Məhkəmə qərarları › İş №2(076)-516/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-516/2025

11.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-516/2025 11.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair məhkəmədə iddia qaldıraraq, xx.xx.2023-cü il təvəllüdlü Nihad adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 250 manat sabit pul məbləğində alimentin tutulması və Nihad adlı uşaq 3 yaşına çatanadək ana üçün hər ay 100 manat sabit pul məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh ilə 2022–ci ildə faktiki olaraq evlənmiş və rəsmi nikah qeyd etdirmişlər. Birgə nikahdan xx.xx.2023-cü il təvəllüdlü Nihad adlı uşaqları doğulmuşdur. Cavabdehlə evləndikdən sonra bir müddət normal ailə şəraitində yaşasalar da, sonradan aralarında olan narazılığa görə ayrılmışlar və ayrıldıqdan sonra uşaqlar onun yanında qalmışdır. Cavabdeh azyaşlı uşağın saxlanması üçün maddi yardım göstərmir. Valdeyinlərinin köməyi ilə uşağı saxlayır. Ona görə də uşağının ehtiyacını ödəyə bilmir. Cavabdeh normal maddi imkana malik olmasına baxmayaraq könüllü olaraq uşağa heç bir maddi yardım göstərmir. Odur ki, iddianın təmin edilərək, xx.xx.2023-cü il təvəllüdlü Nihad adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 250 manat sabit pul məbləğində alimentin tutulması və Nihad adlı uşaq 3 yaşına çatanadək ana üçün hər ay 100 manat sabit pul məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı izahatında bildirdi ki, iddianı qismən qəbul edir. Həqiqətən, o cavabdehlə 2022–ci il tarixdə faktiki olaraq evlənmiş və rəsmi nikah qeyd etdirmişlər. Onların birgə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü Nihad adlı uşaqları doğulmuşdur. Ailə münasibətlərinin pozulması səbəbindən ayrılmışlar. Hazırda birgə nikahından doğulmuş uşaq iddiaçının yanında yaşayır. Onun maddi imkanı olmadığı üçün iddiaçıya uşağa görə hər ay 250 manat, özünə isə 100 manat məbləğində aliment ödəyə bilmiyəcəkdir. Odur ki izahatında göstərilənlərə uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2023-cü il təvəllüdlü Nihad adlı uşaqları anadan olmuşdur. İşdə olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə Gəncə Asan Xidmət X1 rəsmi nikah bağlanmış və həmin nikah 473 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. İşdə olan xx.xx.2024–cü il tarixli “Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”dan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən olundu ki, tərəflər 2022–ci ildə faktiki olaraq evlənməklə, rəsmi nikah qeyd etdirmişlər. Birgə nikahdan xx.xx.2023-cü il təvəllüdlü Nihad adlı uşaqları doğulmuşdur. Cavabdehlə evləndikdən sonra bir müddət normal ailə şəraitində yaşasalar da, sonradan aralarında olan narazılığa görə ayrılmışlar. Tərəflər ayrıldaıqdan sonra uşaq iddiaçının yanında saxlanılmışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1–ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. Tələbin ana üçün 100 manat sabit pul məbləğində aliment vəsaiti tutulması hissəsinə gəldikdə isə, məhkəmə hesab edir ki, iddiaçı azyaşlı uşağının 3 yaşına çatanadək özü üçün aliment tələb etməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1–ci maddəsinə əsasən ər və arvad bir–birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2–ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər–arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində arvad buna zəruri vəsaitə malik olan ərdən aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Göründüyü kimi qanun norması zəruri vəsaitə malik olan ərdən aliment tutulmasını nəzərdə tutmuşdur. Hazırki vəziyyətdə isə iddiaçı Cavabdeh zəruri vəsaitə malik olması barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, eləcə də, belə bir halın mövcud olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Odur ki, məhkəmə Ailə Məcəlləsinin 84–cü maddəsinin zəruri şərtlərinə əsaslanaraq tərəflərin birgə nikahından doğulmuş uşağın 3 yaşına çatanadək cavabdehdən ana üçün sabit pul məbləğində vəsaitin alınıb iddiaçıya verilməsini əsaslı saymır. Ona görə də iddia həmin hissədə təmin edilməməlidir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024– cü il tarixli 15 nömrəli Qərarının 1.2.1–ci bəndinə əsasən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016–cı il tarixli qərarının 8.4–cü bəndinə 8.4–1–ci yarımbənd əlavə edilmiş və həmin yarımbənddə göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2–ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023–cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2023–cü il yanvarın 1–dən 345 manat müəyyən edilmişdir. Həmçinin, 2024–cü ildə də ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 345 manat olmuşdur. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024–cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025–ci il yanvarın 1–dən 400 manat müəyyən edilmişdir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşaqların mənafelərini və iddiaçının himayəsində yaşamalarını, habelə digər halları, eləcə də iddiaçının ərizə ilə xx.xx.2024–cü il tarixdə məhkəməyə müraciət etməsini nəzərə alaraq hesab edir ki, xx.xx.2024–cü il tarixdən başlayaraq, xx.xx.2023-cü il təvəllüdlü Nihad adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,52 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Həmin məbləğdə alimentin təyin edilməsi azyaşlı uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2–ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024–cü il tarixdən başlayaraq, xx.xx.2023-cü il təvəllüdlü Nihad adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,52 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar