyən edilərkən qeyd olunan halların heç biri nəzərə alınmamışdır. O alimentin məbləğinin azaldılması tələbi ilə bağlı Mediasiya Təşkilatına müraciət etmişdir. Lakin, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyinə görə ona ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh uşağa tərbiyə vermir. Maddi imkanı olmadığı üçün aliment borcunu ödəməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmiyərək izahatında bildirdi ki, onlar 10 ildir ki rəsmi olaraq ayrılmışlar və aralarında olan nikah pozulmuşdur. Cavabdeh aliment borcunu ödəmir. Cavabdeh yaxşı qazanc əldə edir, kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Həmçinin iddiaçının mülkiyyətində torpaq sahələri var. Odur ki, iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(076)-94/2025 saylı qərardadından görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün, əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(076)-3230/2019 saylı qətnaməsi ilə hər ay hər uşaq üçün təyin edilmiş 140 manat məbləğində aliment sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,56 misli həddində indeksasiya olunması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş doğum haqqında arayışlardan görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 13 iyul 2008-ci il təvəllüdlü X3 və 23 iyun 2011-ci il təvəllüdlü X2 adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, MŞG/1/MT007/2025-00813 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında EMİS-nin portal çıxarışından görünür ki, İddiaçı adına sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı VÖEN var. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 81.1–ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2–ci maddəsində göstərilmişdir ki, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19-cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. Məhkəmə İddiaçı hazırda cavabdehə hər ay hər uşağın saxlanması üçün 224 manat aliment ödəməyə maddi imkanının olmadığı, heç bir yerdə rəsmi olaraq işləmədiyi, günəmuzd fəhləliklə məşğul olması ilə bağlı qeyd etdiklərini alimentin azaldılması üçün əsas saymır. Belə ki, məhkəmə qeyd edir ki, iddiaçının qeyd etdiyi kimi həmin xüsusat onun uşaqları barəsində valideynlik vəzifələrini yerinə yetirməkdən, o cümlədən uşaqlarına aliment ödəmək vəzifəsindən azad etmir. Bundan başqa qanunverciliyin tələbinə görə ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu halda müəyyən edilmiş alimentin məbləğində dəyişiklik edilə bilər ki, iddiaçı aliment müəyyən edildikdən sonra özünün ailə və və maddi vəziyyətində hər hansı dəyişiklik olması barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Bunun əksinə iş materiallarına əlavə edilmiş elektron sistemdən çıxarışdan görünür ki, İddiaçı 2017-ci ildən 2025-ci ilədək mütəmadi olaraq ölkə sərhədlərini tərk edir, xarici ölkələrin müxtəlif şəhərlərinə səfər edir. İş materiallarına əlavə edilmiş etibarnamələrdən görünür ki, İddiaçı müxtəlif vaxtlarda nəqliyyat vasitələrini digər şəxslərə etibar etmiş, həmçinin onun özünə müxtəlif nəqliyyat vasitələri etibar edilmişdir. İş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, İddiaçı 2022-ci il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatından keçmiş və müxtəlif banklarda bank hesabları vardır. Qeyd edilən xüsusatlar iddiaçının ərizəsində maddi vəziyyətinin aşağı olması barədə göstərdiyi dəlilləri təkzib edir, həmçinin iddiaçı öz göstərdiyi halları təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının maddi vəziyyətinin kifayət qədər stabil və qənaətbəxş olması müəyyən edilmiş, məhkəmə qərardadı ilə indeksasiya edilmiş məbləğdə alimentin ödəmə qabiliyyətinin olması aşkar edilmişdir. Odur ki, məhkəmə qeyd olunanlar əsasında belə nəticəyə gəlir ki, əvvəlki məhkəmə qərardadı ilə indeksasiya edilmiş alimentin miqdarı, yəni ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.56 misli həddində sabit alimentin tərəflərin ailə, maddi və əmlak vəziyyətinə, eləcə də yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə uyğundur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, valideynlər öz uşaqlarının saxlanmasında və uşaqları ilə bağlı bütün digər məsələlərin həll olunmasında (tərbiyə, təhsil və s.) bərabər hüquqlara malik olmaqla yanaşı, eyni həcmdə vəzifələr də daşımalıdırlar. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasl MPM-in 216-220, 235 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar