Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-80/2025 07.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbi barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə xx.xx.2016-cı il tarixdə Şəmkir Rayon Qeydiyyat Şöbəsində 225 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması və birgə ailə həyatından olmuş xx.xx.2016-cı il təvəllüdlü Ömər adlı uşağın onun yanında saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə nikahı xx.xx.2016-cı il tarixdə Şəmkir rayon Qeydiyyat Şöbəsində 225 saylı akt qeydi ilə rəsmiləşdirməklə evlənib ailə qurmuşlar. Birgə ailə həyatından xx.xx.2016-cı il təvəllüdlü Ömər adlı uşaqları olmuşdır. Cavabdehlə ailə münasibətləri əvvəl normal olmuş, sonralar isə onun özünün təqsirindən pozulmuşdur. Azyaşlı uşağı cavabdehin himayəsindədir və Şəmkir rayon Məhkəməsinin (hakim Şəfəq Məmmədova) xx.xx.2024-cü il tarixli 2(076)-465 saylı qətnaməsi ilə uşağın saxlanması üçün ayda 200 (iki yüz) manat sabit pul məbləğində alimentin alınıb cavabdehə verilməsi qət edilmişdir. Cavabdehlə nikahın pozulması tələbi üzrə mediasiyaya müraciət etmiş, ancaq ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək mümkün olmamasına görə ona xx.xx.2024-cü il tarixli MSG11-00176 saylı arayış təqdim edilmişdir. Bu cür ailə şəraitində cavabdehlə nikahları formal hesab edir nikahın pozulmasına dair məlum iddianı qaldırmalı olmuşdur. Qeyd edilənlərə əsasən cavabdehlə xx.xx.2016-cı il tarixdə Şəmkir Rayon Qeydiyyat Şöbəsində 225 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması və birgə ailə həyatından olmuş xx.xx.2016-cı il təvəllüdlü Ömər adlı uşağın onun yanında saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan Ömər adlı uşağın yanında saxlanılmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ 118563 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X1 ilə İddiaçı nikahı xx.xx.2016-cı il tarixdə Şəmkir rayon Qeydiyyat Şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 225 nömrə ilə qeydiyyat edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Qasımov”, arvada “Qasımova” soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 2(076)-465/2024-cü il tarixli Şəmkir Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, xx.xx.2023-cü il tarixdən başlayaraq 27 dekabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, MŞQ/1-00176 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə saat 11:30-da keçirilməsi nəzərdə tutulan mediasiya sesiyasında iştirak etməmişdir. İddiaçı mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. İş materiallarına əlavə edilmiş Şəmkir Rayon İcra Hakimiyyətinin yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının məhkəməyə təqdim etdiyi xx.xx.2024cü il tarixli, 5-76/2-174/2024 saylı rəyindən və həmin rəyə əlavə olunmuş sənədlərdən görünür ki, komissiya iş üzrə tərəflərin həyat və yaşayış şəraitini müayinə etmiş və nəticədə xx.xx.2016-cı il təvəllüdlü Qasımov Ömər oğlunun Cavabdeh himayəsində qalmasını məqsədəmüvafiq hesab etmişdir. Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Məhkəmə hesab edir ki, tərəflər ayrı-ayrı yaşayaraq birgə təsərrüfat aparmadıqlarından, artıq onlar biri-digəri qarşısında nikahdan irəli gələn ər-arvadın birbirini saxlamaq, onun qayğısına qalmaq kimi vəzifələrin daşıyıcıları deyildirlər. Buna görə də hər hansı əhəmiyyətə malik olmayan, formal olaraq zahiri görünüş cəhətdən mövcud olan tərəflərin nikahlarının mövcud olmaqda davam etməsinə hər hansı bir zərurət və lüzum yoxdur. Digər tərəfdən, məhkəmə tərəflərə barışmaları üçün 3 ay vaxt vermiş, lakin onlar təyin edilmiş müddət ərzində də barışmamışlar. Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə yaşamaları və onların ailələrinin saxlanması qeyri-mümkün olduğundan, habelə tərəflər barışmaları üçün təyin edilmiş müddət ərzində də barışmadıqlarından və hazırda iddiaçı nikahın pozulmasına təkid etdiyindən, tərəflərin nikahları pozulmalıdır. Bununla yanaşı, Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən, nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığının müəyyən edilməsi, nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. Həmin Məcəllənin 73.2-ci maddəsinin tələbinə görə müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. BMT Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli 1386 (XİY) saylı qətnaməsi ilə elan edilmiş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. Kiçik yaşlarda uşağı anasından ayırmamaq üçün bütün imkanlardan istifadə edilməlidir. Məhkəmə Milli və Beynəlxalq Qanunvericilik normalarını, həmçinin diqqətəlayiq olan digər halları nəzərə alıb, qeyd edir ki, Gülcahan adlı uşağın yaşı nəzərə alınmaqla onun anası ilə birlikdə böyüməsi onun psixi və mənəvi inkişafına, eləcə də təhsilinə daha müsbət təsir göstərəcəyinə görə onun anasına verilməsi uşağın üstün mənafelərinə uyğundur. Konkret halda uşağın anasının himayəsinə verilməsi uşağın ən yaxşı mənafeləri naminə labüddür, uşağın anasından ayrılmasına əsas verən müstəsna şərait yoxdur. İddiaçı bu cür müstəsnalığı təsdiq edən sübutları təqdim etməmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı valideynlərin hər birinin əxlaqi və digər keyfiyyətlərinin bir-birindən üstün cəhətləri, ananın davranışlarında, həyat tərzində və maddi-məişət şəraitində uşağın normal mənəviəxlaqi və fiziki inkişafına mənfi təsir edən hallar müəyyən edilməmişdir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, birgə nikahdan doğulmuş hazırda yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü Ömər adlı uşağın yetkinlik yaşına çatmaması, hal-hazırda ana qayğısına daha çox ehtiyacının olması və digər mənafeləri, eyni zamanda Şəmkir Rayon İcra Hakimiyyətinin yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının rəyini nəzərə alınaraq, hazırda yetkinlik yaşına çatmayan uşaq nikah pozulduqdan sonra faktiki vəziyyətə uyğun olaraq cavabdehin (anasının) yanında saxlanılmalıdır. Digər tərəfdən, Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunun müəyyən edilməsi nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. Məhkəmə həmçinin hesab edir ki, uşağın saxlanılması üçün məhkəmə qətnaməsi ilə aliment müəyyən edildiyindən, tərəflər arasında nikah pozularkən aliment tutulması məsələsi həll edilməməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədə müvafiqliyi izah edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1 -ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Şəmkir rayon Qeydiyyat Şöbəsinin xx.xx.2016-cı il tarixdə 225 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. Nikah pozulduqdan sonra xx.xx.2016-cı il təvəllüdlü X4 Cavabdeh yanında saxlanılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-80/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-80/2025
07.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver