Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-427/2023 21.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddiaçı: İddiaçı, onun nümayəndəsi X1 Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı uşaq və alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı uşaq və alimentin sabit pul məbləğində tutulması tələbinə dair Şəmkir Rayon Məkəməsində iddia qaldıraraq, 09 oktyabr 2015–ci il tarixdə doğulmuş Çinarə və 14 oktyabr 2018–ci il tarixdə doğulmuş Nuranə adlı uşaqlarının cavabdehdən alınıb ona verilməsi, həmçinin, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində aliment tutulması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə faktiki olaraq evlənmiş, 21 yanvar 2015–ci il tarixdə rəsmi nikah bağlamışdır. Birgə nikahdan 09 oktyabr 2015–ci il tarixdə Çinarə və 14 oktyabr 2018–ci il tarixdə Nuranə adlı uşaqları doğulmuşdur. Cavabdehlə evləndikdən sonra bir müddət normal ailə şəraitində yaşamış, son dövrlər isə ailə münasibətləri pozulmuş və cavabdehlə ayrılmışlar. Ayrıldıqdan sonra uşaqları cavabdehin yanında qalmışdır. Dəfələrlə cavabdehdən uşaqlarını tələb etmiş, lakin cavabdeh uşaqları ona verməkdən imtina etmişdir. Bu səbəbdən məhkəmədə hazırki iddianı qaldırmağa məcbur olmuşdur. Hesab edir ki, iddia əsaslıdır. Belə ki, cavabdeh uşaqlarına tərbiyə vermək iqtidarında deyil və uşaqları cavabdehin yanında diqqətsiz, qayğısız qalır. Cavabdehə münasibətdə isə o, uşaqlarını daha yaxşı tərbiyə edə bilər. Bundan əlavə uşaqlar kifayət qədər azyaşlıdır, onların xüsusi qida rejimi və digər yaşayış şərtləri vardır ki, bu şərtlər ancaq ana yanında yerinə yetirilə bilər. Əlavə olaraq qeyd edir ki, uşaqlar böyüdükcə onların tələbatları da artır və maddi imkanı olmadığından uşaqlarının tələbatlarını qarşılaya bilmir. Belə ki, onun əlavə hər hansı gəliri və ya gəlir gətirən əmlakı yoxdur. Cavabdeh isə ayrıldıqları vaxtdan etibarən uşaqları üçün heç bir maddi yardım göstərmir. Halbuki, cavabdeh fərdi əməklə məşğul olur və yaxşı qazanc əldə edir. Onun aliment ödəmək üçün kifayət qədər maddi imkanı vardır. Ona görə də iddianın təmin edilərək, 09 oktyabr 2015–ci il tarixdə doğulmuş Çinarə və 14 oktyabr 2018–ci il tarixdə doğulmuş Nuranə adlı uşaqlarının cavabdehdən alınıb ona verilməsi, həmçinin, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində alimentin tutulması haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı nümayəndəsi X2 məhkəmə iclası zamanı iddianı müdafiə edərək əsasən nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, həqiqətən iddiaçı ilə faktiki olaraq evlənməklə, 21 yanvar 2015–ci il tarixdə rəsmi nikah bağlamışdır. Birgə nikahdan 09 oktyabr 2015–ci il tarixdə Çinarə və 14 oktyabr 2018–ci il tarixdə Nuranə adlı uşaqları doğulmuşdur. İddiaçı ilə bir müddət mehriban yaşasalar da, sonradan ailə münasibətlərinin pozulması zəminində ayrılmışlar və ayrılarkən uşaqları onun yanında qalmışdır. Hazırda iddianı qəbul etmir. Çünki uşaqları xeyli müddətdir ki, onun yanında yaşayır və o, iddiaçıya münasibətdə uşaqlarına daha yaxşı baxmaq, onların maddi tələbatlarını daha yaxşı qarşılamaq iqtidarındadır. Bu baxımdan hesab edir ki, o, uşaqların gələcəyini iddiaçıdan daha yaxşı təmin edə bilər. Odur ki, izahatında göstərilənləri nəzərə almaqla, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Üçüncü şəxs qismində cəlb edilmiş Şəmkir rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri, qəyyumluq və himayəçilik orqanının rəyini və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan nikah haqqında arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı arasında 21 yanvar 2015–ci il tarixdə rəsmi nikah bağlanmışdır. İşdə olan doğum haqqında arayışlardan görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından 09 oktyabr 2015–ci il tarixdə Çinarə və 14 oktyabr 2018–ci il tarixdə Nuranə adlı uşaqları doğulmuşdur. İşdə olan Şəmkir Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının məhkəməyə təqdim etdiyi xx.xx.2022–ci il tarixli rəydən və həmin rəyə əlavə olunmuş sənədlərdən görünür ki, komissiya tərəflərin həyat və yaşayış şəraitini müayinə etmiş və nəticədə belə qərara gəlmişdir ki, tələb olunan Çinarə və Nuranə adlı azyaşlı uşaqların İddiaçı yanında qalması daha məqsədə müvafiqdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, tərəflər faktiki olaraq evlənməklə, 21 yanvar 2015–ci il tarixdə rəsmi nikah bağlamışdır. Birgə nikahdan 09 oktyabr 2015–ci il tarixdə Çinarə və 14 oktyabr 2018–ci il tarixdə Nuranə adlı uşaqları doğulmuşdur. Ailə daxili narazılıqlar zəminində tərəflər ayrılmış, ayrıldıqdan sonra uşaqlar cavabdehin yanında qalmışdır. Həmin vaxtdan iddiaçı dəfələrlə uşaqlarını tələb etsə də, cavabdeh uşaqları verməkdən imtina etmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia uşaq tələbinə dair hissədə əsaslı olduğundan təmin edilməli, azyaşlı Çinarə və Nuranə adlı uşaqlar cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5–ci maddəsində göstərilmişdir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4–cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə bağlılığı, valideynlərin əxlaqi və digər keyfiyyətləri, uşğın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə alınmaqla həll edilir. Həmin Məcəllənin 60.1–ci maddəsində qeyd edilmişdir ki, valideynlik hüquqları uşaqların mənafeyi ziddinə həyata keçirilə bilməz. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 12–ci maddəsinin 5–ci hissəsində göstərilmişdir ki, uşaqlarla qəddar rəftar, onlara qarşı psixi zor tətbiq edilməsi, uşaqların hüquqlarının pozulması digər şəxslərlə bərabər, hətta uşağın valideyninə də qadağan edilmiş və bunun müxtəlif növ məsuliyyətə səbəb ola biləcəyi ifadə olunmuşdur. Milli və beynəlxalq qanunvericilik aktlarının əlaqəli təhlili o nəticəyə gəlməyə əsas verir ki, uşağın valideynlərdən hansının yanında yaşamasını həll edərkən məhkəmə ilk növbədə uşağın mənafelərini əsas götürməlidir. Uşağın mənafelərinin pozula biləcəyi yerdə valideynin hansı imkana malik olmasının və uşaq üçün hansı şərait yarada biləcəyinin heç bir əhəmiyyəti yoxdur. Məhkəmə tələbin alimentlə bağlı hissəsini araşdıraraq belə nəticəyə gəlir ki, iddiaçının aliment tələbi qismən təmin olunmalıdır. Belə ki, iddiaçının aliment tələbi haqlı olsa da, onun tələb etdiyi miqdarda aliment alınması cavabdehin real maddi və əmlak vəziyyəti ilə uzlaşmır. Ona görə də iddia həmin hissədə qismən təmin olunmalıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1–ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. İş materiallarının əlaqəli təhlili məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, alimentin məbləğinin hər ay hər uşağa görə 140 manat sabit pul məbləğində müəyyən edilməsi tərəflərin maddi və əmlak vəziyyətinə, xüsusən iddiaçının diqqətəlayiq mənafelərinə uyğundur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1–ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri–müntəzəm, dəyişkən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2–ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023–cü il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə Çinarə və Nuranə adlı uşaqların mənafeyini, uşaqların yaşını, ana nəvazişinə və diqqətinə ehtiyacı olmasını, o cümlədən valideynlər barədə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını nəzərə alaraq hesab edir ki, 09 oktyabr 2015–ci il tarixdə doğulmuş Çinarə və 14 oktyabr 2018–ci il tarixdə doğulmuş Nuranə adlı uşaqların Cavabdeh alınıb İddiaçı verilməsi uşaqların qanuni manafelərinə daha yaxşı cavab verir. Həmçinin, məhkəmə, azyaşlı uşaqların mənafelərini, eləcə də digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay hər uşaq üçün 140 manat sabit pul məbləğində alimentin alınması azyaşlı uşaqların qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Məhkəmə, həmçinin hesab edir ki, Cavabdeh daha yüksək maddi vəziyyətə malik olmasını, hər ay kifayət qədər qazanc əldə etməsini iddiaçı məhkəmə iclasında sübuta yetirə və bu barədə mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən iddianın qalan hissəsi təmin oluna bilməz. Azərbaycan Respublikası MPM–nin 106.1–ci madədsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia qismən təmin edilsin. 09 oktyabr 2015–ci il tarixdə doğulmuş Çinarə və 14 oktyabr 2018–ci il tarixdə doğulmuş Nuranə adlı uşaqlar Cavabdeh alınıb İddiaçı verilsin. 09 oktyabr 2015–ci il tarixdə doğulmuş Çinarə və 14 oktyabr 2018–ci il tarixdə doğulmuş Nuranə adlı uşaqlar iddiaçıya verildiyi tarixdən başlayaraq, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin Cavabdeh 53,6 (əlli üç manat altmış qəpik) manat məbləğində dövlət rüsumu tutulub elektron hökümət portalına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-427/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-427/2023
21.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver