Məhkəmə qərarları › İş №2(076)-52/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-52/2023

08.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-52/2023 08.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və alimentin sabit pul məbləğində tutulması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və alimentin sabit pul məbləğində tutulması” tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh 08 avqust 2021-ci il tarixdə anadan olmuş Aynur adlı uşağın atası olmasının müəyyən edilməsi və uşağın saxlanılması üçün Cavabdeh hər ay 200 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə faktiki evlənmiş, lakin nikahlarını rəsmi qeyd etdirməmişlər. Cavabdehlə faktiki nikahlarından X5 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə öz istəyilə ailə qurmuş, lakin sonradan ailə münasibətləri pozulmuşdur. Aralarında baş vermiş narazılıqlar nəticəsində cavabdehlə ayrılmışdır. Azyaşlı uşağı onun himayəsindədir. Cavabdehlə rəsmi nikahları olmadığından həmçinin cavabdeh könüllü olaraq uşağa öz soyadını vermək üçün Qeydiyyat Şöbəsinə müraciət etmədiyindən Aynur adlı uşağın doğum şəhadətnaməsində soyadı onun soyadı ilə “Qasımova” kimi qeyd edilmişdir. Cavabdeh uşağın saxlanılmasında ona heç bir maddi köməklik etmir. Uşağın saxlanılması üçün cavabdehin maddi yardımına ehtiyyacı vardır. Cavabdehin isə qazancı sabit deyil, dəyişkəndir. Cavabdeh fərdi əməklə məşğul olur və yaxşı qazanc əldə edir. Cavabdehin uşağına aliment ödəməyə maddi imkanı vardır. Özü isə uşaq azyaşlı olduğuna görə heç bir yerdə işləmir və azyaşlı uşağının saxlanmasında çətinlik çəkir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Şəmkir rayonu, Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə doğulmuş, atası kimi atalıq müəyyən edilmədiyi X2, anası kimi İddiaçı qeyd edilmişdir. İşdə olan Şəmkir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 05/Q-2583 saylı məktubdan görünür ki, İddiaçı müraciət edərək xx.xx.2021-ci il tarixdə anadan olmuş X5 barədə atalığın müəyyən edilməsini xahiş etmişdir. Faktiki ata Cavabdeh Şəmkir rayon Qeydiyyat şöbəsinə gəlmədiyindən atalığın müəyyən edilməsinin könüllü etirafı ilə qeyd edilməsi mümkün olmamış, bu səbəbdən vətəndaşa məhkəməyə müraciət tövsiyyə olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan müəyyən edilir ki, İddiaçı uşaqla birlikdə şöbəyə gəlmiş, Cavabdeh isə gəlməmiş və bu səbəbdən ekspertizanın keçirilməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, tərəflər faktiki olaraq evlənmişlər, rəsmi nikah qeyd etdirməmişlər. Birgə qeyri-rəsmi nikahlarından xx.xx.2021-ci il tarixdə X5 adlı uşaqları doğulmuşdur. Aralarında olan narazılığa görə tərəflər ayrılmışlar və ayrılarkən azyaşlı uşaq iddiaçının himayəsində qalmışdır. Faktiki ata Cavabdeh Şəmkir rayon Qeydiyyat şöbəsinə gəlmədiyindən atalığın müəyyən edilməsinin könüllü etirafı ilə qeyd edilməsi mümkün olmamışdır. Həmçinin Cavabdeh məhkəmə tibbi bioloji ekspertizasının keçirilməsi üçün də ekspertizaya getməkdən yayınmışdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda atalıq uşağın valideynlərindən birinin ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Azərbaycan Respublikası MPM-in 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Belə olan halda məhkəmə tələbin atalığın müəyyən edilməsi hissəsinə qiymət verərək belə nəticəyə gəlir ki, Cavabdeh iddiaçıdan doğulmuş 08 avqust 2021-ci il təvəllüdlü X1 atasıdır. Eyni zamanda məhkəmə tələbin alimentlə bağlı hissəsini araşdıraraq belə nəticəyə gəlir ki, iddiaçının aliment tələbi təmin olunmalıdır. Belə ki, iddiaçının aliment tələbi haqlıdır. Ona görə də iddia həmin hissədə təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. İş materiallarının əlaqəli təhlili məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, alimentin məbləğinin hər ay 200 manat sabit pul məbləğində müəyyən edilməsi tərəflərin maddi və əmlak vəziyyətinə, xüsusən iddiaçının diqqətəlayiq mənafelərinə uyğundur. Belə ki, yetkinlik yaşına çatmamış uşaq ananın himayəsində yaşayır, onun bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, İddiaçı tərəfindən ödənilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19-cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşağın mənafelərini və iddiaçının himayəsində yaşamasını, habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay 200 manat sabit pul məbləğində alimentin alınması yetkinlik yaşına çatmamış uşağın qanuni mənafeyinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasl MPM-in 216-220, 235 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi İddia təmin edilsin. Cavabdeh İddiaçı xx.xx.2021-ci il tarixdə doğulmuş X3 atası olması müəyyən edilsin. xx.xx.2021-ci il tarixdə doğulmuş İddiaçı saxlanması üçün Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay 200 (iki yüz) manat məbləğində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 44 (qırx dörd) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamənin aliment tutulmasına dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar