Məhkəmə qərarları › İş №2(076)-701/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-701/2023

09.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-701/2023 09.03.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Hüseynli Xəyal Azər oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X7, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 06 sentyabr 2013-cü ildə anadan olmuş Gülay və 25 sentyabr 2018ci ildə anadan olmuş Aygül adlı uşaqların saxlanması üçün hər ay bir uşaq üçün 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin və həmçinin ödənilmiş 50 manat mediasiya xidmət haqqının onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o cavabdeh X4 ilə 2011-ci ildə ailə qurmuşdur, xx.xx.2013-cü il tarixdə nikahlarını rəsimləşdirmişlər. Cavabdehlə birgə nikahlarından xx.xx.2013-cü ildə Gülay və xx.xx.2018-ci ildə Aygül adlı iki uşaqları dünyaya gəlmişdir. Cavabdehlə ailə qurduqları ilk vaxtlar ailə münasibətləri normal olmuş, lakin sonradan cavabdehin günahı üzündən ailədə olan normal münasibətlər pozulmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(076)-15/2021 saylı qətanməsi ilə aralarında olan nikah pozulmuş və uşaqlar cavabdehin himayəsinə verilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(076)-15/2021 saylı qətanməsindən uşaqların atasının himayəsinə verilməsi hissəsindən narazı qaldığı üçün Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdi. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(104)- 3313/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(076)-15/2021 saylı qətanməsi uşaqların atasının himayəsinə verilməsi hissəsində ləğv edilmiş və uşaqlar onun himayəsinə verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(104)-3313/2021 saylı qətnaməsi icra olunaraq uşaqlar onun himayəsinə verilmişdir. Hazırda cavabdeh birgə nikahlarından anadan olmuş övladlarının saxlanması üçün ona maddi köməklik göstərmir. Övladlarının bütün maddi xərclərini yəni uşaqların yeməyə, paltara və həkim xərclərinə olan ehtiyacılarını güc-bəla ilə ödəyir. Özü rəsmi olaraq heç bir yerdə işləmir. Cavabdeh övladının saxlanmasına biganə yanaşır, o isə tək ana olaraq uşağın saxlanmasında maddi çətinlik çəkir. Hazırda cavabdeh işləyir və kifayət qədər maddi təminatlıdır. Bununla yanaşı hesab edir ki, atanın öz uşağına yetkinlik yaşına çatanadək baxması onun borcudur. Həmçinin hazırkı mübahisənin məhkəmədən kənar həll edilməsi üçün Mediasiya HaqqındaAzərbaycan Respublikası Qanununa uyğun olaraq “Mediasiya Təşkilatına” müraciət edilmiş və ‘‘Mediasiya Təşkilatı” tərəfindən mediasiya prosesinin aparılması üçün mediator təyin edilmişdir. Lakin cavabdeh ilkin mediasiya sesiyasına çağrılmasma baxmayaraq ilkin mediasiya sesiyasma gəlməmişdir. Göstərdiklərinə görə məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) X9 iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, özü heç bir yerdə işləmir və cavabdehin sabit gəlirə sahib olması barədə onda heç bir sübut yoxdur. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, o iddiaçı ilə boşanmışdır. Hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olur. Aylıq 350-400 manat qazanc əldə edir. O qazancının 200 manatını uşaqlarına aliment olaraq verməyə hazırdır. İşdə olan Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X2 xx.xx.2013-cü il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X3 xx.xx.2018-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-15/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan xx.xx.2013-cü il tarixli, 03 saylı nikahın pozulması, xx.xx.2013-cü ildə Gülay və xx.xx.2018-ci ildə Aygül adlı uşaqların Cavabdeh yanında qalması qət edilmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(104)- 3313/2021 saylı qətnaməsindən görünür ki, xx.xx.2013-cü ildə Gülay və xx.xx.2018-ci ildə Aygül adlı uşaqların İddiaçı yanında saxlanılması qət edilmişdir. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan aliment hissəsində qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları bundan ibarətdir ki, İddiaçı cavabdeh X4 ilə 2011-ci ildə ailə qurmuşdur, xx.xx.2013-cü il tarixdə nikahlarını rəsimləşdirmişlər, onların birgə nikahlarından xx.xx.2013-cü ildə Gülay və xx.xx.2018-ci ildə Aygül adlı iki uşaqları dünyaya gəlmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(076)-15/2021 saylı qətanməsi ilə aralarında olan nikah pozulmuş və uşaqlar cavabdehin himayəsinə verilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(076)-15/2021 saylı qətanməsindən uşaqların atasının himayəsinə verilməsi hissəsindən narazı qaldığı üçün Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdi. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(104)- 3313/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli 2(076)-15/2021 saylı qətanməsi uşaqların atasının himayəsinə verilməsi hissəsində ləğv edilmiş və uşaqlar iddiaçı olan ananın himayəsinə verilmiş və qətnamə icra edilmişdir. Cavabdeh olan ata xx.xx.2013-cü ildə Gülay və xx.xx.2018-ci ildə Aygül adlı uşaqların saxlanılması üçün maddi köməklik göstərmədiyindən İddiaçı “aliment” tələbi ilə ilkin mediasiya sessiyasında iştirak etmiş, cavabdeh X4 ilkin mediasiya sessiyasında iştirak etməmiş, tərəflər arasında barışıq əldə olunmamışdır. Bundan sonra iddiaçı “aliment” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, xx.xx.2013-cü ildə Gülay və xx.xx.2018ci ildə Aygül adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin təmin edilməsini, cavabdeh isə iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən ər və arvad birbirinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad—uşaq 18 yaşına çatana qədər; 84.2.4. 18 yaşından yuxarı İ dərəcə əlilliyi olan ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Qeyd olunan Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58-ci maddəsinin ümumi məzmunun tələbinə görə valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Həmin Məcəllənin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsində uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Beləliklə, adı çəkilən Konvensiya və daxili qanunvericiliklə uşaqların fiziki, əqli və mənəvi cəhətdən sağlam mühitdə inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minumumu, iddiaçının tələb etdiyi aliment məbləği, tərəflərin gəlirləri barədə sübutun təqdim edilməməsi, valideyinlərin uşaqların saxlanılmasında birgə məsuliyyəti və tərəflərin faktiki ayrı yaşaması nəzərə alınaraq iddia qismən təmin olunmalı, xx.xx.2013-cü ildə Gülay və xx.xx.2018-ci ildə Aygül adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün ataları Cavabdeh hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutulmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100-cü maddəsinə əsaslanmaqla məhkəmə həmçinin hesab edir ki, tərəflər faktiki ayrı yaşadığından və uşaqlar anasının yanında olduğundan, alimentin tutulması iddianın məhkəməyə daxil olduğu xx.xx.2023-cü il tarixdən etibarən tutulmalı, qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. İş materiallarından görünür ki, iş üzrə iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmiş, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmçinin məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, İddiaçı olduğundan aliment tələbi üzrə dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün və ona hər ay cavabdeh tərəfindən ödənilməli olan alimentin illik məbləği 3600 manat olması və həmin məbləğə uyğun 56 manat məbləğində dövlət rüsumu təşkil etməsi nəzərə alınmalı, həmin dövlət rüsumu cavabdehə aid edilmə və ondan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bununla yanaşı cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən, iddiaçı tərəfindən dənilmiş 50 manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2013-cü ildə Gülay və xx.xx.2018-ci ildə Aygül adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün ataları Cavabdeh hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulub uşaqların anası İddiaçı verilsin. Alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablansın. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər qismində 50 (əlli) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Cavabdeh 56 (əlli altı) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən. Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar